Icma.az
close
up
RU
Mirko Novak: Alman şirkətləri Azərbaycana böyük maraq göstərir

Mirko Novak: Alman şirkətləri Azərbaycana böyük maraq göstərir

Berlin, 5 fevral, AZƏRTAC

Almaniyanın “LUNO-Gruppe” şirkətinin baş icraçı direktoru Mirko Novak AZƏRTAC-a məxsusi müsahibə verib. Mirko Novak müsahibəsində Azərbaycan-Almaniya iqtisadi əlaqələri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, Orta Dəhlizin ikitərəfli münasibətlərin genişləndirilməsində mühüm rolu, Prezident İlham Əliyevin Almaniyaya səfərləri və alman iş adamları ilə görüşləri barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

- Cənab Novak, Azərbaycanın Almaniya üçün iqtisadi və strateji baxımdan əhəmiyyətini necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlıq üçün daha böyük potensial görürsünüz?

- İlk növbədə, məni bu müsahibəyə dəvət etdiyiniz üçün çox təşəkkür edirəm. Ölkənizə mənim marağım artıq bir neçə ildir davam edir, zənnimcə, üç ildir. Mən sizin ölkənizdə həm kompetent, həm də strateji baxımdan çox yaxşı inkişaf görürəm. Biz bunu Almaniyadan görürük, sizin necə inkişaf etdiyinizi və çalışdığınızı müşahidə edirik.

Maraq doğuran sahələr, əlbəttə ki, ilk növbədə enerji, qaz və resurslardır. Düşünürəm ki, təkcə Almaniyanın deyil, Avropa İttifaqının da buna böyük marağı var. Son iki ildə Azərbaycanla bağladığımız müqavilələr gələcəkdə biznesin məhz bu sahələrini inkişaf etdirmək üçün böyük potensialın olduğunu göstərir.

İkincisi, bərpaolunan enerji sahəsində də böyük potensial görürəm, hansı ki, fikrimcə, bizim şirkətlərimiz arasında əlaqələrin qurulmasına artıq başlanılıb. Onlar xüsusilə elektrik, günəş və külək enerjisi sahələrində Azərbaycanın bərpaolunan enerji keçidinə dəstək vermək məqsədini güdür. Mən COP29-da, xüsusilə Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində keçirilən görüşdə bu sahədə böyük potensialın olduğunu gördüm. Biz bu əməkdaşlıq, o cümlədən logistika məsələlərini müzakirə etdik.

Son üç-dörd ildə Orta Dəhliz də çox strateji xarakter alıb və Azərbaycan bu dəhliz boyunca mühüm qovşağa çevrilib. Dəmir yolu, yük maşınları və digər nəqliyyat vasitələri üçün yeni imkanları dəstəkləmək və genişləndirmək qabiliyyətinə malik infrastrukturun inkişafı və logistika üçün əhəmiyyətli potensial var. Bakıdakı limanınız da bizim üçün böyük maraq kəsb edir.

- Prezident İlham Əliyev son iki ildə Almaniyaya dörd dəfə səfər edib, bu da iki ölkə arasındakı münasibətlərin güclənməkdə olduğunu göstərir. Siz ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və yüksək səviyyəli bu görüşlər hansı konkret nəticələrə nail olub?

- Bəli, mən bu səfərlərin birinə, zənnimcə, iki il əvvəl Berlindəki görüşə qatılmışdım və Almaniya tərəfini təmsil etmişdim. Biz Orta Dəhlizin inkişafı ilə bağlı böyük marağımızı bildirmişdik. Sizin Prezidentiniz təsdiqlədi ki, Azərbaycan bərpaolunan enerjinin və enerji sisteminin inkişafı sahəsində artıq yüksək irəliləyişlər əldə edib. İndi isə vəzifəmiz diqqəti logistikaya yönəltməkdir, çünki yaxşı və rəqabətqabiliyyətli logistika olmadan ticarət həcmini artırmaq və ölkəni inkişaf etdirmək olmaz. Cənab Prezident bunu bilir və mən Azərbaycandan çox müsbət yanaşma gördüm ki, ölkə təkcə dəhlizin inkişafı barədə danışmır, həm də dövlət və özəl şirkətlər vasitəsilə buraya sərmayə qoyur və investorları cəlb edir.

Fikrimcə, bu, təkcə Azərbaycan üçün deyil, həm də buraya cəlb olunan qonşu ölkələr üçün vacib məsələdir. Siz Qazaxıstan və Gürcüstan ilə fəal işləyir, dəmir yolu şəbəkələrini inkişaf etdirir və həcmləri artırırsınız. Logistika sahəsinə sərmayələr ancaq potensial həcmlər göründükdə gəlir və bu artıq baş verir. Azərbaycan bu imkanları təqdim etmək üçün böyük iş görür. İki ildə dörd səfər möhtəşəmdir. Düşünürəm ki, bu, irəliləmək, ölkəni təqdim etmək, sərmayələri cəlb etmək və şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə təşviq etmək üçün vacib amildir.

- Orta Dəhliz qlobal ticarət üçün getdikcə daha çox əhəmiyyət daşıyır. Siz Almaniyanın bu dəhlizin inkişafındakı rolunu necə görürsünüz və Almaniya şirkətləri üçün bu marşrut boyunca infrastruktur və logistika layihələrində iştirak etmək baxımından hansı imkanlar mövcuddur?

- Almaniyanın intensiv rol oynadığını görürəm. Liman infrastrukturunun inkişafını, terminal əməliyyatlarını dəstəkləyə biləcək yaxşı şirkətlərimiz var və bu, təkcə tikinti ilə məhdudlaşmır, həmin terminalların idarə edilməsini və optimallaşdırılmasını da əhatə edir. Məsələn, “Hamburg Port Consulting” çox yaxşı tanınan şirkətdir və təkcə məsləhət vermir, həm də limanları idarə edir. Almaniya bu sahədə əhəmiyyətli dərəcədə töhfə verə bilər.

Bizim, həmçinin “Rhenus” və “Hellmann” kimi böyük logistika şirkətlərimiz var ki, onlar artıq bu dəhliz boyunca fəaliyyət göstərirlər. Bu şirkətlər investisiyanın əhəmiyyətini və daha çox sərmayə cəlb etmək ehtiyacını başa düşürlər. Düşünürəm ki, bu, gələcək inkişaf üçün ümidverici bir sahə olacaq.

Fikrimcə, son bir neçə il ərzində bu dəhlizin tanıdılması göstərdi ki, bu, təkcə Çin ilə Avropa arasındakı tranzit marşrutu deyil. Daha maraqlısı isə dəhlizin daxilində - Mərkəzi Asiya və Azərbaycan kimi qonşu ölkələrin ticarət həcmidir. Məsələn, ötən il Azərbaycanın Türk dövlətləri ilə ticarət həcmi 60 faiz və ya daha çox artıb. Bu, Orta Dəhlizi təkcə Rusiya marşrutuna alternativ deyil, xüsusilə geosiyasi vəziyyəti nəzərə alsaq, qlobal ticarətdə mühüm aktora çevirir.

Bəzi investorlar soruşurlar: "Rusiya-Ukrayna müharibəsi başa çatsa, nə baş verəcək, dəhlizə maraq azalacaq?”. Mən deyirəm ki, xeyr. Dəhliz vasitəsilə ticarət həcmlərinin artması onun əhəmiyyətini saxlayacaq. Biz bu dəhlizin inkişafını qonşu ölkələrdən potensial həcmlər də daxil olmaqla təhlil etdik və araşdırmamız 2040-cı ilə qədər böyük artım potensialını göstərir.

- Bu yaxınlarda Münxendə və Mayntsda işgüzar dairələri və hökumət nümayəndələrini bir araya gətirən Almaniya-Azərbaycan İqtisadi Forumu keçirildi. Bu forumlarla bağlı təəssüratlarınız necədir və Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsinə töhfələri baxımından onların əhəmiyyətini necə dəyərləndirirsiniz? Bu müzakirələrdə hansı konkret vəzifələr və ya təşəbbüslər irəli sürüldü?

- Münxen və Maynts forumlarında 100-dən çox iştirakçı var idi ki, bu da Almaniya tərəfinin Azərbaycana, bölgəyə və Orta Dəhlizə böyük marağının olduğunu göstərir. Müzakirələrdə dəhliz ən çox vurğulanan mövzu oldu və bu, onun inkişafında Azərbaycanla tərəfdaşlıq etmək üçün potensialımızın olduğunu göstərir.

Bu forumlarda Azərbaycana müxtəlif nəqliyyat vasitələri, o cümlədən yük maşını, qatar, gəmi və hətta hava yolu ilə daxil olmaq üçün logistika və rəqabət məsələləri müzakirə olundu. Fikrimcə, Berlindən Azərbaycana həftədə üç dəfə birbaşa uçuşların həyata keçirilməsi çox möhtəşəm təşəbbüsdür. Bu, işgüzar əlaqələr üçün çox yaxşıdır, çünki iş adamlarına bir neçə gün ərzində səyahət edib geri qayıtmağa imkan verir.

“Azərbaycan Hava Yolları” yaxşı aviaşirkətdir və birbaşa uçuşlar çox vacibdir. Bu, şirkətlərə Azərbaycanda iş görmək üçün rahatlıq yaradır. Sizin, həmçinin biznesin inkişafına kömək edən və ölkədə necə fəaliyyət göstəriləcəyini ətraflı təqdim edən agentlikləriniz var. Ələt Azad İqtisadi Zonası kimi xüsusi iqtisadi zonalar investorlar üçün cazibədardır.

Bir ölkə sərmayə cəlb etmək üçün öz imkanlarını geniş təqdim etməlidir. Almaniyadakı Azərbaycan səfirliyi çox fəaldır - təkcə biznesi təşviq etmir, həm də mədəni imkanları nümayiş etdirir. Bakı möhtəşəm şəhərdir və mən COP29 tədbirinin necə yaxşı təşkil edilməsinə çox heyran qaldım.

İnvestorları cəlb etmək üçün təkcə Azərbaycanı deyil, qonşu ölkələri də təqdim etmək vacibdir. Məsələn, Qırğızıstanın 7 milyon əhalisinə diqqət yetirmək əvəzinə, Mərkəzi Asiyanı 60-70 milyon əhalisi olan bir region kimi təqdim etmək daha cəlbedicidir. İnvestorlar potensialı görsələr, gələcəklər.

- Almaniya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq hüququ müdafiə edib. Almaniyanın Azərbaycanla bağlı xarici siyasətini necə xarakterizə edərdiniz və yaxın gələcəkdə münasibətlərdə hər hansı dəyişiklik və ya yeni fəaliyyət sahəsi görürsünüz?

- Mən siyasətçi deyiləm, iş adamıyam, ona görə də Almaniyanın strategiyası haqqında danışmaq mənim üçün çətindir, xüsusilə də yaxınlaşan seçkilər nəzərə alındıqda. Məncə, Qarabağdakı vəziyyət kimi tarixi mövzularda insanları maarifləndirmək lazımdır. Almaniyada bəzi geopolitika və coğrafiya mövzularında məlumat boşluğu var və buna görə də beynəlxalq şəraiti birtərəfli şərh etməyə meyllidirlər və ya çox az maraqlanırlar.

Əlaqələri hər zaman biznes, turizm və daha yaxşı anlaşma vasitəsilə qurmaq vacibdir. İnanıram ki, insanlar Azərbaycanın tarixini nə qədər yaxşı bilsələr, ölkəni və onun inkişafını daha yaxşı qiymətləndirə bilərlər.

Düşünürəm ki, biznes yaxşı əlaqələrin qurulması üçün əla vasitədir. Almaniya ilə Azərbaycan arasındakı yaxşı əlaqələr çox vacibdir.

- Fevralın 23-də Almaniyada keçiriləcək federal seçkilər ikitərəfli münasibətlərə necə təsir edəcək? Yeni hökumətin siyasəti Almaniya ilə Azərbaycan arasında iqtisadi və siyasi əməkdaşlığa necə təsir edə bilər?

- Düşünürəm ki, ikitərəfli münasibətlərdə enerji resursları əsas sahə olmaqda davam edəcək və Azərbaycan bu baxımdan artıq irəlidədir. İnanıram ki, Almaniyada növbəti hökumət bu təşəbbüsləri dəstəkləməkdə davam edəcək. Mən şəxsən çox dəyişiklik gözləmirəm, çünki sistem artıq mövcuddur. Ancaq əgər xristian demokratlar iqtidara gəlsələr, bu, işgüzar əlaqələri yaxşılaşdıra bilər. Onlar xaricdəki alman şirkətlərinin dəstəklənməsinə daha çox diqqət yetirirlər.

- Siz bir müddət əvvəl COP29 ilə əlaqədar Azərbaycana səfər etmisiniz. Ölkəmiz, onun iqlim dəyişikliyi ilə mübarizəsi, yaşıl enerji və dayanıqlılıq sahəsində Almaniya-Azərbaycan əməkdaşlığının potensialı haqqında nə düşünürsünüz?

- Bu, fantastik bir səfər idi. Mən Hamburq Ticarət Palatasının nümayəndə heyəti ilə orada idim və biz "2040-cı ilə qədər Hamburq İqtisadiyyatının İqlim Neytrallığına Çatması" strategiyasını təqdim etdik. Bu, böyük çağırışdır, eyni zamanda, böyük imkandır.

Biz bərpaolunan enerji məsələsini müzakirə etdik, təkcə iqlim dəyişmələri barədə deyil, həm də bizneslə bağlı. Dekarbonizasiya sahəsində böyük imkanlar var və hökumətiniz bu potensialı çox yaxşı dəyərləndirir. Düşünürəm ki, dünya Azərbaycanın COP29-u təşkil etməsinə heyran qaldı. 200-dən çox ölkədən nümayəndələr dəvət etmişdiniz və xüsusən hazırlıq üçün cəmi 11 ay vaxt olduğunu nəzərə aldıqda, tədbir olduqca yüksək səviyyədə təşkil edilmişdi.

Siz dünyaya təkcə Azərbaycanın potensialını göstərmədiniz, həm də ölkənin neft və qaz istehsalçısından yaşıl enerji liderinə keçidini nümayiş etdirdiniz. 2040-cı və 2050-ci illər üçün strategiyanız yaxşı təqdim edilib və siz strateji addımlar atırsınız. Bu, həmişə sürətli olmur, amma əhəmiyyətlidir. Almaniyada strateji planlaşdırma çatışmazlığı ilə əlaqədar tamamlanmamış bir çox layihələrimiz oldu. Siz daha ölçülü yanaşma tətbiq edirsiniz ki, fikrimcə, bu, doğru yoldur.

- Siz Almaniyanın strateji cəhətdən ən mühüm şəhərlərindən olan Hamburqda yaşayır və fəaliyyət göstərirsiniz. Hamburqun Azərbaycan ilə iqtisadi tərəfdaşlığı üçün nə kimi perspektivlər görürsünüz? İndiyədək hansı təşəbbüslər həyata keçirilib və gələcəkdə əməkdaşlığı gücləndirmək üçün hansı planlar mövcuddur?

- Hamburq limanı Orta Dəhliz ilə əlaqə qurmaqda çox maraqlıdır. Hər iş günü 200-dən çox yük qatarı limana gəlir, yaxud limandan çıxır və bu, limanı Avropa ilə əlaqələndirir.

Azərbaycan Xəzər hövzəsində strateji logistika mərkəzi kimi burada mühüm rol oynayır və bilirəm ki, Bakı və Hamburq limanları intensiv əlaqədədir. Hər iki limanın baş direktorları fevralın 19-20-də Hamburq Ticarət Palatasında keçiriləcək "Yeni marşrutlar, yeni bazarlar - Orta Dəhliz boyunca qlobal keçid və potensial bazarlar" mövzusunda konfransda iştirak edəcəklər. Tədbirdə dəhlizlə sərhədi olan ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də olmaqla, 200-dən çox iştirakçı gözlənilir.

Həmçinin, Hamburqda xammal, resurslar və tekstil ticarəti ilə məşğul olan böyük şirkətlər var. Bu şirkətlər Almaniyaya mal ixrac etmək istəyən Azərbaycan şirkətləri üçün çox faydalı ola bilər. Həmin şirkətlərin çoxu biznes qurumlarını birləşdirən böyük platforma olan Ticarət Palatasının üzvüdür.

Beynəlxalq Orta Dəhliz Konsorsiumunun yaradılması üçün yaxın bir ayda Azərbaycana səfər edəcəyəm. Biz Bakı Limanına sərmayə qoymaq və multimodal terminal tikmək üçün müzakirələr aparırıq. Bu layihə vaxt ala bilər, çünki Almaniyada işlər yavaş irəliləyir, amma Türkiyə və digər sərmayədarlarla əməkdaşlıq etmək üçün yaxşı şans olduğunu düşünürəm. Biz Azərbaycanın fantastik inkişafının bir hissəsi olmaq istəyirik və Hamburq öz rolunu oynayacaq. Mən bunu dəstəkləmək üçün əlimdən gələni edəcəyəm.

Qeyd edək ki, baş ofisi Hamburqda yerləşən “LUNO Gruppe” 1990-cı illərin əvvəllərindən indiyədək ticarət, logistika, strukturun idarə edilməsi və inkişafı, səhiyyə, texnologiya transferi və layihələrin idarəolunması sahələrində uğurla fəaliyyət göstərir. Əsasən Şərqi Avropa istiqamətində fəaliyyət göstərən şirkət Azərbaycanın mühüm rol oynadığı Orta Dəhlizə də son illərdə böyük maraq göstərir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

seeBaxış sayı:25
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri