Nazirlər Milli Məclisə gəliblər: üç günlük müzakirə başlayıb
Parlamentdə gələn ilin dövlət büdcəsi müzakirə edilir: pensiya və əməkhaqlarında artım vədi verilib
Bu gün Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələrin müzakirəsinə başlanılıb. Parlamentin iclasında Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Noyabrın 25-dən 27-dək keçiriləcək iclaslarının gündəliyinə 12 məsələ daxil edilib.
İclasa sədrlik edən Milli Məclis sədri Sahibə Qafarova çıxışında xatırladıb ki, iki gün əvvəl Bakıda BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatıb: “Hesab edirəm ki, tədbirin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq. Bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünyamiqyaslı tədbiri ən yüksək səviyyədə keçirməklə Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi və yeni mötəbər toplantıların keçirilməsi imkanlarını daha da artırdı.
Spiker: “Sosial sahəyə böyük əhəmiyyət verilir, insanların rifah halı daha da yaxşılaşdırılır”
“Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar və strateji təşəbbüslər sayəsində Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb, regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib”, - deyən spiker vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf strategiyası ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir: “Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ölkəmiz COP29 konfransı ilə əlaqədar, yaşıl enerjiyə keçid sahəsində irimiqyaslı layihələr həyata keçirir. Qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və texnologiyalar kimi sahələrə böyük diqqət yetirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişaf perspektivlərini genişləndirir”.
“Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi, milli gündəliyimizin ön sıralarındadır, məqsədyönlü investisiyalar, həyata keçirilən infrastruktur, ağıllı şəhər və kənd layihələri sayəsində Qarabağ və Şərqi Zəngəzur tərəqqi və innovasiyalar mərkəzinə çevrilir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, insanların rifah halı daha da yaxşılaşdırılır. Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar sayəsində Azərbaycan regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizdə əsas yerləri tutur. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, əməkhaqqı və pensiyalar artırılır”, - deyə sədr qeyd edib.
S.Qafarova deyib ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddədir: “2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 2025-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilib”.
Komitə sədri: “Dövlət büdcəsi bir qayda olaraq qlobal iqtisadi trendlərin təsirinə məruz qalır”
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxışında bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi hər şeydən əvvəl ölkə Prezidentinin müəyyən etdiyi strateji vəzifələri və təşəbbüsləri, yeni dövrün çağırışlarını, milli iqtisadiyyatımızın artım və inkişaf meyillərini, milli inkişaf prioritetlərindən irəli gələn sosial iqtisadi hədəfləri aydın bir şəkildə əks etdirir və bunların hər birinin reallaşdırılması üçün maliyyə təminatı yaradır: “Milli iqtisadiyyatımız və dövlət büdcəsi bir qayda olaraq qlobal iqtisadi trendlərin təsirinə məruz qalır. Aparıcı iqtisadiyyatlarda həyata keçirilən sərt monetar siyasət, davam edən geosiyasi münaqişələr fonunda qlobal iqtisadi artım həm 2024-cü, həm də 2025-ci ildə 3,2 faiz proqnozlaşdırılır. Dünya qiymət indekslərinin təhlili qlobal inflyasiya təzyiqlərinin cari ildə olduğu kimi, növbəti ildə də azalacağı ehtimalını yaradır. Dünya iqtisadiyyatında artımı stimullaşdıran tədbirlərin həyata keçiriləcəyi gözlənilir”.
“Qeyd olunanları nəzərə alaraq, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın yaratdığı imkanlardan faydalanmalı, qlobal riskləri isə neytrallaşdırmalıdır. Hesab edirik ki, ölkəmiz mümkün konyuktur risklərdən sığortalanmaq üçün müvafiq təhlükəsizlik yastığına malikdir. Xüsusi olaraq vurğulamaq istərdik ki, qlobal iqtisadiyyatdakı geosiyasi amillərdən doğan qeyri-müəyyənliklər fonunda növbəti ilin dövlət büdcəsi bir sıra makroiqtisadi göstəricilərlə dəstəklənir”, - deyə komitə sədri əlavə edib.
“Minimium əmək haqqı və pensiyalar artırılacaq”
A.Əmiraslanov deyib ki, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, müharibə iştirakçılara qayğı və diqqət gələn il də davam edəcək: “Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 %-dən 5,2 %-ə endirilib. Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır. Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir. Bu istiqamətə 4 milyard manat vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir. Növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. Xatırladaq ki, Vətən müharibəsində təkcə ordumuz döyüşmürdü, döyüşən həm də büdcəmiz, iqtisadiyyatımız idi. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan sosial büdcəsi Ermənistanın 2025-ci il üçün proqnozlaşdırdığı büdcə gəlirlərini 30-50 % üstələyir”.
“2025-ci ilində dövlət büdcəsi Prezidentin müəyyən etdiyi təşəbbüsləri, milli inkişaf predmetlərindən irəli gələn sosial iqtisadi hədəfləri əhatə edir. Gələn ilin büdəcəsi artandır, 3-4 faiz ÜDM artacaq. Gələn il inflyasiya 4-6 faiz olacağı gözlənilir. Büdcə kəsiri 3 milyarddan bir az çox olacaq. Dövlət büdcəsinin 49 faizi neft, 51 faizi isə qeyri-neft sektorundan gələcək. Şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı gələn il də davam etdiriləcək. Minimium əmək haqqı və pensiyaların artırılması, pensiyaların indeksləşdirilməsi gözlənilir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir”, - komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, hazırda ölkənin valyuta ehtiyatları 73 milyard ABŞ dolları təşkil edir ki, bu da ilin sonuna gözlənilən ümumi daxili məhsulun dəyərinə bərabər olmaqla 5,3 milyard ABŞ dolları təşkil edən birbaşa xarici borcdan 14 dəfə çoxdur: “Azərbaycanın büdcəsinin sosial xərcləri 50 faiz Ermənistanı üstələyir”.
Nazir: “Gələn il sosialyönümlü xərclər 1,6 dəfə çox olacaq”
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin sosialyönümlü xərcləri 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 6,313 milyard manat və ya 1,6 dəfə çoxdur. Onun sözlərinə görə, Prezidentin müvafiq tapşırığının icrası istiqamətində növbəti ildə sosial yönümlü xərclərin əsasını təşkil edən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırlması üçün dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub: "Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün gələn il dövlət büdcəsindən 4,812 milyard manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə 420 milyon manat və ya 9,6 % çoxdur".
“Dövlətimizin başçısının qarşımızda qoyduğu tapşırıqların icrasının təmini 2025-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən əsas götürülüb. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasının məqsədlərinin reallaşması, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiənin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr kimi qəbul edilib. 2025-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsində təklif olunan 41 milyard 367,7 milyon manat həcmində dövlət büdcəsi xərclərinin üçdə ikisi və yaxud 27 milyard 691 milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaqdır”.
“O cümlədən, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyon manat həcmində və yaxud dövlət büdcəsi xərclərinin 9,7 faizində vəsaitin ayrılması nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərdə bunun sayəsində müasir infrastruktur yaradılması, şəhər və kəndlərin yaşayış yerlərinin tikintisi ilə bağlı aparılan fasiləsiz işlərin davam etdirilməsi təmin olunacaq. Ölkəmizin hərbi potensialını gücləndirməsi, təhlükəsizliyin təmin edilməsi və ordu quruculuğunun daha da modernləşdirilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı xərclərinə 8,4 milyard manat məbləğində və yaxud dövlət büdcəsi xərclərinin 20,3 faiz həcmində vəsait yönəldiləcək. Bu da 2024-cü ilin proqnozuna nisbətən 1 milyard 270 milyon manat və yaxud 17,8 səkkiz faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə 2 milyard 542 milyon manat və yaxud 43,4 faiz çoxdur”.
“Gələn ilə neftin 70 dollar, 2026-2028-ci illərə isə 65 dollar olacağı proqnozlaşdırılır”
“Cari ilin oktyabr ayında Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım tempini cari və növbəti ildə 3,2 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycan iqtisadiyyatı isə həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirir”. Bu sözləri isə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, 2024-cü il nəzərə alınmaqla 2019-2024-cü illərdə ölkədə real ümumdaxili məhsulun 14,4 faiz, qeyri-neft qaz sektorunda isə real ümumdaxili məhsulun 1,3 üç dəfə artması gözlənilir: “Adambaşına düşən ümumi daxil məhsul COVID pandemiyasından əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir”.
M.Cabbarov onu da qeyd edib ki, gələn ilə neftin 70 dollar, 2026-2028-ci illərə isə 65 dollar olacağı proqnozlaşdırılır: “Proqnozlaşdırılan qiyməti də nəzərə almaqla, 2025-ci ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar olacağı nəzərdə tutulur”.
"Növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”nın icrası ilə bağlı deyim ki, yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib. Burada layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”, - deyə nazir bildirib.
Baş bankir: "2025-ci ildə inflyasiyanın 5,8 faiz olacağı proqnozlaşdırılır”
Mərkəzi Bankın sədri Taleh Kazımov çıxışında qeyd edib ki, bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur: “Bir ildən yuxarı milli valyutada əməliyyatların payı 56 %-ə artıb. Bu islahatlar bank sektorunda olan inama müsbət təsir edib. Son illər ərzində xarici valyutada əmanətlərin payı azalıb. 2024-cü ilin oktyabrında bu göstərici 34 % olub. Digər tərəfdən, cari ildə ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 56 milyard manata çatıb”.
"2025-ci ildə inflyasiyanın 5,8 faiz olacağı proqnozlaşdırılır. Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır. Qiymətləndirmələr göstərir ki, 2024-cü ilin 10 ayında ticarət tərəfdaşlarında inflyasiya ölkədə inflyasiya səviyyəsinə 6,1 faiz bəndi artıcı təsir göstərib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi isə 3,1 faiz bənd azaldıcı təsir edib.Qeyd olunanları nəzərə alsaq, xarici amillərin birbaşa xalis təsiri 3 faiz bənd artıcı olub. Mərkəzi Bankın oktyabr proqnozuna görə, 2024-cü ilin sonuna inflyasiyanın 5,1 faiz olacağı gözlənilir", - deyə baş bankir əlavə edib.
Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi daha iki gün davam edəcək. İclaslarda deputatlar büdcə ilə bağlı irad və təkliflərini səsləndirəcəklər.