Nobel Sülh mükafatçısı: Azərbaycan alimləri qlobal elmi diplomatiyada strateji rol oynaya bilərlər MÜSAHİBƏ
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC
Beynəlxalq elmi əməkdaşlıq və texnoloji inkişaf çağdaş dünyanın elmi və strateji arenasında Azərbaycan alimlərinin rolunu xüsusi əhəmiyyətli edir. Son illərdə ölkəmizin mütəxəssisləri yalnız milli səviyyədə deyil, həm də qlobal elmi strukturlarda fəal iştirak etməklə strateji töhfələr verməyə başlayıblar.
Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA / IAEA) çalışan həmvətənimiz, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov beynəlxalq elmi mühitdə qazandığı təcrübələr, nüvə təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində həyata keçirdiyi layihələr, eləcə də gənc alimlər üçün açdığı perspektivlər barədə AZƏRTAC-a danışıb. Müsahibəni təqdim edirik.
- Azərbaycanlı alim kimi beynəlxalq təşkilatlarda çalışmaq sizin üçün hansı peşəkar və şəxsi təcrübələri qazandırıb? AEBA-dakı fəaliyyətiniz barədə məlumat verərdiniz.
- Beynəlxalq təşkilatlarda çalışmağım, xüsusilə də Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə fəaliyyətim, mənə həm peşəkar, həm də şəxsi müstəvidə çoxşaxəli təcrübələr qazandırıb. Beynəlxalq qurumda işləmək müxtəlif elmi məktəblərin nümayəndələri ilə əməkdaşlıq etməyi, elmi-texniki qərarların qlobal təhlükəsizlik standartlarına uyğun şəkildə formalaşdırılmasını və kompleks problemlərin çoxmillətli komanda çərçivəsində həllini tələb edirdi. Bu mühit mənə qlobal elmi proseslərə daha geniş baxış bucağı ilə yanaşmaq, müasir analitik üsullar və qabaqcıl texnoloji həll yollarından istifadə etmək vərdişlərini aşıladı.
AEBA-dakı fəaliyyətimə nüvə materiallarına nəzarətin rəqəmsal sistemlərlə avtomatlaşdırılması, məlumatların təhlili və yüksək etibarlı proqram təminatının hazırlanması daxil idi. Bu çərçivədə hazırlanan texnoloji həllər dövlətlərin hesabatlılığını və şəffaflığını təmin edir, eləcə də nüvə təhlükəsizliyinə dair beynəlxalq tələblərə əməl olunmasına töhfə verirdi.
Şəxsi baxımdan bu təcrübə mənə daha geniş elmi çevrə qazandırdı, müxtəlif ölkələrdən olan mütəxəssislərlə uzunmüddətli əməkdaşlıq əlaqələri formalaşdırdı və Azərbaycan mütəxəssisinin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli ola biləcəyini nümayiş etdirmək imkanı verdi. Beynəlxalq mühitdə işləmək mədəniyyətlərarası ünsiyyəti, komanda idarəçiliyini, risklərin qiymətləndirilməsini və strateji düşüncə tərzini daha da gücləndirirdi. Bu, mənim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyi idi.
Çoxmillətli kollektivlə əməkdaşlıq çeviklik, müxtəlif fikirləri dinləyərək dəyərləndirmək və fərqli mədəniyyətlərə aid olan həmkarlarımla ortaq dil tapmaq bacarıqlarımı inkişaf etdirdi. Bu proses məni təkcə texniki mütəxəssis kimi deyil, daha geniş baxışa malik, təşkilatın missiyasını anlayan və layihələri nəticəyə çatdırmağı bacaran idarəçi kimi formalaşdırdı..
- Siz AEBA-nın informasiya sistemləri və nüvə təhlükəsizliyi sahəsində mühüm layihələrdə iştirak etmisiniz. Bu layihələr qlobal enerji və təhlükəsizlik siyasətinə necə təsir göstərir, xüsusilə Azərbaycan elmi üçün hansı yeni imkanlar yaradır? Bu sahədə gənc alimlərin hansı bacarıqlara fokuslanmasını tövsiyə edərdiniz?
- AEBA-nın informasiya sistemləri və nüvə təhlükəsizliyi üzrə layihələrində iştirakım qlobal enerji təhlükəsizliyinin təmin olunması, nüvə materiallarının nəzarətdə saxlanılması və dövlətlərin beynəlxalq öhdəlikləri çərçivəsində şəffaflıq və hesabatlılığın artırılması kimi strateji hədəflərə xidmət edirdi. Bu layihələr vasitəsilə hazırlanan rəqəmsal platformalar və analitik sistemlər nüvə materiallarının nəzarətə götürülməsi, nəqli, saxlanması və istifadəsinə dair məlumatların monitorinqini mümkün edir, risklərin erkən aşkar olunmasına və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə tətbiqinə şərait yaradırdı.
Bu sahədə karyera qurmaq istəyən gənc alimlərə fəaliyyətlərini riyazi modelləşdirmə, kibertəhlükəsizlik, süni intellekt, informasiya sistemlərinin arxitekturası və proqramlaşdırma, layihə idarəetməsi, eləcə də komanda işi bacarıqları kimi istiqamətlərə yönəltməyə xüsusi diqqət yetirməyi tövsiyə edərdim. Çünki nüvə təhlükəsizliyi yalnız texniki deyil, həm də strateji və diplomatik ölçülərə malikdir. Bu istiqamətdə yetişən Azərbaycan alimləri qlobal elmi proseslərdə fəal iştirak edə və ölkənin elmi nüfuzunun yüksəlməsinə ciddi töhfə verə bilərlər.
Azərbaycanın universitet və tədqiqat institutları beynəlxalq qurumlarla elmi əməkdaşlıq qurmaq, tələbə və tədqiqatçılar üçün təcrübə və mübadilə proqramları yaratmaq imkanlarını dəyərləndirməlidirlər. Bu, bilik və texnologiya transferi baxımından real addım ola bilər.
- AEBA-nın 2005-ci ildə Nobel Sülh Mükafatına layiq görülməsi beynəlxalq əməkdaşlığın effektivliyini göstərdi. Komanda yanaşmasının və beynəlxalq layihələrdə etik, təhlükəsizlik standartlarının qorunmasının əhəmiyyəti nədir? Sizcə, Azərbaycan alimləri qlobal elmi diplomatiyada hansı strateji rolu oynaya bilər?
- AEBA-nın 2005-ci ildə Nobel Sülh Mükafatı alması mənim üçün böyük məna daşıyırdı. Bu mükafat bir daha göstərdi ki, nüvə təhlükəsizliyi kimi həssas və strateji bir sahədə əldə edilən nəticələr təkcə bilik və texnologiyanın deyil, həm də beynəlxalq əməkdaşlıq, yüksək etik standartlar və komanda ruhunun məhsuludur.
Komanda yanaşmasının üstünlüyünü həm şəxsi təcrübəmdə, həm də böyük layihələrin nəticələrində görmüşəm. Bu təcrübə mənə bir daha sübut etdi ki, elm yalnız laboratoriya ilə məhdudlaşmır – o, həm də diplomatiya, məsuliyyət və sülh mədəniyyətidir.
Əminəm ki, Azərbaycan alimləri qlobal elmi diplomatiyada çox strateji rol oynaya bilər. Azərbaycan enerji ölkəsi kimi beynəlxalq səviyyədə artıq etibarlı tərəfdaş imicinə sahibdir və bu nüfuz elmi sahədə də istifadə oluna bilər. Alimlərimiz nüvə təhlükəsizliyi, alternativ enerji, süni intellekt, kibertəhlükəsizlik, böyük verilənlər kimi istiqamətlərdə beynəlxalq şəbəkələrə qoşularaq həm regionumuz, həm də dünya üçün praktik dəyər yarada bilərlər.
AEBA-nın Nobel Sülh Mükafatına layiq görülməsi elmi fəaliyyətlərin həm etik dəyərlər, həm diplomatiya, həm də beynəlxalq etimad sisteminin formalaşmasında mühüm rol oynadığını göstərdi. Azərbaycan alimləri bu modelin fəal iştirakçısı olmaq potensialına malikdir. Strateji olaraq elmimizi beynəlxalq mərkəzlərlə daha sıx əməkdaşlığa çıxarmaq, qlobal problemlərin həllində ölkəmizin adını önə çəkmək mümkündür.
- Qlobal enerji, informasiya və süni intellekt sahələrində yaranan risklər və imkanlar Azərbaycan elmi və gənc alimlər üçün hansı perspektivləri açır? Sizcə, Azərbaycanın texnologiya və elmi sahədə qlobal nüfuzunu artırmaq üçün hansı prioritet strategiyalar tətbiq edilməlidir?
- Enerji, informasiya texnologiyaları və süni intellekt sahələrində baş verən proseslər dünyanın elmi və iqtisadi mənzərəsini tamamilə dəyişdirir. Fikrimcə, Azərbaycan elmi və xüsusilə gənc alimlər üçün bu proseslər strateji fürsətlər yaradır.
Bəllidir ki, enerji sektoru yeni mərhələyə qədəm qoyur. Artıq neft və qaz kimi ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji, nüvə və yaşıl enerji konsepsiyaları qlobal diqqət mərkəzindədir. Azərbaycan bu sahədə həm təbii potensiala, həm də regional əlaqələrə görə çox üstün mövqedədir. Düşünürəm ki, bizim alimlər bu keçid prosesində elmi innovasiyanın və təhlükəsizlik standartlarının tətbiqində aparıcı rol oynaya bilərlər.
Azərbaycanın qlobal elmi nüfuzunun artırılması üçün strategiyalar haqqında danışarkən qeyd etməliyəm ki, Azərbaycan elmini beynəlxalq səviyyəyə çıxarmaq üçün bir neçə mühüm prioriteti nəzərə almaq lazımdır.
Gənc tədqiqatçılara tövsiyə edərdim ki, elmi fəaliyyətlərində uğur qazanmaq üçün multidisiplinar düşünmənin zəruriliyini nəzərə alsınlar.
Əminəm ki, elm və texnologiya sahələrində çalışan yeni nəsil azərbaycanlı alimlər təkcə ölkəmizin gələcəyini deyil, həm də regionumuzun, dünyanın təhlükəsizliyi və rifahını da formalaşdıran aparıcı qüvvələrdən biri olacaqlar.
- Siz Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədrisiniz. Birliyinizin fəaliyyəti barədə məlumat verə bilərsinizmi?
- Dünya Azərbaycanlı Alimlərinin Birliyi (DAAB), 2022-ci il dekabrın 9-da Türkiyənin İstanbul şəhərində təsis edilib. Həmin dövrdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Türkiyə Azərbaycanlıları Cəmiyyətləri Federasiyasının və həmçinin Türkiyə Elmlər Akademiyasının nümayəndələrinin iştirakı ilə vətəndən kənarda fəaliyyət göstərən azərbaycanlı alimlərin görüşü keçirildi və birliyimizin yaradılması qərara alındı.
Amalımız dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalılarının bir araya gətirilməsi yolu ilə elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosial elmlər və mədəniyyət kimi sahələrdə strateji planların hazırlanması və həyata keçirilməsi üçün vətənimizə dəstək göstərməkdən ibarətdir.
Birliyimiz Azərbaycanda və qlobal miqyasda dünyanı dəyişə biləcək alimlərin, mühəndislərin, incəsənət xadimlərinin və tibb işçilərinin hazırlanması, elmi biliklərin inkişafı və innovasiyaların təşviqi sahəsində mükəmməlliyə can atdığı üçün beynəlxalq tanınma əldə etməyə çalışır.
Xaricdə yaşayan azərbaycanlı alimlərin birinci forumu 2024-cü il sentyabrın 9-11-də Bakı, Xankəndi və Şuşa şəhərlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildi. Foruma dünyanın 20-dən çox ölkəsindən təxminən 100 alim qatıldı. Birgə və məqsədyönlü çalışmanın nəticəsi olaraq birliyimiz üçün həm prioritet istiqamətləri, həm də strateji məqsədlərə çatmaq üçün konkret addımları əks etdirən geniş fəaliyyət planı hazırlandı.
Hazırda da bu planımızın həyata keçirilməsi yolunda fəaliyyət göstərir, Azərbaycanın elm və təhsil müəssisələri ilə əlaqələrimizi gücləndirir, müxtəlif ölkələrdə yaşayan alimlərimizin vətənimizin inkişafına dəyərli töhfə verə bilmələri məqsədilə onları fəaliyyətimizə cəlb edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















