Müharibə və sülh amili münasibətlərin balanslaşdırılması problemləri
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Müharibə və sülh yeni-yeni ərazilər işğal etmək, strateji əhəmiyyətli mövqelər ələ keçirmək və eləcə də itirilmiş mövqeləri, yaşayış məskənlərini geri qaytarmaq məqsədilə həyata keçirilən hərbi-siyasi aktlar, danışıqlar və razılıqlar, hadisələr məcmusudur.
Müharibələr ərazi bütövlüyünü bərpa etmək və işğala son qoymaq məqsədilə həyata keçirilən aktları da özündə ehtiva edir. Buna əsasən ədalətli müharibə deyilir. Həmçinin Vətən müharibəsi kimi də adlandırılır.
Regionlarda, ölkələr daxilində cəmiyyətlər tarazlı və qeyri-tarazlı olur. Tarazlı cəmiyyətlər adətən sülh şəraitində meydana gəlir. Müharibədə bu tarazlıq pozulur. Müharibənin özündə də balans yarana bilir. Bu, əsasən gərgin təmasları, həmçinin passivləşən təmasları özündə ehtiva edir. Sabit və dinamik inkişaf edən cəmiyyətlərdə yığılan ehtiyatlar müharibələrdə sərf olunur. Bununla da müharibədən çıxmış, zəifləmiş, postmüharibə dövlətləri meydana gələ bilir. Müharibələrdən sonra adətən sürətli inkişaf da meydana gələ bilir. İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən təşkili sayəsində sərmayə axını meydana gəlir. Yeni-yeni bazarlar, kapital ixracı və idxalı məkanları formalaşmış olur. Müharibədə işğal altında olan və istifadə olunmayan ərazilər hesabına regionlarda çatışmazlıq meydana gəlir. İqtiusadiyyatın sahələr üzrə qeyri-harmonik mühiti və müstəvisi formalaşır. İşğal əraziləri stabil iqtisadi sistemdən kənara qalır və iqtisadiyyatın normal tərkibinə çevrilə bilmir. İşğal altında olar ərazilər öz potensialı ilə ümumi iqtisadi regiona töhfə verə bilmir. İşğal altında olan iri şəhərlər daha çox hərbiləşdirilmiş rejimə çevrilir və qeyri-qanuni ticarətin və istehsalatın mərkəzi kimi önəm kəsb edir. Terror trafikinə çevrilir, transmilli cinayətkarlığın əsas tranzitini və məkanını təşkil edir. Sağlam sosial və iqtisadi sistem təhlükəli aktlar arenasına çevrilir. Əmək qüvvələri istismar olunur və hərbiləşdirilmiş zona kimi gərgin iqtisadi regiona çevrilir.
Müharibə nədir. Müharibə başlıca olaraq ölkələr və ölkələr birliyi arasında baş verən dağıdıcı, işğaledici və işğaldan azadedici aktlar cəmidir. Müharibələrin aktiv və passiv tərəfləri olur. Aktiv tərəflər döyüşə qoşulmuş ölkələrdir, azadlıq təşkilatlarıdır. Beynəlxalq təşkilatlar isə sülhməramlı qüvvələri ilə aktiv əməliyyatlarda, həmçinin passiv (nəzarətedici, müşahidəedici, sülhü təminedici, sülhü qoruyucu) əməliyyatlarda iştirak edən tərəflər rolunu oynayırlar. Beynəlxalq sülhü qoruma əməliyyatlarında beynəlxalq təşkilatlar və ittifaqlar (hərbi alyanslar) çərçivəsində ölkələr iştirak edirlər. Müharibə aktiv döyüş (ön cəbhədən) və ona kömək olan, yardım göstərən arxa cəbhədən ibarətdir. Müharibənin bir hadisə cəmi, aktiv hadisələr cəmi kimi tərkib elementinə döyüş əməliyyatları, bu baxımdan müdafiə və hücum aktları aid olunur. Müharibənin yarılmış və passiv olan təmas xətləri, status kvoları mövcud olur. Müharibələr əraziləri tutmaqdan və işğaldan azad etməkdən ibarət olan aktlar məcmusudur.
Müharibədə ərazinin imkanlarına, coğrafi şəraitə uyğun olaraq quruda, suda, göylərdə (səmada) hərbi əməliyyatlar həyata keçirilir.
Müharibələr ona qoşulan tərəflər üçün birbaşa və dolayı təsirlər edir. İqtisadiyyat iflic olur, eyni zamanda ələ keçirilmiş sahələr, infrastruktur hesabına, qənimətlərə görə qazanclar meydana gəlir. Müharibələrdə adətən müdafiə sənayesi sahələri güclənir. Həmçinin silah-sursat idxalı artır. “Hər şey cəbhə üçün!” şüarları adı ilə hərbi iqtisadiyyat dirçəlməyə başlayır. İqtisadiyyat daha çox müharibəyə xidmətə yönəlir. Müharibənin birbaşa mənfi təsirləri itkilərdir. Bu itkilər milli və regional xarakter kəsb edir. Müsbət tərəfi o olur ki, maraqlı dövlətlər müharibə edən tərəfləri özləri üçün bazar hesab edirlər. Müharibə vəziyyətindən iqtisadi maraqlar naminə istifadə etməyə çalışırlar.
Müharibənin tərkibinə kiçik döyüşlərdən tutmuş böyük (hərtərəfli) əməliyyatlara qədər döyüş səhnələri aid olunur. Kiçik sabotaj aktları, terror əməliyyatları, partizan döyüşləri və digər bu kimi pərakəndə və kütləvi aksiyalar, hərbi toqquşmalar məhz müharibənin tərkibini təşkil edir. Elementlər müharibənin tərkibini təşkil edirlər və müharibənin xarakterini müəyyənləşdirirlər. Müharibənin canlı tərkibini adi əsgərdən tutmuş ali komandanlığa qədər bütün şəxsi heyət təşkil edir. Arxa cəbhədə, ehtiyat ordu da müharibənin tərkibi hesab oluna bilir. Müharibənin gərginliyi regionu və regiondan kənar olan əraziləri narahat edir. Gərgin ərazi müharibə zonasını və ətraf zonaları əhatə edir. Müharibədəki aktiv əməliyyatlara ölkənin silahı qüvvələri cəlb olunur. Bu silahlı qüvvələrə müdafiə nazirliyinin qüvvələri, sərhəd qoşunları, daxili qoşunlar, polis əməkdaşları və xüsusi xidmətin hərbi qruplaşmaları aid olunur. Müharibələr özündə ehtiyat qüvvələrin səfərbərliyi aktlarını əhatə edir.
Müharibə, məlum olduğu kimi, formaca müəyyən məkanlarda hərbi aktları, silahlı qarşıdurmaları, qarşılıqlı döyüşləri özündə ehtiva edən hadisədir. Müharibə formaca yeni-yeni əraziləri işğal etmək və zəbt etmək kimi destruktiv aktları özündə birləşdirən hadisələr, hərbi əməliyyatlar birliyidir. Müharibələr hərbi gərginlikləri özündə daşıyan aktlar məcmusudur. Müharibə döyüşlərdən və döyüşlərlə əlaqəli şəkildə digər mühüm hadisələri özündə cəmləşdirən hadisələr məcmusudur. Müharibələr hərbi əməliyyatlardan və onun ətrafında cərəyan edən müzakirələrdən, təhlillərdən ibarətdir. Burada informasiya müharibələri xüsusi önəm kəsb edir. Təbliğat yolu ilə qalib gəlmək əsas strateji hədəfləri özündə ehtiva edir.
Müharibənin daxili və xarici gərginliyi mövcud olur. Belə ki, müharibənin daxili gərginliyi döyüşlərdən, komandanlıqdan, strateji planların taktiki olaraq, cari şəkildə yerinə yetirilməsindən ibarət olan hadisələrdir. Xarici gərginliyi isə onun ətrafında baş verən hadisələrdir. Müharibələrdən kənarda gərgin hadisələr yaşanır. Arxa cəbhə və siyasət, beynəlxalq siyasət işə düşür. Gərgin diplomatiya cəbhədəki döyüşləri dəstəkləmək və haqq qazandırmaq məqsədini güdür. Müharibədə zərərlər, fəlakətlər, faciələr mühüm yer tutur. Burada mülki əhalinin döyüş zonalarından təxliyyəsi başlıca strateji əhəmiyyət kəsb edir. Müharibə özündə səfərbərliyi, hərbi dislokasiyanı şərtləndirir. Müharibə strategiyasının tərkibi döyüşlərdən və döyüşlərə diplomatik və maddi, eləcə də fiziki dəstək verməkdən ibarətdir. Müharibələrdə təbliğat, təşviqat işləri də önəm kəsb edir. Hərbçilərin döyüş ruhunun yüksəldilməsi əsas strateji və taktiki önəmə malik olur.
Sülh nədir.Sülh müəyyən bir məkanda müharibənin nəticəsi olaraq meydana gələn passiv, döyüşləri inkar edən, stabil və dincliklə, dostluqla, səmimiyyətlə və mehribanlıqla davam edən aktlar məcmusudur. Sülh müharibənin qarşısını almaq məqsədilə birbaşa və ya da vasitəli danışıqlardan sonra yaranan sabit vəziyyətdir. Sülh müharibə iştirakçılarını dinc şəraitdə bir araya gətirən və sonda dostluq yaradan aktlar məcmusudur və dinamik inkişafı özündə ehtiva edən vəziyyətdir. Sülh hərbi döyüşlər nəticəsində dağıdılan ərazilərin, məkanların yenidən bərpası, qaçqın və məcburi köçkünə çevrilmiş əhalinin öz əvvəlki yerlərinə köçürülməsi məqsədilə tərəflərin qarşılıqlı şəkildə razılığa gəldikləri dinc bir vəziyyətdir. Sülh cəmiyyətlər üzərində müharibə ilə meydana gəlmiş gərginliyin aradan qaldırılmasına hesablanmış post müharibə şərtidir, şəraitidir. Sülh ölkənin və regionun təbii ehtiyatlarından, vəsaitlərindən sərbəst şəkildə istifadə üçün imkanlar yaradan bir şəraitdir. Sülh zamanı ərazinin imkanları yüksək səviyyədə istifadə olunur. Dinamik inkişaf strategiyası qəbul olunur, tətbiq edilir. Sülh müharibənin sona çatmasını hədəfləyən sabitlik, dinclik vəziyyətidir. Sülhün əldə olunması üçün müharibə dövrünün diplomatiyası qalib olur. Belə ki, atəşkəslə sona yetən razılıqlar özündən sonra sülh danışıqlarının formatını meydana gətirir və danışıqlar prosesi başlayır. Sülh bununla da müharibələrə, silahlı qarşıdurmalara son qoyan və tərəfləri dosta çevirə bilən, postdislokasiya vəziyyətini özündə ehtiva edən razılaşdırıcı amildir. Sülh həmçinin təslimçiliyin və ərazi itkisinin qəbulu şərtlərini özündə ehtiva edən stabil vəziyyətdir. Sülh milli və regional layihələrin icrası üçün şəraitləri özündə ehtiva edən əmin-əmanlıq şəraitidir.
Müharibə dövrünün və sülhün öz tarazlıqları mövcud olur. Belə ki, müharibə dövründə döyüşlərdə aktiv iştiark edən tərəfləri digər dövlətlər dəstəkləyə bilirlər. Hərbi dəstəklər göstərirlər, birgə şəkildə döyüşlərə qatılırlar. Birgə diplomatiya meydana gəlir. Qarşı-qarşıya döyüşən tərəflər müharibənin tarazlaşmasını şərtləndirə bilirlər. Sülh zamanı da tərəfləri dəstəkləyən qüvvələr tarazlıq yaradırlar. Müharibədə məkanların sıxlaşması, kütləvi qırğınlar, zəifləmələr, itkilər sülhə məcburetmə aktlarını özündə ehtiva edir.
Müharibə və sülh bir-birini əvəzləyən, bir-birindən fərqlənən, biri dağıdıcı, destruktiv, digəri isə quruculuğu özündə ehtiva edən vəziyyətlərdir. Müharibə dəyərləri itirən, sülh isə qazanan vəziyyətdir. Həm müharibə, həm də sülh proseslərdir. Daimi və müvəqqəti xarakter daşıya bilir. Müharibədə ölkələr öz dinc dövrdəki müttəfiqlərini, tərəfdaşlarını itirə bilirlər. Təcrid olunurlar. Döyüş meydanında uduzaraq tək qalırlar. Məğlub olurlar. Həmçinin yeni-yeni müttəfiqlər qazanaraq ittifaq, müttəfiq savaşlarını (kollektiv döyüşləri, regional və dünya müharibələrini) təşkil edə bilirlər. Müharibələrdə yeni-yeni silah daşınması trafikləri meydana gəlir.
Cəmiyyətin, insanlığın inkişafı bir qayda olaraq bir-birini ardıcıl əvəzləyən dinamik dəyişən və sabit proseslərdən ibarətdir. İstər cəmiyyətdə, istərsə də beynəlxalq müstəvidə münasibətlərin balanslaşdırılması problemləri daima yaşanır. Bu problemləri yaradan amillər çoxdur. Həmin amillər münaqişələri, böhranları və müharibələri əhatə edir. Milli sahələrdə və beynəlxalq müstəvidə münasibətlərin tarazlaşdırılmasına mane olan ünsürlərə bunları aid etmək olar:
-inkişaf uyğunsuzluğu. Eyni cəmiyyət daxilində və yanaşı mövcud olan cəmiyyətlərin fərqli inkişaf amilləri;
-sosial problemlər;
-regional problemlər, soyuq münasibətlər-regionda yaşanan iqtisadi böhranlar, regional iqtisadi layihələrin həyata keçirlməsində meydana gələn etirazlar, maneələr, əngəllər;
-regional layihələrdən kənarda qalmaq və bununla da soyuq münasibətlərin meydana gəlməsi;
-milli və etnik, həmçinin dini zəmində baş verən münaqişələr;
-tarixi və unudulmamış soyqırımlar-soyqırım faktlarının alovlandırılması, digər bəşəri və hərbi cinayətlər;
-iqtisadi və humanitar böhranlar-məcburi miqrasiya məsələləri;
-qaçqın və məcburi köçkün amili;
-terrorçuluq, kiberhücumlar, transmilli cinayətkarlıq və s.
Müharibələr, silahlı qarşıdurmalar, o cümlədən vətəndaş müharibələri regionda sülhə zərbə vuran, sülhü və əmin-amanlğı, sabit və dinamik inkişaf edən prosesləri dağıdan əsas amillərdir. Müharibələrin miqyası genişləndikcə sülhə təhdidlər daha da çoxalır. Müharibələr öz miqyasına görə qlobal (buna dünya müharibələri aid olunur) və regional, eləcə də kiçik olur. Regional müharibələrdə adətən regionun bir neçə dövləti müharibə aktlarına qoşulur. Kiçik müharibələri (adətən regionun iki kiçik ölkəsi arasında baş verən müharibələri buna aid etmək olar) regionların böyük layihələrinə zərbə vuran aktiv elementlər kimi xassələndirə bilər.
Müharibələr (həmçinin münaqişələr) adətən idarə olunan olurlar. Burada həm iştirakçı dövlətlər, həm də kənar dövlətlər maraq nümayiş etdirirlər. Maraqların müdafiəsi uğrunda həyata keçirilən aktlar sərt və radikal olur. Maraqlar gizli və açıq, passiv və aktiv olur. Müharibələrin idarə olunması strategiyasının tətbiqi bir tərəfdən müharibələrə son qoya bilir, digər tərəfdən də müharibələrin müddətini uzadır. Onu aktivlikdən passiv fazaya keçirə bilir. Sülhsüz müharibələr, yəni sülh danışıqları ilə nəticələnə bilməyən, sülh müqaviləsi ilə tamamlanmayan, sanki donmuş müharibələr də mövcuddur.
Müharibə psixikası
Müharibələr, onun tərkibi olan döyüşlər, hərbi toqquşmalar istər, istəməz cəmiyyətlərdə gərgin düşüncələri, qorxu, həyəcan hisslərini meydana gətirir. Müharibə sarsıntıları bəxş edir, faciələri özü ilə daşıyır. Döyüşlərdə müharibə, cəbhə zonasında, məkan daxilində olan dinc əhalinin ah-fəryadı, iniltisi meydana gəlir. Müharibə milli və regional xarakteri, həmçinin qlobal ərazinin psixikasını dəyişdirir. Dinclikdən, rahatlıqdan gərginliyə keçidlər meydana gəlir. Müharibə psixikası özündə dəhşətli, qorxunc səhnələri əks etdirir. İnsanlıq, bəşəriyyət ucuzlaşır. Ölüm asanlaşır. Döyüş meydanında meyitlər ucuz cəsədlərə çevrilir. Əsirlərlə və girovlarla vəhşi davranış özlüyündə insanlığa qarşı cinayəti əks etdirir. Müharibə dövrünün psixikası özlüyündə talançılıq, soyğunçuluq, zorakılıq, qadınlara qarşı istismar, uşaqların öldürülməsi, ümumilikdə kobud rəftarı və vəhşiliyi özündə daşıyır. Aktiv döyüşlər zamanı müharibə psixozu yaranır. Hakimiyyətin aqoniyası (canvermə əlamətləri) və preaqonal vəziyyət, paranoyası (psixoloji nasazlığı) meydana gəlir. Müharibə dövründə əsir düşmək, girov düşmək qorxusu mövcud olur. Müharibə psixikası əsəb gərginliyini meydana gətirir və ölüm qorxusunu aşılayır. Müharibə dövründə danışıqlar üçün, sülhə cəlb olunmaq kimi gərginlik yaşanır. Depressiya və stresslər meydana gəlir.
Cəmiyyətin müharibəyə səfərbər olunması sayəsində cəbhə psixikası formalaşır. Zəfər və məğlubiyyət düşüncələri də bir-birini əvəzləyir. Həvəs və ruh düşkünlüyü də bir-birini tamamlayır. Pessimist və optimist baxışların ahəngi meydana gəlir.
Cəbhədə olan qələbə və məğlubiyyət insan əzmini və iradəsini gücləndirir. Tərəflərdən asılı olaraq, həm də zəiflədir. Sındırır. Ruhdan salır. Tərəflərdə demoralizasiya halları yaşanır. Bu anda təslimçilik psixikası özünü qabarıq şəkildə göstərir. Əsirlərlə və girovlarla davranışlar zamanı insanın əsil vəhşi siması ortaya çıxır. İnsanlıq tamamən ucuzlaşır. İnsanlar vəhşicəsinə qətlə yetirilirlər. Bunu yaşayan, sağ qalan və görən insanlar müharibə zədəsi alırlar. Ömrü boyu zədələr öz izini qoymaqda davam edir. Müharibələrin xarakterik xüsusiyyətləri onların fobiyalarla zəngin olması ilə xassələnir. Həmçinin ifrat millətçilik, nasizm meydana gəlir. Milli və etnik fobiyalar daha çox xarakterik cəhətlərə aid olunur. Müharibələrdə aclıq və səfalət, yoxsulluq qorxusu məkanı və ətraf mühiti əhatə edir.
Müharibələrin bir psixikası da ondan ibarətdir ki, əsgərlər dağıdıcı ruha hazırlanırlar. İnsanların destruktiv psixologiyası geniş vüsət alır. Rəhm, bağışlamaq hissləri demək olar ki, yoxa çıxır. Müharibələrdə ümumi rahat həyat pozulur. İnsanların öz doğma yerlərini itirmək təhlükəsi meydana gəlir. Hakim, silahlı təbəqənin mülki əhali üzərində təzyiqləri genişlənir.
Müharibələr sağlam ailə düşüncələrini dağıdır. Ailə birliyini dağıdır. Ailə dəyərləri məhv olur. Döyüş bölgələrində yaşayanların sağlam həyata bağlanmaları üçün ciddi problemlər meydana gəlir.
Müharibə dövrünün diplomatiyası
Bu, gərgin diplomatiya kimi xassələndirilir. Müharibə dövrünün diplomatiyasında müharibədə aktiv iştirak edən aidiyyatı ölkələrin(daxili sfera), tərəflərin, həmçinin xarici sferanın, dolayı maraq göstərən ölkələrin iştirakı aid olunur. Müharibə öz tərkibinə diplomatiyanı, siyasi aktları cəlb edir. Buna ali baş komandanın və mərkəzi hakimiyyətin aktları aid olunur. Müharibə diplomatiyası cəbhədəki uğurları və məğlubiyyəti əks etdirən və mübarizəni özündə ehtiva edən siyasi aktlar məcmusudur. Müharibə diplomatiyası informasiya müharibələrində zəfər qazanmaq məqsədini də özündə daşıyır. Müharibə dövrünün diplomatiyasının başlıca məqsədi döyüşən tərəflər üçün diplomatik üstünlüyü qazanmaqdan və əks tərəfə beynəlxalq təzyiqləri tətbiq etdirməkdən ibarətdir. Müharibə diplomatiyasının başlıca məqsədi döyüşlərdə əldə olunmuş üstünlüklərə siyasi haqq qazandırmaqdan ibarətdir. Müharibə diplomatiyasının tərkibinə müharibə dövründə qazanclar əldə etmək və itkilərin qarşısını almaq üçün iqtisadi uğurlar qazanmaq strategiyası da aiddir. Yardımlar əldə etmək, həmçinin müharibədə müttəfiqlər qazanmaq da başlıca strategiyadır. Müharibə dövrünün diplomatiyasına təbliğat üçün mülki əhali və obyektlər, yaşayış yerlərinin hədəfə götürülməsi əks tərəf üçün təzyiq vasitəsi kimi istifadə olunur. Mülki əhaliyə qarşı hərbi təcavüz pislənilir və beynəlxalq aləm bunu həyata keçirən tərəfə təzyiq göstərilməsi siyasətinin tətbiq olunması strategiyasını həyata keçirir. Mülki hədəflər qarşılıqlı təzyiq vasitələri üçün istifadə olunur.
Müharibə dövrünün diplomatiyasına atəşkəs elan olunması strategiyası da aid olunur. Atəşkəs daha çox məğlub olmuş və məğlub olmaqda ola tərəfin strategiyasına aid olunur. Gücün yenidən artırılması məqsədilə də atəşkəs strategiyasının tətbiq olunması maraq doğurur. Atəşkəs tərəflər üçün gücün qismən saxlanılması məqsədini, eləcə də qazanılmış ərazilərdə möhkəmlənmək strategiyasını güdür.
Müharibə dövrünün diplomatiyası təcrid etmək (tərəfləri) və sanksiyalar tətbiq etmək məqsədini güdür. Tərəflər törədilmiş qətllərə, soyqırımlara görə qarşılıqlı olaraq bir-birilərini ittiham edirlər. Müharibə diplomatiyasının başlıca məqədi həm də ondan ibarət olur ki, işğal olunmuş ərazilərə tarixi haqq qazandırmaqdır. Hərbi aktlara siyasi haqlar verməyə çalışırlar.
Müharibə və sülh qazancları
Müharibələr adətən itkilərlə müşahidə olunur. Lakin döyüşlərdə hücum edib qalib gələn dövlətlər qazanclar əldə edə bilirlər. Yeni-yeni ərazilər, məskənlər əldə etmək yolu ilə qazanclar əldə oluna bilir. Ərazinin təbii vəsaitləri üzərində nəzarət qazancların əldə olunmasını şərtləndirir. Müharibənin qazanclarına dair bu kimi ümumiləşdirilmiş müddəaları bildirmək olar:
-təbii ehtiyatlarla dolu olan ərazilərin, yaşayış məskənlərinin ələ keçirilməsi;
-strateji təyinatlı magistral xətlər üzərində nəzarətin ələ keçirilməsi;
-hərbi döyüşlər zamanı qənimətlərin ələ keçirilməsi;
-əldə olunmuş sənaye mərkəzləri hesabına iqtisadiyyatın güclənməsi və ucuz işçi qüvvəsinin qazanılması;
-hərbi əsirlər və mülki girovların əməyi hesabına iqtisadiyyatın dirçəldilməsi;
-işğal olunmuş ərazilərə əhalinin köçürülməsi və ekspansiya hesabına dövlət sərhədlərinin böyüdülməsi;
-etnik təmizləmə əməliyyatının həyata keçirilməsi və qalib gələn tərəf üçün milli arenanın, milli coğrafiyanın genişləndirilməsi;
-müharibələr hesabına ələ keçirilmiş zonalar, ərazilər hesabına imperiya və böyük dövlət mərkəzinə çevrilmə;
-əks hücumlar sayəsində ərazinin işğaldan azad olunması;
-torpaqların işğaldan azad olunması ilə qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasının təmin edilməsi;
-ərazi bütövlüyün təmin olunması;
-iqtisadi məkanın genişləndirilməsi (itkilərə görə kiçildilmiş ərazilərin təzədən geriyə doğru böyüdülməsi və öz əvvəlki vəziyyətinə qaytarılması);
-tarixi ədalətin bərpası;
-sülhə məcburetmə əməliyyatlarının həyata keçirilməsi;
-regionda və ölkələr arasında sabitliyin bərqərar olması;
-sülh yolu ilə tarazlığın bərpası və müharibə və münaqişə ilə müşayiət olunan status-kvonun dəyişdirilməsi;
-işğaldan azad olunmuş ərazilərdə dinc həyatın və stabil iqtisadiyyatın inkişafı, tarazlı təsərrüfatın və ticarətin bərpa olunması;
-vaxtında sülhə nail olmaq yolu ilə itkilərin qarşısının alınması və minimuma endirilməsi;
-sülhə nail olmaq yolu ilə düşmən tərəflərin dosta çevrilməsi;
-regionda davamlı sülhün və əbədi dostluq mühitinin yaranması;
-əməkdaşlıq və tərəfdaşlıq üçün əlverişli şəraitin yaradılması;
-sülh şəraitində maddi və mənəvi aləmin bölüşdürülməsi;
-region üçün rahat həyatın bərqərar olunması;
-insani dəyərlərin qorunması;
-sülhə nail olmaq yolu ilə koordinasiya olunmuş tarazlı iqtisadiyyatın formalaşdırılması;
-sülhə nail olmaqla xalqlar birliyinin meydana gəlməsi;
-postmüharibə dövrününü zəmanətli mühitinin meydana gəlməsi;
-şaxələnmiş regional iqtisadiyyatın bərpası və inkişafı;
-xalqlar arasında zəmanətli və əbədi, uzun müddətli sülhün və sabitliyin təmin olunması;
-sülh şəraitində xalqlar arasında inamlı əlaqələrin və münasibətlərin formalaşdırılması
Elşən Nəsibov
Siyasətşünas, alim, yazıçı-publisist
Bakıvaxtı.az üçün
Baxış sayı:21
Bu xəbər 24 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















