ÖLKƏDƏ 60 MİNDƏN ÇOX İŞ YERİ NİYƏ “BOŞ QALIB”? Bu işlər kimlər üçündür, maaş nə qədərdir?
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Bu günlərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən açıqlanan bir məlumat böyük marağa səbəb olub. Belə ki, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair keçirilən mətbuat konfransında bildirib ki, qurumun vakansiya bankında hazırda 61 mindən çox iş yeri mövcuddur. Ancaq təəssüf ki, qurum rəhbəri bu iş yerlərinin hansı sahələri və regionları əhatə etdiyi barədə əlavə məlumat verməyib.
Bu rəsmi açıqlama fonunda ortaya haqlı bir sual çıxır: Əgər ölkədə 60 mindən çox boş iş yeri varsa, niyə işsizlik problemi hələ də aktualdır?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yeri açılıb. Bu iş yerlərinin 89,8 faizi mövcud müəssisə və təşkilatlarda, cəmi 9,1 faizi isə yeni yaradılmış qurumlarda formalaşıb. Maraqlıdır ki, yaradılan iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunun payına düşür.
Regional bölgüyə baxdıqda isə balanssız bir mənzərə ortaya çıxır. Belə ki, yaradılan yeni iş yerlərinin 75,9 faizi Bakı şəhərində, cəmi 0,8 faizi Naxçıvan Muxtar Respublikasında açılıb. Digər regionların payı ümumilikdə 23,3 faiz təşkil edir ki, bu da bölgələrdə məşğulluq imkanlarının hələ də məhdud olduğunu göstərir.
Rəsmi statistikaya əsasən, 2025-ci il noyabrın 1-nə olan ilkin məlumatlara görə, ölkədə işsizlərin sayı 278,9 min nəfərdir. İşsizlik səviyyəsi ölkə üzrə 5,2 faiz təşkil edir. İqtisadi fəal əhalinin sayı 5 milyon 381,5 min nəfər olsa da, onların yalnız 5 milyon 102,6 mini məşğul əhali hesab olunur.
Bu rəqəmlər fonunda 60 mindən çox vakansiyanın mövcudluğu ilə işsizliyin davam etməsi arasında uyğunsuzluq açıq şəkildə hiss olunur.

Bu barədə iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya şərhində bildirib ki, açıqlanan rəqəm dünya praktikasında da müşahidə olunur. Onun sözlərinə görə, bir çox ölkələrdə işsizliyin səviyyəsi yüksək olsa da, eyni zamanda boş iş yerləri də mövcuddur.
N. Cəfərli qeyd edib ki, iş yerlərinin mövcud olması insanların həmin vakansiyalara razılaşacağı anlamına gəlmir: “Ola bilər ki, sözügedən 60 min iş yeri aşağı əməkhaqqılıdır, sərfəli ərazilərdə yerləşmir və ya logistik baxımdan çətindir, yəni yol xərcləri yüksəkdir. Həmçinin bu vakansiyalar xüsusi bilik və ixtisas tələb edə bilər”.
İqtisadçı qeyd edir ki, bütün bu amillər nəzərə alınmalıdır, yəni iş yerlərinin sayı çox olsa belə, insanların niyə həmin vakansiyalara maraq göstərmədiyi araşdırılmalıdır.
N. Cəfərli ehtimal edir ki, bu iş yerlərinin böyük əksəriyyəti aşağı əməkhaqqı təklif edir: “İnsanlar iş seçərkən maaş məsələsinə xüsusi önəm verirlər. Bundan əlavə, iş yerlərinin seçimi həm də insanların bacarıqları, ixtisası və gözləntiləri əsasında formalaşır”.
Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar–avqust aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1093,8 manat təşkil edib. Yüksək əməkhaqqı əsasən mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə və elmi-texniki sahələrdə müşahidə olunur. Bu isə ehtimal yaradır ki, həqiqətən də iqtisadçının vurğuladığı kimi, vakansiya bankında yer alan işlərin əhəmiyyətli hissəsi aşağı maaşlı iş yerləridir və bu səbəbdən geniş kütlə üçün cəlbedici deyil.
Elə Dövlət Məşğulluq Agentliyinin paylaşdığı “Məzunların məşğulluq reytinqi”nə nəzər yetirdikdə də ölkədə aşağı maaşlı iş imkanlarının daha çoxluq təşkil etdiyini anlamaq olur.

Belə ki, 2018–2023-cü illərdə Azərbaycan universitetlərini bitirən 121 min məzundan yalnız 58 faizi işlə təmin olunub. 42 faiz məzun isə hələ də işsizdir. Başqa sözlə, onların 71 min nəfəri iş tapsa da, 50 min nəfər işsizdir. Özünə iş tapan məzunların 58 faizinin maaşı 400 manatdan aşağı olub…
Daha acı bir mənzərə isə ondan ibarətdir ki, Azərbaycanda universitet məzunlarının ən çox işə düzəldiyi yer supermarketdir.
2018–2023-cü illərdə Azərbaycanda universitet məzunlarını ən çox işə götürən 10 qurum aşağıdakılar olub:
Araz Supermarket – 1 203 nəfər;Kapital Bank – 994 nəfər;Bakı Şəhəri Təhsil İdarəsi – 858 nəfər;Dost İş Mərkəzi – 708 nəfər;Kontakt Home – 557 nəfər;Unibank – 516 nəfər;McDonald’s – 503 nəfər;OBA Market – 496 nəfər;Rahat Market – 492 nəfər;Bravo Market – 487 nəfər.İqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, eyni vaxtda həm işsizliyin, həm də boş iş yerlərinin mövcud olması iqtisadiyyat üçün normal haldır. Onun sözlərinə görə, dövlət qurumlarının əsas funksiyası məhz bu iki tərəf arasında uyğunlaşmanı – yəni işsizlərlə vakansiyalar arasında sinxronizasiyanı təmin etməkdir.

Ekspert qeyd edib ki, işsiz şəxsin Bakıda yaşaması, boş iş yerinin isə regionda – məsələn, Zərdabda yerləşməsi tez-tez rast gəlinən haldır: “Bu, o demək deyil ki, ölkə üzrə boş iş yerləri sıfıra enməlidir. İşsizliyin olduğu bir mühitdə iş axtaranların və uyğun olmayan vakansiyaların mövcudluğu tamamilə mümkündür”.
Xalid Kərimlinin sözlərinə görə, problemin əsas səbəblərindən biri vakansiyaların strukturu və əməkhaqqı səviyyəsidir: “Bir çox hallarda təklif olunan iş yerləri aşağı maaşlı olur – 400 və ya 600, maksimum 800 manat civarında. İnsanlar isə təbii olaraq daha yüksək əməkhaqqı, yaşayış yerinə yaxınlıq və normal iş şəraiti axtarırlar. Bu baxımdan boş vakansiyaların dolmaması təəccüblü deyil”.

İqtisadçı hesab edir ki, əsas narahatlıq doğuran məqam yaradılan iş yerlərinin xalis artımıdır. Onun sözlərinə görə, 2023-cü ildə ölkədə cəmi 9 min, 2024-cü ildə 33 min, 2025-ci ildə isə təxminən 19 min əlavə iş yeri yaranıb: “Burada söhbət yeni açılan müəssisələrdən yox, bağlanan və açılan iş yerləri arasındakı fərqdən gedir. Üç il ərzində cəmi 61 min əlavə iş yeri yaradılıb ki, bu da əhalinin artım tempi ilə müqayisədə olduqca azdır”.
Xalid Kərimli vurğulayıb ki, Azərbaycan əhalisi hər il orta hesabla 60–70 min nəfər artır və təxminən 18–20 il əvvəl doğulan gənclər hazırda əmək bazarına daxil olurlar: “Bu axını nəzərə alsaq, yaradılan iş yerləri əmək bazarının tələbatını ödəyə bilmir. Bu da onu göstərir ki, qeyri-neft sektoru hələ də kifayət qədər inkişaf etməyib”.
Ekspert məşğulluğun strukturuna da diqqət çəkib. Onun sözlərinə görə, hazırda özəl sektorun məşğulluqda payı təxminən 52 faizdir, dövlət sektorunda isə bu göstərici 48 faizə yaxındır: “Dövlət sektoru əsasən qeyri-məhsuldar sahədir. Qonşu ölkələrdə dövlət sektorunda məşğulluq 25–30 faiz civarındadır. Azərbaycanda isə bu göstərici süni şəkildə yüksək saxlanılır ki, işsizlik statistikası kəskin görünməsin”.
Xalid Kərimli hesab edir ki, dövlət sektorunda məşğulluğun bu səviyyədə saxlanması iqtisadi səmərəsizliyə səbəb olur: “Dövlət sektorunda artıq işçi sayı var və burada ixtisarlara getmək mümkündür. Çünki səmərəsiz məşğulluq dövlət büdcəsinə yük yaradır. Məsələn, yol polisinin sayının çox olması xidmətin keyfiyyətini artırmır, əksinə, resursların mənasız istifadəsinə gətirib çıxarır”.
E. Bəyməmmədli
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















