Mina diplomatiyasından real dəstəyə
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın beynəlxalq cağrışları nəticə verməyə başlayır?
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri sürətlə davam etdiyi bir vaxtda torpağın altında gizlənən minalar bu ərazilərin iqtisadi potensialının reallaşmasına və Böyük Qayıdış prosesinin sürətlənməsinə maneə yaradır. Məhz buna görə Azərbaycan son illər mina problemini beynəlxalq gündəliyin prioritet məsələlərindən birinə çevirmək, dünya ictimaiyyətinin diqqətini bu təhlükənin miqyasına yönəltmək üçün ardıcıl diplomatik səylər göstərir.
Bu səylərin fonunda ABŞ-dan gələn son xəbər xüsusi əhəmiyyət daşıyır. Senatın Təxsisatlar Komitəsi 2027-ci maliyyə ili üçün adi silahların məhv edilməsi, minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına ümumilikdə 265 milyon dollar vəsait ayrılmasını tövsiyə edib. Diqqətçəkən məqam isə Azərbaycanın da bu proqramların əhatə etdiyi ölkələr sırasında yer almasıdır. Təbii ki, sözügedən 265 milyon dollar yalnız Azərbaycan üçün nəzərdə tutulmayıb. Bu vəsait bir neçə ölkə və region arasında bölüşdürüləcək ümumi maliyyə paketidir. Bununla belə, Azərbaycanın proqramın əhatə dairəsinə daxil edilməsi Bakının uzun müddətdir səsləndirdiyi çağırışların Vaşinqtonda diqqətə alındığını və beynəlxalq dəstəyin genişlənməsi üçün yeni imkanların yarandığını göstərirr.
Bakı mina problemini beynəlxalq gündəliyə necə çıxartdı?
Azərbaycanın mina diplomatiyasını fərqləndirən əsas cəhət bu məsələyə yalnız humanitar problem kimi yanaşmamasıdır. Bakı minaların insan həyatı ilə yanaşı, ətraf mühitə, iqlimə, kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə vurduğu zərəri də beynəlxalq müzakirələrin predmetinə çevirir. Beləliklə, mina təhlükəsi ayrı-ayrı ölkələrin üzləşdiyi lokal problem deyil, qlobal dayanıqlı inkişaf məqsədlərinə mane olan ciddi çağırış kimi təqdim edilir.
Bu strategiyanın mühüm mərhələlərindən biri 2024-cü ildə Bakıda keçirilən COP29 oldu. Tədbir çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramının birgə təşkil etdiyi təşəbbüs vasitəsilə Azərbaycan mina çirklənməsi problemini qlobal iqlim gündəliyinə daşımağa nail oldu. Azərbaycan bu istiqamətdəki fəaliyyətini sonrakı beynəlxalq platformalarda da davam etdirdi. Noyabrın 9-da Azərbaycanın iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31-in tribunasından mina çirklənməsinin onilliklər boyu davam edən və sağalmayan yaraya çevrildiyini vurğuladı. Ertəsi gün Antalyadakı Azərbaycan pavilyonunda nümayiş etdirilən “Deadly Legacy” sənədli filmi Azərbaycan, Bosniya və Herseqovina, Kolumbiya və Laosun timsalında mina probleminin insan həyatı və cəmiyyətlər üzərində yaratdığı ağır nəticələri nümayiş etdirdi. Bildirildi ki, mina təhlükəsi ilə mübarizə ayrı-ayrı dövlətlərin imkanları çərçivəsində həll edilə biləcək məsələ deyil. Deməli, problemin miqyasına uyğun həll beynəlxalq həmrəylik və birgə fəaliyyət tələb edir.
Bakı bu çağırışları yalnız iqlim sammitləri ilə məhdudlaşdırmır. Sentyabrın 2-də keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında xarici işlər nazirinin müavini Samir Şərifov beynəlxalq tərəfdaşları Azərbaycana maliyyə və texniki dəstəyi artırmağa çağırdı. Burada söhbət yalnız əlavə vəsait ayrılmasından getmirdi. Müasir minatəmizləmə avadanlıqları, mina aşkarlama texnologiyaları, informasiya sistemləri, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi də əməkdaşlığın vacib istiqamətləri kimi önə çəkilirdi.
Əslində, rəsmi Bakının tərəfdaşlarından gözləntisi birdəfəlik maliyyə yardımı deyil. Əsas məqsəd uzunmüddətli əməkdaşlıq mexanizmləri yaratmaq, texnologiya və təcrübə mübadiləsini genişləndirmək, ölkənin minatəmizləmə potensialını gücləndirməkdir. Qoşulmama Hərəkatı çərçivəsində Humanitar Minatəmizləmə üzrə Əlaqələndirmə Qrupunun yaradılması və minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülməsi də bu strategiyanın tərkib hissəsidir.
Azərbaycana bu vəsaitdən nə qədər düşə bilər?
ABŞ Senatının Təxsisatlar Komitəsinin 2027-ci maliyyə ili üçün tövsiyə etdiyi 265 milyon dollarlıq ümumi büdcə Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve və Sakit Okean ada dövlətlərini əhatə edir. Hazırda ölkələr üzrə maliyyə bölgüsü açıqlanmadığından Azərbaycanın bu vəsaitdən nə qədər pay alacağını dəqiq söyləmək çətindir. Bununla belə, ehtimal olunan ssenarilər əsasında təxmini hesablama aparmaq olar. Məsələn, ümumi büdcənin 3-8 faizinin Azərbaycana yönəldilməsi təxminən 8-21 milyon dollar həcmində dəstək deməkdir.
Onu da vurğulamaq lazımdır ki, bu rəqəmlər ABŞ tərəfindən elan edilmiş rəsmi öhdəlik deyil, yalnız ehtimal xarakterli hesablamadır. Çünki Senat komitəsinin tövsiyəsi hələ yekun büdcə qərarı demək deyil. Maliyyələşmənin təsdiqi, ölkələr üzrə bölgünün aparılması və konkret layihələrin seçilməsi qarşıdakı mərhələlərdə həllini tapmalıdır. Azərbaycanın əldə edə biləcəyi dəstəyin həcmi və forması da məhz bu proseslərdən sonra müəyyənləşəcək. Bununla yanaşı, ABŞ proqramının əhatə dairəsi ayrıca diqqətə layiqdir. Maliyyələşdirmə yalnız minaların təmizlənməsini deyil, partlamamış hərbi sursatların zərərsizləşdirilməsini və adi silahların məhvini də nəzərdə tutur. Bu isə Azərbaycanla əməkdaşlığın təkcə minatəmizləmə deyil, daha geniş humanitar təhlükəsizlik istiqamətləri üzrə qurulmasına imkan yaradır.
Onu da qeyd edək ki, beynəlxalq dəstəyin effektivliyini yalnız ayrılacaq vəsaitin həcmi ilə ölçmək düzgün olmazdı. Müasir avadanlıqların tətbiqi, yeni texnologiyaların transferi, mütəxəssislərin hazırlanması və informasiya sistemlərinin təkmilləşdirilməsi uzunmüddətli perspektivdə daha dayanıqlı nəticələr verə bilər. Azərbaycan üçün əsas məsələ yaranan beynəlxalq imkanları yerli ehtiyaclara uyğun konkret layihələrə çevirməkdir.
Mina diplomatiyasından əməli əməkdaşlığa
Azərbaycanın minaa diplomatiyasının əhəmiyyəti təkcə beynəlxalq ictimaiyyətin diqqətini problemə cəlb etməklə bitmir. Bakı, eyni zamanda, bu bəladan əziyyət çəkən digər ölkələrlə əməkdaşlığı genişləndirərək ortaq təcrübə və həmrəylik platformalarının qurulmasına töhfə verir. Məhz bu yanaşma Azərbaycanın qlobal minatəmizləmə gündəliyində, sadəcə, yardım gözləyən tərəf deyil, fəal və təşəbbüskar tərəfdaş kimi çıxış etdiyini göstərir.
Bu təşəbbüskarlığın arxasında isə dəyişməz prinsip dayanır: rəsmi Bakı illərdir dünyaya anlatmağa çalışır ki, mina probleminin ağır nəticələrini təkcə bu təhlükə ilə üzləşən dövlətlərin çiyinlərinə buraxmaq nə ədalətlidir, nə də problemin miqyasına uyğundur. Ona görə də qlobal həmrəylik quru bəyanatlarla məhdudlaşmamalı, konkret maliyyə, texnoloji və institusional dəstəklə möhkəmlənməlidir.
Vaşinqtondan gələn xəbəri məhz bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirmək olar. Lakin əsl nəticə verilən tövsiyələrin rəsmən təsdiqlənməsi, ayrılan vəsaitin real layihələrə yönəldilməsi və beynəlxalq tərəfdaşlığın davamlı mexanizmə çevrilməsi ilə ölçüləcək. Bir sözlə, Azərbaycanın mina diplomatiyası artıq yeni mərhələyə qədəm qoyur. İndi əsas hədəf diplomatik çağırışları real dəstəyə çevirməkdir.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 18 Noyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















