Icma.az
close
up
RU
Milli Mətbuat 150: BDU jurnalistika fakültəsi sələfimizin xələfi kimi VIII YAZI

Milli Mətbuat 150: BDU jurnalistika fakültəsi sələfimizin xələfi kimi VIII YAZI

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Milli mətbuatımızın 150 illik yubileyi günlərində bir əsrə yaxın, yəni 97 il ölkəmizə jurnalist kadrları hazırlayan, bununla da qocaman mətbuatımızın-sələfimizin bütün dövrlərində ardıcılı-xələfi missiyasını həyata keçirən Bakı Dövlət Universitetindən söhbət açmamaq günah olar. Çünki BDU-nun jurnalistika fakültəsi həqiqətən də 150-nin 97-sinin hər anında sələfimizin xələfi ola bilib. Bunu həm fakültənin dəyərli müəllimlərinin, həm də onların yetişdirdiyi minlərlə jurnalistin ötən illərdə mətbuatımıza verdiyi töhfələrdə aydın şəkildə görmək olur. Mətbu tariximizi yaşadan, dünəndən bu günə gəlməsi yoluna məşəl tutan tövsiyələr...

Həsən bəy Zərdabinin sinəsini odun-alovun qarşısına verib həyatını təhlükə ilə üz-üzə qoyaraq, təhdidlərlə üzləşərək yaratdığı “Əkinçi”nin- Azərbaycanın ilk mətbu orqanın dayanıqlı olması, daha sonra isə şaxələnməsi üçün peşəkar kadrlara ehtiyac olacaqdı. Böyük məktəb olan sələfimizin Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Əsgər ağa Gorani, Əhsənül-Qəvaid (Hacı Məmmədsadıq), Ələkbər Heydəri və digər əməkdaşları, eləcə də mətbu orqanla kənardan əməkdaşlıq edən onlarla jurnalistləri estafeti bir gün Əlimərdan bəy Topçubaşova, Əli bəy Hüseynzadəyə, Məhəmməd ağa Şahtaxtinskiyə, Cəlil Məmmədquluzadəyə, Mirzə Ələkbər Sabirə, Abbas Səhhətə, Ömər Faiq Nemənzadəyə, Hüseyn Cavidə, Məmməd Səid Ordubadiyə, Əliqulu Qəmküsara, Əli Nəzmiyə, Üzeyir bəy Hacıbəyova, Ömər Faiq Nemanzadəyə və adlarını çəkmədiyimiz müxtəlif dövrlərin mətbu orqanlarının qələm sahiblərinə verdiyi kimi, sonralar da mətbuat tarixində iz salanlar olmalı idi ki, onlara sələfimizin xələfləri deyə bilək.

Jurnalistika fakültəsi: ilk olaraq Azərbaycanda

Təbii ki, Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz Azərbaycan Dövlət Universitetində (BDU-da) qoyulmuşdur. Bu vaxtadək jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda. Bu barədə məlumatı həmin dövrdə Jurnalizm kafedrası tələbələrinin mətbuat orqanı sayılan “Student-jurnalist” qəzetinə tələbə Hadi Mirzəzadənin müsahibə aldığı kafedra müdiri S. Sredinski məlumat vermişdi.

Müəyyən fasilədən sonra isə-1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev olmuşdur. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri – İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcək jurnalistlərin ilk müəllimləri olmuşlar.

1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. İlk məzunlardan professor Şirməmməd Hüseynov, publisist Cavad Cavadlı, Saleh Tahirov hər zaman fəal yaradıcı həyat tərzi ilə seçilmişlər.

1969-cu ildə Jurnalistika şöbəsi fakültəyə çevrilmişdir. Onun ilk dekanı professor Nurəddin Babayev (1969–1970) olmuşdur. Sonrakı illərdə professor Şirməmməd Hüseynov (1970–1976), dosent Seyfulla Əliyev (1976–1979), professor Tofiq Rüstəmov (1979–1988), dosent Nəriman Zeynalov (1989), dosent Akif Rüstəmov (1989–1999), professor Yalçın Əlizadə (1999–2012), professor Şamil Vəliyev (2012–2016), professor Cahangir Məmmədli (2016–2017) dekan vəzifəsində çalışmışlar. 2017-ci ildən isə filologiya üzrə elmlər doktoru, dosent Vüqar Zifəroğlu fakültənin dekanıdır.

Bu günə qədər fakültə 4 mindən artıq məzuna diplom verib. Yüksək ixtisaslı milli kadrlar hazırlığında Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov, Nəsir Əhmədli, Əliş Nəbili və digər alim-pedaqoqların böyük xidmətləri olub.

Təhsil bakalavr və magistratura pillələri üzrə Azərbaycan (əyani və qiyabi), rus (əyani) və ingilis (əyani) dillərində aparılır.

Fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra, 2 studiya, 1 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir: Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, Mətbuat tarixi və ideoloji iş metodları, Televiziya və radio jurnalistikası, Beynəlxalq jurnalistika kafedraları, Tədris tele-radio studiyası, “İnternet” mərkəzi, Jurnalistika elmi-tədqiqat laboratoriyası.

Jurnalistika fakültəsi beynəlxalq əlaqələr sahəsində də öz ənənələrini formalaşdırmışdır. Həmin əlaqələrin əsası ötən əsrin 50-ci illərində Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsi ilə qoyulmuşdur. Azərbaycanda jurnalistika üzrə ilk namizədlik dissertasiyasını Mətbuat tarixi kafedrasının professoru Şirməmməd Hüseynov MDU-da müdafiə etmişdir. Sonrakı onilliklərdə MDU-nun Jurnalistika fakültəsi ilə elmi və yaradıcılıq əlaqələri daha da intensiv xarakter almış və həmin əlaqələr bu gün də davam edir. Əvvəlki illərdə Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının xətti ilə hər il fakültənin bir tələbəsi təhsilini MDU-nun Jurnalistika fakültəsində davam etdirib. ABŞ-nin İndiana və Kolorado universitetləri, Fransanın Lil Jurnalistika Məktəbi, Türkiyə, Macarıstan, Polşa və Gürcüstanın jurnalistika qurumları və təhsil müəssisələri ilə elmi və yaradıcılıq əlaqələri inkişaf etdirilir. Son üç ildə fakültənin 6 müəllimi xarici ölkələrdə (ABŞ, Fransa, Türkiyə, Macarıstan, Polşa) elmi ezamiyyətdə olmuşlar.

Həm müəllim, həm jurnalist, həm ədib, həm dərslik müəllifi

BDU-nun jurnalistika fakültəsinin müəllimləri ölkənin ən nüfuzlu jurnalistləri, siyasətçiləri, ədibləri olmaqla yanaşı, həm də bu təhsil ocağında yetişən minlərlə tələbənin əlinə alıb jurnalistikanın sirrini öyrəndiyi kitabların müəllifləridir. Beləliklə, jurnalistika fakültəsinin müəllimləri milli mətbuatımıza ikiqat əmək və zəhmət vermiş dəyərli insanlardır. Həm jurnalist kimi fəaliyyət göstərmək, həm jurnalistlərin yetişməsində müəllim kimi iştirak etmək, həm də jurnalistikanın ayrı-ayrı dövrlərdə inkişafına stimul verən ideyalarla zəngin, onun nəzəriyyəsindən, təcrübi tərəflərindən bəhs olunan kitabların müəllifi olmaq çağdaş mətbuata böyük xidmətdir.

Böyük bir jurnalist nəsli elm xadimi və ictimai xadim olmuş, 1990-cı ildə Azərbaycan SSR Əməkdar jurnalisti, 1976-cı ildə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülən, Azərbaycan mətbuatında özünəməxsus izlər salmış və yddaşımıza əsl mətbuat adamı kimi həkk olunan Nəsir İmanquliyevin 1966-cı ildə nəşr olunan “Jurnalistika məsələləri” kitabından dərs almışdır.

Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru olmuş Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, ayrı-ayrı vaxtlarda “Nizami təqaüdü”, “Qızıl qələm” mükafatı, “Əməkdar jurnalist” fəxri adı, Zərdabi adına mükafat, Yusif Məmmədəliyev adına mükafat, Məhəmməd Əmin Rəsulzadə adına mükafat alan və “Şərəf” ordeninə layiq görülən Şirməmməd Hüseynovun “Məhəmməd Əmin Rəsulzadə əsərləri” beşcildliyi, “Azərbaycan legionerləri”, “Milli haqq və ədalət axtarışında”, “Mənəvi irsimiz və gerçəklik”, “Azərbaycan dilində ilk bolşevik nəşrləri” adlı kitabları, sözün həqiqi mənasında, dövrün peşəkar, tədqiqata meylli, araşdırmaçı jurnalistlərin yetişməsinə yol açan dəyərli əsərlərdir.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü olmuş, Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru Nəsir Əhmədlinin “Jurnalistin vizual nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə”, “Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində”, “Jurnalistin nitq mədəniyyəti”, “Jurnalistika” ixtisası üzrə buraxılış işinin yazılması, tərtibi və müdafiəsi”, “Jurnalistin nitq mədəniyyətinin əsasları”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik” adlı kitabları ötən illərdə mətbuatın inkişafına öz töhfələrini verib.

1999-2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı olmuş, 1966-cı ildə “Qızıl qələm” mükafatı laureatı, 1989-cu ildə əməkdar jurnalist fəxri adına, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunan, 2000-ci ildə “Tərəqqi” medalına layiq görülən professor Yalçın Əlizadənin “Radiojurnalistikanın əsasları”, professor Qulu Məhərrəmli ilə həmmüəllif olduğu “Azərbaycan efiri-tarix və müasirlik”, bakalavr hazırlığı üçün “Ədəbi redaktə” fənn proqramı, “Radio jurnalistikası:təməl biliklər” adlı kitabları mətbu orqanlarla yanaşı, radio və televiziya üçün peşəkar jurnalistlərin hazırlanmasında mühüm rol oynayan sanballı əsərlərdir.

Azərbaycanın tanınmış jurnalisti, filologiya elmləri doktoru, professor, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədlinin 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.

2004-cü ildə Bakı Dövlət Universitetində “İlin müəllimi” nominasiyasının qalibi, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibi olan, Prezident təqaüdçüsü Cahangir müəllimin “Jurnalistikaya giriş”, “Müasir jurnalistika”, “Jurnalistikanın müasir inkişaf meylləri”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” adlı dərslik və kitabları minlərlə jurnalistin yetişməsinə, jurnalistikanın sirlərini mənimsəməsinə xidmət edib.

Unudulmaz Qulu Xəlilovun və Famil Mehdinin ədəbi nümunələrini oxuyan, məlumatı olan onlarla azərbaycanlı gənc məhz jurnalist olmaq, bu dəyərli müəllimlərdən dərs almaq istəyib. Belə də olub. Azərbaycanın ən ucqar rayonlarından belə Qulu Xəlilov və Famil Mehdi yaradıcılığının işığında özünü tapan yüzlərlə gənc elə onların əsərləri və jurnalistika dərsləri sayəsində görkəmli publisistlər ola biliblər.

Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru Vüqar Zifəroğlunun tədqiqat sahəsi “Beynəlxalq jurnalistikada inhisarlaşma problemi və media korporasiyalar”, “Azərbaycan kütləvi informasiya vasitələrinin qlobal informasiya məkanına inteqrasiyası”, “İnformasiya təhlükəsizliyi müasir dövrün əsas problemi kimi”, “Azərbaycan və KİV-ə qarşı informasiya müharibəsi” kimi aktual məsələləri özündə birləşdirir.

Hər birimizin mediada analitik və araşdırma məqalələri ilə tanıdığımız Vüqar Zifəroğlu ixtisasla bağlı 36 elmi məqalənin, 3 metodiki göstəricinin və dörd tədris proqramı, eləcə də “Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı” və “Media imperiyası” adlı monoqrafiyaların müəllifidir. Bütün bu əsərlər jurnalistikanın müasir dövrünü özündə ehtiva etməklə yanaşı, çağdaş dövr jurnalistlərin bilməli, öyrənməli olduğu məsələləri özündə birləşdirir.

Onun unudulmaz müəllim və ustad jurnalist Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr edilmiş biblioqrafiyasının həmtərtibçisi olması isə sələfin xələfi olması, böyük sayğı hissindən qaynaqlanır ki, müasir jurnalistlərin bunu olduğu kimi dərk etməyə böyük ehtiyacı var. O mənada ki, zaman-zaman onlar da sələflərinin xələfi ola bilsinlər.

Jurnalistika fakültəsinin dünənki və bügünkü müəllimlərinin hər biri haqqında belə məlumat toplayıb təqdim etmək olar. Lakin bir qəzet yazısına bunları sığışdırmaq mümkün deyil. Odur ki, onların bir neçəsinin 150 illik mətbuat tarixinə verdiyi dəyərlərdən söhbət açmaqla, ümumilikdə əsrə yaxın fəaliyyəti olan jurnalistika fakültəsinin sələfimizin xələfi mənzərəsini yaratmaq istədim.

Sələfin xələfi olmaq dəyəri

Əlbəttə, bir xalq o zaman xalq kimi tarixdə yaşayır ki, keçmişini, dəyərlərini unutmur, yaddan çıxarmır. Bu, milli-mənəvi, ailə dəyərləri kimi, bütün dəyərlərə, eləcə də haqqında söhbət açdığımız mətbu dəyərlərə də aiddir. O mətbu dəyər ki, 150 yaşlı qocamandır. Və bizim sələfimizdir. Belə isə vəzifəmiz xələfi olaraq onu yaşatmaq, arxivləşdirmək, yad ünsürlərdən, yanaşmalardan qoruyaraq gələcək nəsillərə çatdırmaqdır. Çünki sələfin xələfi ola bilmək özü ayrılıqda bir dəyərdir.

Mətanət Məmmədova

Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see132

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see131

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see128

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see126

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see125

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see121

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see120

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see119

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see119

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

07 İyul 2025 04:46see118

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see118

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see118

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see117

Ermənistanda rəhbər şəxslər saxlanıldı

07 İyul 2025 12:52see117

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see116

Peskov Makronu təriflədi: Onun Putinlə danışığı...

06 İyul 2025 17:56see115

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see115

İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib KONKRET

06 İyul 2025 22:10see114

Dünyadan köçən yaxşı insanları gözüm dolaraq xatırlayıram Elçin

08 İyul 2025 00:28see113

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri