Modern qullar və modern quldarlar Sosial şəbəkədə yazılanlar
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Zümrüd Dadaşzadə, professor:
- Üzeyir Hacıbəyli festivalı bitdi. "Koroğlu" ilə. Bütün opera boyunca Üzeyir bəyin bir musiqi dramaturqu kimi - operanın uğuru dramaturji duyumdan kənarda mümkünsüz! - dahiliyindən heyrət hissi yaşayırdım - üzümdə təbəssüm, ürəyimdə sözlə ifadəsi çətin olan həyəcan hissi. Qarayevin premyeradan sonra yazdığı sözlər də yada düşürdü: bu, təkcə furor, böyük uğur, parlaq premyera deyil, şadyanalıq, sarsıntı, göz yaşları idi. Onun aşağıdakı qeydi olduqca əlamətdardır: "Hər bir tamaşaçı, hətta ən cahili belə, anlayırdı ki, tale onu xalqının tarixində unikal hadisənin şahidi etmişdir. Və bu, həqiqətən də belə idi..." 2025-ci ildə - premyeradan təxminən 100 il sonra da o EYFORİYA yaşanılmaqda idi. Əlbəttə, böyük bir çalışma gerçəkləşdirilib. Zəhmət çəkənlər sağ olsun! Təəssüf edirəm ki, 140 illik yubileyə həsr olunmuş bu tamaşanın sonunda - YUBİLEY festivalının sonunda "bizim bütün varlığımız" - Üzeyir bəyin adını çəkmək unuduldu. Əslində, səhnədə Üzeyir bəyin portreti də - sonda sərgilənə bilərdi... Yəqin ki, bu, təsadüf idi... amma hər bir təsadüfdə də müəyyən qanunauyğunluq var... Burada da bütün Üzeyirbəysevənlərin arzusunu səsləndirmək istərdim: kaş "Koroğlu" məşhur teatrların birinin səhnəsində - yeni bir yozumda - tamaşaya qoyulsun. Düşünürəm, bu arzunun gerçək olmasına haqqımız var...
P.S. Əlbəttə, Koroğlu kimi çox çətin partiyanın öhdəsindən gəlmiş vokalçıya təşəkkür etməmək də insafdan olmazdı.
Nihat Pir, jurnalist:
- Sarayda Üzeyir bəy təntənəsi vardı yenə. Yerə-göyə sığmayan "Koroğlu". Şişirtmirəm, vallah. Mən nəsə elə baxdım bu gün operaya. Mən elə gördüm. Yusif Eyvazovun ifasında elə hiss elədim ki, saraydan qıraqda da eşidilir bu möhtəşəmlik. Yusif Eyvazovun ifasında təzədən Üzeyir dühasına heyran qaldım. Yusif Eyvazova bu gün baxan on beş yaşında kimsə ömrü boyu operadan yan keçməz daha. Yusif Eyvazova baxan iyirmi yaşında kimsəni heç kəs inandıra bilməz ki, bu millət teatra getmir. Operaya getmir. İlahə Əfəndiyeva və Yusif Eyvazov tandemi bu gün, sözün əsl mənasında, səhnəni söküb təzədən yığdı. Tam səmimi. Opera adamı coşdurar da, opera adamı silkələyər də, opera adamı lap belə sarsıdar da. Amma opera adamda paxıllıq yarada bilərmiş həm də. Mən paxıllıq elədim bir az, deyim biləsən. İstədim, mən də olum o səhnədə. İstədim, mən də o dəstədən biri olum. Nəsə ürəyimdən keçdi. Qatqım olsun "Koroğlu"ya. Qatqım olsun Yusif Eyvazovun sərhədsiz performansına. Fəthinə. Səhnə fəthinə. İlahə Əfəndiyevanın bənzərsiz səsinə. Bir daha Üzeyir bəyin ruhuna hörmət. Bir daha opera və balet teatrına hörmət. Bir daha Yusif Eyvazova hörmət. O böyük heyətə, o böyük komandaya hörmət.
Fərid Hüseyn, şair:
- Süni intellekt dövrü texnoloji-virtual quldarlıq dövrüdür. Robotlar, süni zəka sistemləri virtual qullardır, bu sistemin istifadəçiləri isə modern quldarlar. Beləcə, bəşəriyyət sonda quldarlığa qayıtmalı oldu. Əvvəl sona, son əvvələ qovuşdu...
Fərid Pərdəşünas, texnobloger:
- Beş il əvvəl bu gün tamam başqa hisslərlə başlamışdı. Heç kim hadisələrin necə dəyişəcəyini, nələrin baş verəcəyini bilmirdi, hətta təxmin belə etmirdi. Çoxlarının beynində bir fikir dolaşırdı: yenə "eyni şey" olacaq. Hansısa qüvvə ortaya çıxacaq və bu irəliləyişi dayandıracaq. Adı da veriləcəkdi - guya sülh, danışıqlarla həll, səbir və itirilmiş insan hüquqları.
Ta ki, ilk işğaldan azad olunan kəndlərin xəbəri və atılan ilk tvit gələnə qədər. Məncə, hamımız işin ciddiyyətini məhz onda dərk etdik.
Sonrakı günlərdə ard-arda gələn qələbə xəbərləri dağınıq pazlın birləşən parçaları kimi idi. Hər axşam yeni xəbər gözləmək - qorxu, həyəcan, qürur, sevinc - bütün hisslər bir-birinə qarışmışdı. Amma düşüncələrdə suallar da vardı: görəsən, harada dayanacaq? Görəsən, qırılacaqmı? Şuşa qayıdacaqmı? Xankəndinin aqibəti necə olacaq?
10 noyabrda imzalanan bəyanat bizi bir gecədə tamam başqa hisslərə boğdu. Analar sevindi ki, müharibə dayandı və oğulları evə qayıdacaq. Çoxları rahatlıq tapdı ki, böyük rayonlarımız şəhid vermədən geri qaytarılacaq. Amma paralel olaraq rus "sülhməramlı"larının gəlişi, Xankəndinin taleyi həmin sancılı sualları yenidən oyatdı: doğrudanmı bu bitmədi?! Niyə tüstüləyən alov tam sönmədi?!
Çox ağır və çətin 44 gün idi.
Beş il sonra geriyə dönüb baxanda görürük ki, nə işğalda olan torpağımız qalıb, nə suveren ərazilərimizdə yad əsgər, nə düşmən, nə də həmin bəyanat. Əvəzində - tam, bütöv suveren Azərbaycan, sülhün təməlini atan dövlət, separatizmi daş altında qoyan iradə və həbsxanalarda düşmənin rəhbərləri...
Necə bir hekayə idi. Danışsaydılar, inanmazdıq. Yazsaydılar, oxumazdıq. İzlətsəydilər, sadəcə "yaxşı filmdir" deyərdik.
Təşəkkürlər, Azərbaycan xalqı. Bu, bizim qələbəmiz idi.
Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin ruhuna hörmətlə.
İlkin Rüstəmzadə, ictimai fəal:
- İnstaqramda "Sacria Atelier" adlı brendi izləyirəm bir müddətdir.
Azərbaycan istehsalıdır. Bizim uşaqların əl əməyi, göz nurudur.
Adamlar dünya səviyyəli iş görürlər. Tam olaraq dünya səviyyəli. Masterpiece.
Hər regionumuzun naxışlarıyla əl işi dəri çantalar, şallar, şərflər hazırlayırlar. Və dünya ortalamasına görə çox münasib qiymətə satırlar.
Bir-bir bütün çantalarına baxmışam. Bizim milli naxışlarımız çox zərifdir. Dünyəvidir.
Artıq Dubayda, ABŞ-da butikləri var. Qəti şübhə etmirəm ki, tezliklə, çox tezliklə dünya səviyyəli olacaqlar. Əslində, artıq elədirlər. Sadəcə populyarlıq qazanacaqlar.
"Louis Vuittonun" şit, düşük çantalarının 3000+ avroya satıldığı dünyada, bu möhtəşəm sənət əsəri çantalar 100 faiz satılacaq. Görəcəksiz.
Əminəm ki, başqa seqmentə də girəcəklər. Ayaqqabı, kurtka, kişi məhsulları və s. Girsinlər, ehtiyac var çünki.
Dünya brendi olacaqlar. Çünki dünya insanı da artıq bezib mənasız brendlərin zövqsüz məhsullarına sərvət ödəyib status göstərməkdən.
Və bizim sənətkarların yaratdığı onların heç birindən geri qalmır. Üstündür ki, əskik deyil.
Şəhriyar Del Gerani, şair:
- Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının iştirakçıları sırasında modern Azərbaycan poeziyasının layiqli nümayəndələri - anadilli əruzvəznli şeirimizin inkişafı yolunda davamiyyətli fəaliyyət göstərən gözəl qələm dostlarım da vardı.
Dedilər, "Şamaxıya gəlib Şahxəndana getməmək, Seyyidi, Şahi Xəndanı ziyarət etməmək İraqa gedib Kərbəlada olmamaq kimi bir şeydir!" Getdik!
İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə - Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir. Ədəbiyyat adamları üçün müqəddəs məkandır.
P.S. Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə "Nəsimi ili" çərçivəsində Şahxəndan qəbiristanlığında olan türbənin ətrafında geniş abadlaşdırma işləri aparılıb.
Eşqlər!
Asif Nərimanlı, jurnalist:
- Trampın Ukrayna müharibəsi ilə bağlı dəyişən ritorikası açıq suallar yaratdı: nə baş verir, Vaşinqtonun əsl hədəfi nə ola bilər?
Daha öncə Ukraynanın ərazi güzəştinin qaçılmaz olduğunu deyən Tramp Nyu-Yorkda Zelenski ilə görüşdən sonra bəyan etdi ki, Kiyev müharibədə qalib gəlməyə və ərazilərini geri qaytarmağa qadirdir.
"Ukrayna Avropa İttifaqının dəstəyi ilə ilkin sərhədləri daxilində döyüşmək və bütün ərazilərini geri almaq iqtidarındadır. Zaman keçdikcə Ukraynanın Avropanın, xüsusilə də NATO-nun maliyyə dəstəyi ilə müharibənin başladığı ilkin sərhədləri bərpa etməsi real variantdır" deyən Tramp Rusiyanı "kağız pələng"ə bənzədib, Zelenskinin cəsarətinə heyran olduğunu deyib.
İlk baxışdan, Trampın dəyişən ritorikasının Rusiyanın Ukraynada işğal siyasətindən əl çəkməməsi, Putinin razılaşma üçün ağır şərtlər irəli sürməsindən qaynaqlandığı görünür. Ki, mövcud vəziyyət bundan ibarətdir. Amerika mediası da yazır ki, Trampın mövqeyinin dəyişməsində müşavirlərinin fikirləri və Zelenskinin geri çəkilməməsi müstəsna rol oynayıb. ABŞ-da dəyişən ritorikanın praktiki müstəvidə nəticə verəcəyi gözləntisi, həmçinin, bu mövqeyin nə qədər davamlı olacağı isə sual altında qalmaqda davam edir.
Hərçənd, Trampın açıqlaması ABŞ-ın gerçək hədəfinə dair müəyyən təxminləri önə çıxarır, xüsusilə "Ukraynanın Avropa və NATO-nun maliyyə dəstəyi ilə müharibədə qalib gəlməsi" haqda dedikləri kontekstində.
Ukrayna məsələsini qısa müddətdə həll etməyə çalışan ABŞ prezidentinin Aİ və NATO-nu Kiyevi dəstəkləməyə, müharibəni davam etdirməyə sövq etməsi, hətta "Avropa hava məkanını pozan Rusiya təyyarələrinin NATO tərəfindən vurulması" çağırışı diqqətçəkəndir. O da diqqətdən yayınmır ki, ABŞ prosesə müdaxilə etməyəcək, əvəzində Trampın da dediyi kimi, Ukraynaya verməsi üçün Şimal Alyansına silah tədarükünü davam etdirəcək.
ABŞ-ın burada fərqli oyun qaydalarını tətbiq etdiyi və üç hədəfə nail olmaq istədiyi istisna edilməməlidir.
Birincisi, silah satışıdır: Ukraynaya silah yardımını dayandıran Vaşinqton Amerika silahlarını Kiyevə verməsi üçün NATO-ya satır və silah sənayesini varlandırır; NATO aqvust ayında Ukraynaya vermək üçün ABŞ-dan 2 milyard dollarlıq silah alıb;
İkincisi, ABŞ kənara çəkilərək, Ukraynanın dəstəklənməsini Avropa İttifaqının üzərinə qoyur: bununla Vaşinqtonun Kiyevə dəstək verməməsi, Moskva ilə anlaşması ittihamlarından da yayınır;
Üçüncüsü, Trampın ritorikasının dəyişməsində Rusiyaya təzyiq məqsədi var.
Lakin baş verənlərdə ABŞ və Rusiyanın pərdəarxası razılaşması ehtimalı da mümkün variant kimi nəzərdən keçirilə bilər. Hadisələrin bu istiqamətdə inkişafının Tramp və Putinin Alyaska görüşündən sonraya təsadüf etməsi də diqqəti bu ehtimala yönəldir.
ABŞ nə istəyir, Rusiya nə edir?
Trampın Ukrayna müharibəsini bitirməsi "sülhün əldə" edilməsindən daha çox, geosiyasi planlara - Çinlə mübarizədə Rusiya ilə anlaşmağa, Avrasiyada ABŞ-ın mövqelərinə yarana biləcək riskləri aradan qaldırmağa hesablanıb. Bunun üçün öncə Ukrayna məsələsi həll edilməlidir. Lakin Ağ Evə gəlişindən sonra Trampın müharibənin Rusiyanın şərtləri çərçivəsində həll edilməsi planları Avropanın dəstəyi ilə Kiyev tərəfindən qəbul edilmir. İstisna deyil ki, Tramp Administrasiyası kənara çəkilərək, Avropanı/NATO-nu Rusiya ilə üz-üzə qoyur: məqsəd müharibə arealının yayılması və təhlükəsizlik riskləri ilə üzləşən Avropanın sonda Vaşinqtonun Ukrayna planı ilə razılaşmaya məcbur etməkdir; ABŞ Avropaya mesaj verir ki, "bizim həll planımızla razılaşmırsınızsa, o zaman, döyüşün".
Bunun fonunda Rusiyanın NATO-nun nəzarət zonasına müdaxiləsi də eyni planın tərkib hissəsi kimi görünür.
- Avropanın dəstək gözlədiyi ABŞ geri çəkilərək, NATO-dakı müttəfiqlərini ön cəbhəyə sürükləyir;
- Rusiya dron hücumları ilə Avropanın təhlükəsizliyini təhdid edərək, müharibənin yayılması şantajına əl atır;
Avropa seçim qarşısındadır: ya Rusiyanın hücumlarına ABŞ-ın dəstəyi olmadan cavab verməli və aktiv şəkildə müharibəyə qoşulmalı, ya da Kiyevə dəstəyi dayandırmalı, Ukrayna planını qəbul etməlidir.
Trampın Ukrayna ilə bağlı dəyişən ritorikasına bu kontekstdən də baxa bilərik.


