Icma.az
close
up
RU
Oğuz Yabqu Dövləti

Oğuz Yabqu Dövləti

Oğuz Yabquluğu və ya Oğuz Yabqu Dövləti 766–1055-ci illərdə oğuz tayfalarının orta əsrlərdə Türküstanda yaratdıqları Türk dövləti. Oğuz sözü boy, qəbilə, tayfa mənasına gəlir. İlk dəfə oğuz sözünə Orxon–Yenisey abidələrində rast gəlinib.

Paytaxtı Yenikənd, rəsmi dili oğuz dili, dini tanrıçılıq, sonra İslam olub.

950-ci ildə oğuzlar İslam dinini qəbul edənə qədər Göy Tanrıya tapınıblar. İslamı qəbul etdikdən sonra oğuzlar türk və ya türkmən adlandırılıb. Bundan sonra İslam Oğuz Dövlətində hakim və aparıcı dinə çevrilib.

Dövlətdə idarəetmə forması Yabquluq olub, dövlətin bütün məsələləri Divan deyilən məclisdə həll olunub.

Dövlətin başında Yabqu titulu daşıyan rəhbər dayanıb. Külərgin titulu daşıyan adam onun köməkçisi, vəkili olub, subaşı titulu daşıyan komandan isə ordunu idarə edib. Hökmdarın varislərinə inallar deyilib, varislərin, yəni övladların təhsili üçün qəyyumlar-atabəylər təyin olunub. Hökmdarların xanımları xatın titulu daşıyıb və saray həyatında mühüm rol oynayıblar. Dövlətdə hərbi rəhbərlər də mühüm yer tutub, bir çox hallarda siyasi məsələlərə də qarışıblar.

Oğuz dövləti Qazaxıstanın geniş ərazisini – İrgiz, Ural, Emba, Aral dənizi bölgəsini, Sırdərya vadisini, Karatau ətəklərini, Çu vadisini, Xəzər dənizinin şimalını əhatə edib.

Oğuzların Ögüzçay dedikləri çaya alimlər Seyhun (Sırdərya), Amudəryaya isə Ceyhun adını veriblər.

Ərəb səyyahı və coğrafiyaşünası İstəxriyə görə, oğuzların yeni yurdu Xəzər dənizindən Sırdərya çayı sahillərinə, Fərab və İsficabaya qədər uzanıb. Tarixi mənbələrdə və dastanlarda Qazıqurd, Qazılıq və Qaracuq sıra dağları məhz “Oğuz dağları” kimi təqdim olunur.

Oğuz dövlətinin ayrı-ayrı vaxtlarında qonşuda yaşayan xalqlar–peçeneqlər, qıpçaqlar və xəzərlərlə, həmçinin qaraxanlılarla münasibətləri müəyyən səbəblərdən yaxşı olmayıb. Mənbələrin məlumatına görə qaraxanlılarla müharibədə Oğuz yabqusu öldürüldüyündən münasibətlər düşmənçilik həddinə çatıb.

Oğuzların ilkin məskunlaşdıqları ərazi Türküstanın cənub-şərq bölgələri olub, erkən oğuz qrupunun formalaşmasının başlanğıcı isə Qərbi Semireçye ilə bağlıdır.

Sırdərya boyunca yaşayan kanqlıların bir hissəsi oğuzların tərkibinə daxil olub, bir hissəsi isə qərbə – Şimali Qara dəniz bölgəsinə köç etmək məcburiyyətində qalıb. O da məlumdur ki, oğuz etnik birliyinin formalaşması mürəkkəb və uzun sürən proses olub.

Oğuzların tərkibinə həm Sırdərya vadisinin qədim etnik tərkibii, həm də Semirecyenin köçəri və yarımköçəri tayfaları daxil idi. Onlar çoxlu qəbilələrə bölünmüşdülər.

Oğuzların İslan dinini qəbul etməsi Türk xalqlarının mədəniyyətini daha da inkişaf etdirib, İslam və türk ənənələri birləşib və paralel inkişaf etməyə başlayıb.

IX–X əsrin birinci yarısında Xəzərin şərq sahillərindən Seyhun (Sırdərya) çayına qədər olan ərazilərdə yaşayan oğuzların bir qismi oturaq, böyük bir hissəsi isə köçəri həyat sürüb. Onlar maldarlıqla məşğul olub, qoyun, at, dəvə saxlayıblar. Oğuzlar Səbran, Sərpan, Qaraçuq, Karnaz və digər böyük şəhərlərdə oturaq həyat yaşayıb, bir sıra dövlətlərlə ticarət ediblər. Oğuzların ən böyük ticarət yolu Xarəzmdən Idil bölgəsinə qədər uzanıb.

X–XI əsrlərin sonunda əyalətdə çox vergi yığımlarına qarşı xalq üsyanları başlayıb. Belə üsyanlar xüsusilə X əsrin ikinci yarısında Əli Yabqunun dövründə daha çox olub. Səlcuqlar bu vəziyyətdən sui-istifadə etmək istəsələr də tezliklə bu yerləri tərk etmək məcburiyyətində qalıblar. Sonuncu Yabqu Şah Məlik dövründə dövlət güclənib,
1041-ci ildə üsyanlar yatırılıb, Xarəzm işğal edilib.

Oğuz Yabqu Dövlətinin tam olmayan hökmdarları:

İnal-Yavi yabqu

Duyli-Kai yabqu (oğlu),

İrki (İrkin) yabqu (oğlu),

Duman yabqu (oğlu),

Kanlı-Yavi yabqu (oğlu),

Mur-Yavi yabqu (oğlu),

Qara xan yabqu (oğlu),

Buğra xan yabqu (oğlu),

Quzytəkin yabqu (oğlu),

Arslan yabqu.İki böyük türk hökmdarı – Qaraxanlı Yusif Qədir xan və Sultan Mahmud Qəznəvi Bəlxdə görüşərək oğuzların Mavəraünnəhrdən qovulması barədə razılıq əldə edirlər. Plana əsasən, oğuzların rəhbəri Arslan Yabqu danışıqlar adı ilə Səmərqəndə dəvət olunur. Arslan Yabqu Səmərqəndə çatan kimi həbs olunur və Hindistana sürgün edilir. Arslan Yabqu 7 il həbsdə qalır və 1032-ci ildə orada vəfat edir. Yabqu həbs edildikdən sonra sərkərdələr oğuzları dağılmağa qoymurlar. Bununla belə 4 min oğuz ailəsi Qəznəvilərdən icazə alaraq Xorasana gedir, sonra onların bir hissəsi İraqa köç edir. Yabqu Dövləti zəifləsə də dövlətin ayrı-ayrı oğuz yabquluqları 1055-ci ilədək fəaliyyətini davam etdirib.

Osman yabqu (oğlu),

Easley yabqu (oğlu),

Şeyban (Şiban) yabqu (oğlu),

Buran yabqu (oğlu),

Əli xan(oğlu, təxminən 980–998).

Şah Məlik yabqu – 998–1042-ci illərdə Oğuz yabquluğunun son hökmdarı. 1041-ci ildə üçgünlük döyüşdən sonra Xarəzmi tutur. Buna dözməyən Böyük Səlcuq İmperiyası sultanı Toğrul və qardaşı Çağrı bəy 1042-ci ildə böyük ordu ilə Xarəzmə girir və qısa müddətdə bu torpaqları işğal edir. Şah Məlik Kirmana, oradan da Mekrana qaçır. Çağrı bəy Şah Məliki burada tutur və edam edir.

Oğuz tayfalarının ənənələrinə uyğun olaraq Oğuz-Səlcuq tayfalarının birliyinin qorunması üçün Toğrul bəy Şah Məlikin dul xanımı Altuncan xatunla evlənir.

Beləliklə tarixdə 289 il yaşayan, indiki Qazaxıstanın geniş ərazisini, İrgiz, Ural, Emba, Aral dənizi bölgəsini, Sırdərya vadisini, Karatau ətəklərini, Çu vadisini, Xəzər dənizinin şimalında babalarımızın qurduğu böyük bir dövlət–Oğuz Yabquluğu və ya Oğuz Yabqu Dövləti süqut edərək tarixin səhnəsindən silinir.

Oğuzlar dövlətin süqutundan sonra...

Oğuz dövləti dağıldıqdan sonra onların bir qismi qıpcaqların təzyiqi ilə Xəzər dənizinin şimalından şərqi Avropaya və kiçik Asiyaya, bir hissəsi Balkan yarımadasına, digər qismi Kiyevdən cənuba üz tutub. Onları uzlar adlandırıblar.Balkanlara köçən uzların bir hissəsi Rumıniyada yaşamağa üstünlük verib, onlar bugünkü qaqauzların əcdadlarıdır. Kiyevin cənubunda yaşayan oğuzlar xristianlığı qəbul edib slavyanlaşıblar.

Oğuzların Cənubi Qafqaza, o cümlədən Azərbaycana gəlişi hələ VI əsrin sonu - VII əsrin əvvəllərində başlamışdı. Qaraqoyunlu və Ağqoyunlu tayfa ittifaqları bu dövrdə Dərbənddən keçərək Azərbaycana gəliblər. XI əsrdə isə oğuzlar kütləvi surətdə indiki İran, İraq, Anadolu və Azərbaycana köç ediblər. Oğuzların digər bir hissəsi Qıpçaq dövlətinin, Qaraxanlıların, böyük bir hissəsi isə Səlcuq İmperiyasının hakimiyyəti altına keçib.

Onu da deyək ki, “Oğuzlar Böyük Səlcuq imperiyası, Səlcuq dövlətləri, Türkmən bəylikləri, Atabəylər Dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətləri, Osmanlı İmperiyası və digər dövlətləri yaradıblar. Bu gün Azərbaycan, Türkiyə, Türkmənistan, İran, İraq, Suriya, Kipr və Balkanlarda yaşayan türklərin əcdadları oğuzlardır. Oğuzlar XI əsrin 30–40-cı illərində Azərbaycana gəlib, yerli türk xalqları ilə qaynayıb-qarışıb, Azərbaycan xalqının formalaşmasında iştirak ediblər”.

Qıpçaqlar tərəfindən məğlub edilən oğuzların qalıqları sonralar Dəşti Qıpçağın türkdilli tayfaları arasına dağılıb.

Mahmud Qaşqarlı oğuzların ilkin olaraq 24 boydan ibarət olduğunu iddia edir.

Mənbələrdə deyilir ki, 24 boyun 12-si boz oxlar, 12-si isə üç oxlar adlanıb. Hər boyun öz nişanı olub, qayı, qınıq bayat boyları daha çox nüfuz sahibi olublar.

Sonrakı müəlliflər, xüsusən də XIX əsr tarixçisi, şair Məhəmməd Sadiq Mərvəzi yalnız 12 qəbilədən bəhs edib.

Mənbələrin bir-birindən ayrılması, yəqin ki, oğuzların öz ordusunun sağ və sol qanadlara–Boz oxlar və Üç oxlara bölünməsi ilə izah oluna bilər.

XVII əsrin Xivə xanı və tarixçisi Əbu-l-Qazinin “Türkmənlərin şəcərəsi” adlı tarixi əsərində oğuzların (türkmənlərin) qədim zamanlardan-Bibliya dövründən başlayaraq tarixi, onların qədim əcdadının anadan olması və həyatından bəhs edilir. Bütün türk xalqlarının qəhrəmanı Oğuz xanın Avrasiyanın müxtəlif ölkələrini və bölgələrini öz təsir dairəsinə salmaq üçün etdiyi yürüşləri, eləcə də türkmənlərin hakimiyyəti, Oğuz xanları haqqında məlumat verilir. “Oğuznamə” əsərində 24 qədim oğuz (türkmən) tayfası haqqında söhbət açılır. Bu kitabda Oğuz xanın altı oğlu və oğlanların hərəsinin dörd oğlu, onların adlarının mənası və boyların adına verilən toponimlər, yer-yurd adları haqqında qısa məlumat verməyi lazım bildik:

Sağ qanadı təşkil edən Dış Oğuzlar:

Gün xanın oğlanları-Boz oxlar:

Qayı xan: (Möhkəm, bərk” mənasındadır). Üç qitə və yeddi dənizə altı yüz ildən çox hakim olan Osmanlı sülaləsi bu boydandır.

Bayat: (Dövlətli...) Türkiyənin Kahraman Maraş və ətrafına hakim olan Dulqədiroğulları, İranda Qacarlar, Xorasanda Quru bayatlar, Maku və Doğubəyazid xanları, Kərkük türkmənlərinin əksəriyyəti bu boyun nümayəndələridir. 1480-ci ildə “Dədə Qorqud” kitabının üzünü köçürən Təbrizli Həsən və böyük Azərbaycan şairi Məhəmməd Füzuli bu boydandır.

Alkaevli (Uğur qazanan...), Türkiyə və Azərbaycandakı Alaca, Alacalılar adlı toponimlər adını bu boydan götürüb.

Qaraevli : (Qara çadırlı...)

Ay xanın oğlanları:

Yazır: (Ölkələrə hakim...),Yenibənd yabguları, Qərbi Türkistandakı Cend əmrləri, Xorasan yazırları, Toroslardaki Gündüzoğulları xanədanı bu boydandır.

Düger-Dögər: (Dairə...), Harput–Diyarbəkir–Mardin hakimləri, Ardıqlılar, Sincar-Siverek, Suruç, Caber bəyləri, Məmlüklər dövründə Hələb döğərləri, bugünkü Mardin–Urfa arasında iyirmi dörd oymaqlı Kürd Döğərləri, Şavşatdakı Hörən qala və Malatyanın Tokharis bucağı, Dağıstanda Digor, Qars və Arpaçay sağındakı Digor qəzası bu boyun adınadır.

Dodurqa: (Ölkələri fəth edən...), Sivasın şərqindəki Tödürgələr bu boyun nümayəndələridir.

Yaparlı: (Qarşısına çıxanı yıxan...).

Ulduz xanın oğlanları:

Əfşar: (Çevik...). Konyadakı Karamanoğulları, İrandakı Nadir şah Əfşar və xanədanı, Urmiya və Xorasan əfşarları bu boyun nümayəndələridir.

Qızıq: (Qəhrəman...). Qaziantep, Hələb və Ankara ətrafındakı Kızıklar, Şərqi Gürcüstanda və Şirvanın qərbindəki düzənliyə Kızık adı qoyanlar bu nəsildəndir.

Bəydili: (Natiq...) Xarəzmşahlar, Bəydililər, Kürmanç Badılları bu boydandır.

Qargin: (Qonaqpərvər), Ağqoyunlu-Dulkadiroğlu və Hələb-Hatay bölgəsindəki Kargunlar, Şərqi Anadolu və Azərbaycanda bəzi bölgələrdə yazda qar əriməsindən əmələ gələn sel və daşqınlara Qargın deyilməsi bu boyun adınadır.

Sol qanadı təşkil edən İç Oğuzlar:

Göy xanın oğlanları-Üç oxlar:

Bayandur: (Dünya malına sahib olan...) Ağqoyunlular sülaləsi, İzmirdən Gəncəyə qədər Bayandur adlı yerlər bu boydandır.

Peçeneq: (Çalışqan...) Qara dənizin şimalına və Balkan yarımadasına köçən, Bizanslılardan ayrılaraq Səlcuqlara yaxınlaşan peçeneqler, Dəclənin cənubundakı Beçene Qolu, Ankara–Çukurova–Halep bölgələrindəki Türkmən oymaqlarından olan peçeneqler bu boyun nümayəndələridir.

Çavuldur: (Dürüst...) Türkmənistanda Manqışlaq Çavuldurları, Çorum ətrafındakı Çavuldur və Anadoludakı Çovdar türkmən oymaqları, Ərzurum və ətrafındakı Çoxundur adlı kəndlər bu boyun adından gəlir.

Çepni: (Qəhrəman...) Rize-Sinop arasındakı çox usta dəmirçi Çepniler və Çebiler, Kırşehir, Manisa–Balıkəsir ətrafında, Qars ilə Van bölgələrində Türkmən oymağı Çepniler.

Dağ xanın oğlanları:

Salur: (Qılınc tutan...) Qars və Ərzurum hakimi Salur Qazan Xan Sülaləsi, Göyçə, Sivas-Kayseri hökmdarı, alim və şair Qazı Burhanəddin Əhməd və Dövləti, Fars Atabəyləri, Səlcuqlar, Xorasandakı Yomurt və Sarıq türkmənlərinin çoxu bu boya mənsubdur.

Eymur: (Zəngin...) Ağqoyunlu, Dulkadirli və Hələb türkmənlərinə bağlı İmirli oymaqları, Bərdə rayonundakı İmirli kəndi bu boya bağlıdır.

Ala-Yundlu: (Alaca atı olan...).

Yüregir: (Fəzilətli), Orta Toros və Çukurova iç oğuz türkmənlərinin çoxu, Adanadakı Ramazanoğulları bu boyun nümayəndələridiır.

Dəniz xanın oğlanları:

Iğdır: (İgid...) Bozdoğanlı oymağı, Anadoluda İğdirler toponimləri, İranda Böyük Qaşkqay elindəki iğdirler və Iğdır adları bu boydandır.

Büğdüz: (Təvazökar...) Hələb türkmənlərindən Büğdüzler bu boydandır.

Yıva: (Yüksək dərəcəli...) Böyük Səlcuqlu Sultanı Məlikşah (1072–1092) dövründə Suriya və Fələstini fəth edən Atsız bəy, 12-ci əsrdə Həmədan qərbində Cəbəl bölgəsi hakimləri Berçemeoğullar, avropalıları Hələb ətrafında məğlub edən Yaruk bəy, Güney-Azərbaycandakı Kaçarlu-Yıva oymağı bu nəsildəndir.

Qınıq: (Möhtərəm...) Anadolu Səlcuqlu dövlətləri, Orta Toroslardaki İç Oğuz türkmənləri, Ankara və Aydındakı Qınıq oymaqları bu boydandır.

Oğuz xanın oğullarının kiçik xanımlarından törəyən qədim oğuz (türkmən) tayfalarının siyahısı:

Kene, Günəş, Turbatlı, Gireyli, Soltanlı, Oğlu, Qırğız, Suçlu, Xorasanlı, Yurtçu, Camçı, Turumçu, Kum, Sorku, Kurdjuk, Saradjik, Karadjuk, Tekin, Qazıkurt, Lalə və s.

Əcdadları Oğuz xanın ordusunda başçı və yaxın silahdaşları olan, qədim və orta əsrlərdə oğuzların (türkmənlərin) tərkibində sayılan tayfalar: Kanglı, Qıpçaq, Qarluq, Xalaçlardır.

Hazırda oğuzlar Azərbaycan, Türkiyə, İran, Türkmənistan, Əfqanıstan, İraq, Özbəkistan, Suriya, Ukrayna, Gürcüstan, Moldova, Rusiya, ÇXR, Misir, Balkanlarda (Bolqarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) və digər dövlətlərdə yaşayırlar. Oğuzlar bu ölkələrdə yaşayan türklərin atası sayılır.

Son olaraq onu da deyək ki, oğuzların tarix boyu yaratdıqları böyük türk dövləti və imperiyaları bunlardır:

Böyük Səlcuq İmperiyası, Səlcuq Dövləti, Qaraqoyunlu İmperiyası, Ağqoyunlu İmperiyası, Atabəylər Dövləti, Səfəvilər İmperiyası, Əfşarlar İmperiyası, Osmanlı İmperiyası, Qacarlar Dövləti, Türkmən Bəylikləri, Anadolu və İraq Səlcuq sultanlıqları, Anadolu bəylikləri və s.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

seeBaxış sayı:36
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri