Icma.az
close
up
RU
O, Heydər Əliyevin təklifini qəbul etmədiyinə görə niyə peşman olmuşdu? Məmməd İsmayılın ziddiyyətlərlə dolu ömrü

O, Heydər Əliyevin təklifini qəbul etmədiyinə görə niyə peşman olmuşdu? Məmməd İsmayılın ziddiyyətlərlə dolu ömrü

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Rasim Qaracanın “Məmməd İsmayılla vidalaşma” yazısını təqdim edir.

Sokratın sözləridir: “Böyük məqsədi olan böyükdür”. Məmməd İsmayıl da həyata böyük məqsədlə atılmışdı. Böyük insan olmaq istəyirdi. Elə bir insan ki, adı radioda çəkilsin, onu deyil, başqasını seçən sevdiyi qız, belə böyük insanı əldən buraxdığına peşman olsun. “Sonralar nəinki adım o radioda çəkildi, hətta Teleradio şirkətinin rəhbəri oldum” – özü belə deyirdi müsahibəsində.
Əlbəttə, böyüklük nisbi anlayışdır, hər böyük olandan da bir böyük olanı daha var. Məmmədin də böyüklüyü belə şairanə bir böyüklük idi. İndi artıq nə o qız var, nə də Məmməd və o böyüklük də elə söz kimi, bir şeir misrası kimi havada əriyərək yoxluğa qarışıb.
Sanki Koroğlu dastanından gəlmişdi Məmməd İsmayıl, boy-buxunlu, eşmə bığlı, qartal baxışlı bir adam idi. Yaradıcılığı da Koroğlu gözəlləmələrinin davamı idi bir mənada. Bir Koroğlu dəlisi kimi, öz sevgisi uğrunda mübarizə aparmaq, qəhrəmanlıq göstərmək, dediyindən dönməmək onun alın yazısı idi.
Bəlkə də, ona Sovet dövrünün Koroğlusu deyə bilərik – iradəli, boyun əyməyən, haqq aşiqi bir insan ki, eyni zamanda “Lenin Komsomolu” mükafatı laureatı idi. O, beşikdə ikən atası müharibəyə gedib, qayıtmayıb, yetimçiliklə böyüyüb, oxuyub, çalışıb, o yoxluq içindən “böyük insan” olaraq çıxmağı bacarıb. Fəhlə-kəndli hakimiyyəti arxasında durub, onu öz ideologiyasının bir parçasına çevirib, zahirən bütün yetimlərin pasibanı olduğu bir quruluş imajını yaradıb. Məmmədin sadəcə olaraq, şansı yavər olub, bir milyon yetimdən sadəcə birinin bəxti belə gətirə bilərdi.
Məmməd güclü insan idi, lakin bu gücün “Lenin Komsomolu”ndan və ya Kommunist Partiyasından qaynaqlandığını qəbul etmək istəmirdi. Onun partiyalı şeirlər yazdığını və ya hanısa mənada yaltaqlıq etdiyini görən olmayıb. Milli düşüncəyə, aşıq sənətinə, dastan təfəkkürünə bağlı insan idi, müstəqillik dövrü yaradıcılığında da türkçülük və turançılıq ideyalarını tərənnüm edən şeirlər üstünlük təşkil edirdi. “Gənclik” jurnalındakı fəaliyyətində də onun partiyalı olmadığını, dissident ruhunun önə çıxdığını görməkdəyik.
"Sənin kimi şairlərin ucbatından indi Avropada şeir oxuyan yoxdur" – bir dəfə mənə belə demişdi. Şeirə, ədəbiyyata baxışımız fərqli idi. Mən də onun yazdıqlarını qəbul etmirdim. Onun lirik-romantik üslubunu köhnəlmiş sayırdım. Buna baxmayaraq, şeirlərimin ilk dəfə çap olunması yenə də Məmməd İsmayılın sayəsində oldu, 1989-cu ildə "Gənclik" jurnalında 3 şeirim "eksperiment" rubrikasıyla yayımlandı. 150 min tirajla çıxan bu jurnal sayəsində bir anda məşhurlaşdım. Məmməddə belə bir ərdəm var idi, alternativ düşüncəyə hörmətlə yanaşmağı bacarırdı.
Xalq Cəbhəsi hakimiyyətə gələndə, nadir saf, millətsevər insanlardan biri olan Məmməd İsmayıl təbii olaraq önə çıxdı, ona mötəbər bir vəzifə tapşırıldı – Azərbaycan Teleradio Komitəsinin sədri təyin olundu. Bu vəzifəyə ən layiqlilərdən biri idi o. Cəbhə hakimiyyətdən gedəndən sonra o da vəzifədən imtina etdi.
Müsahibələrində dəfələrlə deyib bunu: Heydər Əliyev istefa ərizəsini qəbul etməyib, “sən qalıb işləyə bilərsən”- deyib, qalmasında israr edib. Lakin Məmməd İsmayılın qərarı qəti idi, öz hakimiyyət komandasına sadiq qalacağını bildirib.
Lakin, elə Heydər Əliyevin hakimiyyəti zamanında, 1978-ci ildə “Lenin Komsomolu” mükafatını almışdı. Güman etmək olar, bu hadisə H.Əliyevin iştirakı və ya qərarı olmadan baş verə bilməzdi.
Əslinə qalarsa, Məmməd dünənə qədər elə Heydər Əliyevin komandasında idi, lakin eyni zamanda Əbülfəz Elçibəyin Cəbhə hakimiyyəti də ona etimad götərmişdi. Cəbhə hakimiyyətdən gedəndən sonra şairin necə çıxılmaz vəziyyətdə qaldığını təsəvvür etmək çətin olmamalıdır.
Bu ziddiyyət ömrünün sonuna qədər Məmməd İsmayılı təqib edəcəkdi. Ömrünün lap sonlarında peşmançılığını dilə gətirəcəkdi. Təqribən il yarım əvvəl Sabir Rüstəmxanlı ilə söhbətində Cəbhə yoldaşlarından gileylənərək, Heydər Əliyevin “qal” təklifini qəbul etmədiyinə peşmanlığını ifadə edəcəkdi.
Şair bu qərarı verəndə gələcəyin necə olacağını dəqiq bilmirdi. Sonradan, əsl nəticələr ortaya çıxanda, “əgər başqa cür etsəydim” deməyə — yəni kontrafaktual ssenariləri hesablamağa başlamış və peşmançılıq hiss etmişdi.
Ola bilər ki, Məmməd təklifdən imtina edəndə həmin imtinanın uzunmüddətli nəticələrini o zamankı şərtlərdə tam ölçə bilməmişdi; sonradan görünən mənfəətlər, məsələn, maddi rahatlıq, nüfuz, Xalq şairi adı almaq, Fəxri Xiyabanda dəfn olunmaq və s. isə onun “əgər qəbul etsəydim” düşüncəsini gücləndirmişdi.
“Qal” təklifini rədd etdikdən sonra Türkiyəyə yollandı, Çanaqqala Universitetində müəllimlik etdi. Onun bu hərəkəti mövcud hakimiyyəti iqnor etməsi anlamına gəlirdi və şairin həyatını qəribə bir ziddiyyətin içinə salırdı. Türkiyədə olanda özünü necə hiss edib, həyatından məmnun idimi, özünü düzgün qərar vermiş sayırdımı? – bunları bilmirik. Hər halda, öz ölkəsində Məmməd birinci dərəcəli idi, fanatlarının sayı-hesabı yox idi, hörməti fışqırırdı.
Türkiyədə isə o, sadəcə bir mühacir idi, nə qədər qardaş olsaq da, o ölkənin birinci dərəcəlisi deyildi. Sanıram, Məmməd bu hərəkətinin yanlış olduğunu zaman keçdikcə daha dərindən anlayırdı və peşmançılığını çəkirdi. Qəribədir ki, ölümündən təqribən il yarım əvvəl Məmməd İsmayılın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü – 2024-cü ilin fevral ayında mətbuatda gedən xəbərlərdə belə deyilirdi.
Məsələ Məmmədin hansı tərəfdə olmasında, kiməsə və ya hansısa ideyaya xəyanət edib-etməməsində deyil. Mənim burada diqqətə çatdırmaq istədiyim məqam, şairin bu illər ərzində qarışıq duyğular içərisində çarpışması, gec də olsa özünün “yanlış” qərarını düzəltməyə çalışmasıdır və bu hadisənin bir insanın tarixi ilə, inandığı dəyərlərlə və zamanın kəcrəftarı ilə bağlı olan kompleks psixoloji-etik fenomen kimi görünməsidir.
Məmməd İsmayılın başına gələnlər, həm zəiflik, həm də insanlığa dair əsaslı bir nümunədir: biz qərar verən, amma sonradan nəticələri ilə üzləşən və yenidən dəyərləndirən varlıqlarıq. Həm şəxsi, həm ictimai baxımdan peşmançılığı başa düşmək daha mərhəmətli və ədalətli tarixi analizi mümkün edir.
Bəlkə də, Məmməd İsmayılın səhvi dövlətin gücünü öz gücü kimi görməsində idi. O özü də iradəli insan idi, lakin bu iradə himayəedici dövlət iradəsi ilə müqayisə edilə bilməzdi.
Şair bunları Türkiyədə, artıq bütün diqqət və qayğıların üzərindən çəkildiyini hiss edəndə, fiziki gücü azalanda başa düşəcəkdi. İmtina etməsi onun şəxsi qürurundan qaynaqlanırdı. Zaman keçdikcə prioritetləri dəyişmiş, sağlamlıq, maddi ehtiyaclar və ailə məsuliyyətləri önə çıxmışdı. Yaşlandıqca və zəiflədikcə ilkin prinsipial mövqenin qiyməti praktiki ehtiyaclarla müqayisədə dəyişməyə başlamışdı və bu uyğunsuzluqlar da peşmançılıq doğurmuşdu.
2012-ci ildə Çanaqqalaya yolum düşəndə axtarıb Məmməd İsmayılı tapdım. Bir kafedə oturub xeyli söhbət etdik. Çox nəşəli və gümrah idi. Hiss olunurdu ki, Vətəndən gələn ən adi bir insan da onun üçün qiymətli idi, az zamana çox şeyləri sığıdırmaq istəyirdi.
Öz köhnə “Mersedes”ində məni avtobus terminalına qədər apardı...
Məmməd İsmayılla vidalaşdım və bu, bizim son görüşümüz oldu.

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq Ərəb turistlərin etdiyi tərbiyəsizlikərin səbəbi nədir? - "Bizi sevmək məcburi deyil, amma..." Tacgül - Vasili Yanın hekayəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see216

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see149

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see148

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see140

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see140

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see139

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see134

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see132

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see130

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see129

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see126

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see125

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see125

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see124

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see124

3 vəkil cəzalandırılıb, 4 nə xəbərdarlıq edilib Rəsmi

08 Oktyabr 2025 16:10see124

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see122

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see120

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see118

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri