Icma.az
close
up
RU
Nazim Hikmətin sevgiləri

Nazim Hikmətin sevgiləri

Turkstan.az-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Nazim Hikmətin sevgiləri.

Muhsin DURUCAN
(türk yazarı)

(tarixi-sənədli esse)

Dördnala gəlib Uzaq Asiyadan
Aralıq dənizinə bir qısraq başı kimi uzanan
bu məmləkət, bizim.
Biləklər qan içində, dişlər qıcılmış, ayaqlar çılpaq
və ipək bir xalçaya bənzəyən torpaq,
bu cəhənnəm, bu cənnət bizim.
Qapansın yad qapılar, bir daha açılmasın,
yox edin insanın insana kölə olmasını,
bu dəvət bizim.
Yaşamaq bir ağac kimi tək və azad
və bir meşə kimi qardaşcasına,
bu həsrət bizim...

N.H.

Seçkilərə az günlərin qaldığı bir zamanda siyasətçilər Dünya şairi Nazim Hikmətin şeirləri ilə nitqlərini davam etdirirlər. “Dəvət” şeiri də onlardan biridir.

Aparılan araşdırmalardan sonra, Nazimi sevənlər üçün Pirayə, Münəvvər və Vera başda olmaqla, Dünya şairinə ilham mənbəyi olmuş, onun həyatına daxil olmuş 12 qadını və Nazimin onlara yazdığı şeirləri toplayaraq oxuculara təqdim edirik.

1.Sabiha xanım
Nazimin yeniyetməlik dövründəki ilk məhəbbəti Əbdülhəmid dövrünün məşhur valilərindən birinin qızı olan Sabiha xanımdır. Nazim, Sabiha xanım üçün “Gözləri qara qadın, o qədər gözəlsən ki” adlı məşhur şeirini yazıb:

“Gözləri qara qadın, o qədər gözəlsən ki,
Çox sevdiyim başına and içirəm mən,
Tünd bir çiçək kimi gözlərin qapanarkən,
Bir dəqiqə sinənin üstündə olsa yerim,
Ömrümü bir udumda əllərindən içərəm.
Gözləri qara qadın, o qədər gözəlsən ki.”

2. Əzizə xanım
Yaş 17… Nazim yenə aşiqdir… Bu dəfə məşhur bir həkimin bacısı olan Əzizə xanıma. Nazim üçün şeirsiz sevgi olarmı?
“Röyaya daldıran şərab təklif et,
Önümdə qəlbimlə gəldim qarşına,
Bu yanan alnıma bir kərə toxun,
Əzizə, gözləri nurdan Əzizə!”

3. Şükufə Nihal
1920-ci illərdə, Erenköy bağlarında, köşklərində şairlər dəstələrlə gəlib ədəbi söhbətlər edirdilər.
Xalidə Nüsrət Zorlutuna “Bir dövrün romanı” adlı əsərində hadisəni belə təsvir edir:
“Şükufə Nihal oxuyandan sonra, gülərək kağızı mənə verdi. Bugünkü kimi xatırlayıram, kağızda şairin o dəlisov yazısıyla eynən bu sözlər yazılmışdı: Mən sizin üçün dəli oluram, siz mənə heç əhəmiyyət vermirsiniz!”

Xalidə Nüsrət Zorlutunanın bacısı İsmet Kür, Şükufə Nihalı belə təsvir edir:
“Şükufə Nihal hər görənə aşiq ya da heyran olan qadınlardandı. Gözəl deyildi çox. Gözləri çuxurdaydı və kiçik idi... Boyu uca deyildi. Bədən cizgiləri diqqət çəkməkdən uzaq idi. Amma zərif idi, hər zaman baxımlı və çox dəbli idi. Dünyaya bir quruş verməyən, özünə çox güvənən bir havası vardı. Onu bu qədər cazibədar edən də bu dünyaya çox da diqqət verməyən halı idi.”

İsmet Kürə görə, Nazim “Bir ayrılıq hekayəsi” adlı şeirini onun üçün yazmışdır:

“Kişi qadına dedi ki:
-Səni sevirəm,
amma necə,
ovucumda şüşə kimi ürəyimi sıxıb
barmaqlarımı qanadaraq
qıraraq
çıldıraraq...
Kişi qadına dedi ki:
-Səni sevirəm,
amma necə,
kilometrlərlə dərin, kilometrlərlə düz,
yüzdə yüz, yüzdə min beş yüz,
yüzdə hədsiz dəfə yüz...
Qadın kişiyə dedi ki:
-Baxdım
dodağımla, ürəyimlə, başımla;
sevərək, qorxaraq, əyilərək,
dodağına, ürəyinə, başına.
İndi nə deyirəmsə
qaranlıqda bir pıçıldama kimi sən öyrətdin mənə...
Və mən artıq
bilirəm:
Torpağın
üzü günəşli bir ana kimi –
ən son ən gözəl uşağını əmizdirdiyini...
Amma nə edim
saçlarım dolanmış
ölməkdə olan barmaqlarına
başımı xilas etməyim
mümkün deyil!
Sən
getməlisən,
yeni doğulmuş uşağının
gözlərinə baxaraq...
Sən
getməlisən,
məni qoyaraq...
Qadın susdu.
SARILDILAR
Bir kitab yerə düşdü...
Bir pəncərə bağlandı...
AYRILDILAR”.

4. Nüzhət xanım
Nazim Hikmət və dostu Vala Nurəddin, kommunizm həvəsi ilə 1921-ci ilin sentyabr ayında Trabzon Limanından mindikləri bir gəmi ilə, macəralı bir səfərlə Sovetlər Birliyinə gedirlər. Burada onlarİstanbul Nişantaşında qonşu olduqları, Mətbuat müdiri Mühiddin bəy və baldızı Nüzhət Bərkin ilə qarşılaşırlar.
Nazim, İstanbuldan bəri tanıyıb bəyəndiyi Nüzhət xanımla sevgi yaşayır. Nazim Hikmət qısqanc bir aşiq idi. Nüzhət xanımı Dağıstanlı yaraşıqlı bir tələbə ilə danışarkən görəndə “Bədənimdəki qurd” şeirini yazır:

"Sən

mənim

Minarə boyda şam gövdəmə,

yumşaq

qurd kimi girdin,

dişlədin!

Makdonaldinin bağırsaqlarında qurdların qidalanması

Mən onu ingilis fəhləsi kimi aparıram

"sən içimdəsən"

Nüzhet xanımla 1922-ci ildə evləndilər. Evləri Nazimın təhsil aldığı Universitetin tələbə yataqxanası idi. Muhittin bəy bu evliliyə qarşı çıxmış, təbii ki, Nazimın ailəsi də bu izdivacı istəmirdi. Nüzhet xanımı fiziki olaraq bəyənmirdilər. Cəmi 4-5 ay bir yerdə yaşadılar. Nüzhet xanımın sağlamlıq problemləri başlayıb. 1923-cü ildə müalicə üçün əvvəlcə Bakıya, sonra isə Türkiyəyə dönüb.
Nüzhet xanımın bu sözləri idealist Nazimdə böyük bir məyusluq yaradıb:
“Bizim də hər kəs kimi bir yuvamız, şirin-şəkər bir evimiz olsun istəməzsənmi, Nazim? Hər axşam mən evimizdə səni gözləyim, rahatlıq içində yaşayaq. Dünyanı düzəltmək sənəmi qalıb?”
1924-cü ilin iyul ayında Nazim Türkiyəyə dönür. Münasibətlərini düzəltməyə çalışsa da, alınmır. 1924 və ya 1925-ci ildə, bir teatrda Nüzhet xanım Nazim Hikmətlə qarşılaşır, amma görməzlikdən gəlir. Nazimı qəzəbləndirən bu hadisədən sonra onlar bir daha görüşməyiblər.
1926-cı ildə isə Nüzhet xanım fəlsəfə müəllimi Mehmet Servet Erkinlə evlənir. Nazim 1932-ci ildə məşhur “Mavi gözlü dev” şeirini yazır. Burada bunu qeyd etmək lazımdır: Memet Fuat (Pirayənin oğlu) bu şeirin anasına yazıldığını desə də, Nazim Hikmətin dostları, Vala Nurettin, Zekeriya Sertel, Kemal Sülker bu şeirin məhz Nüzhet xanıma yazıldığını bildirirlər.

“O mavi gözlü bir dev idi,
Balaca bir qadını sevdi.
Qadının arzusu balaca bir ev idi,
Bağçasında bənövşəyi,
ənbərçiçəyi
açan bir ev.
Bir nəhəng kimi sevirdi nəhəng.
Və əlləri elə böyük işlər üçün
hazırlanmışdı ki,
o evi tikə bilmirdi,
qapısını döyə bilmirdi-
bağçasında bənövşəyi,
ənbərçiçəyi
açan evin.
O mavi gözlü bir dev idi,
Balaca bir qadını sevdi.
Qadın çox balacaydı.
Rahatlığa ac idi qadın,
yoruldu nəhəngin böyük yolunda.
Və “əlvida!” deyib mavi gözlü divə,
girdi zəngin bir cırtdanın qolunda
bağçasında bənövşəyi,
ənbərçiçəyi
açan evə.
İndi anlayır ki, mavi gözlü nəhəng,
Nəhəng sevgilərə qəbir belə ola bilməz:
bağçasında bənövşəyi,
ənbərçiçəyi
açan ev…”

5.Yelena Yurçenko (Lena)
Nazim Hikmət təxminən 9 ay sonra, 1925-ci ilin sentyabrında ikinci dəfə Sovet İttifaqına gedir, daha doğrusu, qaçmaq məcburiyyətində qalır. Bu dəfə diş həkimi Yelena Yurçenkoya (Lenaya) aşiq olur. Lena, Nazimdən bir neçə yaş böyük idi. Çox oxuyan, mədəni, cazibədar bir qız idi. Nazimlə dünyagörüşləri uyğun gəlməsə də, şüurlu, qətiyyətli havası onu cəlb etmişdi.
Onlar 1926-cı ildə evlənirlər. Bu evlilik təxminən 2 il davam edir. Nazim ailəsinə onun fotolarını göndərirdi. Lena onun ailəsi tərəfindən də bəyənilmişdi. Evlilikləri bəzi kitablarda təsdiqlənməsə də, Hıfzı Topuz və Memet Fuat onların evləndiklərini yazır. Ona yazılmış bir şeir məlum deyil. Biz də Nazimın ailəsinə o dövrdə yazdığı məktubu bölüşürük:
“Səhhətim çox yaxşıdır. Lena ilə hər gün sizdən danışırıq. O sizi, uzaqdan çox sevir. Samuşa buradan rus işi olan çox orijinal yaylıq paltar göndərmək istəyirik. Əgər Lenaya ayaqqabı almısınızsa, ölçüsü 37 olsun.”

6.Pirayə
Nazim 1928-ci ildə Türkiyəyə dönür. 3 ay həbsdə qalır.

Bu dövrü illər sonra belə təsvir edəcəkdi:
“Qadınlarla bir daha ciddi münasibətə girməməyə qərar verdim. Hər an həbsə düşə bilərdim. Qətiyyən evlənməməliydim.”
Amma qarşısına Pirayə çıxacaq. İl 1930… Pirayə, Nazim Hikmətin bacısı Samiyənin dostudur. Pirayə, onu tərk edib Parisə gedən əri Vedat Örfidən boşanmaq üzrə olan, iki uşaq anası (Suzan və Məmməd) 24 yaşında bir qadındır. Əvvəldə Pirayənin ailəsi də, Nazimın ailəsi də müxtəlif səbəblərlə bu münasibətə qarşı çıxmışdılar.
Nazim bu sevginin ilk günlərində yazdığı “Çəhrayı bənövşə”, “Aç dostlar” və “Qızıl gözlü çocuk” şeirlərində Pirayəyə “qızılı saçlı uşaq” deyəcəkdi.
“EEEEEEEEEY…
qızım, anam, arvadım, bacım
sən
başında günəşlər əsən
qızılı gözlü uşaq,
qızılı gözlü uşağım mənim;
dəli çığırtılar atıb avaz
-avaz
burnumun ucundan gəlib keçdi də yay,
mən, bir dəstə bənövşə olsun
gətirə bilmədim
sənə!”

1933-cü ildə evlənməyə qərar verirlər. Amma 1933-cü ilin martında Nazim həbs olunur. Pirayə onun sevgilisi idi. Həbsdən 4 ay sonra həbsxana müdiri qızın kim olduğunu soruşduqda “nişanlımdır”- deyir. Artıq məktublarında ona belə müraciət edəcəkdi:
“Nişanlım mənim, üzüyünü ürəyimdə daşıdığım, ürəyimə keçirdiyim sevgili! Sənə elə həsrətəm ki… Nişanlın.”
“Arvadıma Birinci Məktub” adlı şeirində isə belə yazır:

“Balam! Yata bilmirəm!
Görünməz quşlar oxuyur
qızılağacların üstündə.
Alovlu bir tüstü kimi tüstülənir
gözlərimdə saçların!
Saçların qızıl
dodaqların nar
tünd kəhrəba
gözlü sevgilim
Çıxacağımdan
əmin deyiləm.”

7.Semiha Bərqsoy

1934-cü ildə Bursa Həbsxanasında şəhər teatrlarından tanıdığı Semiha Bərksoy onu ziyarətə gələndə bir-birlərinə yaxınlaşırlar. Ağlı Pirayədə olsa da, bu ona mane olmurdu. Nazim Hikmət illər sonra yazdığı “İki sevda” şeirində əslində bu xüsusiyyətindən bəhs etmişdi:
“Bir qəlbdə iki sevda ola bilməz, yalan ola bilər.”

Nazim 16 ay həbsdə qaldıqdan sonra azadlığa çıxır. Pirayə ilə 31 yanvar 1935-ci ildə heç kimə xəbər vermədən və gözlərdən uzaq şəkildə evlənirlər. Bir gün Kadıköy gəmisi ilə gedərkən Səmiha Bərqsoy ilə qarşılaşır. Aralarındakı məhəbbət yenidən canlanır. Səmiha Bərqsoy belə xatırlayır:
“Pilləkənləri qalxırdıq. Birdən “Mən evliyəm, səni ala bilmərəm” dedi. Mən də onu sevirdim. “Olsun” dedim. Onu o şəkildə qəbul etmişdim. Məlum oldu ki, o zaman evli deyilmiş, Pirayəyə evlilik sözü veribmiş.”

Səmiha Bərqsoy xatirə dəftərinə 22 dekabr 1936-cı il tarixində belə yazır:
“Bu səhər studiyaya getdim. Sevgi dolu baxışlarla əlimi sıxdı. Marağı getdikcə artdı. Kani Kıpçakın diqqətini çəkdi. İnsan həyatda bir nəfərləmi, yoxsa bir çox insanlamı maraqlanmalıdır? deyə soruşdu. Nazim isə “Əslində bir sevgi olur, amma əyləncələrin də olması heç pis deyil, lakin sevgi birdir” deyə cavab verdi.”

Nazim Səmiha Bərqsoya şeir yazmayıb, amma bəlkə də sevgilisi opera sənətçisi olduğu üçün “Bu bir röyadır” adlı operea yazmışdı. Baş rolda Səmiha oynadı.

Bu münasibətdən, əlbəttə, həyat yoldaşı Pirayənin xəbəri var idi. Məhməd Fuad, başqa qadınların Nazimə yaxınlıq göstərməsinə dözə bilməyən Pirayənin, Səmiha haqqında sonralar “Dəlisovdur, amma yaxşı qızdır, sevgisi səmimidir” dediyini bildirir.

8. Suat Dərviş

Nazim Birinci Dünya Müharibəsi sonunda yazıçı Suat Dərvişi tanıyır. İkisi də gəncdir. Amma Suat Dərviş o dövr onu bəyənənlərə əhəmiyyət verməyən, bir az şıltaq bir qızdır, sevgili deyillər. Hətta ona həmin dövrdə “Kölgəsi” adlı şeiri yazır:
“Ağlasa da gizləyir gözlərinin yaşını;
Bir dəfə belə əyə bilmədim bu qadının başını.
Nə qədər qürurumu ölümə sürüklədi
Fırtınalar yaradan mənim coşğun qəlbimə.
Cavabları o qədər həyəcanızsızdır ki,
Nə qədər inandım ruhunun heçliyinə.
Nə qədər hiss etdim ki, yenə bu gecə kimi
Gözəlliyin qarşısında ürək dolub çırpınmalıdır.
Nə mehtabın əksinə yelkən açan bir sandal,
Nə də ayaqlarında qırılan incə bir budaq
Onun daş ürəyini məhəbbətə qaçırmır.
Bir çiçəyin qarşısında bir dəqiqə dayanmır...”

1935-ci ilin sonunda gənclik dostu Suat Dərviş ilə yenidən qarşılaşır. Dərviş bu dəfə ona yaxınlıq göstərir. Birlikdə Çamlıca təpələrinə çıxırlar. Fevral ayında yağan qarın əriməsi ilə yaranan palçıqda gəzirlər, söhbət edir, yaxınlaşırlar.

Evə qayıdanda ayaqqabı və şalvarındakı palçıqdan Pirayə şübhələnir, vəziyyəti anlayır. Pirayə, bir vedrə suyu onun üstünə töküb, fevral axşamında eyvana çıxır, “sətəlcəm olub öləcəm” deyir. Nazim güclə içəri keçir.

9. Cahid Uçuk

Nazim o illərdə “Axşam” qəzetində Orxan Səlim təxəllüsü ilə yazılar yazırdı. 22 yanvar 1955-ci ildə duyğusal bir yazı yazır. Bir neçə gün sonra gələn oxucu məktublarından biri duyğu dolu idi, sanki onu təsirləndirmək üçün yazılmışdı. Bu şəxs sonralar hekayə yazarı olan Cahid Uçukdur. 24 yaşındadır. Olduqca gözəl bir qadındır.

Hıfzı Topuz, “Nazim bir qadına durduq yerdə maraq göstərməzdi, amma ona maraq göstərən olsa və xoşuna gəlsə, təsirlənərdi” deyir. Cahid Uçukla münasibətləri də məhz belə oldu.
Cahid Uçuk “Aramızda ruhsal bir yaxınlıq və minnət dolu bir birlik oldu” deyərkən, Nazim, Pirayə ilə barışmaq istədiyi dövrdə Məhməd Fuada yazdığı məktubda belə deyir:
“Mən o hadisəyə ananızın məni sevmədiyi şübhəsinə qapılıb atılmışam. Ananızın məni ihmal etdiyi ya da mənə elə gəldiyi vaxtlarda bu mövzuda pis şeylər etmişəm.”

Nazim əslində bütün bu yaşadıqlarını misralarında dilə gətirmişdir:
“Sevdiyim qadınları dəli kimi qısqandım,
Bu qədər azca qısqanmadım Şarloya belə.
Aldatdım qadınlarımı,
Dostlarımın arxasından danışmadım.”

10. Yenə Pirayə
1938-ci ilin yanvarında Nazım yenidən həbs olunur. Onu iki fərqli məhkəmədən toplamda 35 il həbs cəzası gözləyirdi. Həbsdəykən Pirayəyə sanki yenidən aşiq olur. Möhtəşəm şeirlər yazır. Bizcə, Nazım ən gözəl şeirlərini həmin dövrdə yazmışdır.
Ankara həbsxanasında qol saatının içini boşaltmış və oraya həyat yoldaşı ilə uşaqlarının bir şəklini qoymuşdu. Nazım: “Artıq həmişə gözümün önündədirlər,” deyirdi. Saatın qayışına isə dırnağı ilə “Pirayə” yazmışdı. Uzun illər Pirayənin evində saxlanacaq o saat Nazımın məşhur bir şeirinə mövzu oldu:

“Adını
qol saatımın qayışına dırnağımla yazdım.
Məlumdur ki, olduğum yerdə
nə sapı mirvari bəzəkli bir bıçaq var
(bizə alətlər verilməz),
nə də başı buludlarda bir çinar.
Bəlkə həyətimizdə bir ağac var, amma
göy üzünü başımın üstündə görmək mənə
qadağandır...” 1 Oktyabr 1945

“Dağın üstündə:
axşam günəşi ilə dolu olan bir bulud var dağın üstündə.
Bu gün də:
sənsiz, yəni yarı-yarıya dünyasız keçdi bu gün də.
Bir azdan açar
qırmızı qırmızı:
gecəgülü bir azdan açar qırmızı qırmızı.
Havamızda sakit, cəsur qanadlar aparır
vətəndən ayrılığa bənzəyən ayrılığımızı...”

Pirayəyə güvənməsinə baxmayaraq, tez-tez qısqanclıq böhranları keçirir və ona “Kimə aşiq olursansa ol,” deyə yazırdı.
Buna qarşı Pirayənin ona yazdığı bir məktubda nələr demişdi? (Nazım o məktubları “Ayşəyə məktublar” adı ilə şeirə çevirdi):

“Sən məni qısqanırsan
və mənim gülməyim tutur.
Mən məhəbbəti hörmət,
sevgi,
sədaqət deyə anlayıram
(...)
halbuki eşq sadəcə sevgidi səndə.
Həm də bilirəm bu qısqanclığa niyə düşdüyünü:
mən içəridə olsaydım,
sən çöldə məni aldadardın.
İçəridə olmağıma nə ehtiyac var?
Hər ikimiz çöldəykən də məni aldadmadınmı?
Sən alçaqsan
və çölə çıxar-çıxmaz
yenə məni aldadacaqsan.”

11. Münəvvər Andaç
1948-ci ilin oktyabr ayında yazar Peridə Cəlal ilə birlikdə Nazımı öz dayısının qızı Münəvvər də ziyarətə gəlir. Əslində Pirayə ilə evləndiyi günlərdə Fransadan qayıdan Münəvvərlə qısaca bir yaxınlaşma yaşansa da, Münəvvər rəssam Nurullah Bərklə evlənmiş və bir qızı olmuşdu. Özündən 15 yaş kiçik sarışın saçlı, yaşıl gözlü bu qadınla məktublaşmalar, görüşlər nəticəsində ehtiraslı bir sevgi başlamışdı.
Ona yazdığı ilk şeirin adı belə “Sən” idi:

“Sən əsirliyim və azadlığımsan,
çılpaq bir yay gecəsi kimi yanan ətimsən,
sən vətənimsən.
Sən xəzəl gözlərində yaşıl hərə,
sən böyük, gözəl və müzəffər,
və yaxınlaşdıqca əlçatmaz olan həsrətimsən...”

Daha sonra bu şeirini yazır:

“Xoş gəldin, qadınım, xoş gəldin,
yorulmuşsan;
necə edim də yuyum ayaqlarını,
nə gül suyum, nə gümüş ləyənim var.
Susamışsan;
buzlu şərbətim yoxdur ki, ikram edim.
Acmısan;
ağ kətan örtüklü süfrələr qura bilmirəm.
Odam vətənim kimi yoxsuldur.”

Bu dövrdə yazdığı ehtiraslı şeirlərində Münəvvərin gözlərinin rəngi səbəbindən yaşılı çox görərik.

“Siz işıqda elə tərpənmədən durun,
günəş dayanıb qalsın yaşıl paltarınızda.
Yaram qəflətən açıldı,
qan gövdəni aparır bədənimdə...”

Payız, bahar şeirlərini də ona ithaf etmişdir.

1946-cı ildə Bursa Həbsxanasında yatarkən, dayısının qızı Münəvvərin ziyarətləri daha tez-tez olur. Şairin ürəyinin istəyinə sual olunmurdu və artıq Nazim Hikmətlə Münəvvər arasında eşq başlayırdı. Şair açıqürəkliliklə Pirayəyə məktub yazır və hər şeyi izah edir. Pirayə xanım bu xəbərə çox pis olur, amma bunu heç kimə bildirmir.

Bu vaxt Münəvvər bir uşağı olan evli qadın idi. Onun əri ayrılmaq istəmirdi. Nazim-Münəvvər eşqi çıxılmaz bir hala gəlir. Nazim Hikmət bu vaxtlarda Pirayə xanıma bir məktub göndərir. Məktubda belə yazır:

“Yer üzündə heç bir insan, heç bir insana mənim sənə etdiyim pisliyi etməyib. Bütün bunlara baxmayaraq gəl. Sənə ‘gəl’ deyəcək qədər üzüqara və alçağamsa, nə edim, elə biriyəm. Amma gəl. Və mənə nifrət edərək, məni görmək istəməsən belə gəl, məni bir daha tək buraxma!”

1948-ci ildə Pirayədən boşanmaq qərarı alır. Şairin bu sözləri ilə qərarı təsdiq olunur:
“Bütün bu baş verənlərə baxmayaraq, ən yaxın iki insan olaraq qalacağımızı bilirəm. Ömrümün ən gözəl illəri, ən yaxşı əsərlərim üçün sənə borcluyam. Onlar həm mənəvi, həm də maddi olaraq sənindir.”

Boşanacağını söyləyən Münəvvər birdən qərarını dəyişir və həbsxanaya gəlmir. Bu, Nazim üçün böyük bir zərbə olur. 47 yaşındakı Nazim bu dövrdə yazdığı şeirlərdən biri olan “Zolaqlı Qovaq” şeirində belə deyir:

“Qırxından sonra əzalar təmizlənir,
bu üç dörd, dörd , beş, səkkiz...
sayı sayacaq deyilik,
çünki bunun qırxa qədər
yolu var.”

Nâzım yenidən Pirayəyə məktublar yazaraq barışmaq istədiyini bildirir. Bağışlanmağını istəyir:
“Pirayəm, qızıl saçlı bacım mənim, səni arxadan bıçaqladım. Bir damlası damarlarımdakı bütün qanlara dəyər olan qanına boyandı əlim. Gəl məni bir daha tək buraxma. Ətəyindən öpürəm.”

Amnistiya qanunu qəbul olunmayınca Nazım 7 aprel 1950-ci ildə aclıq aksiyasına başladı. Pirayə həm bu vəziyyətdən, həm də onun yazdığı məktublardan təsirləndiyi üçün onu ziyarətə gəlir. Eyni vaxtda Münəvvər də həbsxanaya gəlir. Bu, Nazımla Pirayənin son görüşü olur.

15 iyul 1950-ci ildə Nâzım azadlığa çıxır. Pirayədən 23 mart 1951-ci ildə boşanır. Üç gün sonra Münəvvər bir oğlan uşağı dünyaya gətirir. Nâzım oğluna çox sevdiyi ögey oğlu Məhmədin adını verir.

49 yaşlı Nazımı əsgərliyə aparmaq istəyirlər. Bunun arxasında fərqli məqsədlər olduğu xəbərləri çıxandan sonra, 17 iyun 1951-ci ildə bir qayıqla gizlicə Varnaya, Buxarestə və sonda Moskvaya gəlir.

Yeddi təpəli şəhərdə qönçə gülünü qoyub getmişdi. Amma həmin dövrdə ona ən yaxın dostu Kəmal Tahirlə Münəvvər arasında münasibət olduğu dedi-qoduları gəlib çatır. Bu, Nazımı sarsıdır. Belə bir şey yox idi, tamamilə yanlış anlaşılma idi, amma bunu qəbul etmək çətin idi. Nazim “Mən, Sən, O” şeirini yazdı:

“o, yalnızca ağaran dan yerini görür
mən gecəni də
sən yalnızca gecəni görürsən
mən ağaran dan yerini də”.

12. Qalina Qriqoryevna Kolesnikova
Nâzım 1952-ci ildə Çində keçirdiyi ilk infarktdan sonra Moskvaya qayıdır və həyatına doktor Qalina Kolesnikova daxil olur. Digər qadınlar kimi Qalina da Nazımə vurulmuşdu. O, Nazımın həkimi, köməkçisi, tərcüməçisi və dostu olur. Yeddi il davam edən bu münasibətə yazılmış şeirlər yoxdur, amma Nazımın 8 millimetrlik kamerası ilə Qalinanın çəkdiyi görüntülər uzun müddət qalacaq.

13. Vera Tulakova
Özündən 30 yaş kiçik bir sarışın qız 1955-ci ildə hazırladığı film üçün kömək istəyir. Vera… “Saçları saman sarısı, kirpikləri mavi, qırmızı dolğun dodaqlı bu qız.”
İlk baxışdan Nazımın qəlbinə girir. Vera evli idi və bir övladı vardı. Ərindən ayrılır, 18 noyabr 1960-cı ildə Nazımlə rəsmən evlənirlər. Artıq onun bütün şeirləri Vera üçün idi.

Veranın Yuxudan Oyanışı
“oyandın, gülüm
kətillər oyandı
küncdən-küncə qaçışdılar
masa da elə
qalxıb oturdu xalça
naxışları açıldı qat-qat
güzgü səhər vaxtı gölü kimi oyandı
açdı böyük mavi gözlərini pəncərələr
oyandı eyvan
boşluqdan ayaqlarını yığdı
qarşı damda bacalar tüstülədi
səkilər, akasiyalar ötdü
bulud oyandı
sinəsindəki ulduzu atdı otağımıza
evin içində və çölündə işıq oyandı
doldurdu saçlarına sənin
dolandı çılpaq belinə, ağ ayaqlarına sənin”

Veraya
“Oka çayından öyrəndim həsrətlərinin dalğın çuxurunui.
Yay gecələri Oka çayı
incə qumları və sədəfləri ilə
ağ bir qadını yuyaraq
axdı otağımda qalın kötükləri arasında
iri damcıları ilə yağış üzüm salxımı idi doğum günündə
sənin
çaşqın və islanmış dayandım önündə sənin
qızılı qübbəli bir ağac idin
dənizin ortasında
ilk yeniyetmə arzularımdan gəlirəm sənə
bu şəhərin mənə verdiyi ən şirin meyvə, ən ağıllı söz, ən insan küçəsisən
günəşli küləyimsən mənim
saçları saman sarısı kirpikləri mavi həyat yoldaşım mənim”.

Səhər Qaranlığı
“Gülüm, çıx yataqdan bir ərik kimi çılpaq
Mavi afişadakı göyərçin kimi aqsan səhər qaranlığında”

Veraya
“İçimdə ətirli
Qızıl bir gül kimi dayanır zaman,
Amma bu gün cüməymiş, sabah şənbəymiş,

Çoxum getmiş də, azım qalmış, vecimə deyil”.

Veranın rəsmi adlı şeiri isə belədir:
“Heç kim çəkə bilməz sənin rəsmini
Sən öz rəsmini özün də çəkə bilməzsən
Bir açılıb bir bağlanır ürəyində qapılar
Sənin rəsmini mən çəkəcəyəm.”

Həkim ona: “Eşqsiz 10 il yaşarsan, aşiq olsan 3 il” demişdi. Elə də oldu. 3 iyun 1963-cü il günü böyük şair bu möhtəşəm şeirlərini geridə buraxaraq dünyadan köçdü. Pasportunun içindən öz əli ilə yazılmış bu şeir çıxdı:

“Gəlsənə dedi mənə
Qalsana dedi mənə
Gülsənə dedi mənə
Ölsənə dedi mənə
Gəldim
Qaldım
Güldüm
Öldüm.”

Nazım Hikmət, 3 iyun 1963-cü ildə vətən həsrəti ilə dünyasını dəyişdi. Vera, şairin ölümündən sonra heç kimlə ailə qurmadı, 2001-ci ildə Moskva şəhərində vəfat edir.

Onun uzun bir şeirinə qayıdaraq, bu uzun və mənalı yazımızı yekunlaşdırırıq:

Qoyun kimisən, qardaşım
Əqrəb kimisən, qardaşım,
Qorxaq bir qaranlıq içindəsən əqrəb kimi.
Sərçə kimisən, qardaşım,
Sərçənin təlaşındasan.
Dəniz qurdu kimisən, qardaşım,
Onun kimi qapalı, rahat.
Və sönmüş bir vulkan ağızı kimi qorxuncsan, qardaşım.
Bir deyil,
Beş deyil,
Yüz milyonlarcasan, təəssüf ki.
Qoyun kimisən, qardaşım,
Qoca çoban qaldırınca çomağını
Sürüyə qatılırsan dərhal,
Və sanki qürurlu, qaçırsan sallaqxanaya.
Dünyanın ən qəribə məxluqusan, yəni,
Dəniz içində olub,
Dənizi tanımayan balıqdan da qəribə.
Və bu dünyada, bu zülm
Sənin sayəndədir.
Və əgər acıqsa, yorğunuqsa, qan içindəyiksə
Və hələ şərabımızı vermək üçün üzüm kimi əziliriksə,
Günah səndədir,
Deməyə dilim gəlmir, amma
Günahın çoxu səndədir, “CANIM QARDAŞIM!”

Nazım Hikmət RAN

Çevirəni: Firuz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov sabah Hakan Fidanla hansı məsələləri müzakirə edəcək DETALLAR

23 Fevral 2025 14:55see185

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see140

Türk ulduz La Liqa nəhənginin radar ında

23 Fevral 2025 19:26see119

İran ordusu amfibiya desant əməliyyatı həyata keçirdi

24 Fevral 2025 00:51see116

Ədalət Şükürov gənclik illərində… Foto

23 Fevral 2025 15:47see116

Hər iş sahibinə dönər...

23 Fevral 2025 22:01see115

Sürət həddi endirildi

23 Fevral 2025 22:09see112

MİDA nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? ARAŞDIRMA

24 Fevral 2025 09:10see112

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see111

Lukman İngiltərə yolunda

24 Fevral 2025 11:25see111

Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

24 Fevral 2025 08:00see111

Bakı Sumqayıt yolunda “BMW” yandı VİDEO

23 Fevral 2025 20:26see111

Abşeronun bu kəndinin yollarına xüsusi texnikalar cəlb edildi FOTO/VİDEO

23 Fevral 2025 22:07see111

Məktəbin qar, təhsilin isə ekologiya dərdi Şagirdlərin xəbərsiz qaldığı təhlükələr

23 Fevral 2025 23:52see110

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

23 Fevral 2025 21:37see110

Hizbullah tərəfdarları Beyrutda: döyüşə hazır vəziyyət

23 Fevral 2025 16:58see110

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see110

Napoli uduzdu, liderliyi itirdi VİDEO

23 Fevral 2025 22:07see108

Balıq qiymətləri əl yandırır Ekspert səbələrdən danışdı

24 Fevral 2025 14:23see107

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri