Milli musiqimizin amerikalı dostu
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cefri Verbok – 75
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan muğamının beynəlxalq aləmdə təbliğinə uzun illərdir mühüm töhfələr verən Cefri Verbokun 75 illik yubileyinə həsr olunan musiqi gecəsində amerikalı muğamsevərin milli musiqi irsimizin dünyada tanıdılması istiqamətindəki fəaliyyətindən, Azərbaycan mədəniyyətinə dərin sevgisindən və ümummilli lider Heydər Əliyevlə unudulmaz görüşündən bəhs olunub.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə məclisi giriş sözü ilə açaraq yubilyarı və qonaqları salamlayıb, Cefri Verbokun Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasındakı xidmətlərini yüksək qiymətləndirib. O qeyd edib ki, Cefri Verbok uzun illərdir Azərbaycan musiqisini ABŞ-də, Kanadada və digər ölkələrdə böyük sevgi ilə təbliğ edir.
Direktor Cefri Verbokla Vaşinqtonda, Ottavada, Torontoda və Niaqara festivalında eyni səhnəni bölüşdüyü anları xatırladaraq Cefri ilə münasibətlərinin yalnız musiqi ilə deyil, uzun illər ərzində formalaşmış dostluqla da səciyyələndiyini bildirib. O, yubilyarın tar, kamança və ud musiqi alətlərində ifasını və Amerikada universitet tələbələri qarşısında çıxışı zamanı onlarda milli musiqi alətlərimizə yaranan marağı xüsusi qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti, bp şirkətinin veteranı Qivami Rəhimli qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində, yenicə təmir olunmuş Opera və Balet Teatrında Azərbaycanın Müstəqillik Gününə həsr olunan konsertdə iştirak etmək üçün Azərbaycan muğamının vurğunu olan amerikalı musiqiçi dostu Cefri Verboku Bakıya dəvət edib və onun ümummilli lider Heydər Əliyevlə görüşünü təşkil edib.
Bildirilib ki, Cefri Verbokun Azərbaycan muğamının və milli musiqimizin təbliği istiqamətindəki fəaliyyəti barədə məlumat Heydər Əliyevə çatdırıldıqdan sonra Ulu öndər onunla görüşüb. Böyük sənət hamisinin səmimiyyəti, Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət amerikalı musiqiçidə dərin təəssürat yaradıb. Söhbət zamanı Cefri Azərbaycan torpaqları işğaldan azad ediləcəyi təqdirdə Şuşada muğam məktəbinin yaradılmasına və muğamın Qarabağa qaytarılmasına dəstək verəcəyini söyləyib. Bu vəd zaman keçdikcə Cefrinin Azərbaycanla bağlı fəaliyyətinin əsas mənəvi istiqamətlərindən birinə çevrilib.
Heydər Əliyevlə görüşdən sonra Cefrinin Azərbaycan muğamının təbliği istiqamətindəki fəaliyyətini daha da genişləndirib. O, ABŞ-da Amerika Muğam Cəmiyyətini yaradıb, müxtəlif ölkələrdə konsertlər və mühazirələrlə çıxış edib, Qarabağın mədəni irsini, Şuşanın musiqi tarixindəki müstəsna yerini yeni auditoriyalara çatdırıb.
Cefrinin ümummilli lider Heydər Əliyevə verdiyi vədi yerinə yetirmək istiqamətindəki addımlarından biri Qarabağdan didərgin düşmüş muğam sənətinə həsr olunan “Qədim nəğmə, gənc səslər” sənədli filminin hazırlanması olub. Film İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan televiziya kanallarında nümayiş etdirilərək tamaşaçılara muğamın öz doğma yurduna qayıdacağına və Şuşanın yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevriləcəyinə inamı daha da gücləndirib.
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra isə Şuşanın mədəni həyatının dirçəldilməsi və muğamın öz tarixi məkanında inkişafı üçün yeni imkanlar yaranıb. “Bir vədin hekayəsi: Şuşa, mənim sevgim” filmi Cefri Verbokun Heydər Əliyevə verdiyi vədə həsr olunub. Bu film Cefrinin Azərbaycanla bağlı xatirələrini təqdim etməklə yanaşı, illər əvvəl səslənmiş arzunun və verilmiş vədin zamanla necə mənəvi missiyaya çevrildiyini, muğam sənətinin doğma torpaqda yaşadılması və gələcək nəsillərə ötürülməsini göstərir.
Yubiley gecəsində Milli Məclisin deputatı Məşhur Cefri Verbokun Azərbaycan xalqına və mədəniyyətinə olan sevgisindən qədirbilənliklə söz açıb: “Bu gün bütün qəlbi ilə ölkəmizə bağlı olan, onun üçün çox iş görən və ona sədaqətlə xidmət edən bir insanın 75 illik yubileyini qeyd edirik. Arzu edirəm ki, hər ölkədə heç olmasa belə bir Cefri olsun”.
Mərasimdə yubilyarın ifa etdiyi Azərbaycan müsiqisi təntənəli ovqat yaradıb. Onun sonda ifa etdiyi “Bağçamıza gəldi bahar” mahnısı unudulmaz təəssürat yaradıb.
Məclis başa çatdıqdan sonra da qonaqların Cefri Verboka marağı səngiməyib. Tamaşaçılar uzun müddət onun ətrafına toplaşaraq səmimi söhbətlər aparıb, Azərbaycan sevgisi, muğam sənətinə bağlılığı və milli musiqimizin dünyada təbliği istiqamətindəki fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Gecəyə xüsusi səmimiyyət qatan məqamlardan biri də Cefrinin pərəstişkarlarından olan Sevda xanımın yubiley münasibətilə hazırlatdığı tortun kəsilərək qonaqlara paylanması olub.
T.RÜSTƏMLİ
XQ
Baxış sayı:108
Bu xəbər 29 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















