Icma.az
close
up
RU
Naxçıvanın Fransa arxivindən görünən dünəni

Naxçıvanın Fransa arxivindən görünən dünəni

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Naməlum ailə”, “Nuh türbəsi” və “Ordubad bazarı”nın tarixi fotoları

Bəzən bir şəhərin tarixini dəyişən sənəd arxiv qovluğundan yox, 100 ildən artıq susan fotoşəkillər də ola bilir. Bu yazımızda bir əsrdən çox əvvəl Naxçıvanda fotoaparatın obyektivinə tuş gəlmiş 3 fərqli mənzərədən söhbət açacağıq: ağacların altında toplaşmış bir ailədən, Nuh peyğəmbərin adı ilə bağlı qədim türbədən və Ordubadın bazar meydanından.

Həmin anları sənədləşdirən fotoşəkillərin orijinalları Naxçıvandan minlərlə kilometr uzaqda – Fransanın Lyon şəhərindəki “Musée des Confluences”in Ernest Chantre fondunda qorunur. Bu fotolar açıq rəqəmsal arxivdə yerləşsə də, ictimaiyyətə, demək olar ki, məlum deyil. Təəssüf ki, tədqiqata da cəlb edilməyib.

Qarşımızda XIX əsrin sonu – XX əsrin əvvəllərində Naxçıvanın insanını, dini-tarixi yaddaşını və şəhər mühitini eyni arxivdə birləşdirən kiçik, lakin son dərəcə qiymətli vizual salnamə var.

Lyon arxivinin Naxçıvan səhifəsi

Fotolar “Musée des Confluences” – Fransanın Lyon şəhərində yerləşən böyük muzeyin “Collections et Archives” portalında saxlanılır. Qeyd edək ki, portal muzey fondlarında qorunan şəxsi arxivləri, ekspedisiya materiallarını, etnoqrafik əşyaları, fotoşəkilləri və digər tarixi sənədləri rəqəmsal şəkildə təqdim edir. Naxçıvanla bağlı materiallar Ernest Chantre fondunda qeydə alınıb.

Ernest Chantre (1843-1924) XIX əsrin sonlarında Fransanın nüfuzlu antropoloq və arxeoloqlarından biri olub. O, Lyon Təbiət Tarixi Muzeyində çalışıb, antropologiyadan dərs deyib, Lyon Antropologiya Cəmiyyətinin yaradılmasında iştirak edib. Qafqaz və Anadolu üzrə tanınmış mütəxəssislərdən biri hesab edilib. Onun maraq dairəsini yalnız bir xalq və ya bir ərazi ilə məhdudlaşdırmaq düzgün olmaz. Chantre Qafqazın arxeologiyasını, antropologiyasını, qədim nekropollarını, əhali qruplarını və etnoqrafiyasını hərtərəfli öyrənirdi.

1879-cu ildə Moskva antropoloji konqresində iştirakından sonra Qafqazda tədqiqat aparmaq üçün rəsmi missiya alıb, 1881-ci ildə isə Xəzər dənizi ətrafı bölgələri öyrənmək məqsədilə Fransa dövlətinin maliyyələşdirdiyi yeni ekspedisiyaya göndərilib. Həmin missiyada fotoqrafiya ayrıca sənədləşdirmə vasitələrindən biri olub. Məhz bu kontekst fotoların Fransada qorunduğunu izah edir. İndi isə fotolar haqqında…

1-ci foto: Naxçıvan ailəsi

3 material içərisində insanı ən çox düşündürən, şübhəsiz ki, ailə fotosudur. “Musée des Confluences”in rəsmi kataloqunda foto belə təqdim olunur: “Portrait d'une famille de Nakhitchevan” – “Naxçıvanlı bir ailənin portreti”. Arxiv şifrəsi 44J363, şəklin ölçüsü 32×23,5 santimetrdir. Fotoqrafın adı göstərilmir. Tarix isə dəqiq deyil: 1879-1909-cu illər təxmini interval kimi qeyd olunub.

Fotoşəkil studiya portreti deyil. Açıq havada, iri ağacların kölgəsində xalıların üzərində toplaşmış böyük bir insan qrupu görünür. Qadınlar, kişilər, uşaqlar... Bir qismi oturub, digərləri ayaq üstə dayanıb. Qarşı tərəfdə Avropa tipli stullar, döşənmiş xalçalar, insanların geyimləri və ümumi kompozisiya fotonu etnoqrafik baxımdan olduqca maraqlı edir.

Fotodakılar kimlərdir? Bu suala hazırda dəqiq cavab vermək mümkün deyil. Arxiv qeydində həmin şəxslərin adı, soyadı, məşğuliyyəti və ya hansı nəslə mənsub olduqları göstərilmir. Hətta “ailə” sözünün burada bioloji baxımdan bir ailəni, yoxsa daha geniş qohumluq çevrəsini ifadə edib-etmədiyi də araşdırılmalıdır. Naxçıvanın köhnə ailə albomlarında saxlanılan portretlərlə müqayisə aparılarsa, fotodakı şəxslərdən hansısa birinin kimliyini müəyyənləşdirmək ehtimalı istisna deyil. Bəlkə bu insanların nəvə–nəticələri bu gün Naxçıvanda yaşayır. Bu, hələlik araşdırma sualıdır. Amma məhz belə suallar tarixi fotoşəkli cansız eksponatdan canlı mənbəyə çevirir.

2-ci foto: Nuh türbəsi

İkinci foto Naxçıvanın tarix və folklor yaddaşında xüsusi yeri olan Nuh türbəsini göstərir. Fransız arxivində şəkil “Tombeau de Noé à Nakhitchevan” – “Naxçıvanda Nuhun türbəsi” adı ilə qeydə alınıb. Arxiv nömrəsi 44J365, ölçüsü 32×23,5 santimetrdir. Fotoqrafı naməlumdur və material 1879-1909-cu illərə aid edilir.

Bu fotoşəkil ona görə qiymətlidir ki, burada abidənin daha qədim vəziyyətlərindən biri görünür.

Fotoda torpaq səviyyəsinin xeyli aşağısında qalan, sadə kərpic konstruksiyalı, tağvari girişə malik tikili seçilir. Türbənin qarşısında və ətrafında bir neçə insan oturub. Bu insanların kimliyi də məlum deyil. Onların yerli sakin, bələdçi, ekspedisiya iştirakçısı və ya təsadüfi şəxslər olub-olmadığı araşdırma tələb edir. Bu foto həm də Nuhla bağlı Naxçıvan ənənəsinin XIX əsrdə artıq konkret məkanla əlaqələndirildiyini göstərən vizual sənəd kimi əhəmiyyətlidir.

3-cü foto: Ordubad bazarı

Arxivdə fotonun 3 nüsxəsi saxlanılır. Bu foto tamam başqa Naxçıvanı göstərir. Qarşımızda Ordubad bazar meydanı dayanır. Fransa arxivində foto “Une place du bazar à Ordoubat. 9” adlanır. Arxiv şifrəsi 44J352, ölçüsü 30×24 santimetrdir. Maraqlıdır ki, kataloqda onun 3 nüsxədə saxlanıldığı qeyd olunur. Fotoqraf yenə naməlumdur və tarix 1879-1909-cu illər intervalında göstərilir.

Şəklə baxdıqda Ordubadın dağlarla əhatələnmiş şəhər quruluşu aydın görünür. Ön planda geniş açıq sahə, iri ağaclar, sağ tərəfdə ikimərtəbəli, tağlı eyvanları olan uzun tikili diqqəti cəlb edir. Arxa planda isə Ordubadın yaşıllıqlar içində yaşayış məkanı və onu əhatə edən dağ silsilələri var.

Bu, təkcə “köhnə Ordubad şəkli” deyil. Tarixi şəhərin bazarı kənd təsərrüfatı məhsullarının, sənətkarlıq nümunələrinin və gündəlik malların alınıb-satıldığı məkan olmaqla yanaşı, müxtəlif kəndlərdən gələn insanların görüşdüyü sosial mərkəz funksiyasını da daşıyırdı. Ona görə bu foto memarlıq tarixçiləri üçün tikililəri, şəhərsalma mütəxəssisləri üçün bazar ətrafındakı planlaşdırmanı, etnoqraflar üçün isə XIX əsrin sonundakı Ordubad şəhər həyatını araşdırmaq baxımından əhəmiyyətli ola bilər.

Niyə fransız alimi Naxçıvan ailəsinə, Nuh türbəsinə və Ordubad bazarına maraq göstərib?

3 şəkli yan-yana qoyduqda maraqlı sual yaranır. Niyə məhz bunlar? Ailə... Türbə... Bazar... Əslində, bu 3 mövzu XIX əsr antropoloji-etnoqrafik ekspedisiyanın maraq dairəsinə tam uyğun gəlir. Ernest Chantre üçün Qafqaz yalnız qədim kurqanların və arxeoloji tapıntıların yerləşdiyi ərazi deyildi. Onun tədqiqat metodunda keçmişlə yanaşı yaşayan əhali, onların məişəti, yaşayış məkanları və ənənələri də mühüm yer tuturdu. Chantre haqqında bioqrafik araşdırmamız onu deməyə əsas verir ki, onun ekspedisiyaları arxeoloji, antropoloji və etnoqrafik müşahidələri birləşdirib. 1881-ci il tarixli ekspedisiyası zamanı foto işi üçün kapitan Barry adlı əməkdaşın cəlb edildiyi də məlumdur.

Lakin haqqında söhbət açdığımız bu 3 şəkli konkret olaraq kapitan Barrynin çəkdiyini demək üçün əlimizdə sübutlar yoxdur. Chantrenin missiyasına aid çoxsaylı fotoalbomlarda Qafqaz görüntüləri toplanıb. Mənbələr Chantrenin ekspedisiya zamanı Fransaya etnoqrafik və zooloji kolleksiyalarla yanaşı, arxeoloji və antropoloji fotoşəkillər də göndərdiyini göstərir.

Bu məlumat Naxçıvan fotolarının Fransaya necə gedib çıxa biləcəyinə dair mühüm ipucu verir. Ən əsaslandırılmış ehtimal isə ondan ibarətdir ki, bu fotolar Chantrenin Zaqafqaziya üzrə elmi fəaliyyəti nəticəsində şəxsi kolleksiyasına daxil olub. Onlar ekspedisiya zamanı çəkilmiş də ola bilər, yerli fotoqrafdan və ya başqa tədqiqatçıdan əldə edilmiş də. Təbii ki, bu sualın dəqiq cavabı üçün fondun kağız inventarları, Chantrenin məktubları, ekspedisiya gündəlikləri və fotoalbomların orijinal annotasiyaları araşdırılmalıdır.

Fotolar eyni səfərdə çəkilibmi?

Hazırda bunu da dəqiq söyləmək mümkün deyil. Muzey hər 3-nü eyni tarix aralığına – 1879-1909-cu illərə aid edir. Bu, fotoların mütləq eyni ildə və ya eyni səfərdə çəkilməsi demək deyil. Amma onların eyni Ernest Chantre fondunda, eyni “Zaqafqaziya, Kiçik Asiya və Suriya elmi missiyası” kontekstində saxlanması araşdırma üçün ciddi əsas yaradır.

Xüsusilə fotoların arxiv nömrələri maraqlıdır: Ordubad bazarı – 44J352, Naxçıvanlı ailə – 44J363, Nuh türbəsi – 44J365. Nömrələrin bir-birinə yaxınlığı diqqət çəkir. Təkcə inventar nömrəsinə əsasən onların ardıcıl çəkildiyini demək olmaz. Çünki arxiv sistemində nömrələmə sonrakı təsnifat zamanı verilmiş ola bilər. Ancaq bu yaxınlıq fondun bütöv şəkildə öyrənilməsinin vacibliyini göstərən əlavə bir işarədir.

Bəlkə, 44J352 ilə 44J365 arasındakı digər fotoların arasında Naxçıvanın daha neçə görüntüsü gizlənir? Məsələn, şəhərin başqa küçələri, məscidlər, karvansaralar, yerli sakinlər, Araz vadisi və ya Culfa? Bu, artıq ayrıca arxiv araşdırmasının mövzusudur.

Hesab edirik ki, fotoların az tanınması onların elmi dəyərini daha da artırır. Bu materialların ən maraqlı cəhətlərindən biri onların internetdə əlçatan olduğu halda geniş ictimai dövriyyəyə, demək olar ki, daxil olmamasıdır.

Burada bir paradoks var. Fotolar bir tərəfdən “gizli arxivdə” deyil – “Musée des Confluences” onu onlayn kataloqda açıq təqdim edir, hətta şəxsi istifadə üçün “JPG” formatında yükləməyə imkan verir. Digər tərəfdən, əgər Naxçıvan tarixini öyrənən tədqiqatçı fransız dilində “Nakhitchevan”, “Ordoubat”, “Fonds Ernest Chantre” kimi açar sözlərlə axtarış aparmırsa, bu materiallara təsadüf etməsi asan deyil.

Muzey 3 fotonun hər biri üçün məcburi kredit kimi “© Musée des Confluences – Fonds Ernest Chantre (44J)” göstərilməsini tələb edir, kommersiya və nəşr istifadəsi üçün isə ayrıca lisenziya proseduru nəzərdə tutur. Bu səbəbdən fotoların ictimaiyyətə tamamilə məlum olmadığını iddia etmək düzgün olmaz. Hər bir halda, fotolar mütləq tədqiqata cəlb olunmalıdır. Bu 3 foto Naxçıvanın tarixçiləri, arxivçiləri, etnoqrafları, antropoloqları və fotoqrafiya üzrə mütəxəssisləri üçün ayrıca tədqiqat obyektinə çevrilə bilər.

Naxçıvanlı ailə fotosu üzrə yerli nəsil şəcərələri və qədim ailə albomları ilə müqayisə aparmaq mümkündür. Nuh türbəsinin fotosu üzrə abidənin sonrakı dövrlərə aid məlum görüntüləri müqayisə edilərək tikilinin hansı dəyişikliklərə uğradığını mərhələlərlə müəyyən etmək olar. Ordubad bazarı fotosunda onun çəkildiyi nöqtəni tapmaq və XIX əsrin sonundakı bazar məkanını rekonstruksiya etmək mümkündür.

Bundan başqa, “Musée des Confluences”dən fotoların yüksəkkeyfiyyətli rəqəmsal surətlərinin, arxa tərəflərinin və paspartular üzərindəki bütün əl yazılarının əldə edilməsi son dərəcə vacibdir.

Fransızların Naxçıvan marağı

XIX əsrin sonlarında Qafqaz Avropa elmi dünyası üçün böyük maraq doğururdu. Burada arxeoloqlar qədim mədəniyyətləri, antropoloqlar regionun əhalisini, etnoqraflar gündəlik həyatı, coğrafiyaçılar isə dağ keçidlərini, yolları və yaşayış məntəqələrini öyrənirdilər. Chantre də məhz həmin elmi mühitin nümayəndəsi idi. Qafqazın, Anadolunun və Yaxın Şərqin müxtəlif bölgələri onun araşdırma coğrafiyasına daxil idi.

Naxçıvan ailəsinin, Nuh türbəsinin və Ordubad bazarının onun kolleksiyasında bir araya gəlməsi buna görə daha çox XIX əsr fransız antropoloji-etnoqrafik marağının Naxçıvandakı izləri kimi görünür. Bu faktın özü isə bizim üçün qiymətlidir. Çünki fransız alimlərinin nə üçün bu fotoları çəkməsindən asılı olmayaraq, Naxçıvanın həmin dövrünə aid görüntülər XXI əsrə gəlib çatıb.

3 foto, bir çox sual…

Bir əsrdən çox vaxt keçib. Fotodakı Naxçıvan ailəsinin üzvləri artıq həyatda deyil. Nuh türbəsinin həmin şəkildə görünən forması dəyişib. Ordubad bazarının ətrafındakı şəhər mühiti də əvvəlki kimi deyil. Amma fotoşəkil zamanı saxlayır. Suallara cavabları isə tədqiqatçılar verməlidirlər:

Fotodakı ailə kimdir? Nuh türbəsinin şəkli dəqiq hansı ildə çəkilib? Bu 3 foto eyni səfərin məhsuludurmu? Onları kim çəkib? Chantre Naxçıvandan başqa hansı fotolar aparıb?

Bunların cavabı bəlkə də yenə Fransadadır – Ernest Chantre fondunun hələ diqqətlə araşdırılmamış qovluqlarında. Bu isə qəti şəkildə o qənaətə gəlməyə əsas verir ki, Naxçıvanın tarixini yalnız öz arxivlərimizdə axtarmaq kifayət etmir. Bəzən doğma şəhərimizin bir əsr əvvəlki siması Parisdə, Londonda, Berlində, Tbilisidə, Moskvada və ya Lyonda bir qovluğun içindən qarşımıza çıxır. 3 foto bunun ən gözəl nümunələrindən biridir.

Bəlkə də Fransada qorunan bu görüntülər Naxçıvanın XIX əsr tarixinin hələ yazılmamış bir neçə səhifəsini açacaq.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universitetinin müəllimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri