Neft ehiyatlarımızın və hasilatın azaldığı dövrdə qeyri neft sektorunun inkişafı üçün sahibkarlara dəstək verilməlidir
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliklər çərçivəsində deputat Tahir Mirkişili sahibkarlara yeni güzəştlərin tətbiqini təklif edib. O, xüsusilə yeni iş yerləri açan və əməkhaqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq edilməsinin vacibliyini vurğulayıb. Deputatın fikrincə, bu təşəbbüs həm sahibkarların fəaliyyətini asanlaşdıracaq, həm də işsizlik səviyyəsinin azalmasına töhfə verəcək. Eyni zamanda, gənc mütəxəssislərin əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə ilk dəfə işə başlayan universitet məzunlarına da vergi güzəştlərinin tətbiqi təklif olunur. Bu addımların həyata keçirilməsi vergi bazasının genişlənməsinə, iqtisadi fəallığın artmasına və sosial rifahın yaxşılaşmasına imkan yaradacaq. Bu barədə APA-da qeyd olunub.
Bu təkliflər məşğulluğun artırılması və sahibkarlığın stimullaşdırılması baxımından nə qədər effektiv olacaq faydalı ola bilər?Daha hansı şərtlər güzəştlər sahibkarların fəaliyyətinə müsbət təsir edə bilər və vergidənyayınma hallarına önləyici, çəkindirici tədbir ola bilər?Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında əmək fəaliyyəti ilə bağlı məsələlər üzrə ekspert Valeh Umarov bildirib ki, Milli Məclisdə müzakirə olunan vergi güzəştlərinin verilməsi qısamüddətli dövr üçün müəyyən müsbət nəticələr yaradacaq: “Milli Məclisdə məşğulluğun artırılması və iqtisadi inkişafa təkan vermək məqsədilə vergi güzəştlərinin həcminin genişləndirilməsi müzakirə edilir. Təkliflərdə yeni iş yeri açan, işçilərin əmək haqlarını artıran işəgötürənlərə 1 il müddətində bütün vergilərdən 50% güzəşt nəzərdə tutulur. Hazırda Vergi Məcəlləsinin 102-ci və 106-cı maddərində həm fiziki şəxslərin muzdlu işdən əldə etdikləri gəlirlərə, həm də sahibarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər üzrə xeyli sayda güzəştlər və azadolmalar var. Fikrimcə, Vergi Məcəlləsində nəzərdə tutulmuş 2019-cu ilin yanvarın 1-dən 2026-cı ilin yanvar ayının 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərdə müzdlu işə cəlb edilən işçilər üçün tətbiq edilmiş 7 illik güzəşt həm rəsmi məşğulluğun artırılması, həm də kölgə iqtisadiyyatının azaldılması üçün çox uğurlu addım oldu.
Düşünürəm ki, Milli Məclisdə müzakirə olunan vergi güzəştlərinin verilməsi qısamüddətli dövr üçün müəyyən müsbət nəticələr yaradacaq. Lakin uzunmüddətli nəticə axtarırıqsa, məsələyə başqa prizmadan yanaşmalıyıq. Heç kimə sirr deyil ki, uzun müddət Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsi neft-qaz sahəsinin payına düşürdü. Neft ehtiyatlarımızın və neft hasilatının azaldığı dövrdə qeyri-neft sektorunun inkişafı labüddür. Bunu da sahibkarlara lazımı dəstək verilməsi yolu ilə əldə etmək olar.
Valeh Umarov qeyd edib ki, hər bir güzəşt tətbiq edilərkən bunun büdcə daxilolmalarına mənfi təsiri də qiymətləndirilməlidir: “Demək olar ki, hər il Vergi Məcəlləsinə dəyişikliklər edilir və işəgötürənlərə müəyyən vergi güzəştləri verilir. Bu güzəştlərin bir çoxu gəlir və mənfəət vergisi ilə bağlıdır. Məşğulluğun artırılması və sahibkarlığın inkişafı üçün gəlir vergisindən başqa, məcburi dövlət sosial sığorta haqlarının da azadılması effektiv nəticələr vəd edə bilər. Güzəştlərin xüsusilə sığortaedən tərəfindən ödənilən sosial sığorta haqları istiqamətində olması əhəmiyyətli dərəcədə faydalı ola bilər. Hazırda özəl sektorda işəgötürən 800 manat gross əməkhaqqı üçün 4 manat işsizlikdən sığorta haqqı, 16 manat icbari tibbi sığorta haqqından başqa, sırf 134 manat MDSS haqqı ödəyir. Beləliklə, 800 manat əməkhaqqı hesablanan işçi üçün sahibkar ümumilikdə 954 manat xərcləməlidir. Mövcud qaydalara görə, Sosial Sığorta haqqında Azərbaycan Respublikası qanununun 14.4-cü maddəsinə əsasən MDSS haqlarından 200 manatadək 22%, 200 manatdan yuxarı olan hissə üçün isə 15% sığortaedənin vəsaiti hesabına ödənilir. Son nəticədə sahibkar MDSS haqlarını gəlirdən çıxılan xərclərə aid etməklə digər vergi yükünü azaltsa da, qüvvədə olan faiz dərəcələrinin azadılması sahibkarlara dəstək metodlarından biri olmaqla yanaşı, rəsmi məşğulluğun artırılması və şəffaflığın yüksəldilməsi kimi iqtisadiyyata dayaq rolunu oynaya bilər. Təbii ki hər bir güzəşt tətbiq edilərkən bunun büdcə daxilolmalarına mənfi təsiri də qiymətləndirilməlidir.
İllərdir Azərbaycanda istehsal sferasının gücləndirilməsi yönündə islahatlar aparılır. Bu islahatlar qismən nəticə versə də, hələlik mühüm nəticə görsənmir. Ona görə də, güzəşt tətbiq ediləcəyi təqdirdə bu ilk növbədə mikro və kiçik sahibkarlıq subyektlərini və istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərini əhatə etməlidir. Bununla, həm ölkəmizin istehsal sferası müsbət tendensiyada artım göstərər, həm də sahibkarlara dəstək verilməklə ümumi iqtisadi inkişafa nail oluna bilər”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 21 Noyabr 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















