Icma.az
close
up
RU
Ölkələr öz AI modellərini yaratmağa başlayır

Ölkələr öz AI modellərini yaratmağa başlayır

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda ABŞ-ın aparıcı süni intellekt şirkətləri üçün iki problem var. Birincisi, Prezident Donald Trampın mümkün narazılığı ilə üzləşməkdir. İkincisi isə paradoksal görünsə də, öz texnologiyaları haqqında yaratdıqları yüksək gözləntilərin cəmiyyət tərəfindən gerçək kimi qəbul edilməsidir.
Bunun ən bariz nümunələrindən biri məşhur Claude süni intellekt çatbotunu və proqramlaşdırma aləti Claude Code-u hazırlayan Anthropic şirkətidir. Şirkət 2021-ci ildə OpenAI -dən ayrılan bir qrup mütəxəssis tərəfindən daha təhlükəsiz və sosial məsuliyyətli süni intellekt sistemi yaratmaq məqsədilə təsis edilib.
Əslində, OpenAI da 2015-ci ildə fəaliyyətə başlayarkən əsas missiyasını «maliyyə gəliri əldə etmək məqsədi güdmədən bütün bəşəriyyətin rifahına xidmət etmək» kimi müəyyən etmişdi. Lakin sonradan şirkət bu prinsiplərindən bir qədər uzaqlaşaraq, dəyərinin təxminən 1 trilyon dollara çatacağı gözlənilən səhm təklifini reallaşdırmaq məqsədilə kommersiya yönümlü korporativ modelə keçib.
Anthropic də OpenAI kimi iri kommersiya şirkətinə çevrilib. Bununla belə, o, əsas diqqəti proqram təminatı hazırlayan mütəxəssislər üçün alətlərə, xüsusilə də geniş istifadə olunan Claude Code platformasına yönəldib. OpenAI gəlir əldə etmək məqsədilə müxtəlif istiqamətlərdə fəaliyyətini genişləndirdiyi halda, Anthropic texnologiyasının istifadəsinə daha seçici yanaşır və bəzi hallarda əməkdaşlıqdan imtina edir.
Məhz Müdafiə Nazirliyi ilə əməkdaşlıqdan imtina etməsi Anthropic üçün həm şirkətin, həm də qlobal süni intellekt sektorunun gələcəyinə təsir göstərə biləcək hadisələrin başlanğıcı oldu.
2026-cı ilin fevral ayının sonlarında ABŞ-ın müdafiə naziri Pit Heqset Anthropic şirkətindən süni intellekt alətlərinin ABŞ Müdafiə Nazirliyi tərəfindən «qanun çərçivəsində istənilən məqsədlə» istifadəsinə icazə verməsini tələb edib.
Lakin şirkətin baş icraçı direktoru Dario Amodei buna etiraz edərək bildirib ki, Anthropic texnologiyalarının «kütləvi daxili nəzarət» və ya «tam avtonom silah sistemləri» üçün istifadə olunmasını doğru hesab etmir. O daha sonra qeyd edib ki, əgər bu əməkdaşlıq «demokratik dəyərləri qorumaq əvəzinə, onları zəiflədəcəksə», şirkətin Müdafiə Nazirliyi ilə əməkdaşlığına razı deyil.
Bu mövqe nə Pit Heqset, nə də Prezident Donald Tramp tərəfindən müsbət qarşılanıb.
Heqset Anthropic şirkətini «təchizat zənciri üçün risk» elan edib. Bu status indiyədək Huawei və ZTE kimi Çin telekommunikasiya şirkətlərinə verilib. ABŞ hökuməti bunu həmin şirkətlərin avadanlıqlarında Çin hökumətinin casusluq məqsədilə istifadə edə biləcəyi mexanizmlərin yerləşdirilmiş ola biləcəyi ilə bağlı narahatlığı ilə əsaslandırırdı.
Donald Tramp isə sosial şəbəkədə paylaşım edərək ABŞ dövlət qurumlarına Anthropic məhsullarından istifadəni dayandırmağı tapşırıb.
Şirkət bu qərardan sonra ABŞ məhkəmələrinə şikayət edib. Lakin məhkəmə qərarları ziddiyyətli olub: federal apellyasiya məhkəmələrindən biri Anthropic-in mövqeyini dəstəkləsə də, digəri hökumətə tərəf çıxıb.
Bununla yanaşı, ABŞ hökumətinə qarşı sərgilədiyi mövqe şirkətə yeni müştərilər də qazandırıb. 2026-cı ildə Anthropic bazar payını artıraraq OpenAI-dən müəyyən üstünlük əldə edib. Bəzi ekspertlər hesab edirlər ki, şirkətin prinsipial mövqeyi yüksək ixtisaslı süni intellekt mütəxəssislərinin cəlb olunmasına və onların şirkətdə saxlanılmasına da müsbət təsir göstərib.
Lakin Tramp administrasiyasının şirkətə münasibəti dəyişməyib. Bu, Anthropic-in yeni əsas modeli Mythos 5 -in təqdimatı zamanı bir daha özünü göstərib.
Süni intellekt şirkətləri yeni təməl modellərini (foundation models) təqdim edərkən, adətən bu texnologiyaların dünyaya göstərə biləcəyi potensial təsirlərlə bağlı xəbərdarlıqlar da edirlər. Bu modellər Claude Code və ya veb-çatbotlar kimi müxtəlif tətbiqlərin əsasını təşkil edən böyük dil modelləridir.
OpenAI-nin baş icraçı direktoru Sem Altman mütəmadi olaraq bildirir ki, şirkətin yeni modelləri demokratiya üçün təhlükə yarada biləcək dezinformasiyanın yayılmasını sürətləndirə və ya güclü kiberhücumlar vasitəsilə qlobal təhlükəsizliyə risk yarada bilər.
Onun fikrincə, bu cür açıqlamalar bir tərəfdən texnologiyaların mümkün sui-istifadəsi ilə bağlı səmimi narahatlığı əks etdirir, digər tərəfdən isə ictimaiyyətlə əlaqələr strategiyasının tərkib hissəsidir. Başqa sözlə, şirkətlər «məhsullarımız o qədər güclüdür ki, onlardan istifadə üçün xüsusi xəbərdarlıqlar belə tələb olunur» mesajını verməyə çalışırlar.
Virginia Tech Universitetinin tədqiqatçısı Li Vinsel bu yanaşmanı «criti-hype» adlandırır. Bu termin süni intellekt şirkətlərinin öz məhsulları barədə səsləndirdiyi iddiaların cəmiyyət tərəfindən ciddi qəbul edilməsini, daha sonra isə həmin iddialara əsaslanaraq daha sərt tənzimləmə və təhlükəsizlik tədbirlərinin tələb olunmasını ifadə edir. Nəticədə, bu tənqidlər dolayısı ilə şirkətlərin öz məhsulları haqqında irəli sürdüyü iddiaları daha da legitimləşdirir.
Anthropic yeni Mythos 5 modelini təqdim edərkən bildirib ki, bu sistem mövcud proqram təminatındakı istismara açıq təhlükəsizlik boşluqlarını aşkarlamaq baxımından son dərəcə yüksək imkanlara malikdir.
Bu səbəbdən şirkət modelin ən güclü versiyasını yalnız Project Glasswing proqramının iştirakçıları üçün əlçatan edib. Proqrama Google, Microsoft, Amazon Web Services, Linux Foundation və kritik infrastrukturun müdafiəsi ilə məşğul olan digər təşkilatlar daxildir. Məqsəd onların öz sistemlərindəki təhlükəsizlik boşluqlarını vaxtında aşkar edib aradan qaldırmasına şərait yaratmaqdır.
Digər istifadəçilər üçün isə Mythos 5-in təhlükəsizlik baxımından məhdudlaşdırılmış Fable 5 versiyası istifadəyə verilib.
Beləliklə, Donald Trampın süni intellektin gələcəyi ilə bağlı müzakirələrə birbaşa müdaxilə etməsi üçün yeni zəmin yaranıb. Ötən ilin sonunda ABŞ süni intellekt şirkətlərinin «ağır tənzimləmə yükü olmadan innovasiya etməli olduğunu» bildirən Tramp əvvəlcə yeni modellərin ictimai istifadəyə verilməsindən əvvəl onların 90 gün ərzində hökumət tərəfindən yoxlanılmasını nəzərdə tutan fərman layihəsini gündəmə gətirsə də, sonradan bu təşəbbüsdən imtina edib.
Lakin bu təşəbbüsdən imtina hökumətin süni intellekt üzərində nəzarət planlarından tamamilə əl çəkməsi anlamına gəlmirdi.
Yeni qaydalara əsasən, texnologiya şirkətlərindən təqdim edəcəkləri yeni süni intellekt modellərini 30 gün əvvəl könüllü şəkildə hökumətin yaratdığı yeni Kibertəhlükəsizlik Məlumat Mərkəzinə (Cybersecurity Clearinghouse) təqdim etmələri xahiş olunur.
Rəsmi olaraq bu prosedur könüllü xarakter daşısa da, şirkətlər bundan imtina etdikləri halda Anthropic-in üzləşdiyi problemlərlə qarşılaşa bilərlər.
Belə ki, 12 iyun 2026-cı ildə ABŞ Ticarət Nazirliyi Anthropic-ə məxsus Mythos və Fable modellərinə bütün xarici vətəndaşların, o cümlədən şirkətdə çalışan əməkdaşların girişini dayandırmağı əmr edib.
Rəsmi açıqlamaya görə, hökumətə Fable modelindəki təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu və bunun istifadəçilərə daha güclü Mythos sisteminə çıxış imkanı yarada biləcəyi barədə məlumat daxil olub.
Bu məhdudiyyətlər üç həftədən az müddət sonra ləğv edilsə də, hadisə süni intellekt sektoruna aydın mesaj verdi: ABŞ hökuməti ən güclü süni intellekt sistemlərinə çıxışı məhdudlaşdırmaq və bu sistemlərdən kimin istifadə edə biləcəyini müəyyənləşdirmək üçün ticarət və ixrac məhdudiyyətlərindən istifadə etməyə hazırdır.
Bu qərar eyni zamanda sürətlə populyarlaşan «AI suverenliyi» (AI sovereignty) konsepsiyasına da güclü təkan verib.
Bu yanaşmaya görə, süni intellekt sistemləri dövlətlərin və iri şirkətlərin gələcəyi üçün strateji əhəmiyyət daşıdığına görə onların xarici ölkələrin texnologiyalarından asılı vəziyyətdə qalması məqsədəuyğun deyil.
Tramp administrasiyası əslində ABŞ-dan tutmuş İrlandiya, İsrail və digər ölkələrə qədər hökumətlərə öz milli süni intellekt sistemlərini yaratmağın vacibliyini nümayiş etdirdi. Çünki istənilən vaxt ABŞ hökuməti həmin texnologiyalara çıxışı məhdudlaşdıra bilər.
Bəzi ekspertlər hesab edirlər ki, bu proses yalnız süni intellektlə məhdudlaşmayacaq.
Hazırda dünyanın bulud hesablama (cloud computing) bazarının böyük hissəsinə ABŞ şirkətləri nəzarət edir. Bu infrastruktur milyonlarla şirkətin internet saytlarının, məlumat bazalarının və biznes sistemlərinin işləməsini təmin edən serverlərdən ibarətdir. ABŞ-la yaşanan son gərginliklər isə bir çox ölkələri bu sahədə də milli alternativlər yaratmağa sövq edə bilər.
Kanada Antiinhisar Layihəsi (Canadian Anti-Monopoly Project) tərəfindən hazırlanan hesabata görə, ölkədə bulud hesablama infrastrukturunun təxminən 85 faizi üç ABŞ şirkətlərinin — Amazon, Microsoft və Alphabetin (Google-un ana şirkəti) nəzarətindədir.
Hesabatda qeyd olunur ki, dünyanın əksər ölkələrində də bu göstərici 70 faizə yaxındır.
Müəllif hesab edir ki, Tramp administrasiyası ilə Anthropic arasında yaranmış qarşıdurma təkcə milli süni intellekt layihələrinin deyil, eyni zamanda milli informasiya texnologiyaları və bulud xidmətlərinin inkişafını da sürətləndirə bilər.
Əgər dövlətlər və şirkətlər ABŞ texnologiyalarından asılılığı azaltmağa qərar versələr, onların üz tutacağı əsas alternativlərdən biri Çin olacaq.
Bu baxımdan müəllif Stanford Universitetinin İnsan Mərkəzli Süni İntellekt İnstitutunun (HAI) hazırladığı 2026 AI Index hesabatına istinad edir.
Hesabatda açıq şəkildə bildirilir ki, ABŞ ilə Çin arasında süni intellekt modellərinin performans fərqi faktiki olaraq aradan qalxıb.
Sənəddə xatırladılır ki, Çin şirkəti DeepSeek artıq 2025-ci ildə əsas göstəricilərdən biri üzrə ABŞ-ın ən qabaqcıl modelləri ilə eyni səviyyəyə yüksələ bilib. Hazırda isə Anthropic-in ən güclü modeli ilə aparıcı Çin modelləri arasındakı fərq cəmi bir neçə faiz təşkil edir.
Müəllif vurğulayır ki, Çin şirkətlərinin hazırladığı bir çox süni intellekt modeli açıq mənbə (open source) prinsipi ilə yayımlanır.
Bu isə o deməkdir ki, şirkətlər, universitetlər və hökumətlər həmin modelləri yükləyərək öz serverlərində işlədə bilər və başqa ölkələrdə yerləşən bulud xidmətlərindən asılı qalmazlar.
Nəticə etibarilə, əgər gələcəyin əsas istiqaməti AI suverenliyi olacaqsa, bu sistemlərin əhəmiyyətli hissəsi ABŞ yox, Çin mənşəli açıq kodlar üzərində qurula bilər.
Lakin məsələ təkcə ABŞ və Çin arasındakı geosiyasi rəqabətlə məhdudlaşmır.
Tramp administrasiyasının süni intellektin tənzimlənməsi sahəsində sərt və bəzən düşünülməmiş addımları, eləcə də Çinin yerli süni intellekt modellərinin inkişafındakı uğurları bu sahədə mövcud qaydaların yenidən formalaşmasına səbəb ola bilər.
Ehtimal ki, Kanada, Fransa və digər ölkələr öz milli süni intellekt sistemlərini yaratdıqca, bu modellər həmin dövlətlərin xüsusi seçilmiş mətn bazaları, arxivləri, mədəni irsi və milli dəyərləri əsasında formalaşdırılacaq.
Belə sistemlər yalnız texnoloji baxımdan deyil, həm də hər bir ölkənin prioritetlərini, hüquqi ənənələrini və ictimai dəyərlərini əks etdirən milli platformalara çevrilə bilər.
Hazırkı süni intellekt ekosistemi əsasən internetdən plansız şəkildə toplanmış nəhəng məlumat bazaları üzərində qurulub. Bu texnologiyaları inkişaf etdirən iri şirkətlər bir tərəfdən təhlükəsizlik və məsuliyyət barədə vədlər versələr də, digər tərəfdən rekord gəlirlər əldə etmək uğrunda yarışır və bunun doğura biləcəyi sosial riskləri artırırlar.
Tramp administrasiyasının ABŞ-ın aparıcı süni intellekt şirkətlərinə qarşı atdığı addımlar paradoksal olaraq qlobal süni intellekt bazarında yeni alternativlərin yaranmasına şərait yarada bilər.
Bu proses yalnız ABŞ-ın texnoloji üstünlüyünü zəiflətməyəcək, eyni zamanda fərqli prinsiplərə, milli maraqlara və müxtəlif inkişaf modellərinə əsaslanan yeni süni intellekt ekosistemlərinin formalaşmasına yol aça bilər.
Səbinə Həsənova
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Avqust 2026 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri