Müdafiə sənayemizin ixrac imkanları
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda keçirilən “ADEX 2026” sərgisi Azərbaycanın müdafiə sənayesinin keçdiyi yolu və bu sahədə formalaşan istehsal imkanlarını bir daha gündəmə gətirdi. Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində açılan 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə paralel “Securex Caspian” sərgisi də fəaliyyətə başlayıb. “ADEX 2026”da 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib, “ADEX” və “Securex Caspian” sərgilərinə isə 30 ölkədən 277 şirkət qatılıb.
Bu mənzərə Azərbaycanın müdafiə sənayesinin hansı nöqtədən başlayaraq bugünkü mərhələyə gəlib çatdığını xatırlamağı zəruri edir. Çünki söhbət ayrı-ayrı silah və sursat nümunələrinin istehsalından daha geniş prosesdən – istehsal müəssisələrinin, texnoloji imkanların, mühəndislik potensialının və hərbi-texniki əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasından gedir.
Azərbaycanın müasir müdafiə sənayesinin institusional inkişafında əsas tarixlərdən biri 16 dekabr 2005-ci ildir. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilərək onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Nazirliyin yaradılması ordunun maddi-texniki təminatında xarici asılılığın azaldılması və yerli istehsal imkanlarının genişləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı oldu.
Hələ sovet dövründə Bakıda, Gəncədə, Sumqayıtda, Şirvanda və digər şəhərlərdə hərbi-sənaye kompleksi ilə əlaqəli müəssisələr yaradılmışdı. 2003-cü ildə isə “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003–2005-ci illərdə inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdi. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması həmin mövcud potensialın vahid dövlət idarəetmə çərçivəsində sistemləşdirilərək yeni inkişaf mərhələsinə keçirilməsini təmin etdi. Sonrakı illərdə müxtəlif müəssisələrdə yenidənqurma və modernləşdirmə işləri aparıldı, yeni istehsal sahələri yaradıldı, xarici şirkətlərlə texnoloji əməkdaşlıq quruldu. Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, müxtəlif ölkələrin qabaqcıl şirkətləri ilə əməkdaşlıq çərçivəsində 50-dən çox yeni istehsal sahəsi yaradılıb.
Bu prosesin ən konkret göstəricilərindən biri istehsal olunan müdafiə təyinatlı məhsulların çeşididir. Müdafiə Sənayesi Nazirliyinin 2024-cü ildə yaydığı məlumatda Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edildiyi bildirilir. Çeşidlər də kifayət qədər genişdir. Yerli müəssisələrdə tapança, avtomat, pulemyot, müxtəlif çaplı patronlar, minaatan və qumbaraatanlar, snayper tüfəngləri, artilleriya və tank silahları üçün komponentlər, optik sistemlər və zirehli texnika istehsalı mənimsənilib. “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, “Boran” artilleriya sistemi, “Qaya” tank əleyhinə əl qumbaraatanı, “Aşırım” minaatanı və “Matador” və “Marauder” kimi zirehli texnikalar bu inkişafın müxtəlif mərhələlərində təqdim olunan nümunələr sırasındadır.
İstehsal portfelinin ən mühüm dəyişikliklərindən biri isə pilotsuz sistemlərin meydana çıxmasıdır. “Zərbə”, “Orbiter” ailəsinin müxtəlif modelləri və digər pilotsuz uçuş aparatları üzrə istehsal və modernləşdirmə imkanları formalaşdırılıb. 2016-cı ildə “Zərbə” kamikadze tipli və kəşfiyyat-müşahidə xarakterli PUA-ların istehsalına dair də memorandum imzalanmışdı.
Bu gün müdafiə texnologiyaları daha geniş istiqamətlərə yayılır. “ADEX 2026” çərçivəsində pilotsuz sistemlərlə yanaşı, dəniz və suüstü sistemlər, zirehli döyüş maşınları, aviasiya sistemləri, radioelektron sistemlər, C4ISR texnologiyaları, silah və sursat, optoelektronika və digər sahələr nümayiş olunur. Məsələn, Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi “Suqovuşan” pilotsuz suüstü aparatı yaxın dəniz zonasında fəaliyyət üçün nəzərdə tutulub. Nazirliyin hazırkı istehsal və innovasiya təqdimatlarında robotlaşdırılmış və pilotsuz həllər də yer alır.
Sektorun idarəetmə modelində növbəti mühüm addım 2023-cü ildə atıldı. Prezident İlham Əliyevin 7 sentyabr 2023-cü il tarixli fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənaye Holdinqi” QSC yaradıldı. Sənədə əsasən holdinq silah istehsalının, ixracının və satışının təşkilini həyata keçirir, tabeliyindəki hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə olunmasını təmin edir.
Bu strukturun yaradılması müdafiə sənayesinin qarşısında yeni istiqamətləri də ön plana çıxardı: istehsal imkanlarının genişləndirilməsi, yeni nəsil silahların hazırlanması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi. “ADEX 2026” ilə bağlı Müdafiə Sənayesi Nazirliyinin məlumatında da məhz bu istiqamətlər “Azərsilah”ın fəaliyyətinin əsas xətti kimi təqdim olunur.
Daha bir mühüm dəyişiklik özəl sektorun müdafiə sənayesinə cəlb olunmasıdır. Prezident İlham Əliyev 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, 2024–2025-ci illərdə yeni istehsal sahələrinin yaradılması və mövcud sahələrin genişləndirilməsinə 1 milyard manat investisiya qoyulub və bunun yarısı özəl sektorun payına düşüb. Həmin müsahibədə 2025-ci ildə 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edildiyi və Azərbaycanın hərbi məhsullarının təxminən 20 ölkəyə ixrac olunduğu da açıqlandı.
Müdafiə sənayesinin iqtisadi modeli də tədricən genişlənir: dövlət sifarişinin yerli istehsalı stimullaşdırması ilə yanaşı, ixrac və özəl investisiyalar da istehsal bazasının böyüməsində rol oynayır. Bu baxımdan “ADEX 2026” sadəcə hərbi texnikanın nümayiş olunduğu sərgi kimi deyil, müdafiə sənayesində istehsalçı, sifarişçi, texnologiya şirkəti və dövlət qurumlarını bir araya gətirən platforma kimi diqqət çəkir. Sərgidə Azərbaycan şirkətləri ilə yanaşı, Türkiyə, ABŞ, Çin, İtaliya, İsrail, Pakistan, Özbəkistan, Slovakiya, Böyük Britaniya və digər ölkələrin şirkət və milli pavilyonları iştirak edir.
Beləliklə, 2005-ci ildə əsas məsələ mövcud sənaye bazasını sistemləşdirərək ordunun ehtiyaclarının yerli istehsalla qarşılanması imkanlarını artırmaq idisə, iki onillik sonra qarşıda daha geniş bir sənaye gündəliyi dayanır. Buraya yüksək texnologiyaların mənimsənilməsi, mühəndis və texniki kadrların hazırlanması, özəl sektorun iştirakı, birgə müəssisələrin yaradılması, yeni nəsil pilotsuz və robotik sistemlərin işlənməsi və xarici bazarlara çıxışın genişləndirilməsi daxildir.
Nəticədə Azərbaycanın müdafiə sənayesi 2005-ci ildən keçdiyi mərhələlər fonunda artıq ayrı-ayrı müəssisələrin fəaliyyətindən ibarət sahə yox, müxtəlif məhsul kateqoriyalarını, tədqiqat-innovasiya imkanlarını, xarici tərəfdaşlıqları və ixrac mexanizmlərini birləşdirən sənaye ekosisteminə çevrilən struktur kimi təqdim olunur. “ADEX 2026”nın miqyası da bu transformasiyanın həm daxildə, həm də beynəlxalq müdafiə sənayesi mühitində nümayiş etdirildiyi platformalardan biridir.
N.ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 Oktyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















