Icma.az
close
up
RU
Ölkəmizdə əhalinin artımı niyə aşağı düşür?

Ölkəmizdə əhalinin artımı niyə aşağı düşür?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Statistika həyəcan doğurur, mütəxəssislər çıxış yolları axtarırlar

Azərbaycanda doğum sayı getdikcə azalır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkəmizdə son 90 ildə doğum-ölüm nisbəti ən aşağı səviyyəyə düşüb. Əhalinin hər 100 nəfərinə düşən doğum sayı cəmi 10 nəfər təşkil edib.

Son 3 ildə rəqəmlər tədricən azalmaqdadır. 2022-ci ildə 122 min 846, 2023-cü ildə 112 min 620, ötən il isə 102 min 310 körpə doğulub. Cari ilin 8 ayında bu göstərici bir qədər də aşağı düşərək 63 min 698 nəfər təşkil edib. Bəs buna səbəb nədir? Problemin kökündə hansı amillər dayanır?

Dövlət Statistika Komitəsinin sektor müdiri Tünzalə Qarayeva bildirdi ki, ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 10-dan 9,3-ə düşüb. Doğulan körpələr arasında oğlanlar 53,1, qızlar isə 46,9 faiz olub. Körpələrdən 2 min 152-si əkiz, 78-i üçəm doğulub.

Onu da qeyd edək ki, ötən il dünyada ən yüksək doğum səviyyəsi Mərkəzi Afrika Respublikasında qeydə alınıb. Belə ki, bu ölkədə əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 44 nəfər olub. Ən aşağı doğum səviyyəsi isə Cənubi Koreyada müəyyənləşdirilib. Bu ölkədə əhalinin hər 1000 nəfərinə düşən körpələrin sayı cəmi 5 nəfər təşkil edib. Azərbaycan doğum səviyyəsinə görə dünyanın 103 ölkəsi arasında 80-ci sırada qərarlaşıb. Keçmiş SSRİ və region ölkələri arasında isə yalnız Rusiyada doğum səviyyəsi Azərbaycandan aşağı olub. Region ölkələri arasında ən yüksək doğum səviyyəsi Özbəkistanda qeydə alınıb.

Vətəndaşlar arasında keçirdiyimiz sorğuda onların böyük qismi doğum səviyyəsinin azalmasına əsas səbəb kimi sosial məsələləri göstərdilər. Səkinə Allahverdiyeva söylədi ki, maddi çətinliklər səbəbindən gənclər vaxtında ailə qura bilmirlər. Nikaha girənlərin əksəriyyəti isə 1 uşaqla kifayətlənirlər.

Fazil Nəcəfov da problemin kökündə maddi yetərsizliyin dayandığını qeyd etdi:

– Hazırda gənclər daha çox işləməli olurlar. Əvvəllər insanlar 7-8 saat işləməklə maddi ehtiyaclarını ödəyə bilirdilər. İndi onlara bir iş yerindən aldıqları məvacib kifayət etmədiyi üçün axşamlar da çalışmağa məcbur olurlar. Başqa səbəblərdən biri də sağlamlıq problemləridir.

Milli Məclisin deputatı Jalə Əliyeva doğumun ölümə nisbətinin azalmasına mənəvi, ideoloji, maddi və iqtisadi amillərin də təsir etdiyini bildirdi:

– Ümumiyyətlə, demoqrafik göstəricilərdə müşahidə olunan əsas meyillərdən biri doğum sayının azalmasıdır. Bu, təkcə ölkəmizdə deyil, bütün dünyada müşahidə edilir. Azərbaycanda statistik rəqəmlər ötən illərlə müqayisədə doğum sayının tədricən azaldığını göstərir. Prosesin bir çox obyektiv və subyektiv səbəbləri var. Tarixi keçmişə və ənənələrə nəzər salsaq, görərik ki, bir vaxtlar insanların çoxu kənd yerlərində yaşayır, əsasən, təsərrüfatla məşğul olurdular. Həmin dövrlərdə ailələrdə əmək qüvvəsinə tələbat böyük idi. Bu səbəbdən də uşaqların sayı çox olurdu. Hətta sovet dövründə 10 uşağı olan qadınlara “Qəhrəman ana” adı verilirdi. Bu həvəsləndirmənin səbəbi İkinci Dünya müharibəsindən sonra SSRİ məkanında insan itkisini kompensasiya etmək, ailələri daha çox uşaq dünyaya gətirməyə stimullaşdırmaq idi.

Doğum sayının azalmasının səbəblərindən biri də ailələrin şüurlu seçimləri ilə bağlıdır. Bəzi gənc ailələr mənəvi, ideoloji, maddi və iqtisadi amilləri nəzərə alaraq az uşağa üstünlük verirlər. Qloballaşan dünyada müxtəlif ölkələrin ailə modelləri, mədəniyyətləri ilə təmas nəticəsində həm müsbət, həm də mənfi nümunələr mədəniyyətimizə təsirsiz ötüşmür. Avropa və digər inkişaf etmiş ölkələrdə bir və ya ikiuşaqlı ailə modeli geniş yayılıb və bu da gənc ailələrimizə müəyyən mənada nümunə rolunu oynayır.

Müsahibimiz daha sonra qeyd etdi ki, tarixi və siyasi amillər də bu problemin səbəbləri sırasındadır:

– Azərbaycan uzun illər münaqişə şəraitində yaşayıb. Vətən müharibəsi zamanı 44 gün ərzində 3 mindən çox şəhid verilib ki, onların əksəriyyəti gənc yaşda, yeni ailə quran və ya hələ ailə qurmamış şəxslər idi. Bu, təbii ki, demoqrafik göstəricilərə təsir göstərən mühüm amildir. Miqrasiya da mühüm amillərdən biridir. Əmək və məşğulluq məqsədilə ölkədən köç edən insanların artması ölkə daxilində doğum sayının azalmasına gətirib çıxarır. Üstəlik, COVID-19 pandemiyası da bu göstəricilərə təsir etdi. Pandemiya dövründə nikahların və toyların keçirilməsi məhdudlaşdırıldı ki, bu da uşaq doğumunun azalmasına səbəb oldu.

Deputat sonda boşanmaların artmasının da doğum sayının azalmasına təsir etdiyini söylədi:

– Təəssüf ki, ölkədə boşanmaların sayı ildən-ilə artır. Boşanan ailələrin bir qismi övlad sahibi olmadan yollarını ayırırlar. Sonrakı illərdə isə ikinci dəfə ailə qurmaq imkanı hər kəsə nəsib olmur. Xüsusilə qadınlar bu məsələdə daha çox çətinlik çəkirlər. Kişilər qısa müddətdə yenidən ailə qurub övlad sahibi ola bilsələr də, qadınlar bu addımı daha ehtiyatla atır və nəticədə ana olmaq şansları azalır. Bütün bu obyektiv və subyektiv səbəblər statistikanın formalaşmasına təsir edir. Bununla belə, ümumi mənzərəyə nəzər saldıqda Azərbaycanda vəziyyətin beynəlxalq tendensiyalar fonunda kritik xarakter almadığı görünür. Düşünürəm ki, bu statistika bir o qədər də qorxulu deyil. Çünki il ərzində doğulanların sayı həyatını dəyişənlərin sayından çoxdur. Önəmli olan ailə üzvlərinin sayının çoxluğu deyil, cəmiyyətə sağlam, savadlı, yararlı vətəndaş yetişdirməkdir.

Sosioloq Üzeyir Şəfiyev isə yeni nəslin daha çox rahat və fərdi həyat tərzinə üstünlük verdiyini bildirdi:

– Gənclər uşağa və ailəyə görə məsuliyyət daşımaq istəmirlər. Boşanma hallarının artması bu tendensiyanı daha da gücləndirir. Statistika göstərir ki, boşanmalar əsasən çoxuşaqlı ailələrdə baş verir. Ailə institutu zəiflədikcə təbii artım da aşağı düşür. Çünki ailə sabitliyi olmadıqda uşaq dünyaya gətirmə halları azalır. Eyni zamanda, reproduktiv sağlamlıqla bağlı problemlər də doğum səviyyəsinin azalmasında mühüm rol oynayır.

Bundan əlavə, problemin yaranmasına iqtisadi amillər də nəzərəçarpacaq dərəcədə təsir edir. İnsanlar maddi çətinliklər səbəbindən dünyaya uşaq gətirməkdən çəkinirlər. Bununla belə, təbii artım məsələsi dövlət və cəmiyyət üçün olduqca strateji əhəmiyyət daşıyır. Azərbaycanda son illərin statistik göstəriciləri narahatedici dinamikanı ortaya qoyur. Bu tendensiya təkcə ölkəmizdə deyil, qlobal miqyasda da müşahidə olunur. Qeyd etmək lazımdır ki, təbii artımın azalması başqa bir təhlükəni də – mexaniki, miqrasiya hesabına baş verən əhali artımını gündəmə gətirir.

Təbii artım zəiflədikcə, ölkə əhalisi artmaqda davam edə bilər, amma bu, əsasən xarici vətəndaşların hesabına baş verər. Bu da öz növbəsində sosial-mədəni və etnik problemlər yaradır. Avropa ölkələrində bu proses artıq illərdir ki, müşahidə olunur. Əhalinin qocalması, doğum səviyyəsinin aşağı düşməsi nəticəsində əmək bazarının çox hissəsini miqrantlar təşkil edir. Eyni vəziyyət zamanla Azərbaycanda da yarana bilər. Bu səbəbdən təbii artımın qorunması və dəstəklənməsi dövlətin demoqrafik siyasətində prioritet sahələrdən biri olmalıdır.

Sosioloq onu da qeyd etdi ki, təbii artımın inkişafı və dayanıqlılığı aktual məsələdir:

– Doğrudur, bu gün Cənubi Qafqaz ölkələri arasında təbii artım göstəricilərinə görə Azərbaycan ön sıralardadır. Ancaq statistik göstəricilərə nəzər salanda görürük ki, son 10-20, hətta 30 illə müqayisədə ölkəmizdə də təbii artım səviyyəsində nəzərəçarpacaq ləngimə var. Təbii artım zəiflədikcə, onun yerini mexaniki artım – yəni miqrasiya hesabına əhali artımı tuta bilər. Bu isə uzunmüddətli perspektivdə sosial, mədəni və təhlükəsizlik baxımından arzuolunmaz nəticələr doğurar.

Üzeyir Şəfiyev problemdən çıxış yolunu belə açıqladı:

– Təbii artımın stimullaşdırılması istiqamətində bir sıra dəstək tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur. Məsələn, uşaqlar üçün verilən sosial müavinətlərin yenidən bərpası barədə düşünmək olar. Aztəminatlı ailələrdən olan uşaqlara diferensial şəkildə uşaq pulu təyin edilərsə, gənc ailələr üçün mənzil və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətlərdə təsirli siyasət aparılarsa, təbii artımı yüksəltmək mümkün olar.

Qeyd edək ki, son dövrlər Azərbaycanda körpələr arasında ölüm hallarının sayında da artım müşahidə olunur. Ötən il 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfər təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. Mütəxəssislər qeyd edirlər ki, son vaxtlar erkən doğuşların sayında artım var. Bu da tez-tez körpə ölümlərinin baş verməsinə yol açır. Beynəlxalq statistika göstərir ki, hamiləliyin 37-ci həftəliyinə qədər vaxtından əvvəl dünyaya gələn körpələrin 70 faizi tələf olur.

Həkim-terapevt Nübar Xəlilova erkən uşaq ölümlərinin əsas səbəblərindən birinin qohum evlilikləri ilə əlaqəli olduğunu dedi:

– Xarici ölkələrlə müqayisədə bizdə qohum evliliklərinin hələ də olması erkən uşaq ölümlərinin əsas səbəblərindəndir. Bu hal bir çox irsi xəstəliklərin yaranmasına, nəticədə isə uşaqlarda ağır fəsadlara və ölüm hallarına gətirib çıxarır. Həmçinin hamiləlik dövrünün normal keçməməsi, dölün ətraf mayesinin bulanıqlığı, infeksiyalar, ananın xroniki və ya digər xəstəlikləri erkən uşaq ölümlərinə səbəb olan əsas amillərdəndir. Bundan əlavə, hepatit B, erkən doğuş, uşaq serebral iflici kimi hallar da ölüm riski yarada bilər.

Həkim daha sonra qeyd etdi ki, uşaq ölümləri təkcə bizdə deyil, dünyanın bütün ölkələrində müşahidə olunur:

– Əlbəttə, uşaq müəyyən səbəbdən ev şəraitində də qəfil həyatını itirə bilər. Lakin bu halları dünya standartlarına uyğun şəkildə minimuma endirmək mümkündür. Bunun üçün uşaqların milli peyvənd təqviminə uyğun peyvənd olunması, hamiləlikdən əvvəl ananın tibbi müayinədən keçməsi, lazımi analizlərin verilməsi və hamiləliyin planlı şəkildə aparılması vacibdir. Məsələn, ana öncədən müayinədən keçmirsə və hamiləlik plansız baş verirsə, bu, doğuş zamanı uşağın həyatını risk altına sala bilər. Rayonlarda körpə ölümlərinin artmasının əsas səbəblərindən biri də məhz budur. Ona görə də hamilə qadınlar həm özlərinin, həm də körpələrinin həyatını təhlükəyə atmamaq üçün hər ay həkim nəzarətindən keçməlidirlər.

Əlbəttə ki, bütün bu proqnozlar vəziyyətin ürəkaçan olmadığını göstərir. Lakin dövlətimizin demoqrafik balansın qorunması istiqamətində apardığı iqtisadi, sosial və hüquqi siyasət nəticəsində tədricən əhalinin sayının azalmasının qarşısı alına bilər.

Elenora HƏSƏNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri