Icma.az
close
up
RU
Niyə belə yazıq olduq axı?..

Niyə belə yazıq olduq axı?..

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həyatımız o qədər yeknəsəq, sönük, darıxdırıcı, hətta boğucudur ki, kiçicik yeniliyin intizarında, hətta həsrətindəyik. Odur, düşünürəm ki, keçmiş həmkarlarımızdan biri bəlkə də buna görə az qala hər həftə bizim bir yazıçımızdan yazır ki, heç olmasa, bu yolla statik-donuq ədəbi mühitimizə az da olsa yenilik gətirsin, kiçik də olsa, tərpəniş yaratsın.

Belədə isə məlum olur ki, böyrümüzdə demə, illər uzunu böyük bir yazıçı yaşayırmış, amma xəbərimiz yox.

Konkret yazmıram, bu vəziyyətimdə, durumumda özümə daha bir düşmən qazanmağa nə gücüm, nə də həvəsim var – ona görə ki, bizim bəzi "sənət adamları” intriqada hətta dünyanın ən böyük siyasətçisinə "doqquz” gələrlər.

O ki qaldı "bizim dahi”lərə və "dahilik məsələsi”nə, ikicə detal deyəcəyəm. Bir neçə ay bundan əvvəlin söhbətidir. Bir saytda haqqında son vaxtlar çox yazılan və danışılan yazıçının hekayəsini gördüm. Dedim ki, oxuyum, görüm, bu qədər təriflənən, haqqında guya xaricdə də yazılan yazıçımız axı nə yazır?

Başladım oxumağa. Bir cümlə, beş cümlə, bir də gördüm ki, axı bu hekayə mənə tanış gəlir! Amma əl çəkmədim və səbrlə axıradək oxudum. Yadıma düşdü ki, bunu ya 70-ci illərin sonunda, ya da 80-ci illərin lap əvvəlində oxumuşam, özü də deyəsən, o vaxtkı "Azərbaycan” ədəbi jurnalında! Qəribə gələn nə oldu? Bu nəhənglikdə yazıçı az qala son 50 ildə başqa heç nə yazmayıbmı? Axı dünyanın heç bir yazıçısının yaradıcı həyatında bu böyüklükdə pauza olmur! Hələ onu demirəm ki, dünyanın böyük yazıçılarının bəlkə 50 faizi heç 50 il ömür yaşamayıb!

Məsələnin daha acılı, hətta kədərli tərəfi isə bu idi ki, nəinki "Şinel”, yaxud da "İvan Denisoviçin bir günü”, hətta "Mirzə Səfər”, "Bomba”, yaxud da "Poçt qutusu” deyildi həmin hekayə! Yazıçı hansı məziyyətinə görə az qala 50 ildən sonra bu hekayəni seçib təqdim etmişdi camaata? Doğrusu, bir oxucu kimi bilmədim...

Burada kiçik haşiyə kimi bir detalı da qeyd edim, hekayədən söz düşmüşkən. Sovetin vaxtında bizim ədəbi jurnallardan oxuduğum ən gözəl hekayə o vaxt, doğrusu, tanımadığım bir yazıçının "Yol” hekayəsi idi. Mənə o qədər güclü təsir etmişdi ki, hətta illər sonra – 80-in axırlarında, 90-cı illərin əvvəllərində hamıya bunu danışırdım, amma nə qədər qəribə olsa da, çox izlədim, həmin müəllifin başqa yazılarına rast gəlmədim. Ya mənim diqqətimdən qaçdı, yaxud da başqa bir səbəb vardı, hər halda, aydın olmadı.

Bilmirəm, nə dərəcədə doğru idi, sonradan bəziləri dedilər ki, adam daha çox məmur kimi çalışmaqdadır, amma mənə həmişə oxucu kimi elə gəlirdi ki, bu yazıçı həqiqətən də güclü şey yaza bilərdi. Fəqət, nəyləmək olar, biz hamımız bir şey planlaşdırırıq, həyat özü isə tamam başqadır.

Demək istədiyim ikinci detal da sovetin dövründəndir. O vaxtlar hələ institutda çalışırdıq. Bir ala-sarsaq şöbə müdirimiz vardı. Bir gün dedilər ki, işdən sonra qalın, Filankəs müəllim iclas keçirəcək. Nə isə, qaldıq. Filankəs müəllim gəldi və az qala saat yarım danışdı! Dediyi də bu idi ki, bizim heç vaxt dahi alimlərimiz olmayıb, hətta olsaydı, onları bircə günün içində məhv edərdik! Doğrusu, bilmədik kim bunun "quyruğunu tapdamışdı”, kim buna nə demişdi, amma özü də alçağın ən böyüyü olsa da, "bizim dahilər”lə bağlı dediyi söz düz idi, həqiqət idi...

Ona görə keçmiş həmkarımın "ədəbi Sizif zəhməti”ni kənardan seyr edəndə qeyri-ixtiyari olaraq yüngülcə ironik gülmək tutur məni və demək istəyirəm ki, əbəsdir, əzizim, dahini hətta yazıçı-jurnalistlər belə təyin etmirlər. Yeri gəlmişkən, bu yazıçı "pristavkası” da son dövrlərin dəbidir, hamı özünü yazıçı elan edib! Bilmək olmur ki, çoxunun əsəri nədir, oxucusu kimlərdir, harada dərc olunub! Çoxu öz pulu ilə "kitab” buraxır, dost-tanışa paylayır və olurlar "yazıçı”-"şair”! Burada vaxtilə müstəntiqin Brodskiyə verdiyi məşhur sual düşür yada: "Sizi kim şair elan edib?” Əlbəttə ki, Brodski kimilərə, dünyaya şair kimi gələnlərə xitabən axmaq-cəfəng sualdır və Brodski bunu sübut etdi! Amma tamam mənasız-predmetsiz də deyil, xüsusən də "şair-yazıçı xalqlar”ın mühitində: axı adam özünü şair-yazıçı, nə bilim, filosof elan etmir, gərək heç olmasa, özündən başqa üç nəfər də belə düşünsün və qəbul etsin! Mən də razıyam, əsl ədəbiyyat sözün elə birbaşa mənasında "intim” peşədir, şair, yazıçı hamıdan əvvəl özü üçün yazır, amma bunu tamamilə abstraksiya etmək də lazım deyil. Necə ki, heç kim havadan alim olmur, bunun da elmi şurası-filanı var, məqalələrin gərək nüfuzlu-reytinqli jurnallarda dərc olunsun, hətta "Hirş indeksi” kimi ciddi tərəzi var! Maraqlıdır, bizim "nəhəng alimlər” öz indeksləri ilə maraqlanıblarmı? Bir dəfə məlum oldu ki, bizim "dahi”lərdən birinin indeksi 3, ya 4-dür, yəni gülünc dərəcədə aşağıdır! Normal alimlərinki 30-dan aşağı olmur!..

O ki qaldı bizim son "dahi ədiblər”ə, təxminən bir-iki həftə əvvəl sovetin vaxtındakı iki nasirimiz haqqında bir-iki kəlmə elə böyük sözlər yazmışdım ki, onları "tədqiq” edənlərin, hətta pərəstişkarlarının belə ağlına gəlməyib. Amma "dahi məsələsi” qəliz söhbətdir və şəxsən mənə daim elə gəlib ki, böyük, monumental Azərbaycan ədəbiyyatı Cavidlə "qırıldı” – kəsildi...

Cavid özü də daha çox böyük, qeyri-lokal mövzuları gündəmə gətirməyə çalışdığı üçün böyük idi və xeyli mübahisə etmək olar ki, o, öz böyük mövzularının bir ədib-dramaturq kimi həllini verə bilirdimi?

Bir oxucu zənnimə görə, onun ən uğurlu cəhdi, bəli, həlli yox, məhz cəhdi "İblis” idi. Adam ədəbi təxəyyülü, intuisiyası ilə tutmuşdu ki, İblis bütün zamanların ən böyük qəhrəmanlarındandır; min illər əvvəl də Tanrı üçün böyük problemlər yaradıb, bundan sonra da yaradacaq, min il sonra da insanlar çox təəccüblə, həm də heyrətlə soruşacaq ki, İblisəmi uymuş bəşəriyyət?..

Ədəbiyyat ədəbi suallara cavab axtaran ötəri məşğuliyyətdir – biri gəlir, digəri gedir, hamısı hıqqana-hıqqana nəsə demək istəyir, amma alınmır, çünki bu sualların cavabını nə vaxtsa verə bilsə, yenə də Tanrının özü verəcəkdir, çünki BÖYÜK SİRR yalnız ONA agahdır. Sözüm budur ki, Cavid də sanki bunu tuta bilmişdi, cavab vermirdi, göstərirdi...

İndi belə şey yoxdur. Hər sahədə iddialılar çoxdur, daha çox sayılıb-seçilmək üçün, amma heç kim ağır yaradıcılıq daşının altına çiynini vermək istəmir: ədəbiyyatdan, elmdən tutmuş jurnalistikaya, siyasətə qədər...

Cavanlar həmişə daha çox optimist, qocalar isə pessimist olur – bunun da fərqindəyik, amma qocaların cavanlardan həmişə bir üstünlüyü var; onlar həyatı təzə yaşamağa başlayan cavanlardan fərqli olaraq artıq onun hər üzünü görmüşlər; hərdən eşidin, ziyanı olmaz...

Həm də Həzrət Əlinin çox məşhur sözləri var: insanlar daha çox zəmanənin övladlarıdır. Cəsarət edib bura kiçik düzəliş edərdim: zəmanə bir az geniş anlayışdır, insanlar daha çox yaşadıqları mühitin övladlarıdırlar. Odur ki, bu xüsusda da irreal ümidlərə qapılmayın.

Bilirsiniz, nə düşünürəm? Bizim nəsil niyə romantik oldu? Səbəbi bəlkə inandırıcı görünməyəcək, amma SOVET QURULUŞU özü də ROMANTİK idi – bəli, inanın, belə idi. O vaxt, yalan-doğru, kimin kultu vardı? Korçaginin, Çe Qevaranın, sürgünlər yaşayan, qazamatlar görən inqilabçı bolşeviklərin, nə bilim, Alyende kimi sosialistlərin, hətta Korvalan, Nazim, Neruda kimi yaradıcı solçuların-kommunistlərin! KQB-nin xaç atası "dəmir Feliks” 44 illik ömrünün 11-ni məhbəsdə yaşamışdı!..

Sovet rejimi hiss etmədən sabahısı gün özünə qarşı da çıxacaq ROMANTİK NƏSİL yetişdirirdi. Daha belə şey yoxdur, inciməyin, indi daha çox "praqmatik”, hətta eqoist nəsil yetişməkdədir.

Başa düşürük, böyük hesabla belə də olmalıdır, çünki bayırda kapitalizmdir, indi pulun, sərvətin, var-dövlətin kultu var, daha əvvəlki yalançı bərabərlik də yoxdur, insanlar "uğurlu”lara, "uğursuz”lara bölünür, uğurlulara hamı baş əyir, uğursuzlara heç salam da vermirlər! Bizimki kimi ölkələrdə heç kim "necə?” sualını da vermir, bacarana baş qurban, pulun-varın var, keç yuxarı, yoxdur, sürüş buradan, adamların əl-ayağına dolaşma...

Daha kimsə, xüsusən də cavanlar ayaq saxlayıb piyada evinə gedən Cavid əfəndilərə tamaşa etmirlər, yox, daha getdi o çağlar, qayıtmaz. Yox, əksinə, metroda, avtobusda başlarını telefona əyib özlərini məşğul göstərməyə çalışırlar ki, durub belələrinə yer vermək lazım gəlməsin...

Siyasi mərsiyə kimi qəbul etməyin, amma kapitalizmin ən böyük ideoloqlarından sayılan Smit də məcbur olub etiraf edirdi ki, nə etmək olar, insanın təbiəti budur – hər şeyi daim özünə tərəf çəkir. Hələ onu demirəm, iqtisadi nəzəriyyədə "Asiya tipli kapitalizm”, "Asiya istehsal üsulu” kimi ifadələr az qala qarğış kimi, bəzən isə hətta söyüş kimi də səslənir.

Amma yenə də tamam bədbin olmaq da lazım deyil ki, guya hər şey bitib, daha heç nə olmayacaq. Yox, "bərabərlik utopiyası” da, vur-tut, 70 il çəkdi. Üstəlik, çoxu məsələnin o biri tərəfini unudur: nə yaxşı, cəmi 70 il oldu, çünki bunun Sibiri də, güllələnməsi də vardı...

Qarşılığında min illər ərzində mülkiyyət, hətta ağalar-nökərlər oldu, amma Homer, Firdovsi, Şekspir, nə bilim, Hüqo da vardı axı: 70 il bəşər tarixində kiçicik pauza idi və məlum oldu ki, insan boğazdan yuxarı çox danışar, amma çoxu Adam Smit deyən kimidir, ölərlər xeyri olmayan işin qulpundan yapışmaz, təmənnasız adama bir qaşıq su da verməzlər!

Odur, hərdən adamın ağlından keçir ki, bəlkə hamımız Tanrıdan çox elə İblisin övladlarıyıq və bəlkə "satanizm” də boş yerdən yaranmayıb, bunun da əsası, məntiqi var? Bəlkə liberallar, mühafizəkarlar, nə bilim, sosial-demokratlar, millətçilər, ya kosmopolitlər haqqında danışanda bir az satanistlərdən də bəhs edək, bəlkə bu ideyaların hamısının altında bir satanist ideologiyası – İblis də var?..

Nə isə! Gör, haralara, nələrə gəlib çıxdıq! Vallah, elə bu da İblisin əməlidir. Odur, İblisə lənət oxuyun! Böyük ictimai-siyasi ümidlərə də qapılmayın, hamımız xorla "Bəşərin eşqi, ürəyi, zehni, düşüncəsi partiyasızdır!” yazmağa və deməyə hazırıq! Nə fərqi, hansı partiyadır! Qoy, özümdən də bir "sitat” gətirim: paqonlar qalır, dəyişən ulduzlardır.

Hüseynbala Səlimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 May 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri