Muğamlaşmış, nəğmələşmiş milli ruhumuz
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Xalqımızın mənəvi dünyasının özəlliyi və gözəlliyi bu melodiyalara, ritmlərə hopub
Əsrlərin sınağından çıxaraq bu günümüzə gəlib çatan, xalqımızın duyğularını, düşüncə tərzini, həyat fəlsəfəsini və mənəvi dünyasını özündə yaşadan bənzərsiz sənət xəzinəmiz olan muğamı yalnız musiqi janrı adlandırmaq onun mahiyyətini ifadə etməyə yetmir. Çünki muğamın hər şöbəsində, hər guşəsində tarixi yaddaşımızdan bir iz, xalqın sevinci, kədəri, insanın daxili aləmindən bir nəfəs duyulur.
Azərbaycan muğamı həm də sənətə münasibətin, zövqün, məsuliyyətin, milli musiqi təfəkkürünün nəsildən-nəslə ötürüldüyü böyük məktəbdir. Bu məktəbin ənənələrinin yaşadılması, yeni ifaçıların yetişməsi, muğamlarımızın böyük səhnələrdə səslənməsi, bütün dünyada tanıdılması mühüm vəzifədir. Muğam xalqımızın varlığı, qədim tarixi, zəngin mədəniyyətidir.
Muğamın dünəni, bu günü və sabahını, ustad-şagird ənənəsinin davamlılığını, milli musiqi irsimizin dünyaya təqdim olunması yollarını və qarşıda dayanan çağırışları muğam ifaçılığı məktəbinin tanınmış nümayəndələri xalq artisti Mənsum İbrahimov və əməkdar artist Nuriyyə Hüseynova ilə müzakirə etdik.
Mənsum İbrahimov, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının muğam, (xanəndə) kafedrasının müdiri, professor:
– Azərbaycan muğamı min illərdən bugünümüzə gələn tükənməyən mənəvi sərvətimizdir. Onu qorumaq əlbəttə ki, hər birimizin borcudur. Bütün musiqi janrları Azərbaycan muğamının üzərində qurulub. Üzeyir bəyin 22 yaşında ilk dəfə Qərb musiqisi ilə muğamımızı sintez edərək yazdığı Şərqin ilk operası – “Leyli və Məcnun”un da kökündə muğam dayanır.
Klassik Azərbaycan muğam məktəbi Şərqdə, bütün dünyada hər zaman populyar olub. Beynəlxalq muğam festivalları zamanı biz hər dəfə bu qənaətə gəlirdik ki, Azərbaycan muğamı digər xalqların muğamları ilə müqayisədə ən inkişaf etmişi və təkmilləşmişidir. Bir məqamı da deyim ki, bu müsabiqələrin keçirilməsində məqsəd həm də muğamımızın saflığını, milliliyini qoruyub saxlamaqdır. Belə ki, ölkəmizdə keçirilən beynəlxalq muğam festivalları, muğam müsabiqələrində biz digər şərq xalqlarının muğamlarını dinləyir və milli muğamlarımızla müqayisə edirdik. Çünki bilirsiniz ki, muğam bütün Şərqə aiddir. Hətta müsabiqələrdə bəzən görürdük ki, bir ifaçı yad nəfəslər edir, biz ona irad tuturduq. Çünki Azərbaycan klassik muğam məktəbinin öz dəsti-xətti, öz yolu var. Və bu yolu dahi bəstəkarımız Üzeyir bəy qoymuşdur.
1925-ci ildə korifey sənətkarlarımız Azərbaycan klassik muğam məktəbinin tədris proqramını hazırlamışlar. Təbii ki, bu, zamanla təkmilləşdirilsə də, əsas xətt Üzeyir bəyin və görkəmli sənətkarların qoyduqları yoldur. Mən deyərdim ki, bu gün Milli Konservatoriyanın muğam kafedrasında Azərbaycanın ünlü sənətkarları ustad dərslərini həmin proqram əsasında tədris edirlər. Muğamın daha çox gənclərin arasında təbliğinə böyük ehtiyac var. Muğam televiziya müsabiqələri də məhz buna xidmət edir və biz bunun, yaxşı mənada nəticəsini görürük.
Bir məsələni də qeyd edim ki, muğamın sevilməsində, inkişafında, təbliğində müxtəlif yanaşmalar olmalıdır. Üzeyir bəyin “Leyli və Məcnun” operası, böyük bəstəkarlarımız – Fikrət Əmirovun “Şur” simfonik muğamı, Niyazinin “Rast” simfonik muğamı, Vasif Adıgözəlovun “Segah”ı, Süleyman Ələsgərovun “Bayat Şiraz”ı Azərbaycan muğamı ilə Avropa musiqisinin sintezinin əvəzsiz nümunələrdir.
Muğam sərbəst musiqidir, amma o sərbəstlikdə bir ölçü var. O, aşırı dərəcədə, qədərindən çox olanda, əlbəttə ki, bayağılıq yaradır. Bilirsiniz, muğamı, sadəcə, təbliğ etmək lazımdır. Əgər ifaçı, xanəndə peşəkardırsa o, dünyanın harasına gedirsə- getsin, onu dinləyəcəklər. Çünki muğamın təsir gücü mətn, musiqi ilə yanaşı, həm də ifaçının səsində, nəfəsində, improvizə bacarığındadır. Hər üçü vəhdət təşkil edəndə, əlbəttə ki, muğam sevilir. Ona görə də bizə ərməğan edilən bu mirası sevdirməli, qorumalıyıq.
Milli muğamlarımız nə qədər qədim olsa da, o qədər də müasirdir. Hər istedadlı xanəndə bu janra yeni bir nəfəs gətirir. İnanıram ki, yüz illər bundan sonra da Azərbaycan muğamı hər zaman seviləcək və dinləniləcək .
Nuriyyə Hüseynova, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının ifaçılıq kafedrasının müəllimi, Qədim musiqi alətləri dövlət ansamblının solisti:
– Azərbaycan mədəniyyəti, musiqisi, əsasən də muğamlarımız çoxəsrlik yol qət edərək bu günümüzə qədər gəlib çatmışdır. Mən deyərdim ki, bütün bəşəri musiqi, dünyanın ritmi, havası, avazı məhz bizim yeddi əsas muğamımızın əsasında qurulub. Bu da musiqimizin, mədəniyyətimizin zənginliyidir. Dünyanın hər yerində keçirilən konsertlərdə, tədbirlərdə milli musiqimiz hər zaman geniş dinləyici auditoriyası ilə fərqlənir.
Musiqi mədəniyyətimizin ən qədim və qiymətli incisi olan muğam milli musiqi irsimiz, həm də ölkəmizi beynəlxalq mədəniyyət məkanında tanıdan dəyərlərimizdəndir. Əgər bir millətin zəngin, qədim mədəniyyəti varsa, demək ki, o millət, o dövlət böyük bir keçmişə, qədim tarixə sahibdir. Zaman-zaman formalaşıb və hər yeniIənən əsrdə, hər gələn illərdə öz orijinallığını qoruyub saxlayıb.
Dövlətin bir sütunu da mədəniyyətdir. Dünyanın belə bir dövründə xüsusən də gəncləri cəlb edən əyləncəli janrların fonunda ciddi musiqini, milli-mənəvi dəyərimiz olan muğamı qorumaq, təbliğ etmək çox önəmli və vacibdir. Çünki mədəniyyətin, musiqinin təbliğatı çox söz deyir. Vaxt var idi ki, televiziya verilişlərinə, konsertlərə, hətta toy məclislərinə gedəndə deyirdilər ki, muğamı qısa edin, yaxud da muğam olmasın. Bunu bütün muğam ifaçıları təsdiqləyərlər.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muğam sənətimizə istedadlı tələbələr bəxş olunub. Onların arasında mənim də tələbələrim var və bu gün xanəndə kimi beynəlxalq müsabiqələrdə, tədbirlərdə ölkəmizi təmsil edirlər.
Artıq dünya çox dəyişib, çox sürətli inkişaf gedir, hər şey əlçatandır. Əlbəttə ki, irəli baxmalısan, amma keçmişi unutmaq olmaz. Düşünürəm ki, nə qədər inkişaf etsək, müasir texnologiyanın, süni intellektin ən yüksək zirvəsində dayansaq belə, bütün kainatı ayaqda tutan milli-mənəvi dəyərlərdir. Bu, xalqa, onun əsrlər boyu yaratdığı mədəniyyətə sevgi, sayğı, eyni zamanda böyük-kiçiyə hörmətdir. Ənənələrə söykənərək biz sabahımızı qurur, gələcəyə gedirik. O dəyərlərdən biri də klassik muğamlarımızdır. Və bütün bunların fonunda nə qədər böyük inkişaf getsə də, təbii olan nə varsa həmişə öz gözəlliyini saxlayıb. Azərbaycan musiqisində də orijinallıq, təbiilik, gözəllik var .
Bu günlərdə Macarıstanda keçirilən Böyük Hun-Türk Qurultayında iştirak etdim. Azərbaycan musiqisi, əsasən də muğamlarımız səslənəndə səhnənin ətrafı bir anda insanlarla dolurdu. Bütün türk dünyasından gələn sənətçilər, elm-bilim adamları milli musiqilərimizi çox böyük həvəslə , zövq alaraq dinləyir, bizi ürəkdən alqışlayırdılar. Təbii ki, bu təbliğat ölkəmiz üçün çox vacibdir və nə xoş ki, milli musiqimizin, mədəniyyətimizin təbliğatçısıyam.
Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Muğamı yalnız texniki cəhətdən öyrənmək mümkün deyil, onun ruhuna varmaq, onu yaşamaq, hiss etmək vacibdir. Bunun üçün sənətkarın müəyyən həyat təcrübəsi də olmalıdır. Fitri istedad, yüksək səs diapozonu, səsdəki zəngülələr hər adamda olmur. Bu, Azərbaycan torpağının havasındanmı, suyundanmı irəli gəlir, deyə bilmirəm. Amma onu bilirəm ki, bütün dünyanı gəzsən, hansı bir musiqiçiyə mikrofonu uzatsan ki, Azərbaycan xanəndəlik məktəbinin zəngülələrini et edə bilməyəcək, qeyri-mümkündür. Hətta türksoylu xalqların nümayəndələri belə tam fərqli üslubda edəcək.
Muğam dəstgahlarının hər birinin öz şöbə və guşələri və bu guşələrin də özünəməxsus xüsusiyyəti var. O xarakteri bilmədən ifa etsən yaxşı alınmayacaq. Muğamın ruhunu duymalı, onu dərk etməlisən. Əsasən də əruz vəznində oxunan qəzəllərdə bir məna, həyat, yaşam eşqi, zirvəyə yüksəlmək var. Yetər ki, ifa etdiyin zaman onu görə, duya biləsən. Gənc yaşda, sadəcə, Allahın verdiyi istedaddan istifadə edib yüksək səs diapozonu ilə oxuyarsan. Amma oxuduğunu hiss etmək, anlamaq üçün gərək bəlli bir yaşa gəlib çatasan.
Bəzən sual olunur ki, muğamın mahiyyətini qorumaqla, onu digər musiqi janrları və müasir musiqi üslubları ilə sintez etmək bu janrın inkişafı və yeni auditoriyalara çatdırılması üçün hansı imkanları yaradır? Bilirsiniz, muğam bir dəryadır, biz oradan bir damla götürür, nəsə öyrənirik. Bütün musiqi janrları bu ana musiqimizdən qaynaqlanır, burdan törəyir, burdan yaranır, şaxələnir.
Təbii ki, süni intellekt əsridir, müasir dövrün öz qaydaları var, bunun əleyhinə deyiləm. Bir xalqın musiqisini geniş bir şəkildə istinadlarla, toxunmalarla üzə çıxarmaq, təqdim etmək, göstərmək heç də pis deyil. Yetər ki, ona xələl gəlməsin və onu öz adı ilə, öz ünvanı ilə çağırsınlar. Muğamları da sintez etmək olar, amma yenə deyirəm, dəyərlərə söykənərək. Əslində, musiqinin ruhu da, ritmi də, avazı, havası da sənə deyir ki, mən hansı millətə məxsusam. Bu baxımdan yenə də söyləyirəm, orijinallığın qalması ilə əlavələr, yeniliklər, gətirməyin əleyhinə deyiləm. Təbliğatda bu, öz sözünü deyə bilir.
Bir də ki, musiqinin, mədəniyyətin dili olmur. Gözəl bir musiqi dinləyəndə heç bilmirik hansı dildə oxunur, amma melodiya qəlbimizə, ruhumuza süzülür. O özü danışır, nə demək istədiyini dinləyiciyə çatdırır. Azərbaycan muğamlarında bir fəlsəfə var. Onu dinləyən dilini tapır, sözə ehtiyac olmur.
Muğamın mühüm xüsusiyyətlərindən biri də improvizə imkanının geniş olmasıdır. Təbii ki, bu sərbəstlik ifaçıya müəyyən yaradıcılıq imkanları verir. Lakin hər şey qaydasında, qədərində gözəldir. Lüzumsuz zəngulə vurmaq muğama xələl gətirir. Sözü ortada kəsib zəngulə vurmağın əleyhinəyəm. Söz bütöv şəkildə deyilməlidir.
Müğənni özü hiss etməlidir ki, zənguləni harda vurmaq lazımdır. Əlbəttə ki, bütün dünya ifaçıları söz, musiqi, avaz, səsin rəngi, gözəlliyi, ondan istifadə qaydaları ilə işləyir. Beyin, damaq, sinə səsi, ağız boşluğu, burun boşluğu – bütün bunlardan lazım gəldiyi zaman istifadə olunanda səsin gözəlliyi olur. Lazım gəldi-gəlmədi zəngulə qışqırmaqdı, oxumaq deyil.
Bəli, kökü xalqımızın yaddaşında, ruhu milli musiqimizin təməlində olan muğam sənətimiz bu xalq var olduqca yaşayacaq. Zaman keçəcək, nəsillər dəyişəcək, yeni musiqi janrları yaranacaq, amma muğam öz varlığını qoruyacaq. Çünki bəzi sənətlər yaşadılmır, xalqla birlikdə yaşayır.
Hazırladı:
Mehparə Əliyeva
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Avqust 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















