Müharibə şəraitində heç bir ssenarini istisna etmək olmaz
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsi davam etdikcə, onun yaratdığı risklər də artmaqdadır. Hazırda münaqişə qlobal təhlükəsizliyə, enerji bazarlarına mənfi təsir göstəməklə, geosiyasi böhranlardan birinə çevrilib. Bu günlərdə Ukrayna lideri Volodimir Zelenski ABŞ-da oldu və prezident Donald Trampla görüşdü. Bu görüşdən sonra bir sıra məlumatlar tirajlandı.
Politoloq İlqar Vəlizadə "525"ə müsahibəsində münaqişə ilə bağlı hazırkı vəziyyəti şərh edib, Tramp-Zelenski görüşünün mümkün nəticələri, risklərin artması ehtimalından danışıb.
- Bu hadisələri birmənalı şəkildə şərh etmək çətindir. Çünki müharibənin intensivliyi azalmır. Əksinə, həm Rusiya, həm də Ukrayna tərəfindən hərbi əməliyyatların miqyası genişlənir, insan itkiləri artır. Eyni zamanda, münaqişənin həm coğrafiyası, həm də dolayısı ilə ona cəlb olunan ölkələrin sayı artır. Məsələn, İran gəmisi ilə bağlı hadisə göstərir ki, artıq Xəzər hövzəsi risk daşıyan region sayıla bilər. Qazaxıstanın neft-qaz infrastrukturuna yönəlmiş hücumlar da Astananın narahatlığını artırır.
Ukraynada Azərbaycana məxsus yanacaqdoldurma məntəqələrinin bombalanması faktını da vurğulamaq lazımdır. Bu, Azərbaycanı zərərçəkmiş tərəf kimi göstərə bilər.
Əgər hadisələrin əks istiqamətdə inkişaf etdiyini görsəydik, müəyyən nikbin proqnozlar vermək olardı. Hazırda Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirir və bu hücumlar kifayət qədər effektivdir. Rusiyanın neft-qaz infrastrukturu sıradan çıxarılır. Rusiya da Ukraynaya qarşı şiddətini azaltmır. Ukrayna müəyyən səbəblərdən dəymiş zərərlərlə bağlı bütün məlumatları açıqlamır. Daha çox mülki obyektlərə endirilən zərbələr barədə informasiyalar verilir. Lakin şübhəsiz, Rusiyanın hava hücumları nəticəsində Ukraynanın hərbi və iqtisadi infrastrukturuna da ciddi ziyan dəyir. Bütün bunlar göstərir ki, müharibənin şiddəti artan templə davam edir və hesab edirəm ki, yaxın aylarda bu tendensiya dəyişməyəcək.
Ukrayna prezidentinin ABŞ-a səfərinə və onun nəticələrinə gəlincə, hazırda "Patriot" hava hücumundan müdafiə sistemləri üçün lisenziyanın Ukraynaya verilməsi ilə bağlı danışıqlar aparılır. Lakin bu danışıqlar o demək deyil ki, ABŞ belə bir qərar qəbul edəcək.
İndiyədək Vaşinqton bu strateji silah sisteminin lisenziyasını heç bir ölkəyə verməyib. Bu mövzu müzakirə edilə bilər, amma köklü dəyişikliklərin baş verəcəyini gözləmək çox çətindir. Bütün bunlar bir daha göstərir ki, təəssüf ki, yaxın perspektivdə müharibənin gedişində köklü dəyişikliklər olmayacaq.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin hökumətə 2028-2029-cu illəri əhatə edən büdcədə hərbi xərclərin artırılması ilə bağlı tapşırıqlar verib. Bu da o deməkdir ki, Rusiya 2028-2029-cu illərdə də müharibə aparmaq niyyətindədir.
Eyni zamanda, Ukrayna da uzunmüddətli müqavimət strategiyasına əsaslanır. Avropa İttifaqının da orta və uzunmüddətli büdcəsində Ukraynaya dəstək nəzərdə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın illərdə münaqişənin gedişində real dəyişikliklər gözləmək çətindir.
- Avropa Rusiyaya qarşı ardıcıl sanksiyalar tətbiq edir. Amma görünən odur ki, bu tədbirlər Moskvanın müharibə aparmaq imkanlarına həlledici təsir göstərməyib. Sizcə, səbəb nədir?
- Əlbəttə, sanksiyaların Rusiya iqtisadiyyatına təsirsiz ötüşdüyünü demək olmaz. Bunun nəticələri göz önündədir, yanacaq qıtlığı var və s. Amma bu, Rusiyanın hərbi potensialının ciddi şəkildə zəiflədiyi və ya onun müharibəni davam etdirmək imkanını itirdiyi anlamına gəlmir. Hadisələrin gedişi də bunu təsdiqləyir. Müharibənin intensivliyi azalmaq əvəzinə artır. Bu isə göstərir ki, həm Rusiyanın, həm də Ukraynanın hərbi əməliyyatları davam etdirmək üçün potensialı var. Sanksiyalara gəlincə, onların təsiri, əlbəttə var. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya artıq uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərir və müəyyən mənada bu rejimə uyğunlaşa bilib. 21-ci sanksiyalar paketi qəbul edilib. Bu ölkə sanksiya rejimində yaşamağa öyrəşib.
Amma Avropa ölkələrinin özləri də etiraf edirlər ki, sanksiyaların daha çox uzunmüddətli təsiri ola bilər, nəinki yaxın aylarda. Çünki Rusiya iqtisadiyyatı bir neçə ildən sonra daha çox bu təsirlərlə üzləşə bilər. Söhbət ondan gedir ki, hazırda Avropa iqtisadiyyatı da yaxşı vəziyyətdə deyil. Sanksiyaların əsas yükü Rusiyanın üzərinə düşsə də, Avropada da müəyyən iqtisadi nəticələr doğurur.
Uzun illər Avropa Rusiyadan ucuz xammal idxal edirdi. Söhbət təkcə neft və qazdan deyil, digər strateji xammallardan da gedir. İndi həmin resurslar başqa bazarlardan alınır, lakin daha yüksək qiymətlərlə. Məsələn, əvvəllər daha ucuz başa gələn qazın əvəzinə indi Avropa daha baha qiymətə qaz almağa məcburdur. Bu da Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini azaldır. Yəni Avropanı da bu müharibədən zərər çəkmiş tərəf kimi göstərə bilərik.
Ümumilikdə qlobal mənzərəyə baxdıqda, Avropanın rəqabətə davamlılığı da azalır. Avropa rəsmiləri də bunu etiraf edirlər. Məsələn, Almaniyada son 6 ildə iqtisadi artım çox zəifdir. ÜDM-in artım tempi cəmi 0,5 faiz civarında dəyişir. Bu isə iqtisadiyyatın faktiki olaraq durğunluq - staqnasiya mərhələsində olduğunu göstərir.
- Hazırda həm Yaxın Şərqdə İran ətrafında gərginlik davam edir, həm də Rusiya-Ukrayna müharibəsi uzanır. Sizcə, bu iki münaqişədən hansının həlli daha mürəkkəb görünür?
- Hər bir münaqişənin öz məntiqi var. İstənilən siyasi lider, o cümlədən Donald Tramp bu münaqişələri həll etmək istəyə bilər. Lakin bunun üçün hər bir münaqişənin "açarı" tapılmalıdır. Həm Rusiya, həm İran, həm də Ukrayna bu qarşıdurmaları özləri üçün ekzistensial hesab edirlər. Yəni düşünürlər ki, məğlubiyyət onlar üçün məhv olmağa bərabərdir. Hər üç tərəfi inandırmaq lazımdır ki, müharibənin dayandırılması onların məhvi demək deyil. Belə bir formula icad edilməlidir.
Digər tərəfdən, Rusiya və İran uzun illərdir hərbi potensialın gücləndirilməsinə və mümkün münaqişələrə hazırlaşan dövlətlərdir. Ukrayna isə əsasən müharibə başlayandan sonra sürətlə hərbi imkanlarını artırmağa və müdafiə qabiliyyətini gücləndirməyə başlayıb.
İndi ya onları məğlub etmək lazımdır, ya da ki, elə bir həll modeli tapılmalıdır ki, bu ölkələr müharibəni dayandırmaqda maraqlı olsunlar.
Hazırda həm İran, həm də Rusiya ilə bağlı bir sıra suallar var. İranı tam məhv etmək olar?! Bu suala qəti cavab vermək çox çətindir. Çünki burada əhalinin düşüncə tərzini, yanaşmalarını da nəzərə almaq lazımdır. Kənardan baxanda belə təsəvvür yarana bilər ki, əhali rejimdən bezib, istənilən yolla münaqişənin başa çatmasını istəyir. Ancaq reallıq fərqlidir, əksəriyyət belə düşünmür. Hərbi zərbələr, mülki obyektlərə edilən hücumlar insanlarda ayrı hisslər formalaşdırır. Bəli, onlar iqtisadi çətinliklərlə üzləşirlər, itkilər verirlər, lakin daha çox müqavimət göstərməyə motivasiya olurlar. Bu, cəmiyyəti daha çox səfərbər edir. Ona görə də bu cür prosesləri yalnız kənardan qiymətləndirmək doğru olmaz.
Oxşar vəziyyəti Rusiyada da müşahidə etmək mümkündür. Əlbəttə, müharibənin dayandırılmasını istəyən insanlar var. Onlar başa düşürlər ki, müharibənin nəticələri ağırdır və gözlənilən məqsədlərə tam nail olunmayıb. Lakin hələlik həm elitada, həm də cəmiyyətin əhəmiyyətli bir hissəsində fərqli ab-hava hökm sürür. Cəmiyyətdə sosial sifariş fərqli olsaydı, insanlar kütləvi şəkildə müharibənin dayandırılmasını istəsəydilər, bunu açıq şəkildə ifadə etsəydilər, şübhəsiz ki, vəziyyət də fərqli inkişaf edə bilərdi. Məhz bu amillər münaqişələrin dayandırılmasına imkan vermir. Mövcud vəziyyət region ölkələrinə, bizə də mənfi təsir göstərir. Coğrafiyanın genişlənməsi riski qalır. Hazırda heç kim bu risklərin artmayacağına tam təminat verə bilməz.
- İlqar müəllim, siz əvvəldə də risklər barədə danışdınız. Sizcə, bu risklər gələcəkdə daha hansı istiqamətləri əhatə edə bilər?
- İstənilən ssenari mümkündür və heç kəs heç nədən sığortalana bilməz. Bəzi adamlar skeptik yanaşırlar. Əgər Ukrayna İran gəmisinə Xəzərdə hücum edibsə, gələcəkdə digər gəmilərin və ya strateji infrastruktur obyektlərinin potensial hədəfə çevrilməyəcəyinə kim zəmanət verə bilər? Belə halda Xəzər dənizinin münaqişə obyektinə çevrilmək riski var. Hazırda söhbət yalnız risklərdən gedir, şükür ki, bu, tendensiya halını almayıb.
Rusiyanın Xəzər dənizində hərbi gəmiləri, raketdaşıyan gəmiləri var. Əgər həmin gəmilərdən Ukraynaya qarşı zərbələr endirilərsə və Ukrayna buna cavab olaraq onları Xəzərdə hədəfə almağa çalışsa, bu, artıq bizim regionu da hədəfə çevirir, həmçinin bir çox enerji və nəqliyyat layihələri üçün əlavə risklər yarada bilər. Müharibə şəraitində heç bir ssenarini tam istisna etmək mümkün deyil. Ona görə də müharibələrin inkişafından hamı narahatdır. Məhz buna görə region ölkələrinin rəhbərləri müharibənin tezliklə dayandırılmasının vacibliyini dəfələrlə vurğulayıblar. Onlar müharibənin yaratdığı riskləri görürlər, anlayırlar və açıq deyirlər ki, münaqişənin coğrafiyasının genişlənməsi bütün region üçün yeni təhlükələr yarada bilər.
Pərvanə SULTANOVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 31 İyul 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















