Milli mətbuat 150: publisistika janrının müasir “ömrü” VI YAZI
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzən adamın ürəyimdən yaxşı bir publisistik yazı oxumaq elə keçir ki... Əslində belə yazını qəzetləri vərəqləyib tapmaq, oradan oxumaq insanın istirahətini təmin edir, ruhunu dincəldir. Lakin müasir dövrdə istənilən qəzetin saytı var və oradan da oxumaq olar. Sadəcə olarsa...
Təəssüf ki, ənənəvi medianı üstələyən sosial media əsasən xəbərə xidmət edir. Gün ərzində çoxsaylı agentlik və saytların əksəriyyətinin özünün istehsalı deyil, oğurladığı xəbərlər sanki həyatımıza və vaxtımıza qənim kəsilib. Xəbər, xəbər, xəbər. Hazırda mətbuatımız yalnız xəbərdən ibarət olub.
Sosial həyat və ədəbiyyat
Publisistika termini XIX əsrdə yaranmış və uzun müddət sosial ədəbiyyat mənasında işlənmişdir. Publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun haqqında kütləni düşündürəcək, inandıracaq formada danışmaqdır. Hal-hazırda jurnalistikanın hər janrını publisistika adlandıranlar var. Razısınızmı bu fikirlə? Xəbər necə publisistika ola bilər? Bir siyasi, iqtisadi təhlil necə, publisistika ola bilərmi? Publisistika janrından bu janrlara azacıq qatmaq olar, lakin janrlar var ki, onları publisistikaya çevirmək mümkün deyil. Elə tək dövrümüzün xəbər janrından danışmaq bu suala lazımı cavab vermək üçün yetərlidir.
Həmişə deyirəm ki, publisistik yazılar qəzetin istirahət yeridir. Siyasi, iqtisadi yazıları, xəbərləri oxuyan oxucu publisistik yazılarda yorğunluğunu çıxarır, dincəlir, sosial həyatını tapır. Probleminin həlli yollarını yumşaq bir “dildə” oxuyur. Bəzən publisistik yazılar insanlara yeni fikirlər verir. Ruh, qanad verir, onlara bilmədiyini, necə edəcəyini, düşünüb necə addım atacağını öyrədir. Publisistikanın ədəbiyyata yaxın qolları isə bir filmdir, musiqidir, təbiətin qoynunda dincəlmək, ondan həzz almaq, vurğunluq, sevgi, məhəbbətdir, insanın sanki ruhunun yenilənməsi, ruhunun dincəlməsidir.
Lakin tapa bilirikmi belə yazılar? Hələ axtardığın yazı qalsın bir kənarda, bəlkə də qəzeti vərəqləmək istəyənlərə “geridə qalmışa bax, indi bütün informasiyalar işıq sürətilə sosial şəbəkələrdən süzülüb axır, bu hələ bir qəzet səhifələyib nə isə axtarmaq fikrindədir”,- deyib gülənlər də ola bilər. Amma elə bəzi bədbəxtliklərimiz bu mənasını bilmədiyimiz və yersiz gülüşlərdən başlamırmı?
İnternetlə müasirləşə-müasirləşə...
Həyatımızın bütün tərəflərini internetləşdirmişik. Bu, əgər müasirlikdirsə, necə deyərlər, Allah kəssin bu müasirliyi ki, bir-birimizin əhvalını da burada soruşuruq, bayramı da, ad günümüzü də burada qeyd edirik. Valideynlərimizi də burada ziyarət edirik. Qorxuram ki, yaxın gələcəkdə qəbirlərimiz də buradan ziyarət oluna.
Deyirlər ki, dərdli danışqan olar. Axır zamanlar hiss edirəm ki, bəzi yazılarımın girişində mətləbdən xeyli uzaqlaşıram. Məni anlayanlar bunu yəqin ki, qüsur hesab etməzlər. Hər şeyi müasirləşdirə-müasirləşdirə hara gedirik biz? Axı artıq arxada nə isə qoymuruq qala. Bir gün “biz kimik” sualına, vallah, cavab axtaracağıq. Nə isə, keçim mətləbə.
Müasir dövrümüzdə bütün sahələr kimi, mətbuatımız da internet dünyasının gətirdiyi yeniliklərlə, bu yeniliklərə bir az da özümüzün qatdığı “yeniliklərlə” xeyli dəyişikliklərə məruz qalıb. Bütün kütləvi informasiya vasitələrinin indi yeni iş qaydası var. Bunu iş qaydası adlandırmaq məncə bir o qədər düzgün deyil. “Xəbər axtarışına çıxmaq” adlandırsaq, daha çox yerinə düşmüş olar. Əsasən informasiya agentlikləri, saytlar xəbər müharibəsindədirlər. Gün ərzində kim qalib gələcək, bunu daha çox axtarışda olanlar qazanır sözsüz ki. Bu, əslində yaxşı bir haldır. Mətbuatın bütün sahələri operativlik istəyir. Lakin mətbuatımızı bütövlükdə xəbərləşdirmək də düzgün deyil.
30-dan çox qəzet janrı var
Xəbərləşdirmək başqa janrlardan bixəbərliyimizlə nəticələnir. Bir də ki, eyni xəbəri gün ərzində neçə dəfə oxumaq olar? Bəla orasındadır ki, bəzi jurnalistlərimiz xəbər də istehsal edə bilmirlər. Başqalarının xəbərləri hesabına xəbər verirlər. Müasir mətbuatımızın “baş tacına” çevrilən xəbərin bax müasir dövrdə bəxti belə gətirib. Bütün janrları sıxışdırıb, keçib yerlərinə. İndi mətbuatımız xəbər, reportaj və müsahibə janrlarından ibarət bir-birinə bağlı zəncirvarı reaksiyanı xatırladır. Belə ki, bir xəbər yayılır, jurnalistlərimiz xəbəri yazır, həmin xəbərin yerindən reportaj hazırlayır, ardınca da müsahibə alırlar. Hələ bu xəbər, reportaj və müsahibənin janr xüsusiyyətlərini ödəyib-ödəməməsi barədə danışmaq fikrində deyiləm. Beləliklə də digər janrlar günü-gündən mətbuatımızın çoxsaylı qəbiristanlıqlarında dəfn olunur.Mətbuat janrlarının ümumi mənzərəsini Bakı Dövlət Universitetinin professoru, hər bir jurnalistin sevimli müəllimi, istedadlı insan, mərhum Famil Mehdi sıralayaraq deyirdi: “Xəbər, hesabat, müsahibə, reportaj, korrespandensiya, məqalə, icmal, resenziya, məktub, mətbuat xülasəsi, zarisovka, oçerk, felyeton, pamflet və təmsil, şarj, parodiya. Ancaq bu siyahıya esse, söz, gündəlik, səfərnamə, bədii-publisist, tərcümeyi-hal, xatirə, bədii nitq, nekroloq və başqalarını da əlavə etmək lazımdır”. Digər sevimli müəllimimiz Cahangir Məmmədli isə bu janrların hər birinin yaradıcılıq məqamında jurnalistin özünüifadə aktına çevrildiyini qeyd edir, vurğulayır ki, janr müəllifə özünüifadə üçün xüsusi imkan yaradır.
Qəzet janrları bütövlükdə bir qəzetin ərsəyə gəlməsində, onun hər sayının oxucu zövqünü oxşamasında sanki birləşərək böyük bir vəzifəni yerinə yetirirlər. Məqalə, xəbər, reportaj, korrespandensiya, xülasə, oçerk, felyeton və sair-bunların hər biri ayrı-ayrılıqda oxucunun qəzetin növbəti sayında bu janrlar nəyi işıqlandıracaq marağını meydana çıxarır.
Jurnalistlərin peşəkarlıq səviyyəsinə yüksəlməsində janr məqamının böyük rolu var. Qəzet redaksiyalarının müxtəlif şöbələrində çalışan jurnalistlər daim yazdıqları janrların sayəsində püxtələşir, zaman-zaman yaxşı xəbərçiyə, icmalçıya, oçerkist, felyetonçuya, ən başlıcası isə peşəkar jurnalistə çevrilirlər. 30-dək mətbuat janrının tək 2-3-dən istifadə edilməsi mətbuatımızı haraya aparır, bu barədə düşünməyə çoxdan başlamışıq, lakin hamımız yox, bir neçələrimiz.
Dinlə, gənc jurnalist!
Müasir mətbuatımızda tək xəbərçilərmi yetişdirilir? Oxucunun necə, həyatı tək xəbərlərdənmi ibarətdir? Axı onun ətrafında minlərlə felyetonun mövzusu cərəyan edir. Axı işğaldan abad olunmuş rayonlarımız da daxil olmaqla, ölkəmizdə aparılan quruculuq işləri nəticəsində abadlaşan yurdlarımızın hüsnü, torpağa tər verib zər alan zərmətkeş insanların sübh çağından gün batanadək maraqlı həyatı, bir şəhid, bir müəllim, bir həkim, bir fəhlə ömrü yüzlərlə oçerklərdə yaşamağa layiqdir. Bütün bunlar həmçinin gözəl məqalələrdə də təhlil oluna bilər.
Bədii-publisistika həyatın özüdür. Biz həyatımızın gözəlliklərini də, çirkinliklərini də bu janrda canlandıra, oxunaqlı yazılara çevirə bilərik. Zarisovka, pamflet, parodiya, təmsil, ümumiyyətlə, yoxa çıxdığından bu barədə nə danışasan ki?..
Həcmi çox vaxt geniş xəbər qədər olan esse janrının bəxtini də xəbər qədər gətirə bilmədik. Dörd fəsil bir-birinin ardınca ötür, keçir. Gənc jurnalistlərimizin qələmindən payızın yarpaq tökümünü xışıltıya çevirən füsnundan, qışın qarının bəyazından, baharın düymə tumurcuqlarından “istehsal olunan” ağ, çəhrayı örpəklərdən, yayın yaşıl gözlərindən yazıb oxucu zövqünü oxşayan bir esse necə də oxumaq istərdik. Hələ gözlərimiz önündəki fəsillərdən söhbət açdım, minlərlə esse mövzuları var. Onları təbiətdən, yurd yerlərimizdən, ailələrimizin fonunda milli dəyərlərimizdən, insan taleyindən yazılara köçürüb qəzet səhifələrinə yerləşdirmək gözəl olmazdımı?
Bir foto bir fikir
Fotojurnalistikanı bu gün günün günorta çağında əlimizdə çıraqla axtarsaq, bəlkə bəzi mətbuat orqanlarında az sayda tapa bilək. Yaxşı, yeri gələndə deyirik ki, publisistika çətin janrdır, hər kəs bu janrda yazmağı bacara bilmir. Bunun üçün anadangəlmə qabiliyyət olmalıdır, şair təbiətli, nə bilim yazıçı ruhlu olmalısan kimi onlarla bəhanə gətiririk. Bəs müasir gövrdə hamımızın əlində telefon olduğu halda fotojurnalistikanı niyə dəft etmişik publisistikanın yanına? Yəni küçədə, parkda, yolda, bağ-bağçada, mağazada elə an yoxdur ki, fotoya köçürüb bir cümlə ilə onu canlandıraq? Axı bu, elə bir janrdır ki, bəzən 3-5 dəqiqəyə oxuya biləcəyimiz xəbərdən tez ondan məlumatı ala bilirik? Bir baxışla baş verən hadisədən, problemdən, təbiətin gözəlliyindən xəbərdar oluruq. Bu janr indi daha çox inkişaf etdirilməlidir. Əvvəllər redaksiyalarda fotomüxbirlərə ehtiyac vardı. İndi telefonlar fotoaparatlardan da gözəl və keyfiyyətli şəkillər çəkir və maraqlı hal ondan ibarətdir ki, hər kəs bu işi çox yaxşı bacarır. Belə isə yəqin biz jurnalistlər sadəcə baxırıq, görmürük.
Sələfimizin xələfi olaq
Xülasə, bəzən oxucuları günahlandırırıq ki, sosial şəbəkələrdə daha çox vaxt keçirir, mətbuatdan kənarda qalırlar. Vallah bunun günahı biz mətbuat işçilərindədir. Nə etsin oxucu, yazıldı, qarşısına çıxdı, oxumadı? Əlacsız qalan oxucu təbii ki, ancaq xəbər oxuyacaqdır da. Çünki yuxarıda da qeyd etdiyim kimi indi ancaq xəbər savaşındayıq, başqa janrları unutmuşuq.
Bu mövzu elə bir mövzudur ki, səhifə-səhifə yazsaq da bitməz. Lakin çox uzun da yazıb oxunaqsız material olmasın deyə buradaca yazını bitirirəm. Son sözüm isə budur ki, necə ki biz bu gün ötən illərin qəzetlərini vərəqləyəndə bütün janrların ahəng təşkil etdiyi qəzetlərə “bəh-bəh” deyirik, bir zaman da bizim mətbu nümunələrimiz eləcə vərəqlənəcək. Oxucunun təəssüratı nə olacaq, bax, gəlin, bunu düşünək: sələfimizin xələfi ola bilirikmi?
Mətanət Məmmədova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti çərçivəsində hazırlanıb.


