Icma.az
close
up
RU
“Neftdən və Qarabağdan sonrakı Azərbaycan…” Zahid Oruc

“Neftdən və Qarabağdan sonrakı Azərbaycan…” Zahid Oruc

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Vətən müharibəsində parlaq Qələbədən sonra Azərbaycan iqtisadiyyatının qarşısında yeni çağırışlar və perspektivlər açıldı. Zəngin neft ehtiyatları qədim Bakını iki əsr yarımdan artıq dünya iqtisadi xəritəsində geosiyasi mübarizələrin mərkəzində saxlayıb. XX əsrin sonunda “Əsrin müqaviləsi”, boru kəmərləri və enerji təhlükəsizliyi Azərbaycanı Qərb, Türkiyə və region üçün strateji məkana çevirdi. Milli lider Heydər Əliyev 1998-ciildə ermənistanlı həmkarı Levon ter Petrosyanın devrilişinə yol açan neft müharibəsini qazanmaqla Bakını ABŞ, Qərb şirkətləri və region dövlətlərinin maraqları arasında təhlükəsizlik paytaxtına çevirdi və gələcək Zəfərin təməllərini qoydu. İndi müasir Bayraktar və LORA sistemləri ilə XXI əsrin müharibəsini qalibiyyətlə başa vuran bir dövlətin siyasi gündəliyində Qarabağ erasının bağlanması və neft hasilatının azalması fonunda cazibə qüvvəsinin yerini nəyin tutacağı bir nömrəli məsələdir.

Yeni mərhələdə - Qalib Yüz İlin başlanğıcında yaranan sual əvvəlki illərdə dəfələrlə ölkə başçısının dilindən səslənib: İlham Əliyev hələ 2015-ci ildə “biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq” deyirdi, sənaye, kənd təsərrüfatı, turizm və informasiya-kommunikasiya texnologiyalarını gələcək inkişafın dayaqları kimi göstərirdi. Prezident 2016-cı ildə uzaqgörənliyi daha konkret iqtisadi formulla ifadə olunmuşdu: “elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur” və artıq “postneft dövründə yaşadığımızı” bildirirdi.

İndi ölkə yeni çağırışlara Əliyevin liderliyi ilə son 23 ildə formalaşdırdığı enerji strategiyası, böyük maliyyə ehtiyatları, yeni infrastruktur quruculuğu, ərazi bütövlüyü və sülhün açdığı kommunikasiya imkanları ilə daxil olur. Post-neft kursuna keçid xarici maliyyə qurumlarının diktəsi ilə edilmir, ölkənin daxili iqtisadi və strateji tələbatından, yeni mərhələnin yol xəritəsini milli maraqlara uyğun müəyyənləşdirmək zərurətindən irəli gəlir.

BVF-nin 2026-cı il qiymətləndirmələri də keçid zərurətini konkret rəqəmlərlə göstərir: 2025-ci ildə real artım 1,4 faiz olub, 2026-cı il üçün 2,1 faizlik ümumi, 3,7 faizlik qeyri-neft artımı proqnozlaşdırılır. Fond azalan karbohidrogen hasilatı şəraitində özəl sektorun aparıcı olduğu diversifikasiyanı, əmək məhsuldarlığını, maliyyə bazarlarının dərinləşdirilməsini və dövlət müəssisələrinin səmərəliliyini əsas prioritetlər kimi göstərir. Azərbaycan tarixi transformasiyaya bir çox dövlətlər kimi böhran zamanı məcburi getmir, güclü maliyyə ehtiyatları ilə-2026-cı ilin ortalarında Mərkəzi Bankla Dövlət Neft Fondunun birgə aktivləri 86 milyard dollara yaxınlaşan dövründə qərar verir. Neft hasilatının azalması iqtisadi kursun formatlanması üçün vaxt məhdudiyyətini göstərən vacib siqnaldır.

Üç respublika və üç fərqli iqtisadi başlanğıc

Ölkəmiz post-neft dövrünə müharibədən və Qarabağdan sonra iki tarixi mirasdan uğurla keçərək daxil olur. Lakin gələcək iqtisadi modeli müəyyənləşdirmək üçün Cənubi Qafqazın yüz il əvvəlki start vəziyyətinə diqqət yetirmək lazımdır. Azərbaycan, Gürcüstan və Ermənistan 1918-ci ildə Zaqafqaziya Seymindən ayrıldıqdan sonra eyni siyasi zamanda müstəqil dövlət qurmağa başlasalar da, fərqli iqtisadi göstəricilərə malik idilər.

Azərbaycanın əsas üstünlüyü zəngin nefti və onun ətrafında yaranmış iri sənaye kapitalı, İran və Rusiya arasında dəmir yolu və tranzit daşımaçılığından formalaşırdı. Gürcüstanın regional bazarda iqtisadi statusu Cənubi Qafqazın inzibati və ticarət mərkəzinə çevrilməsi, Qara dənizin mövqeləri, kənd təsərrüfatı və emal potensialından qaynaqlanırdı. Ermənistan isə daha məhdud sənaye və resurs bazası, əsasən aqrar təsərrüfat və müəyyən mədənçilik imkanları ilə yeni dövlət qururdu.

Çoxəsrlik siyasi-iqtisadi dəyişiklikləri və resurs fərqlərini müqayisəli şəkildə araşdıran dünya miqyaslı azərbaycanlı alim Çapay Sultanovun “Политические и экономические этюды по Южному Кавказу: хроника с 1850 по 2010 гг.” əsəri xüsusi əhəmiyyət daşıyır. Müəllifin gətirdiyi məlumatlara görə, 1918-ci ildə Bakı nefti keçmiş Rusiya imperiyasının neft hasilatının 82,6 faizini təşkil edirdi. Sultanov “Near East” jurnalının həmin il Bakını “dünyanın ən böyük neft mərkəzi” adlandırmasına da xüsusi yer ayırır.

1918-ci ilin dekabrından 1919-cu ilin avqustunadək Britaniya qüvvələrinin Bakıda olduğu doqquz ay ərzində 30 milyon puda qədər neft şəhərdən çıxarılmış, dəyəri 113,5 milyon funt təşkil etmişdi. 1919-cu ilin sonuna doğru təxminən 750 min ton Bakı nefti ixrac edilmişdi. Əvəzsiz daşınan sərvətlər Cümhuriyyət iqtisadiyyatının müharibə və inqilab nəticəsində zəifləməsinə baxmayaraq, neftin dünya bazarı üçün strateji məhsul olduğunu göstərir.

Gürcüstanın iqtisadi strukturu bir məhsuldan asılı deyildi. Batumi limanı, Çiatura manqanı, Qara dənizə çıxış, dəmir yolu və kənd təsərrüfatı Tiflisin regional ticarət imkanlarını genişləndirirdi. Ermənistanın iqtisadi bazası isə müharibə, qaçqın böhranı və ərzaq çatışmazlığı fonunda daha məhdud çərçivədə qalırdı. Beləliklə, yüz il əvvəl üç respublikanın başlanğıc vəziyyəti eyni deyildi.

Sovet sistemi: planlı əmək bölgüsü və iqtisadi ixtisaslaşma

Sovet dövrü təməldəki fərqləri köklü şəkildə ləğv etmədi, əksinə onları planlı əmək bölgüsü şəraitində yenidən formalaşdırdı. Azərbaycan neft, neft maşınqayırması, kimya, energetika və ağır sənayeni xüsusilə, SSRİ-nin siyasi elitasına daxil olmağı bacaran və imperiyanın imkanlarından bacarıqla istifadə edən Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə daha da genişləndirdi. Ermənistan isə maşınqayırma, elektronika, kimya və texniki kadr bazası qazandı. Gürcüstan nəticədə sənaye ilə yanaşı kənd təsərrüfatı, nəqliyyat və xidmət profilini qoruyub saxlaya bildi. 

1988-ci ilin xalis material məhsul göstəriciləri sovet planlı təsərrüfat sistemində üç Cənubi Qafqaz respublikasının iqtisadi çəkisini aydın göstərir. SSRİ-nin ümumi xalis material məhsulunda Azərbaycanın payı 1,7 faiz, Gürcüstanın 1,6 faiz, Ermənistanın isə 0,9 faiz idi. Sənaye xalis material məhsulunda müvafiq göstəricilər 1,7, 1,5 və 1,2 faiz, kənd təsərrüfatında isə 2,3, 2,1 və 0,7 faiz təşkil edirdi. O dövrün göstəriciləri müasir ÜDM-lə eyniləşdirilə bilməz, çünki sovet iqtisadi sistemi fərqli hesablamalara söykənirdi. Ümumi iqtisadi miqyasda Azərbaycan üstün olsa da, sovet əmək bölgüsü Ermənistanın bəzi sənaye sahələrində daha yüksək ixtisaslaşmasına, Gürcüstanın isə kənd təsərrüfatı və xidmətlərdə daha güclü mövqelər saxlamasına şərait yaratmışdı.

SSRİ dağılanda vahid planlı iqtisadi modelin əsas zəifliyi tam üzə çıxdı. Zavodların əksəriyyəti ümumittifaq istehsal zəncirinin bir halqası idi: xammal bir respublikadan gəlir, avadanlıq başqasında hazırlanır, alıcı isə üçüncü məkanda yerləşirdi. Suveren dövlətlərin yaranması ilə köhnə əlaqələrin qırılması istehsalın kəskin geriləməsini sürətləndirdi.

1990-cı illər: üç iqtisadiyyatın eyni böhrandan fərqli çıxışı

1990-cı ilin beynəlxalq müqayisələri müstəqillik dövrünün dəbaşlanğıc nöqtəsinin nə qədər fərqli olduğunu göstərir. Angus Maddison məlumat bazasının sabit beynəlxalq dollarla hesablamasında Gürcüstan iqtisadiyyatı 41,3 milyard, Azərbaycan 33,4 milyard, Ermənistan 20,5 milyard beynəlxalq dolları həcmində qiymətləndirilirdi. BMT-nin cari dollarla sonradan hesabladığı adambaşına ÜDM göstəricisində də Gürcüstan 1 629 dollarla öndə, Azərbaycan 901, Ermənistan isə 648 dollar səviyyəsində idi.

Sonrakı böhran hər üç ölkədə sovet iqtisadi modelini ciddi şəkildə dağıtdı. BVF-nin hesablamalarına görə, Ermənistanın istehsalı 1989-cu ildəki pik səviyyədən 1993-cü ildə 44 faizə, Azərbaycanın istehsalı 1988-ci ildəki pikdən 1995-ci ildə 34 faizə, Gürcüstanın istehsalı isə 1988-ci ildəki pikdən 1994-cü ildə cəmi 23 faizə düşmüşdü. Başqa sözlə, pik istehsalla müqayisədə Ermənistan təxminən 56, Azərbaycan 66, Gürcüstan isə 77 faiz itki yaşamışdı.

Ölkəmiz üçün böhranı daha da ağırlaşdıran amillər Birinci Qarabağ müharibəsi, işğal nəticəsində aqrar məhsuldar torpaqların iqtisadi dövriyyədən çıxması, qaçqın və məcburi köçkünlərin yaratdığı humanitar yük, köhnə istehsal əlaqələrinin dağılması və neft sənayesində yığılmış texniki problemlər idi. Sonrakı dönüş 1990-cı illərin ortalarından enerji strategiyası, xarici kapital və yeni boru kəmərləri hesabına baş verdi.

“Cənubi Qafqaz iqtisadiyyatının üçdə ikisi”: yüksəliş və sabitlik

Bakı–Tbilisi–Ceyhan xəttinin işə düşməsi, “Azəri–Çıraq–Günəşli” hasilatının maksimal mərhələyə daxil olması, yüksək neft qiymətləri və iri xarici investisiyalar 2005–2014-cü illərdə regional iqtisadi nisbəti xeyrimizə kəskin dəyişdirdi. Dünya Bankının cari dollarla ÜDM seriyasına görə, Azərbaycanın Cənubi Qafqazın ümumi iqtisadiyyatındakı payı 2003-cü ildə təxminən 52 faiz idisə, 2006-cı ildə 60,1, 2007-ci ildə 63, 2008-ci ildə 66,6 faizə çatdı. 2009–2014-cü illərdə müvafiq göstərici əsasən 69–72 faiz diapazonunda qaldı.

Nəticədə, müqayisəli statistikada “üçdə iki iqtisadiyyat” üstünlüyü təxminən 2008–2015-ci illərdə, səkkiz ilə yaxın davam etdi. Azərbaycan iki qonşunun cəmini xeyli üstələyirdi.

Lakin 2014-cü ilin ikinci yarısından neft qiymətlərinin kəskin düşməsi və 2015-ci ildə manatın devalvasiyası ölkəmizin nominal ÜDM-ni 2014-cü ildəki təxminən 75,2 milyarddan 2015-ci ildə 53,1, 2016-cı ildə 37,9 milyard dollara endirdi. Azərbaycanın regional payı 2016-cı ildə təxminən 59 faizə düşdü. Deməli, “üçdə iki” modelini 2020-ci ilin müharibəsi yox, 2014–2016-cı illərin enerji və məzənnə şoku xeyli əvvəldən dəyişdirməyə başlamışdı.

2022-ci ildə yüksək enerji qiymətləri Azərbaycanın payını yenidən təxminən 64 faizə qaldırdı, lakin Ermənistan və Gürcüstanda sürətli nominal artım fonunda 2023-cü ildə göstərici təxminən 57 faizə, 2025-ci ildə isə 53 faizə endi. 2025-ci ildə Azərbaycan 75,9 milyard, Gürcüstan 38,1 milyard, Ermənistan 29,2 milyard dollar nominal ÜDM-lə yenə regionun ən böyük iqtisadiyyatıdır, lakin əvvəlki məsafə dəyişib.

Azalan dinamika neft strategiyasının tarixi uğurlarını əsla inkar etmir: enerji gəlirləri dağılmış iqtisadiyyatın bərpasına, güclü ordunun formalaşdırılmasına və ölkənin siyasi təhlükəsizliyinin möhkəmlənməsinə imkan verdi. Lakin Qarabağ məsələsinin həllindən və yüksək neft hasilatı mərhələsinin geridə qalmasından sonra regional üstünlüyün yeni iqtisadi dayaqlar üzərində qurulması həyati əhəmiyyət daşıyır.

Rəsmi büdcə proqnozları neft hasilatının 2024-cü ildə 29,1 milyon tondan 2028-ci ildə 26,6 milyon tona qədər azalacağını bildirir. 2029-cu ildə “Abşeron” yatağının tammiqyaslı işlənilməsi hesabına 27,4 milyon tona qədər müəyyən bərpa gözlənsə də, ümumi trend əvvəlki yüksək hasilat mərhələsinin geridə qaldığını göstərir. Regional liderliyi gələcəkdə ÜDM-dəki payla yanaşı, adambaşına məhsuldarlıq, qeyri-neft ixracı, milli valyutanın gücü, qabaqcıl texnologiya və xarici bazarlara çıxış qabiliyyəti ilə ölçmək lazımdır.

Müharibə və iqtisadiyyat: 2020-dən sonrakı fərqli trayektoriyalar

2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4,3 faiz azaldı. Vətən müharibəsinə çəkilən çoxmilyardlıq xərclərin ümumi məbləği indiyədək rəsmən açıqlanmasa da, böyük həcmdə milli resursun Qələbəyə yönəldildiyi şübhəsizdir. Bununla yanaşı, pandemiya, dünya neft qiymətlərinin çökməsi, xidmət və nəqliyyat sektorundakı məhdudiyyətlər də iqtisadi daralmaya təsir göstərirdi. 44 günlük müharibədən sonra bərpa öhdəliyi büdcə siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Son beş ildə azad edilmiş ərazilərə yönəldilən vəsaitlər təxminən Küveyt ərazisinə bərabər, 17 min kvadrat kilometrdən artıq bir coğrafiyanın minalardan təmizlənməsi, yenidən məskunlaşdırılması və iqtisadi dövriyyəyə qaytarılması ilə bağlıdır.

Ermənistanda isə 2020-ci ildə real ÜDM təxminən 7,2–7,6 faiz azaldı. BVF həmin ili pandemiya və müharibənin yaratdığı “ikiqat şok” kimi qiymətləndirirdi. Büdcə kəsiri ÜDM-in təxminən 7 faizinə qədər genişləndi, dövlət borcu isə bir ildə on faiz bəndindən çox artaraq 60 faizi keçdi. Bu göstəricilər İkinci Qarabağ müharibəsinin iki iqtisadiyyata eyni təsir göstərmədiyini ortaya qoyur.

Ermənistanın son iqtisadi sıçrayışı: struktur artım, yoxsa geosiyasi mənfəət?

Müharibə yeni iqtisadi reallıq yaratdı. Ermənistanın 2020-ci il məğlubiyyətindən sonra sürətlə böyüməsi regional müqayisədə ayrıca izah tələb edir. Ölkə 2022-ci ildə 12,6, 2023-cü ildə 8,3, 2024-cü ildə 5,9 faiz real artım göstərdi. Gözlənilməz nəticəni yalnız daxili islahatlarla izah etmək doğru deyil. Əsas dönüş 2022-ci ilin fevralından, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra baş verdi.

Dünya Bankının təhlillərinə görə, Ermənistan eyni vaxtda bir neçə xarici axından faydalandı: Rusiyadan insanlar, şirkətlər və kapital gəlirdi, Qərbin sanksiyalarından sonra ticarətin bir hissəsi Ermənistan üzərindən yönəlməyə başlamışdı. 2022-ci ildə Rusiyadan girişlərin sayı əvvəlki illə müqayisədə təxminən 440 min nəfər artdı, sonrakı mərhələdə 60–100 min Rusiya vətəndaşının ölkədə qaldığı rəsmən təsdiqlənirdi. Digər hesablamalarda 2022-ci ilin martından sonra 2 600 şirkət, 6 000 fərdi sahibkar və 113 min qeyri-rezidentin Ermənistana köçdüyü göstərilir. Dörd illik axın İKT, maliyyə, daşınmaz əmlak, restoran-hotellər, pərakəndə satış və tikintidə tələbi gücləndirdi. 2022-ci ildə pul köçürmələri 29 faiz artdığı rəsmi təsdiqlənir, birbaşa xarici investisiyanın ÜDM-də payı 2,5 faizdən 4,7 faizə yüksəlib.

Ən mübahisəli kanal re-eksport idi. Qərb sanksiyalarından sonra maşın, avadanlıq, avtomobil və müxtəlif malların bir hissəsi Ermənistan üzərindən Rusiyaya yönəlirdi. 2022-ci ildə Ermənistan-Rusiya ticarəti təxminən iki dəfə, Rusiyaya ixrac üç dəfə artmışdı. Sonradan Rusiya mənşəli qiymətli daş və metalların BƏƏ və Çinə yönəldilməsi də ixrac statistikasını böyütdü. Xidmətlər balansı isə 2019-cu ildə ÜDM-in -0,7 faizindən 2023-cü ildə təxminən müsbət 9 faizə keçdi.

Lakin Ermənistanın iqtisadi uğurlarını bütövlükdə “sanksiya fürsəti” adlandırmaq da yanlış olar. Ölkənin çevik sahibkarlıq mühiti xarici axınların iqtisadi təsirini gücləndirir. Sürətli artım iki mənbəyə söykənir: daxili struktur potensialı və Rusiya–Ukrayna müharibəsinin yaratdığı müvəqqəti geosiyasi fayda hələ də davam edir. 

Fərq nominal ÜDM-də xüsusilə açıq görünür. Ermənistanın ÜDM-i 2021-ci ildə 13,9 milyard dollardan 2025-ci ildə 29,2 milyarda yüksəlib. Dollarla iki dəfədən çox artımın hamısını real istehsalın yüksəlməsi ilə izah etmək olmaz. Adambaşına nominal ÜDM-də Azərbaycanın önünə keçilməsi ciddi siqnaldır, lakin qısa müddətli uğur Ermənistanın avtomatik olaraq daha sənayeləşmiş və ya dayanıqlı iqtisadiyyata çevrildiyini göstərmir.

Regional üstünlüyün yeni ölçüsü

2008–2015-ci illərdə regional liderliyi bir rəqəmlə göstərmək mümkün idi: Azərbaycanın ÜDM-i iki qonşunun cəmini xeyli üstələyirdi. İndi vəziyyət daha mürəkkəbdir. Neft Azərbaycanın geosiyasi təhlükəsizlik və iqtisadi hərəkətverici qüvvəsi statusunu hələ də qoruyur, lakin post-neft mərhələsində sürətli inkişaf artıq təbii resurs üzərində qərarlaşa bilməz.

Prezident İlham Əliyevin 11 sentyabr 2026-cı ildə təsdiq etdiyi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı” azad rəqabət mühitinin gücləndirilməsini, iqtisadi azadlığın, biznes və investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Azərbaycanın post-neft iqtisadiyyatında yeni vergi siyasəti artıq Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdə çalışan biznes subyektləri 2023-cü ildən başlayaraq 10 il müddətinə mənfəət və gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. İstehsal və emal fəaliyyəti üçün müəyyən avadanlıq, texnologiya, xammal və materialların idxalına ƏDV və gömrük güzəştləri də verilir. 

Uğurlu təcrübəni yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşdırmamaq daha faydalı ola bilər. Yeni regional siyasətdə sərhəd və iqtisadi cəhətdən zəif rayonlar üçün diferensial vergi rejimi, xüsusilə istehsal və emal sənayesini konkret əraziyə bağlayan stimullar vacibdir. Məsələn, sərhəd rayonunda meyvəni xammal kimi Bakıya göndərən təsərrüfatla həmin rayonda konserv, şirə, quru meyvə və ya qablaşdırılmış məhsul istehsal edən müəssisəyə vahid vergi rejiminin tətbiqi eyni iqtisadi nəticəni yaratmır. İkinci model ucqar rayonda iş yeri və daimi məskunluğu təmin edir.  Buna görə emal coğrafiyasından asılı olaraq vergi yükünün azaldılması, daha zəif inkişaf etmiş rayonlarda isə müəyyən müddət mənfəət və əmlak vergisinin sıfırlanması kapitalı Bakıdan bölgələrə yönəldə bilər.

Qeyri-mütənasib əhali axını və daxili miqrasiya paytaxtda özünü yalnız əhali sıxlığında göstərmir.  Davamlı proses torpaq qiymətlərinə, mənzil və kirayə xərclərinə, nəqliyyat sıxlığına, əmək bazarına, kommunal şəbəkələrə və investisiya qərarlarına təsir edir. Sahibkar istehsalı rayonda qura biləcəyi halda kadr, bank, logistika və dövlət qurumlarına yaxın olmaq üçün Bakını seçirsə, mövcud iqtisadi qərarlar da kapitalın paytaxtda cəmləşməsini təşviq edir.

Torpaq vergisində müəyyən diferensiasiya artıq mövcuddur: Bakı şəhərində sənaye və kommersiya təyinatlı torpaqlar üçün dərəcələr rayon və kəndlərlə müqayisədə xeyli yüksəkdir. Gələcək yanaşmada mənfəət vergisi, sosial sığorta, investisiya krediti, enerji tarifləri və sənaye torpağının icarəsinin də iqtisadi coğrafiyaya uyğunlaşdırılması vacibdir.

Post-neft dövründə əhalinin həyat səviyyəsini qorumağın əsas şərtlərindən biri inflyasiyanın, xüsusilə ərzaq qiymətlərinin artımının məhdudlaşdırılmasıdır. Lakin uzunmüddətli qiymət siyasəti inzibati “qiymət qadağası” üzərində qurula bilməz.Rəqabətin gücləndirilməsi, idxal kanallarının şaxələndirilməsi və logistika xərclərinin azaldılması daha dayanıqlı nəticə verə bilər.

Tikinti Azərbaycan iqtisadiyyatının son iyirmi ilində ən böyük məşğulluq və daxili tələb mənbələrindən biri olub. İnfrastruktur, Bakıdakı yaşayış və infrastruktur tikintisi, sənaye və son illərdə Qarabağın bərpası sektorun böyük iqtisadi rolunu saxlayıb. Lakin yeni göstəricilər diqqət tələb edir. 2024-cü ildə tikinti ÜDM-in 6,7 faizini formalaşdırırdı,2025-ci ildə xüsusi çəki 6,5 faizə düşüb. 2026-cı ilin yanvar–mayında isə tikintidə yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 faiz azalıb və sektorun ÜDM-də payı 4,6 faizə enib. Əmək bazarında da tikintinin çəkisi məhdudlaşıb: 2026-cı ilin ortalarında muzdla çalışanların təxminən 6,6–6,7 faizi sektorda işləyirdi. 

Son rəqəmləri “tikinti böhranı” kimi təqdim etmək yanlış olar, çünki göstəricilər iri dövlət layihələrinin mərhələsindən asılı olaraq kəskin dəyişə bilər. Bununla belə, düşən nəticələr sektorun iqtisadi modelini dəyişmək üçün mühüm siqnaldır. Tikintinin növbəti mərhələsi şəhərsalma, regional inkişaf və sənaye siyasəti ilə daha sıx bağlana bilər. Əsas ölçü yeni tikintinin hansı iqtisadi fəaliyyəti öz ardınca gətirməsidir.

Azad edilmiş ərazilər yeni iqtisadi kursun ən böyük sınaqlarından biridir. İlk mərhələdə dövlət kapitalının üstünlüyü qaçılmazdır: yol, enerji, su, şəhər, məktəb və yaşayış infrastrukturu bazar gəliri ilə qurula bilməz. Lakin ikinci mərhələnin göstəricisi yaradılan iqtisadi dəyər olmalıdır. Özəl sərmayenin dövlət investisiyasına nisbəti, ixrac, aqrar məhsuldarlıq, sənaye məhsulu, turizm gəliri, daimi iş yerləri və yerli vergi bazası Qarabağın büdcəyə gəlirini artıra, iqtisadi uğurunun ölçüsü ola bilər. İşğal dövründə torpaq, su, mədən, turizm və kənd təsərrüfatı imkanları separatçıların nəzarətində olduğu üçün milli iqtisadiyyatın aktivləri kimi işləmirdi. Xankəndinin dağıntılarsız azad edilməsi suverenlik və bütövlüklə bərabər, əvvəllər kənarda qalan iqtisadi məkanı da dövriyyə qaytarır. Separatçı qurumun illik ÜDM-i təxminən 700 milyon dollar səviyyəsinə çatmışdı. İndi əsas məsələ azad torpaqları əlavə dəyər yaradan iqtisadi zonayaçevirməkdir.

İran və Rusiya: risklərin arasında yeni iqtisadi coğrafiya

Azərbaycan yeni iqtisadi kursu iki böyük qonşunun müharibə və sanksiya təzyiqi altında olduğu şəraitdə formalaşır. İranın valyuta zəifliyi və xarici ticarət məhdudiyyətləri sərhədyanı qiymət fərqləri, qeyri-formal ticarət və logistika riskləri ilə yanaşı, müəyyən iqtisadi imkanlar da yaradır. Eyni zamanda İran və Körfəz marşrutlarında qeyri-müəyyənlik Qafqaz–Xəzər alternativlərinin dəyərini yüksəldir.

Rusiya ilə bağlı vəziyyət köklü şəkildə dəyişib. Sanksiyalar, müharibə və texnologiyaya çıxışın məhdudlaşması Azərbaycanın şimala yönəltdiyi ixracı, əmək miqrasiyası və pul köçürmələrini də xeyli azaldıb. Lakin Moskvanın Mərkəzi Asiya üzərindəki əvvəlki logistika inhisarçılığının zəifləməsi Qazaxıstan, Özbəkistan və digər ölkələrin alternativ marşrutlara marağını artırır. Azərbaycan Xəzərin qərb sahilində yeni axınları Avropa və Türkiyə ilə birləşdirən əsas halqalardan birinə çevrilə bilər. İndi Bakı yükdaşımalar və logistika ilə İrəvanın da iqtisadi həyatında təsirli yer qazanır, imperiya varisi olan dövlətlərin nüfuz zonasında aktivləşir.

Rusiya və İranın üzləşdiyi geosiyasi təzyiqlər Azərbaycan üçün həm risk, həm də imkanlar yaradır. Qonşu ölkələrin qlobal və regional bazarlardakı mövqelərinin zəifləməsi yük dövriyyəsinin, kapital axınlarının, enerji və istehsal xidmətlərinin coğrafiyasını dəyişir. Azərbaycan üçün əsas məsələ  yenidən bölgüdən nə qədər pay götürə bilməsidir.

Beynəlxalq analitik mərkəzlərin Cənubi Qafqaza baxışı da dəyişir. Region əvvəlki kimi münaqişə coğrafiyası və enerji dəhlizi kimi təqdim olunurdusa, indi regional və beynəlxalq bağlantı ön plana çıxır. Carnegie-nin 2026-cı ildə yayımladığı “Rewiring the South Caucasus” təhlili iqtisadi dəyişməni “yenidən şəbəkələşmə” kimi təqdim edir.

Yeni xəritədə Azərbaycanın üstünlüyü bölgədə müharibə amilinin aradan qalxması ilə mövcud infrastruktur, maliyyə ehtiyatları və coğrafi mövqenin birgə istifadəsindən asılıdır. 

Bütöv və suveren Azərbaycan yeni iqtisadi kurs üçün mühüm tarixi üstünlüklərə malikdir. Qarabağdan və yüksək neft hasilatı mərhələsindən sonra əsas vəzifə Zəfərin yaratdığı siyasi uğuru iqtisadi, sosial və idarəetmə üstünlüyünə çevirməkdir. Ərazi bütövlüyünü təmin etmiş dövlətin iqtisadi siyasəti artıq parçalanmış coğrafiyanın məhdudiyyətləri ilə formalaşmamalıdır. 

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın Cənubi Qafqazın “qovşaq mərkəzi” kimi rolu yeni mərhələdə əlavə iqtisadi məzmun qazanır. On illərlə işğala və onun nəticələrinin aradan qaldırılmasına yönələn çoxmilyardlı büdcə vəsaitlərinin indi quruculuğa, regionda sülhün coğrafiyasının genişləndirilməsinə və dayanıqlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəldilməsi yeni iqtisadi imkanlar yaradır.

Bütöv və suveren Azərbaycanın qalib iqtisadi kursu neft asılılığını və Qarabağ münaqişəsini tarixdə ilk dəfə geridə qoyaraq “ən böyük sərvəti insandır” devizini dövlətin yeni inkişaf fəlsəfəsinə çevirmək imkanı yaradır.
 

Zahid Oruc,

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see447

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see325

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see311

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see309

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see303

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see284

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see282

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see280

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see278

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see273

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see268

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see266

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see260

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see257

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see248

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see244

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see240

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see236

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see220

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri