Niyazabad haradadır və onun haqqında nələri bilirik?
Qədim və orta əsr mənbələrində, əfsanə və nağıllarda adı çəkilən, lakin bu günədək yeri və dəqiq koordinatları bəlli olmayan neçə-neçə qalalarımız, yaşayış məntəqələrimiz, o cümlədən Azərbaycanın iqtisadi və mədəni həyatında xüsusi yeri olan şəhərlərimiz olub. Hansı ki, lap yaxın keçmişimizədək elə qədim Qəbələ, Beyləqan və Mehrəvan kimi iri şəhərlərimizin də yeri və dəqiq koordinatları elm aləminə bəlli deyildi. Elə İnstitutun özündə də dəqiq yerini bilmədiyimiz neçə-neçə qədim və orta əsr şəhərlərimiz var. Bir çox yazılı qaynaqlarda adları çəkilən Yunan, Paytakaran, Şirvan, Sədun, Quştəsfi, Mahmudabad şəhərləri bu qəbildən olan Azərbaycan şəhərləridir. Dəqiq yeri bilinməyən belə tarixi ünvanlardan birisi də XVI-XIX əsrlərdə ölkənin iqtisadi və mədəni həyatında, xüsusən də Xəzər dənizi vasitəsilə həyata keçirilən beynəlxalq ticarət əlaqələrində xüsusi yeri olan Niyazabaddır. Xəzər dənizi sahilində olduğundan Niyazabad daha çox məhz liman şəhər kimi tarixə düşüb.
Orada açıq dənizdə hərəkət edən gəmilərin yan alması üçün əlverişli buxta var. idi. Həştərxan və İrandan gələn gəmilər oraya yan alır, gətirdikləri yükləri təhvil verir, yeni yüklər qəbil edirdilər. Xatırladaq ki, orta əsrlərində, daha dəqiq desək XVI-XIX əsrlərdə Xəzərin şimal-şərq sahillərində Niyazabaddan başqa limanlar da olub. Bu sıradan Şabran və Vəlvələ çaylarının məxsəbində gəmi Xəzərə töküldüyü yerlərdə Şabran və Vəlvəl limanları da fəaliyyət göstərib. Hansı ki, bir sıra strateji yüklər at, dəvə, öküz və ulaqlarla həmin limanlardan birbaşa Şamaxıya, yaxud da Şamaxıdan oraya daşınırdı. Lakin bir-birindən təqribən 10 km məsafədə olan həmin limandan Niyazabada qədər məşhurlaşa bilməyib.
Niyazabad barədə hələlik ancaq Avropa səyyahlarının yol qeydləri, Rusiyada olan diplomat və hərb xadimlərinin tərtib etmiş olduqları gündəliklər, onların rus çarına, Səfəvi hökmdarına və Şamaxı xanlığı rəsmlərinə olan yazışmaları əsasında müəyyən fikirlər söyləmək mümkündür.
Vaxtı ilə Almaniya və Danimarka ərazilərinin bir hissəsini əhatə edən Holşteyn-Ottorp dövlətinin hökmdarı III Fridrix (1616-1659) Avropada ipək ticarətinə nəzarəti ələ keçirmək məqsədilə Misir və Səfəvi dövlətlərinə elçilər göndərir. Əslən Yuxarı Saksoniyadan olan Adam Oleari isə səfirliyin katibi vəzifəsini icra edirdi. Adam Olearinin yazdığına görə 1635-ci ilin noyabrında səfirlik əməkdaşlarını gətirən gəmi Dərbənd yaxınlığında fırtınaya düşür. Fırtınadan qurtulduqdan xonra onları Niyazabada gətirirlər. Onları qarşılamaq məqsədilə
Şamaxıdan göndərilən tərcüməçi və mehmandarlar gələnədək avropalı elçilər 5 həftə ərzində Niyazabadda qalmalı olublar.
Olearinin yazdığına görə o vaxt Niyazabad 16-17 evdən ibarət bir yaşayış məntəqəsi olub. Müskür mahalına aid olan bu evlərin damları düzdür və orada ot bitir. Sakinlər bu evlərin üstündə yemək yeyir və hətta orada yatırlar da. Müskür kəndlərində əhali daha çox camışçılıq təsərrüfatına üstünlük verir, pendiri inək südündən deyil, qoyun südündən tutur və daha çox əkinçiliklə məşğul olurlar.
Beş həftə sonra səfirlik əməkdaşları Şamaxı Xanın mehmandarlarının bələdçiliyi ilə Olearinin “cənnətməkan” adlandırıdığı Niyazabadı tərk edərək Altıağac istiqamətində yola çıxırlar…
XVII əsrdə Azərbaycanda səyahətdə olmuş türk səyyahı Övliyə Çələbi yazır ki, Niyazabad Dağıstanla Şirvan arasındadır. Qədim zamanların yadigarı olan bu şəhərin binaları hələ də bir vaxtların ehtişamından xəbər verir. Moğollar, sonra da dağıstanlı qumuq, qaytaq və s. tayfalar buraya hücum edib təxrib etmişdirlər. Evliyə Çələbinin yazdığına görə, “Sultan III Muradın böyük komandanı Qara Fərhad paşa bu şəhərdə qışlamış və Niyazabad qalasını təmir etdirmişdi… Şəhərdə qırx məhəllə, qırx minarə, cümə camesi, karvansara, hamam və bazar var”.
Evliyə Çələbinin qeydlərində Niyazabadın hətta ayrıca sultanlıq olduğu, min nəfərə qədər əsgəri və iki hakimi olduğu bildirilir. Şəhərin kələntərinin türk səyyaha bildirildiyinə görə orada 6000 bağ-bağçalı evi olub.
Evliyə Çələbinin Niyazabadla bağlı qeydlərində daha bir maraqlı məlumat da var. O yazır: “Niyazabadda xacə Əhməd Yasəvinin nəslindən olan Əfşar babanın türbəsi var… Buradakı təkyədə yüzdən çox füqəra var. Təkyədə gələn-gedənə yemək verirlər və s.”
XVIII əsrin əvvəllərində Qafqazı tədqiq edən rus alimlərindən olan Əslən alman olan İ.Q.Qerber həm də Rusiyanın tanınmış hərb xadimlərindən olub. İxtisasca artilerist olsa da, o coğrafiya və etnoqrafiya elmlərinə də böyük maraq göstərib.
O yazırdı ki, Niyazabad limanında daha çox məhz Rusiyaya məxsus gəmilər yer alırdı. Avropa və Şərqdən olan tacirlər orada qızğın alver edirdilər. Həmin ticarət əməliyyatlarından Şamaxı xanına böyük məbləğdə rüsum daxil olurdu.
Şamaxıdan 6 ağac (1 ağac təqribən 7 kimidir), yəni təqribən 42 km şimali-şərqdə olan Niyazabad liman – şəhəri barədə rus müəlliflərinin əsərlərində və yol qeydlərində kifayət qədər əhatəli məlumatlar yer alıb. Həmin məlumatlardan bəlli olur ki, Xəzərin Niyazabad sahili başdan-başa qumsal ərazilərdən ibarətdir. Orada Bakı buxtasında olduğu kimi möhkəm daşlı süxurlardan ibarət qayalıqlar yoxdur. Bu səbəbdən də həmin sahədə gəmilərin sahilə yan alması ilə bağlı tez-tez probləmlər yaranarmış. Yəni, bu ərazidə dəniz nisbətən dayaz olduğundan iri gəmilər bəzən sadəcə oraya yan ala bilməyərk lilə otururdu. Yalnız güclü şərq küləkləri başlayarkən həmin gəmiləri oturduğu yerdən hərəkətə gətirmək mümkün olurdu. Külək qoruyucu qaya, təpə və yüksəkliklər olmadığından külək Abşeronun dəniz sahili ərazilərin qumunu da dənizə daşıyırdı. Bundan əlavə güclü küləklər və çovğun olanda sahildəki limana aid yüngül konstruksiyalardan ibarət qurğular və ticarət məntəqələri də göyə sovrulurdu.
Gəmilər limanı tərk etmək istəyərlən isə qərb küləyini gözləməli olurdular.
Niyazabad limanında əcnəbi tacirlərin xidmətində olan xeyli sayda karvansaralar var idi. Avropalı səyyahların qeydlərindən o da məlum olur ki, Şirvanda, o cümlədən Müskür mahalında üsyan və ixtisaslar baş verərəkən dəfələrlə həmin karvansaralar dağıdılıb. Lakin 1726-cı ildə Niyazabad limanının Rusiya tabeliyinə keçməsilə orada yenidən fəal gəmiçilik üçün müvafiq tədbirlər görülüb.
XVII əsrin əvvəllərində Azərbaycanda olan rus taciri Fedot Kotov öz qeydlərində Şamaxıya Bakıdan deyil, Niyazabaddan getmək üçün araba yolu olmadığını bildirir. O yazır ki, yüksək dağlıq ərazilərdən keçən bu yolla yükləri at, dəvə, öküz və ulaqların belində daşıyırıdılar. Bu yolun üzərində rusların, “qonaq evi” adlandırdığı üç karvansara mövcud idi. Kotov onu da yazır ki, Niyazabaddan Şamaxıya Bərmək mahalından keçən Altıağac yolu ilə də getmək mümkündür. “Altıağac” isə burada həm də uzunluq ölçüsü mənasını ifadə edir. Bir ağacın 7 km olduğunu və oradan Şamaxıya 6 ağac olduğunu nəzərə alsaq, onda deməli Altıağacdan Şamaxıya olan məsafə 42 km-dir. Rus şərqşünas alimi İ.N.Berezin də Niyazabaddan Şamaxıya gedən yolun üzərində 2 karvansaray olduğunu yazır. Hansı ki, onlardan biri Gilgilçayın sağ sahilində, digəri isə Altıağac ətrafında olub. Niyazabaddan Şamaxıya gedən yolun üstündə karvansaralardan əlavə bir neçə yerdə körpü və qalalar olduğu barədə də məlumatlar var.
Niyazabadla bağlı nisbətən daha ətraflı məlumatlara isə rus çarı I Pyotr 30 may 1715-ci ildə Səfəvi dövlətinə səfir göndərmiş olduğu A.P.Volınskinin yazışmalarında rast gəlirik. Səfirə verilən məxfi Əsasnamənin 7-ci bəndinə əsasən o Azərbaycanda istehsal olunan xam ipəyin Gilan və Şirvandan keçirilərək Rusiyanın Peterburq limanına çatdırılması ilə bağlı məsələləri tənzimləməli idi. O, Səfəvi şahını inandırmalı idi ki, bu baxımdan xivəlilər kimi onlar üçün də iri gəmilərin yan ola biləcəyi Niyazabad limanının imkanlarından istifadə olunması daha sərfəli ola bilər. A.P.Volınskinin 72 nəfərdən ibarət komandası 29 avqust 1716-cı il tarixdə Niyazabad limanına yan alır. Volınski Şirvan bəylərbəyinin yanına elçi göndərərək gəldiyini bildirir və xahiş edir ki, onların əşyalarını Niyazabaddan Şamaxıya gətirmək üçün at və dəvələr göndərsin. Ertəsi gün Şirvan canişinin tapşırığı ilə iki zabit-yüzbaşının rəhbərliyi etdiyi 30 nəfərlik heyət onları qarşılayaraq və əşyaları Niyazadab limanındakı xüsusi çadırlarda və binalarda yerləşdirib.
Volınskinin heyəti sentyabrın 18-dək Niyazabad və ona bitişik yaşayış məntəqəsində qalaraq dincəlib. Bu müddət ərzində onlar Həştərxan və Şamaxı ilə intensiv təmaslar quraraq gələcək fəaliyyət planlarının detallarını hazırlamaqda idilər.
Hansı ki, bütün bunlar barədə Volınskinin gündəliyində təfsilatı ilə bəhs olunur.
Arxiv materiallarında A.P.Volınskinin Şirvan bəylərbəyi Key Xosrova olan etiraz məktubunda Şamaxıda və Niyazabad limanında rus tacirlərinə münasibətindən də bəhs olunur. Yüklərin qəbulu, yerləşdirilməsi və növbəti ünvana yola salınması zamanı rus tacirlərinin tez-tez maddi itkilərlə məruz qaldıqları, onlardan rəsmi sənədlərdə nəzərdə tutulduğundan əlavə rüsumlar toplandığı bildirilir və s.
Xatırladaq ki, Avropa və rus müəlliflərinin Niyazabadla bağlı qeyd və yazışmaları ilk dəfə görkəmli Azərbaycan tarixçiləri professor Fuad Əliyev və Tofiq Mustafazadə tərəfindən öyrənələrək milli tarixşünaslığımza daxil edilib. Görkəmli tarixçi-alim, professor Vaqif Priyevin “Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası” əsərində deyili: “Niyazabad Xaçmaz şəhərindən 14 km şərqdə, Xəzər dənizinin qərb sahillərindəki ən mühüm limanlardan biri olaraq ölkəmizin dəniz ticarətində çox mühüm rolu olub”. Tarixçi-alim S.U.Dadaşova isə Niyazabad-Altıağac-Şamaxı karvan yolunun öyrənilməsinə dair xüsusi məqalə işləyib. Lakin bütün bunlarla yanaşı onu da etiraf etməliyik ki, bəli, Azərbaycanın orta əsrlər dövrünün çox mühüm liman şəhərləri olaraq Niyazabadın tarixi hələ ki, yetərincə araşdırılmayıb.
Niyazabadın tarixi ilə bağlı elmimiz üçün qaranlıq olan məsələlərdən ən birincisi bu şəhərin yerinin və dəqiq coğrafi koordinarlarının müəyyənşdirilməsidir. Hesab edirik ki, yazılı qaynaqlardan bəlli olan bəzi oriyentirlər və ərazidə mövcud olan tarixi-coğrafi toponimlər bu vəzifənin icrası yolunda tədqiqatçılara ip ucu ola bilər. Əlimizdə olan həmin ilkin məlumatlarda Niyazabadın Müskür mahalında, Altıağac istiqatmərində – Xəzər dənizi sahilində olduğu bildirilir. Xaçmaz rayonunun inzibati ərazisinə daxil olan Nizoba kəndi də məhz oradadır. Deməli, Niyazabad şəhərinin qalıqlarını da elə indiki Nizoba kəndi və ona yaxın coğrafiyada axtarmaq lazımdır. Bunun üçünsə həmin ərazilərdə mütləqdir ki, ilkin addım olaraq kəşfiyyat xarakterli arxeoloji axtarışlara başlanılsın. Etiraf edək ki, bu vaxtadək bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən heç bir əməli addım atılmayıb. Doğrudur, bir müddət öncə mən öz şəxsi təşəbbüsümlə Niyazabadın olduğu güman edilən əraziləri gəzərək orada müşahidələr apardım, xeyli miqdar yerüstü maddi mədəniyyət nümunələri və etnoqrafik məlumat topladım və bütün bunların əsasında ərazidə arxeoloji kəşfiyyat işləri aparmaqla bağlı məsələ qaldırdım, amma təəssüf ki, reaksiya müsbət olmadı. Onu da xatırladım ki, uzun illərdir ki, Niyazoba kəndi və ətraf ərazidə sakinlər tərəfindən tikinti və təsərrüfat işləri görülərkən müxtəlif çeşidli çoxsaylı maddi mədəniyyət qalıqları üzə çıxıb. Təəssüflər olsun ki, həmin tapıntılardan yalnız bəzi nümunələr Xaçmaz rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib. Əksər tapıntılar isə diqqətsizlik və nəzarətsizlik ucbatından ya dağıdılaraq məhv edilib, yaxud da əldən-ələ keçərək itbad olub.
Yeri gəlmişkən, bu gün Xazmaz rayon tarix diyarşünaslıq muzeyinin fonunda olan numizmatik tapıntılarn əhəmiyyətli bir hissəsi rayonun Əbilyatağı kənd sakini, həvəskar kolleksiyaçı Cəmil Ələnurov tərəfindən oraya təhvil verilib. Xatıqladaq ki, Əbilyatağı kəndi də Niyazabad liman şəhərin olduğu ehtimal edilən ərazidə yerləşir. İndiki halda Cəmilin şəxsi şəxsi kolleksiyasında 100-dən çox müxtəlif əyyarlı sikkələr çəki daşları, bizlər, çeşidli formada olan düymələr, digər sənət və məişət əşyaları var. Niyazabad sikkələrinin də ən böyük bir qismi Rusiya pullarıdır. Bu da ondan xəbər verir ki, Niyazabadda həyata keçirilən ticarət əməliyyatlarında rus pullarından daha geniş istifadə olunub. Milli Azərbaycan Tarixi muzeyinin əməkdaşı, numizmat-alim Aygün Məmmədovanın fikrimcə əksəriyyətinin çəkisi 8 qramdan artıq olan həmin pullar XVIII əsrə aid mis qazıbəyi sikkələrdir. Çəkisi 8 qramdan az olan sikkələr isə mis yarımqazıbəyidir. Hansı ki, bu hallar Azərbaycan xanlıqlarına aid bazarlarda fəal dövtiyyədə olub. Cəmilin kolleksiyasında fərqli zərbxanalarda zərb olunmuş və fərqli dövrlərə aid xeyli sayda gümüş sikkələr də vardır. Əfsuslar olsun ki, bu günədək nə Xaçmaz rayon tarix diyarşünaslıq muzeyindəki, nə də həvəskar kolleksiyaçı Cəmil Ələnurova məxsus kolleksiyada saxlanılmaqda olan Niyazabad pulları elmi cəhətdən öyrənilərək təyin edilməyib. Çox ola bilsin ki, həmin sikkələrin içərisində elə Niyazabadda zərb olunmuş sikkələr də olsun.
Kolleksioner C.Ələnurovla söhbət zamanı o bildirdi ki, ərazidə sikkə nümunələrinə adətən küləkli vaxtlarda, yaxud da qum tədarükü məqsədilə qazıntı aparılarkən daha tez-tez rast gəlinir. Ərazidə sakinlər tərəfindən arx, kanal və ya bünövrə yerləri qazılarkən isə mədən daşı və ya bişmiş kərpiclə inşa edilmiş tikinti qalıqlarına rast gəlinir. Niyazabadın içərisindən keçərək Xəzərə axan Qudyalçayın əmələ gətirdiyi yarğanlarda da zaman-zaman bu cür qalıqlar üzə çıxdığı bildirilir. Bu isə o deməkdir ki, təqribən iki əsrdən çox mövcud olmuş Nuyazadad liman şəhəri təbii təsirlər nəticəsində azı 1-1,5 m qalınlığında olan qum örtüyü altında qalıb. Hansı ki, ərazidə arxeoloji axtarışlar aparmaqla Azərbaycanın XVI-XVIII əsrlər tarixində mühüm yeri olmuş liman şəhərimizin üzə çıxarılması və onun dəqiq kkordinarlarının müəyyənləşdirilməsi mümkündür.
Fikrimizcə, Niyazabadın tarixi ilə bağlı araşdırılması vacib olan məsələlərdən birisi də bu toponimin etimologiyası ilə bağlıdır. Yazılı qaynaqlarda bu liman-şəhərin adı “Nizova”, “Nizoba”, “Nizovoya”, “Nişabat” və Niyazabad” kimi çəkilir. Bunların hansı ilk, hansı sonradan yaranıb? Məlumat üçün bildirək ki, indiki halda Xaçmaz rayonundakı 147 yaşayış məntəqəsindən 46-nın adı “oba” sonluğu ilə bitir. Həmin kəndlər aşağıdakılardır: Ağarəhimoba, Ağaşirinoba, Ağaverdioba, Aslanoba, Aşağıoba, Bayoba, Çuxuroba, Digahoba, Düztahiroba, Əhmədoba, Fərzəlioba, Hacıəbdürəhimoba, Hacıəhmədoba, Hacıisaoba, Hacıqurbanoba, Hacıməmmədoba, Xanlıqoba, Xanoba, Xaspoladoba, İdrisoba, Qadasoba, Manafoba, Maşıoba, Meçitoba, Mənçəroba, Moruqoba, Mürşüdoba, Müzəffəroba, Nağıoba, Niyazoba, Ortaoba, Palçıqoba, Pirquluoba, Rəhimoba, Sabiroba, Səlimoba, Sibiroba, Şərifoba,Tağaroba, Tikanoba, Ukuroba, Uzunoba, Uryanoba, Yaquboba, Yataqoba, Zuxuroba. Hesab edirik ki, ilkin dönəmdə Niyazabad da həmin obalardan birisi olub. Etnoqrafik müşahidə və təhlillər göstərir ki, Xəzər sahili obaların sakinləri əsasən Müskür və Bərmək mahallarının dağlıq ərazilərindən köçib gələn insanlar olub. Onları bu ərazilərə cəlb edən isə geniş əkin və otlaq sahələrinin olmasl, əlverişli suvarma imkanları və nəhayət, dənizin balıq ehtiyatları olub. Kim harada ilkin olaraq oba qurub, məskən salıbsa həmin yer sonradan elə onun obası kimi tanınıb. Fikrimizcə, Niyazobanın da ilk sakini məhz Niyaz adlı şəxs olub. Zaman keçdikcə Niyazoba adının ilkin forması müəyyən dəyişikliklərə məruz qalıb. Ruslar buraya “Nizova”, yəni, Dərbəndlə müqayisədə aşağı məntəqə adı veriblər. Dəqiq məlum olan isə odur ki, Adam Oleari Tardu universitetinin kitabxanasına saxlanılan 1635-ci ilə aid qeydlərində beş yerdə Niyazabadın adı “Niaşabatb” formasında işlədilib. Bildiyiniz kimi fransız dilində “iy” hərf birləşməsi “y” səsi yaradır, sözün sonluğundada “tb” hərf birləşməsi isə oxunmur. Beləliklə, Olearinin mətnində liman – şəhərin adı “Niyafaba” kimi səslənir. Buradan da belə nəticəyə gələ bilərik ki, bu toponimin rus mənbələrində “Nizova” kimi işlədildiyi vaxtdan təqribən bir əsr öncə onun adında (“aba”, “oba”) sonluğu var imiş. Görünür ondan daha öncə bu liman ətrafdakı digər yaşayış məntəqələri kimi orada ilkin olaraq məskən salmış Niyaz adlı şəxsin adı ilə “Niyazoba” adlanırmış. Beləliklə, Xəzərin sahilində – Xaçmaz rayonunun Niyazabad kəndi və onun ətrafında lokalizə etdiyimiz orta əsr liman şəhərimizin adı zaman-zaman dəyişərək “Niyazoba”, “Nizova”, “Nizoba” və nəhayət “Niyazabad” formasına zəmanəmizə gəlib çıxmışdır. Maraqlı, daha doğrusu təəccüb doğuran haldır ki, bu günün özündə, həm də lap elə Xaçmaz rayonunu özündə hətta rəsmi səviyyədə belə bu tarixi liman şəhərimizin adı fərqli formatlarda təqdim olunur. Məsələn, Xazmaz şəhərindən çıxışdakı tağlı qapının üzərində və kənd orta məktəbinin sənədlərində “Niyazabad” kimi, kənd icra nümayəndəliyi və bələdiyyə sənədlərində “Niyazoba” sənədlərində isə “Niyazoba” kimi göstərilir.
Yuxarıda sadalananları ümumiləşdirərək belə bir qənaətə gələ bilərik ki, bəli, Azərbaycan XVI-XVIII əsrlər tarixinin yadigarı olan, ölkəmizin dünyanın ayrı-ayrı ölkələri və şəhərləri ilə dəniz ticarəti əlaqələrinin reallaşdırılmasında xüsusi yeri olan liman şəhərimiz Niyazabadın hələ də torpaq və dəniz suları altında uyumaqda olan tarixinin araşdırılması, öyrənilməsi, yazılaraq elmi ictimaiyyətə təqdim olunması istiqamətində gec də olsa əməli addımlar atılması gərəkdir.