Milli Qəhrəman Hökümə Əliyevanın anası Kəmalə Alıyeva: Həmişə deyərdi ki, mənimlə fəxr edəcəksiniz
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Bəzən düşünürsən ki, tarixin qan yaddaşı artıq dolub. Dünyanın başı üzərində cövlan edən müharibə kabusu qəfil hərəkətə keçir, faciələr sanki bunu gözləyirmiş kimi ard-arda düzülür, bəşəriyyət çalxalanır, iblis bundan zövq alır, axılan qanlar tarixin yaddaşına hopur, lakin unudulmur...
Ötən ilin sonuna bir neçə gün qalmışdı. Bakı Yeni ili qarşılamağa hazırlaşırdı. Elə insanlar da. Ən azından uşaqların könlü xoş olsun deyə, hamı bayram günü onları sevindirmək üçün çalışırdı.
Təqvimdə 2024-cü ilin dekabr ayının 25-i idi. Bakı-Qroznı reysi ilə Yeni ili qarşılamaq üçün doğmalarının yanına uçan altmış iki nəfər sərnişin də, onları mənzil başına çatdırmağa çalışan beş ekipaj üzvü də bayram ab-havasında idi, baxmayaraq ki, hava şəraiti ürəkaçan deyildi. Məhz bu səbəbdən təyyarəni qəbul etməyən Qroznı hava limanının məlumatından sonra təyyarə Mahaçqalaya, oradan isə Aktau istiqamətinə yönləndirilir. Uçuşun otuz doqquzuncu dəqiqəsində qəza siqnalı verən ekipaj idarəetmədə nasazlığın olduğunu bildirib. Artıq əlli üçüncü dəqiqədə Aktauya təcili eniş tələb edən ekipaj heyəti insan tələfatının qarşısını almaq üçün uçuşu bir saat otuz doqquz dəqiqə ərzində "birbaşa rejim"də idarə etsə də, sonunda təyyarə yerə çırpılıb. Bu qəhrəmanlıq sayəsində üç nəfər ekipaj üzvünün həyatı bahasına iyirmi doqquz insan sağ qalır.
İnsanlar üçün bir ömrə bərabər olan həmin həyəcanlı anlarda daxilən təhlükəni yaşasa da, amiranə bir səs: "Hər şey yaxşı olacaq" deyərək, sakitlik yaratmaqla özü ilə bərabər, sona qədər hamını inandırmağa çalışdı. Çalışdı ki, ümidlər qırılmasın. Amma qırıldı... Və o qırılan ümidlərlə birlikdə böyük təyyarə bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı otuz üç yaşlı Hökümə Əliyevanın da həyatı, arzuları yarımçıq qaldı. Faciənin ildönümü ərəfəsində müsahibimiz qəhrəmanın anası Kəmalə xanım Alıyevadır.
- Höküməni bir il əvvəl bircə cümlə ilə tanıdıq. Amma tanımadığımız qısa bir ömür sahibi də var...
- Biz Kəlbəcərdən çıxmağa məcbur olanda Hökümənin heç iki yaşı yox idi. Bərdə rayonunda məskunlaşdıq. 1996-cı ildə kiçik ailəmiz Rusiyanın Volqoqrad vilayətinə köçdü. Hökümə məktəbə orada gedib. Yeddi-səkkiz il orada yaşadıq, sonra torpaq bizi özünə çəkdi və qayıtdıq. Altıncı sinifdən Hökümə Gəncədə oxudu, məktəbi bitirəndən sonra arzusunda olduğu hüquq fakültəsinə daxil oldu, özü də yüksək balla.
- Deməli, arzusu imiş hüquqşünas olmaq...
- Kiçik yaşlarından, hələ biz Rusiyada yaşayan vaxtdan o, hüquqşünas olacağını deyirdi. Bilirsiniz niyə? Baxmayaraq ki, yaşı az idi, Hökümənin güclü müşahidə etmək qabiliyyəti vardı. Sirr deyil ki, Rusiyada azərbaycanlılara münasibət birmənalı olmayıb. Olurdu ki, evdəki söhbətlərdən, ya atasının telefon danışıqlarından nələrsə eşidirdi. Orada azərbaycanlıları tez-tez yoxlayırdılar, kiçik bir səbəb belə, onların əlində bəhanə olurdu. Həmişə də atasından soruşardı ki, onlar bir cinayət etməyiblər axı, nəyi yoxlayırlar? Atası da onun anlayacağı şəkildə Höküməni başa salardı. Həmin vaxtlardan o, özlüyündə qərar vermişdi ki, hüquqşünas olacaq və öz insanlarımızın haqqını müdafiə edəcək. Böyüyərək dünyagörüşü dəyişdikcə, fikirləri də fərqli oldu. Hökümə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə məhz ona görə daxil oldu ki, ölkəsini, Vətənini dünya qarşısında müdafiə etsin. Amma...
- ...amma arzuları yarımçıq qaldı...
- Qızımızın arzuları çox idi, elə məni də yandıran odur ki, əcəl həm gənc ömrünü aldı, həm də arzularını yarımçıq qoydu. Hökümə hər dəqiqəsinin qədrini bilirdi, vaxtını boşuna itirməyi heç sevməzdi. Kiçik yaşlarından belə idi. Bir göz otaqda yaşayırdıq, o, televizorun səsini belə eşitmirdi, bütün diqqəti dərsində, kitablarda olurdu, yəni kənar səs onun dərs oxumağına mane ola bilmirdi. Qərarlı və cəsarətli idi, qarşısına qoyduğu məqsədə çatmaq istəyi bəlkə imkanından da artıq idi. Çox bacarıqlı idi qızımız. Toxumağı bacarırdı, uşaqlar üçün nağıllar yazardı. Özü də hər uşağın xarakterinə uyğun olurdu həmin nağıllar. Mütaliəni çox sevirdi, həmişə mənə deyərdi ki, ana, gətirdiyim kitabları sən də oxu. Olurdu ki, evə gələndə görürdü kiminləsə telefonda danışıram. Kimliyindən asılı olmayaraq salamını çatdırardı və sonra deyərdi ki, bəlkə onun işi var, amma sənə deyə bilmir, çox saxlama adamı telefonda. Kənar söhbətləri sevməzdi, dediyi o olurdu ki, özünüzdən, görmək istədiyiniz işlərdən, qurmaq fikrində olduğunuz planlardan danışın. Vaxtınızı kimisə müzakirə etməyə xərcləməyin. Həmişə bizə deyərdi ki, sizə Kəlbəcərdə də, Bakıda da ev alacağam. Bakıda ev alsa da, orada gözüdolusu yaşaya bilmədi, Kəlbəcərdə isə evi bizə dövlət başçımız verdi. Hökümə Kəlbəcəri heç görməmişdi, çünki uşaq ikən biz oradan çıxmışdıq. Amma doğma torpağı ilə bağlı çox xəyallar qurardı. Fələk imkan vermədi.
- Hüquqşünas olmaq arzusuna çatsa da, sonsuz səmanı daha çox sevdi...
- Elə deməzdim... Hökümə seçdiyi peşəyə sevərək, istəyərək gəlmişdi. Bütün mərhələləri keçmişdi, ötən il onun doktorantusanın sonuncu ili idi. Amma o da vardı ki, Hökümə səyahət etməyə, dünyanı görməyə çox həvəsli idi, deyərdim ki, bəlkə bu, onun hobbisinə çevrilmişdi. Universiteti bitirdikdən sonra Goranboyda Dövlət Sosial Müdafiə Fondunda hüquqşünas vəzifəsində işləyirdi. Amma bu istəyi o qədər güclü oldu ki, orada işləyə-işləyə Azərbaycan Hava Yollarına imtahan verdi və keçdi. Başlanğıcda tərcüməçi kimi, sonra böyük təyyarə bələdçisi kimi çalışmağa başladı. Əvvəldən onun uçuşlarına etirazımı bildirmişəm, çünki içimdə ilk gündən həmişə bir nigarançılıq vardı. Amma onun dünyanı gəzib görmək istəyinə qarşı da çıxa bilmirdim. Orada çalışdığı doqquz il ərzində dünyanın əllidən çox ölkəsini gördü. Hara gedirdisə, daima əlaqə saxlayar, proqramla bizi tanış edərdi. Onu getdiyi ölkəni tanımaq, tarixini bilmək, mədəniyyəti ilə tanış olmaq kimi məqamlar daha çox maraqlandırırdı və hər səfərdən də qucaq dolusu maraqlı xəbərlərlə gələrdi. Nigarançılığımı bildiyindən bəzən yaxın məsafəli uçuşları mənə demirdi, ancaq atasına mütləq bildirərdi. Ötən ilin sentyabr ayında Hava Yollarında hüquqşünas kimi işləmək üçün imtahanlardan keçmişdi və bu ilin yanvar ayının əvvəlindən artıq yeni vəzifəsinə keçəcəkdi. Qismət olmadı.
- Ana-qız münasibətiniz yəqin ki, çox isti olub...
- Hökümə valideynlərinə bağlı övlad olsa da, atasını daha çox sevirdi. Atasının təzyiq problemi olduğundan həmişə diqqəti onun üstündə idi. Ümumiyyətlə, o hər şeyin ən yaxşısını ailəmiz üçün istəyib. Mümkün olan hər fürsətdən yararlanmağa çalışıb. Yaxşı məvacib alırdı və düşünürdü ki, ailə üçün kiçik bir biznes qursun. Mən onun şəxsi həyatını daha çox düşünürdüm, arzusunda idim ki, ondan da bir nəvə payı görüm. Amma Hökümədə bir mizan-tərəzi vardı, vaxtının qədrini bilsə də, tələsik, düşünülməmiş bir iş görmək istəməzdi. O həm bizim, həm də özünün qurduğu yeni ailəsinin gələcəyini düşünərək hərəkət edərdi. Həyat yoldaşı ilə çox planlar qurmuşdular və gözəl də münasibətləri vardı. Bəzən mənə elə gəlir ki, Hökümə uçuşdadır, bir azdan zəng edəcək ki, təyyarədən düşdüm, gəlirəm. Olub ki, Gəncə aeroportunda eniş edəndə, atası icazə alaraq onu evə gətirib ki, yanımızda qalsın. Amma divardakı şəklini görəndə, sanki ayılan kimi oluram. Özümü heç nə ilə ovundura bilmirəm. Biz Hökümənin bir əşyasını belə, itirmək istəmədiyimizdən öz vəsaitimizlə onun ev-muzeyini yaratdıq. Bu il onun doğum günündə açılışını etdik. Elə gün olmur ki, muzeyə ziyarətçilər gəlməsin. Məktəblərdən, ətraf rayonlardan, şəhid anaları, Hökümənin rəfiqələri, yaxın çevrəsi bu muzeyə dəfələrlə gəlib. Eşitdiyimiz təsəllilər bizə heç zaman övladımızı qaytarmasa da, Hökümənin adının bütün dünyada çəkilməsi, onun tanınması bizim üçün bir qürurdur.
- Artıq bir xatirəyə çevrilən Hökümə ilə sonuncu danışığınız...
- Qəzadan bir gün əvvəl... Həmin günü erkən yatmışdım. Gecə saat bir olardı oyandım. Gördüm ki, Hökümə zəng çalıb, gəlinə deyir ki, ömrümü mənə göstər. Nəvəmə babasının adını vermişik, Hökümə isə onu adı ilə çağıra bilmədiyindən, ona "Ömrüm" deyirdi. Uşaq da nə isə kürlük etdi, ağladı, sakit dayanmadı. Anası dedi ki, ay Hökümə, qoy uşağı yatızdırım sonra danışarıq. Qəribə hal vardı məndə, düz saat səkkizə qədər oturduğum yerdən tərpənmədən səhəri dirigözlü açdım. Az keçməmiş yoldaşım gəldi ki, gedək bazara, Rusiyaya barat göndərməli idi. Hiss etdim ki, getmək əhvalında deyiləm. Amma o, israr etdi ki, gedək sənin seçdiklərini alaq ki, sonradan narazılıq etməyəsən. Elə bazara təzə çatmışdıq ki, atasının telefonuna zəng gəldi. Cəlildən bircə bunu eşitdim - belimiz qırıldı. Ağlıma gələn o oldu ki, körpəyə nə isə olub. Amma heç demə, belimizi qıran Hökümə imiş. Sonra yaşananlarda sanki bir yuxunun içində idim. Mənə elə gəlirdi ki, ayılacağam və hər şey öz yolunda olacaq. Nə yazıq ki, olmadı. Hökümə gedişi ilə düzənimi də apardı. Bəzən özümü günahlandırıram ki, əgər əvvəldən onun uçuşlarına narazılığımda israrlı olsaydım, bu faciə baş verməzdi. Amma bu qəza olmasaydı da, Hökümənin alın yazısı çoxdan yazılmışdı.
- Yaşadığınız ağrıya rəğmən, qəza yerinə gedə bildiniz...
- Mənə elə gəlirdi ki, qəzanın baş verdiyi yeri görsəm, içimdəki fırtına bir qədər yatar. Bu ilin yayında Hökümənin atası, mən, qardaşı Coşqun, həyat yoldaşı Etibar və pilot Aleksandrın anası Yelena Kolyaninova ilə Aktau şəhərinə gəldik. Nədənsə elə düşünürdüm ki, Hökümə ilə görüşə gedirəm, orada dayanıb bizi qarşılayacaq. Ətrafı dolandım, gözlərim elə hey nə isə axtarırdı. Baş verən faciəni hələ də özündə saxlayan əhatəyə alınan boşluqdan başqa heç nə görmədim. Hadisə yerində məzar daşına bənzər bir abidə vardı və mənə elə gəldi o daşın bir küncündən Hökümə bizi izləyir. Amma sonra bildik ki, Qazaxıstan dövləti bu yerdə faciəni əbədiləşdirmək üçün böyük bir abidə ucaldacaq. Hökümə həmişə deyərdi ki, mənimlə fəxr edəcəksiniz. İndi onun adının əbədiləşdirilməsini görəndə hər dəfə sözlərini xatırlayıram. Qazaxıstanda zirehli hərbi təcili yardım maşınına qızımızın adı verilib. Məsafə uzaq olduğundan onlara şəxsən təşəkkür etmək imkanımız olmadı. Polşada Hökümənin adına təqaüd proqramı təsis edilib. Göstərdiyi böyük humanizmə görə Çingiz Aytmatov adına medala layiq görülüb.
- Fəxr edə biləcəyiniz ən yüksək adı Höküməyə dövlətimiz verdi...
- Əlbəttə ki, Hökümə bu torpağın bir parçası idi. Körpə yaşından məcburi köçkünlük həyatı yaşamışdı. Torpaqlarımızın işğal altında qaldığı zamanlarda bu dövlət həmişə insanlarının yanında olub. Hökümə Əliyeva Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı oldu. Otuz iki ildən sonra ilk azərbaycanlı qadın olaraq bu yüksək adın xüsusi fərqlənmə nişanı olan "Qızıl ulduz"a dövlət onu layiq bildi. Haqqında "Hökümə - kədərim mənim" adlı sənədli film çəkilib. Hökümənin ailəsi olaraq avqust ayında ölkə başçısı Kəlbəcərdə birinci yaşayış kompleksində bizə mənzil verdi. Hökümənin gedişi özündən sonra bizə böyük fəxarət yaşatsa da, yerinin boşluğu daha ağırdır. Ola bilsin ki, sabah Hökümənin adına bir küçə salınacaq, məktəb inşa ediləcək, həyat isə öz axırı ilə davam edəcək. Zamanla bu həyata vida edib Höküməyə qovuşacağıq. Lakin onun yerdə qalan əbədi adı gələcək nəsillərə bir örnək olacaq. Bununla daha çox təsəlli tapıram. Bir də əminəm ki, hər şey yaxşı olacaq.
SÖZARDI: Səması boz-bulanıq bir dekabr günündə ətrafa yayılan: "Hər şey yaxşı olacaq" nidasını ilk dəfə eşidəndə yadıma iyirmi iki il əvvəl hitə çevrilən bir mahnının sözləri düşmüşdü: "Hər şey yaxşı olacaq... Güllər açacaq... Millət xoşbəxt olacaq"... Uzun yol gəlsək də, deyilənlərin hamısı oldu. Torpaqlarımızı azad etməklə, hər şey yaxşı oldu... Viran olan yurd yerlərində güllər açdı... Uzun həsrətdən sonra ocağını yandıranda, millət xoşbəxt oldu... Amma bu olanları gözləri götürməyənlər hələ də var və olacaq da. Nə yazıq o bədxahların unutduğu bir şey var, bu torpağın övladları ölümün üzünə gülə-gülə: "Hər şey yaxşı olacaq" deməyi bacarırlarsa, onlardan ehtiyat etməyə dəyər.
Tamilla M-ZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















