Naxçıvandan Şuşaya uzanan üçrəngli yol ŞƏRH
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəzən elə olur ki, hansısa bir simvol bütün bir xalqın taleyini, keçmişini və gələcəyini özündə cəmləşdirir. Bizim üçün də 9 Noyabr - Dövlət Bayrağı Günü gələndə adamın içində yaranan o qürur hissi məhz bununla bağlıdır. Bayrağımız sadəcə olaraq üç rəngdən və bir ay-ulduzdan ibarət sıradan bir atribut deyil. Ümummilli Lider Heydər Əliyev bunu çox sadə, amma bir o qədər də dərin bir dildə belə izah edirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.
Amma gəlin etiraf edək ki, bu bayrağın yenidən başımızın üstünə qalxması və rəsmi status alması heç də asan başa gəlməyib. İnsan 90-cı illərin o qaranlıq və qarışıq dövrünün hadisələrinə dönüb baxanda anlayır ki, bu gün sərbəst şəkildə dalğalandırdığımız bayraq vaxtilə çox böyük risklər hesabına bizə qaytarılıb. 1990-cı ilin noyabrın 17-də Naxçıvanda baş verən o tarixi günü göz önünə gətirək. Hələ ortada nəhəng Sovet hökuməti var, Kommunist partiyası söz sahibidir. Belə bir vaxtda Naxçıvan Muxtar Respublikasının Ali Sovetində Heydər Əliyevin sədrliyi ilə çox həlledici bir sessiya keçirilir. Özünün də xatırladığı kimi, bu proses küçədə, meydanda, hansısa kütləvi emosional dalğa fonunda edilməmişdi; rəsmi şəkildə, salonda, dövlət qərarı kimi qəbul olunmuşdu. Həmin gün Naxçıvanın adından "Sovet Sosialist" sözləri çıxarıldı və 1918-ci il Xalq Cümhuriyyətinin yadigarı olan o üçrəngli bayraq zala gətirilib baş tacı edildi.
O vaxt üçün bu, sadəcə cəsarətli bir qərar deyildi, həm də gələcək müstəqilliyin ən böyük anonsu idi. Bu addım o qədər güclü və yerində atılmışdı ki, Bakıdakı rəhbərlik də artıq bu reallıqla hesablaşmağa məcbur oldu. Ulu Öndərin də qeyd etdiyi kimi, Naxçıvanda qəbul edilən o qərarlar bütün Azərbaycanın taleyinə birbaşa təsir elədi. Noyabrın 17-də Naxçıvanda dalğalanan o bayraq düz bir neçə ay sonra, 1991-ci ilin fevralın 5-də artıq bütün Azərbaycanın rəsmi dövlət bayrağına çevrildi.
Bütün bu proseslər əslində bizə çox sadə bir reallığı öyrədir: bayrağa sevgi, birbaşa vətənə sevgidir. Heydər Əliyevin o məşhur fikrini burada xatırlamamaq olmur: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik”. Çünki sən öz bayrağına hörmət etməyəndə, əslində öz kimliyinə, dövlətinə və gələcəyinə hörmət etmirsən.
Amma düzünü desək, illərlə bizim bu bayraqla bağlı içimizdə bir yara, bir nisgil də var idi. Uzun illər o, torpaqlarımızın hər yerində – xüsusən də Qarabağda dalğalana bilmirdi. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı olanda Prezident İlham Əliyev çox diqqətçəkən və qətiyyətli bir nitq söyləmişdi. O deyirdi ki, bayrağımız qürur mənbəyimizdir, canımızdır, ürəyimizdir. Lakin ən əsası o idi ki, dövlət başçısı tam əminliklə belə bir vəd verdi: Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra bu bayraq hələ də işğal altında olan torpaqlarda, Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O vaxt Prezident həm də əlavə etmişdi ki, biz o günü hər an öz işimizlə yaxınlaşdırırıq.
Bu gün biz həmin o "yaxınlaşdırılan" günün tam mərkəzində yaşayırıq. Vaxtilə kimsəyə uzaq görünə bilən o sözlər artıq bizim gündəlik reallığımızdır. İndi Şuşaya, Xankəndiyə baxanda orda dalğalanan üçrəngli bayraq həm 1918-ci ilin arzusunun, həm 1990-cı ildə Naxçıvandakı o qətiyyətli addımın, həm də bugünkü ərazi bütövlüyümüzün ortaq nəticəsidir. 2010-cu ildə açılışda deyilən o məşhur “Eşq olsun, Azərbaycan bayrağına!” sözləri indi fərqli bir tonda, bütöv, arzusuna çatmış və qalib bir xalqın səsi kimi səslənir.
Tutu Kamalqızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















