Nazirliyin 22 il gizlətdiyi cinayət "Köməkçisinin kartına 3700 manat pul atdım" VİDEO/FOTO
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Şirvan Milli Parkı ərazisində yaşayan və uzun illərdir heyvandarlıq fəaliyyəti ilə məşğul olan Abdullayevlər ailəsi redaksiyamıza müraciət edərək, parkın direktoru Nizaməddin Tağıyevin ailədən ərazidə qalmaq üçün 20 min manat pul tələb etdiyini bildirmişdi. Şikayətçinin dediyinə görə, bu tələb yerinə yetirilmədiyi üçün o, qış mövsümündə park əməkdaşları tərəfindən fermadan zorla çıxarılıb. Nəticədə yüzlərlə xırdabuynuzlu heyvan nəzarətsiz qalıb və səhralıq əraziyə buraxılıb. Onların bir hissəsi, o cümlədən yeni doğulmuş quzular tələf olub. Ailənin fermaya yaxınlaşmasına və heyvanlara sahib çıxmasına isə imkan verilməyib.
Abdullayevlər ailəsinin təqdim etdiyi sənədlərə əsasən, Salyan Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə onların təsərrüfatdan çıxarılması ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin icrasına 6 ay möhlət verilib. Lakin ailə iddia edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu qərarı nəzərə almayaraq, onlardan dərhal fermandan çıxmalarını tələb ediblər. Hətta buna nail olmaq üçün əraziyə hücum çəkərək, Abdullayevlərə qarşı qeyri-insani hərəkətlər ediblər.
Bakupost.az -ın əməkdaşı məsələ ilə bağlı son vəziyyəti öyrənmək üçün bu gün yenidən ailə ilə əlaqə saxlayıb. Təsərrüfatın sahibi Əmir Abdullayev bildirib ki, vəziyyət hələ də dəyişməyib, onları parka buraxmırlar, heyvanların aqibətindən isə xəbər yoxdur:
“27 baş qoyunumu qaytarmırlar. Polisə də gedəndə deyir ki, 102-yə verirsən, nə edirsən et, məsələ məhkəmədə həll olunmalıdır. Deyirəm, bunu araşdırın, sonra mən gedim məhkəməyə verim. Məhkəmə müraciət edənə qədər axı bu heyvanlar çöldə itib-batır. Canavar, çaqqal gəlib yeyəcək onları, quzular da acından öləcək? Hələ də 27 baş qoyunu tapa bilmirik. 2 gün bundan qabaq Salyan Rayon Polis Şöbəsinin rəisi qəbula çağırmışdı. Xahiş etdim ki, nümayəndə göndərin, gedib baxış keçirsin. Bu quzuların anası yoxdur. Hələ də tapılmır. Əlimdə məhkəmə qərarı ola-ola mənim fermaya girişimə məhdudiyyət qoyulub.

Mən direktora 5 min manat pul vermişdim, o pulun 3700-nü köməkçisinin kartına atmışdım ki, qışda bura dəyməyəcək. İndi direktor deyir ki, ondan pul almış olsaydım, o məni tutdurardı. Pulu ona görə atmışdım ki, guya məni qış ayında burada saxlayacaqdılar, amma indi də saxlamırlar. Deyirlər ki, çoban adamdır da, dərdini kimədeyəcək. Amma kart qalıb. Atdığım məbləğ və s. Hətta orada qeyd edirdilər ki, işçilər bilməsinlər. Bu insanlar mənim pulumu alıb qışın günündə çöldə saxlayırlar”.

Ə.Abdullayev bildirib ki, ötən ayın 19-da Birinci vitse-prezidentin köməkçilərinin qəbulunda olub:
"Onlar bu həftənin 2-ci gününə kimi mənə məlumat veriləcəyini bildirdilər. Qış ayı olduğundan mənə möhlət verilməli idi. Park rəhbərliyi informasiyanı elə verir ki, guya mən buranı uçurub-dağıdıram, ona görə icazə vermirlər. Amma halbuku ferma 1963-cü ildən buradadır. 22 ildir Şirvan Milli Parkı yaranıb, ferma hər zaman həmin ərazidə olub. Yəni mən gecə ilə gətirib orada ferma tikməmişəm. Düzdür, Apellyasiya qərarı olub ki, çıxarılsın. Amma Salyan məhkəməsinin qərarı var ki, möhlət verilsin, qışdır. Keçən dəfə müdirə zəng etmişəm, deyir, canın çıxsın, get özün axtar, mən sənə qoyun axtaranam? Deyirəm, bunları sənin işçilərin mənim tövləmdən açıb aparıblara, hara aparıblarsa, yerini özləri bilir, versinlər, balaları acından ölür. Deyir, get, özün axtar. Bu günə qədər 27 baş qoyunum tapılmır”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bakupost.az -a bildirilib ki, fermer ərazidən məhkəmə qərarına əsasən çıxarılıb. Sahibkarın səhralıq əraziyə buraxılan qoyunlarını axtarmasına nədən şərait yaradılmaması barədə suala isə aydınlıq gətirilməyib.
Ümumiyyətlə, nazirlik əməkdaşlarının fermerə qarşı haqsızlığı ilə gündəmə gələn bu məsələdə aydınlıq gətirilməli, hətta ölçü götürülməli bir çox məqamlar var. Məsələn, biri elə xüsusi ekoloji ərazinin mühafizə qaydalarının pozulması. Belə ki, Şirvan Milli Park ətraf mühitin mühafizəsi, nadir bitki və heyvan növlərinin, xüsusən də ceyranların qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə yaradılıb. Parkın əsasənaməsinə görə, onun ərazisindən yalnız ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və istirahət (rekreasiya) məqsədilə istifadə oluna bilər. Şirvan Milli Parkının rəhbərliyi isə ötən 22 il ərzində burada qanunsuz olaraq, fermaların fəaliyyətinə, qoyun sürülərinin saxlanılmasına şərait yaradıb və ETSN rəhbərliyi bu barədə heç bir tədbir görməyib. Nazirlik əməkdaşlarının vəhşiliyi ilə üzləşən fermerin sözlərindən aydın olur ki, Park rəhbərliyi bu addımı heç də xeyirxahlıq məqsədilə atmayıb. Fermerlərə şərait yaradılması müqabilindən hər il onlardan konkret məbləğlər alınıb. Parkın yeni direktoru isə görünür, daha da qabağa gedərək dərhal "qaz vurub qazan doldurmağa" çalışıb. Hər halda fermer Əmir Abdullayev iddia edir ki, heyvanlarını Park ərazisində saxlamaq üçün ondan illik 20 min manat rüşvət tələb olunub. Elə bu şərti yerinə yetirmədiyinə görə də, onu parkın ərazisindən çıxarıblar, heyvanlarını isə vəhşi təbiətə buraxıblar. Əlbəttə, bir nazirlik üçün sadə bir çobanı cəzalandırmaq, onu haqsız çıxarmaq, sahib olduğu hər şeyi əlindən almaq heç də çətin deyil, necə ki bu, Abdullayevlərin timsalında baş verir. Maraqlıdır bəs, xüsusi mühafizə olunan ərazini 22 ildir icarəyə verənlər, bunun müqabilində hər il külli miqdarda rüşvət alanların cəzası nədir? Və onlar niyə cəzalandırılmırlar?
Lalə, BakuPost








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















