Müstəqil dövlətin tərəqqisinin Heydər Əliyev modeli
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ulu öndər hərtərəfli yüksəlişin quruculuq cəbhəsindən keçdiyini hamıya anladırdı
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev öz dərin zəkası, uzaqgörənliyi və müdrik siyasi baxışı ilə yalnız müstəqil dövlətçiliyimizin deyil, eyni zamanda, milli iqtisadi inkişaf modelimizin təməlini qoyub.
Bu model postsovet məkanında nadir hallarda müşahidə edilən şəkildə müstəqil iqtisadi siyasət kursunun formalaşdırılmasına, milli maraqlara söykənən inkişaf xəttinin müəyyən olunmasına və Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasına xidmət edib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenicə qazanan Azərbaycan dərin böhran içində çırpınırdı. Ölkə həm siyasi, həm də sosial sahələrdə çətin və təhlükəli proseslərlə üz-üzə qalmışdı, iqtisadiyyat dərin böhran içində idi: sənaye təlatümlü vəziyyətlə üzləşmiş, kənd təsərrüfatı çökmüş, inflyasiya sürətlə artmış, investisiyalar isə tamamilə dayanmışdı. Belə bir mürəkkəb şəraitdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev, ilk növbədə, sabitlik və təhlükəsizliyi gerçəkləşdirməyə nail oldu. Lakin onun iqtisadi siyasət strategiyası sadəcə böhrandan çıxışla kifayətlənmirdi – əsas məqsəd iqtisadi müstəqilliyin təmin olunması idi.
Qeyd edək ki, 1991–1993-cü illərdə Azərbaycan iqtisadiyyatı tam iflic olmuşdu. İqtisadiyyatın bütün sahələrində kəskin tənəzzül müşahidə edilirdi: ÜDM 57,3 faiz, sənaye istehsalı 52,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 47 faiz azalmışdı. İnflyasiya 1000 faizi keçmiş, milli valyutanın –manatın dəyəri sürətlə düşmüşdü. Dövlət büdcəsinin gəlirləri demək olar ki, dayanmış, bank sektoru etimadı tamamilə itirmişdi. Ölkədə investisiya qoyuluşu yox səviyyəsində idi. Sosial sahədə də vəziyyət acınacaqlı idi – maaş və pensiyalar aylarla gecikdirilir, işsizlik artır, əhali yoxsulluqla mübarizə aparırdı.
Belə bir ümidsizlik şəraitində, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə sabitliyin bərpası, hüquqi və institusional islahatların aparılması, iqtisadiyyatın tənzimlənməsi üzrə mühüm tədbirlər görülməyə başlandı. Hökumət, ilk növbədə, idarəetmədə mərkəzləşməyə və resursların strateji istiqamətlər üzrə yönəldilməsinə çalışdı. 1994-cü ildən etibarən iqtisadiyyatda tənəzzül meyilləri dayandırıldı və artımın ilk əlamətləri özünü göstərməyə başladı.
Ermənistanın hərbi təcavüzü, keçmiş Dağlıq Qarabağ münaqişəsinin alovlanması, paytaxt Bakını da əhatə edən daxili qarşıdurmalar, iqtisadi sabitliyin pozulması müstəqil dövlətin gələcəyini ciddi şəkildə sual altına almışdı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin qətiyyətli və düşünülmüş siyasi-iqtisadi addımları isə bu gərginliyi aradan qaldırdı və Azərbaycanın gələcək inkişafının möhkəm təməlini qoydu.
Dahi şəxsiyyətin iqtisadi inkişaf modelinin əsasında, ilk növbədə, təbii resurslara əsaslanan milli sərvətlərin idarə olunması prinsipi dayanırdı. Ona görə də Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını müəyyənləşdirən Heydər Əliyev bu sərvətləri hasil etməklə bərabər, onların düzgün idarə olunması, gəlirlərin xalqın rifahına yönəldilməsi üçün şəffaf və davamlı mexanizmlərin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoydu.
Bu məqamda onu da xatırladım ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” təkcə neft müqaviləsi deyildi. Bu, Azərbaycanın iqtisadi müstəqilliyinin başlanğıcı, beynəlxalq kapitalın ölkəyə axını və milli iqtisadi inkişaf üçün geosiyasi manevr imkanlarının genişlənməsi idi. “Əsrin müqaviləsi” ilə Azərbaycan dünya enerji bazarlarına çıxış əldə edə bildi və bu müqavilənin əsasında ölkəyə milyardlarla dollar xarici sərmayə cəlb olundu.
Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi” Xəzər regionunu beynəlxalq əməkdaşlıq məkanına çevirdi. Gənc Azərbaycan Respublikası az müddətdə qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanındı, ölkəmizin beynəlxalq nüfuzu xeyli artdı. “Əsrin müqaviləsi”nin uğurla icra olunması isə Azərbaycanı iqtisadi tənəzzüldən sürətli inkişafı yoluna çıxardı. İlk növbədə, Azərbaycana güclü xarici investisiya axını başladı.
Yeri gəlmişkən, “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması üçün səhmdarlar tərəfindən yaradılan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Rəhbər Komitəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun bir neçə mərhələdə işlənməsi barədə qərar qəbul etdi. “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində dənizdə mövcud “Çıraq” platformasında və “Dədə Qorqud” üzən yarımdalma qurğusunda əsaslı yenidənqurma işləri aparıldı. Bundan əlavə, hazırda Ulu öndərin adını daşıyan Bakı Dərin Dəniz Özülləri Zavodu tamamilə yenidən quruldu, xam neftin qəbul edilib ixrac sisteminə vurulması üçün Səngəçal terminalı inşa olundu, dənizdən bura sualtı boru kəməri çəkildi.
Nəhayət, 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilkin neftin hasilatına başlanıldı. Beş gün sonra, noyabrın 12-də ölkəmizin rəsmi dövlət və hökumət üzvlərinin, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin nümayəndələrinin, eləcə də xarici ölkələrdən gələn qonaqların iştirakı ilə “Çıraq” platformasında təntənəli mərasim keçirildi. Tədbirdə bu möhtəşəm tarixin yaradıcısı Heydər Əliyevin şəxsən iştirak etməsi isə olduqca qürurverici idi.
Azərbaycanın yeni neft strategiyasının möhtəşəm uğurunun müjdəsini xalqımıza çatdıran Ümummilli lider mərasimdə çıxış edərək bu təntənənin, əldə edilən nailiyyətlərin ölkəmizin dövlət müstəqilliyinin qazanılmasından sonra mümkün olduğunu söyləyərək deyib: “1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu müstəqilliyimizin gözəl bəhrələrini görürük”.
“Əsrin müqaviləsi”nin ilkin neft layihəsinin həyata keçirilməsi sahəsində qazanılan zəngin təcrübə sonralar “Azəri” və “Dərinsulu Günəşli” yataqlarının da mərhələli şəkildə işlənməsinə imkan yaratdı. 2001-ci ilin avqust ayında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsinə başlanıldı. Bu mərhələ çərçivəsində “Azəri” yatağında və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində unikal hasilat və texniki təchizat platformaları inşa olundu, neftin Səngəçal terminalına nəqli üçün yeni sualtı kəmərlər çəkildi. Xam nefti qəbul etmək üçün terminalın ərazisində əlavə genişləndirmə işləri aparıldı.
Beləliklə, “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi Azərbaycanın gələcək iqtisadi inkişafının əsas təkanverici qüvvəsinə çevrildi. Bu müqavilə ilə Azərbaycan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsini dünyanın ən iri neft şirkətləri ilə birlikdə həyata keçirməyə başladı. Sazişin iştirakçıları arasında ABŞ-ın “Amoco”, Böyük Britaniyanın “BP”, Rusiyanın “LUKoil”, Norveçin “Statoil”, Türkiyənin “TPAO”, Səudiyyə Ərəbistanının “Delta” şirkətləri və digərləri var idi.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin yaradılması isə ölkəyə milyardlarla dollar xarici investisiyanın cəlb edilməsinə səbəb oldu. Bu sərmayələr yalnız neft sektoruna deyil, əlaqəli sahələrə də stimullaşdırıcı təsir göstərdi. “Əsrin müqaviləsi” təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı, regionun enerji xəritəsində ölkənin strateji rolunu müəyyənləşdirdi.
İnsan kapitalına və sahibkarlığın inkişafına dəstək də unudulmadı. Ulu öndərin rəhbərliyi ilə iqtisadi inkişafın dayanıqlı ola bilməsi üçün təhsil və insan kapitalına xüsusi önəm verildi. Sahibkarlığın inkişafı üçün müxtəlif təşviq mexanizmləri tətbiq edildi, dövlətin iqtisadiyyatda rolu mərhələli şəkildə azaldıldı.
O dövrdə özəl bölməyə göstərilən diqqət və qayğıdan söz düşmüşkən bir məqamı xüsusi nəzərə çarpdırmaq istərdik. Belə ki, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997–2000-ci illər)”, “Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002–2005-ci illər)” respublikamızda özəl bölmənin inkişafına güclü təkan verdi. Adları qeyd edilən bu mühüm sənədlərdə vurğulanan prinsiplər hazırda da dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra iqtisadi siyasətdə əsas hədəflərdən biri sərmayədarlar üçün əlverişli və sabit investisiya mühitinin yaradılması oldu. Xarici investorların hüquq və mənafelərinin qorunması, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, investisiya risklərinin azaldılması məqsədilə bir sıra qanunvericilik islahatları həyata keçirildi.
1995-ci ildə qəbul olunan ilk Konstitusiyada mülkiyyətin toxunulmazlığı, sahibkarlığın azadlığı, iqtisadi fəaliyyətin dövlət tərəfindən dəstəklənməsi kimi fundamental prinsiplər təsbit edildi. Xarici və yerli sahibkarlara bərabər hüquqların tanınması, lisenziya və qeydiyyat prosedurlarının sadələşdirilməsi sahibkarlığın inkişafına əlverişli zəmin yaratdı. Nəticə etibarilə qeyri-neft sektoruna da maraq artdı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ilk addımlar atıldı.
Ümummilli liderin müdrik siyasəti ilə ölkənin kənd təsərrüfatında nəzərə çarpan və ciddi narahatlıq doğuran durğunluq da aradan qaldırıldı, respublikada mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, aqrar sektorun inkişaf etdirilməsinə dair qəbul olunaqn islahatlar bu inkişafı daha da sürətləndirdi. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” çox mühüm bir qanun qəbul edildi. Ümumiyyətlə, 1995–2004-cü illərdə aqrar sahə ilə əlaqədar 100-dən yuxarı normativ-hüquqi akt imzalandı. “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002–2006-ci illər)”nın həyata keçirilməsi aqrar sahədə uğurlar əldə edilməsini şərtləndirdi.
O dövrdə dahi şəxsiyyətin müdrik siyasəti, gərgin əməyi sayəsində vergi sahəsində də bir çox önəmli islahatlar həyata keçirildi. Bir sıra dövlət mülklərinin özəlləşdirilməsi nəticədə dövlətə ödənilən verginin faizində artım əldə edildi. Bir çox sahələrdə özəlləşdirmə dövlətə ödənilən verginin artmasına və büdcənin yüksəlməsinə gətirib çıxardı.
Torpaq sahəsində özəlləşdirmə torpaq sahibkarlarına öz pay torpaqlarını azad əkib, becərmək imkanı yaratdı. Vergi münasibətlərini tənzimləyən bir sıra qanunlar – “Mədən vergisi haqqında” (1995-ci il), “Əmlak vergisi haqqında” (1995-ci il), “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” (1996-cı il) qanunlar qəbul edildi və qüvvədə olan qanunlara (“Əlavə dəyər vergisi haqqında”, “Fiziki şəxslərin gəlirlərindən vergi haqqında” qanunlar və s.) bir sıra əlavə və dəyişikliklər olund. 2001-ci il yanvarın 1-dən isə “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” qüvvəyə mindi.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası da yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil etdi.
Heydər Əliyev dönəmində həyata keçirilən əsas iqtisadi islahatlardan biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramı oldu. 1995-ci ildən başlayaraq bir neçə mərhələdə həyata keçirilən bu proqram çərçivəsində minlərlə müəssisə və obyekt özəlləşdirildi. Özəlləşdirmə həm daxili sahibkarlığın inkişafını sürətləndirdi, həm də iqtisadiyyatda rəqabət mühitinin formalaşmasına təkan verdi.
Bazar iqtisadiyyatına keçidin hüquqi bazasının yaradılması üçün mülki məcəllə, vergi və gömrük qanunvericiliyi, bank və kredit sisteminə dair yeni normativ aktlar qəbul edildi. Maliyyə sisteminin sabitləşdirilməsi istiqamətində Mərkəzi Bankın müstəqilliyi təmin olundu, pul siyasəti tənzimləndi və inflyasiya səviyyəsi nəzarətə götürüldü.
Göründüyü kimi, Ümummilli lider strateji iqtisadi islahatlar və qanunvericilik bazasının təməlinin qoyulmasını da diqqətdə saxladı. Heydər Əliyev tərəfindən qəbul olunan iqtisadi islahatlar paketi, özəlləşdirmə proqramları, bazar iqtisadiyyatına keçid üçün normativ-hüquqi bazanın yaradılması ilə uzunmüddətli iqtisadi inkişafın əsası qoyuldu.
Heydər Əliyevin iqtisadi strategiyası nəticəsində Azərbaycan tədricən sabitlik və inkişaf yoluna qədəm qoydu. 1996-cı ildən etibarən ÜDM-in artımında müsbət göstəricilər diqqət çəkdi. 1995–2003-cü illər arasında inflyasiya səviyyəsi 2–3 faizədək azaldıldı, büdcə intizamı təmin edildi, ölkənin valyuta ehtiyatları artdı. Xarici investisiya həcmi 25 milyard ABŞ dollarını keçdi. Sosial sahədə də irəliləyişlər müşahidə olundu: maaş və pensiyalar artırıldı, yoxsulluq səviyyəsi tədricən azalmağa başladı.
Nəticə etibarilə Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət qısa müddətdə ölkəni dağılmaqdan xilas etdi və gələcək inkişafın strateji konturlarını formalaşdırdı. Ulu öndərin qurduğu iqtisadi model sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək Azərbaycanı regionun lider dövlətlərindən birinə çevirdi. Bu gün əldə etdiyimiz uğurların təməlində məhz ötən əsrin 90-cı illərin ortalarında atılmış cəsarətli və uzaqgörən addımlar dayanır.
2003-cü ildə xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev atasının başladığı iqtisadi inkişaf strategiyasını davam və inkişaf etdirməklə onu müasir çağırışlara uyğun yeniləyərək Azərbaycanın dayanıqlı iqtisadi inkişafını gerçəkləşdirdi. Onun iqtisadi strategiyasının əsas istiqamətləri Heydər Əliyevin müəyyənləşdirdiyi əsasların üzərində qurulsa da, bu siyasət, eyni zamanda, yeni mərhələyə keçidi simvolizə etdi.
Neft gəlirlərinin düzgün idarə olunması və Dövlət Neft Fondunun səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanıldı. Başqa sözlə, Prezident İlham Əliyevin dövründə adıçəkilən fondun fəaliyyəti daha da təkmilləşdirildi, gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi prioritetə çevrildi. Bu fonddan, yalnız sosial layihələrin maliyyələşdirilməsi deyil, həm də strateji infrastruktur təşəbbüslərinin gerçəkləşdirilməsi üçün mühüm maliyyə mənbəyi kimi istifadə olundu.
Dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ötən dövründə qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilib. Ölkə liderinin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı təkcə enerji sahəsində deyil, kənd təsərrüfatı, sənaye, turizm, informasiya texnologiyaları kimi sahələrdə də dinamik inkişaf etdirilib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində infrastruktur yenilənib, sahibkarlığa geniş dəstək tədbirləri həyata keçirilib.
Prezident İlham Əliyevin fəaliyyətində infrastruktur və sənaye siyasəti xüsusi yer tutub. Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzurum, TANAP və TAP kimi beynəlxalq layihələrin reallaşması Azərbaycanın iqtisadi və geosiyasi mövqeyini gücləndirib. Azad iqtisadi zonalar, texnoparklar və sənaye məhəllələri kimi təşəbbüslər iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfələr verib.
Rəqəmsal inkişaf və innovasiya sahəsi də prioritet sahə kimi diqqətdə saxlanılıb. Başqa sözlə, müasir dövrdə Prezident İlham Əliyevin iqtisadi siyasətində rəqəmsal texnologiyaların tətbiqi, rəqəmsal hökumət platformalarının inkişafı, innovasiya əsaslı iqtisadiyyatın qurulması önə çıxarılıb.
Yeri gəlmişkən, burada bir məqamı xüsusilə diqqətə çatdırmaq istərdik. Belə ki, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın iqtisadi inkişaf strategiyasında yeni mərhələni şərtləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin bərpası, “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi, “ağıllı” şəhər və kənd layihələrinin gerçəkləşdirilməsi Azərbaycan iqtisadiyyatında innovativ yanaşmaların önə çıxması zərurətini yaratdı. Bu ərazilər – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları həm yerli, həm də xarici investorlar üçün geniş imkanlar açdı.
Beləliklə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Azərbaycanın müasir və rəqabətqabiliyyətli iqtisadi modelə malik ölkəyə çevrilməsini gerçəkləşdirib. Bu model təkcə enerji ehtiyatlarına əsaslanmayıb – o, insan kapitalına, texnoloji tərəqqiyə, infrastruktur inkişafa və strateji planlaşdırmaya söykənən kompleks bir sistem kimi prioritet istiqamətlər sırasında yer alıb.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ


