Minalanmış torpaqlarda ədalət axtarışı
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
BMT tribunasından dünyaya çatdırılan Qarabağ həqiqətləri
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırovanın beynəlxalq təşkilat qarşısında etdiyi çıxış mina təhlükəsinin yalnız texniki və humanitar məsələ olmadığını, həm də münaqişənin uzunmüddətli nəticələrini ağırlaşdıran ciddi təhlükəsizlik problemi olduğunu diqqətə çatdırdı. Çıxışda Ermənistanın onilliklər ərzində həyata keçirdiyi işğal siyasəti fonunda ərazilərin kütləvi şəkildə minalanmasının doğurduğu nəticələr ön plana çəkildi. Otuz ilə yaxın davam edən hərbi təcavüz nəticəsində yaranmış mina təhlükəsi Azərbaycanın suveren ərazilərində demoqrafik və sosial-iqtisadi bərpa prosesinə ciddi maneələr yaradıb, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını çətinləşdirib. Rəsmi Bakı beynəlxalq platformalarda apardığı ardıcıl diplomatik fəaliyyət vasitəsilə mina probleminin hüquqi və humanitar aspektlərini gündəmə gətirir, ərazilərin minalanması nəticəsində yaranmış fəsadlara beynəlxalq diqqətin artırılmasına çalışır.
Prezident İlham Əliyevin şəhərlərin bərpası üçün humanitar minatəmizləmə mövzusuna həsr olunmuş 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətində Azərbaycanın üzləşdiyi mina fəlakətinin miqyası və onun yaratdığı ciddi humanitar nəticələr diqqətə çatdırıldı. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın təcavüzkar işğal siyasəti nəticəsində Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasına daxil olub. İlkin hesablamalara görə, ölkə ərazisinin 13 faizindən çoxu mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı minalanma mülki əhalinin təhlükəsiz hərəkətinə mane olur, bərpa və quruculuq işlərini ləngidir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesini çətinləşdirir.
Mina təhlükəsinin statistik göstəriciləri Azərbaycanın üzləşdiyi humanitar fəlakətin miqyasını ortaya qoyur. 2020-ci il 44 günlük Vətən müharibəsindən indiyədək mülki vətəndaşlar, hərbçilər, minaaxtaranlar, media nümayəndələri və quruculuq işlərinə cəlb olunan mütəxəssislər də daxil olmaqla, 437 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub. Onlardan 73-ü həyatını itirib, 364-ü isə yaralanıb. Diplomatik çıxışda səsləndirilən son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 443 nəfərə çatıb. Ermənistanın hərbi təcavüzünün başlanmasından bəri isə 3500-dən çox Azərbaycan vətəndaşı mina partlayışlarından zərər çəkib. Qadınların və uşaqların da bu faciənin qurbanları arasında olması problemin mülki əhali üçün yaratdığı təhlükənin ciddiliyini göstərir.
Mina problemi yalnız hərbi deyil, həm də ciddi humanitar və sosial-iqtisadi fəsadlar doğurub. Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş ərazilərdə məskunlaşma prosesi davam edir. İndiyədək təxminən 96 min insanın Qarabağ və Şərqi Zəngəzurda yenidən məskunlaşması bölgənin bərpasında əldə olunan irəliləyişi nümayiş etdirir.
Mina təhlükəsi ilə yanaşı, keçmiş münaqişə nəticəsində taleyi naməlum qalan azərbaycanlıların məsələsi də ciddi humanitar narahatlıq doğurur. Təxminən 4 min soydaşımızın taleyinə dair məlumatların hələ də əldə olunmaması, bu istiqamətdə Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi beynəlxalq humanitar hüquq baxımından mühüm problemdir. İtkin düşmüş şəxslərin ailələrinin onilliklər ərzində qeyri-müəyyənlik şəraitində yaşaması faciənin mənəvi və sosial nəticələrini daha da ağırlaşdırır. Azərbaycanın BMT-dəki nümayəndəsi bu məsələnin həllinin, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Hər il təşkil olunan Bakı Dialoqu da problemin beynəlxalq gündəmdə saxlanılmasına və qlobal müzakirələrin genişləndirilməsinə xidmət edir.
***
BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin prinsipləri münaqişədən sonrakı bərpa prosesində qadınların iştirakının vacibliyini ön plana çıxarır. Sülh və təhlükəsizliyin təmin olunmasında, sosial-iqtisadi həyata inteqrasiyada qadınlar üçün bərabər imkanların yaradılması dayanıqlı inkişafın mühüm şərtlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə qadınların ictimai və iqtisadi fəallığının dəstəklənməsi, eləcə də humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunması onların ölkənin təhlükəsizliyinə və bərpasına verdiyi töhfəni göstərir.
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ərazisində bərpa edildi və separatçı silahlı birləşmələrin fəaliyyəti dayandırıldı. Bununla belə, əvvəlki dövrlərdən qalan mina və partlamamış hərbi sursatlar əhalinin təhlükəsizliyi və quruculuq işləri üçün ciddi risk olaraq qalır.
BMT çərçivəsində aparılan müzakirələr mina təhlükəsinin beynəlxalq humanitar və təhlükəsizlik gündəliyindəki yerini bir daha diqqətə çatdırır. Azərbaycanın mövqeyinə görə, Ermənistan təqdim etdiyi mina xəritələrinin dəqiqliyini təmin etməli, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində məlumatları açıqlamalıdır. Davamlı sülhün təmin olunması üçün mina təhlükəsinin aradan qaldırılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və humanitar məsələlərdə əməkdaşlığın genişləndirilməsi zəruridir.
Bütün bu amillər göstərir ki, mina təhlükəsinə qarşı mübarizə Azərbaycanın postmünaqişə strategiyasının əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma siyasəti işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasına, əhalinin təhlükəsiz və ləyaqətli qayıdışına xidmət edir. Mina probleminin beynəlxalq səviyyədə gündəmə gətirilməsi, itkin düşmüş şəxslərin taleyinin araşdırılması və humanitar hüquq normalarının müdafiəsi bu strategiyanın diplomatik istiqamətini tamamlayır. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi isə Azərbaycanın suveren inkişaf yolunun və bölgədə davamlı sülhə nail olmaq istəyinin mühüm tərkib hissəsidir.
Yusif Şərifzadə
XQ
Ekspert rəyi
Ceyhun MƏMMƏDOV, Milli Məclisin deputatı
Ərazimizin 13 faizindən çoxunun minalarla çirkləndirilməsi insanların təhlükəsizliyinə və Böyük Qayıdış prosesinə ciddi təhdiddir. Beynəlxalq təşkilatların və bir sıra Qərb institutlarının bu məsələyə selektiv yanaşması ciddi suallar doğurur. Digər bölgələrdəki humanitar böhranlara operativ reaksiya verən dairələrin Azərbaycanın üzləşdiyi mina təhlükəsinə eyni həssaslıqla yanaşmaması narahatlıq yaradır. Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiqliyi və kütləvi məzarlıqlarla bağlı məlumatların tam açıqlanmaması problemin həllini çətinləşdirir. Bununla belə, heç bir mina təhlükəsi Azərbaycanın Böyük Qayıdış strategiyasını dayandıra bilməz. Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətimizin imkanları sayəsində azad edilmiş ərazilərdə bərpa işləri davam edir, 96 minə yaxın soydaşımız doğma yurdlarına qayıdıb. Azərbaycan beynəlxalq platformalarda mina təhlükəsi, itkinlərin taleyi və hüquqi məsuliyyət məsələlərini gündəmdə saxlamaqda davam edəcək. Ədalətli və davamlı sülh üçün mina xəritələri tam təqdim edilməli, itkinlərin taleyinə aydınlıq gətirilməli, humanitar öhdəliklər yerinə yetirilməlidir. Həqiqətlərin üzə çıxarılması və beynəlxalq hüquqa prinsipial yanaşma sülhün mühüm şərtidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 Oktyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















