Icma.az
close
up
RU
Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Son günlər sosial mediada və xəbər portallarında əvvəlcə İçərişəhərdə binanın, sonradan isə Şuşanın Cıdır düzündə qayaların üzərinə müxtəlif adların yazıldığını gördükcə insan qəribə hisslər keçirir. Fikirlər fərqli ola bilər, lakin düşünürəm ki, hər bir azərbaycanlının ilk hiss edə biləcəyi duyğu qəzəb və kədərdir. Qəzəb keçicidir, kədər isə qalır. Ortaya bir neçə düşündürücü sual çıxır: bu, sadəcə bir neçə nəfərin məsuliyyətsizliyidirmi, yoxsa daha dərin bir məsələnin – insanın məkanla, zamanla və özündən əvvəl gələnlərə münasibətinin böhranının əlamətidir?

Söhbət heç də bir addan, bir neçə hərfdən getmir. Problem insanın “mən” dediyi şeyi haradasa əbədiləşdirmək həsrətində və bu həsrətin ünvanını səhv seçməsindədir.

Bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovun AZƏRTAC-a təqdim etdiyi “Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.

Cıdır düzü Şuşanın tarixində, bizim yaddaşımızda və təsəvvürümüzdə xüsusi yer tutur. Bura vaxtilə at yarışlarının, Novruz şənliklərinin, milli oyunların keçirildiyi meydan olub; sonra isə otuz ilə yaxın həsrətin, itkinin və nəhayət, Böyük Qayıdışın rəmzinə çevrilib. İnsan bura gələndə əslində özünü tarixin içində görür, Şəhidlərimizi xatırlayır, Ordumuzun gücünü və mənəvi qüdrətini yenidən duyur, başqa sözlə, tarixin bir hissəsinə çevrilir.

Təəssüf doğuran yanlışlıq da bəzən elə burada baş verir: insan tarixin içinə daxil olmaqla kifayətlənmir, tarixin özünü öz adı ilə əvəz etməyə çalışır. Qayaya “mən buradaydım” yazan adam fərqinə varmadan çox qədim bir insani instinktin – iz qoymaq istəyinin əsiri olur. Qədim insan da mağara divarına əl izini basıb, heyvan rəsmi çəkib, öz varlığını daşa əmanət edib. Fərq ondadır ki, o zaman insan təbiətlə, zamanla və ölümlə barışmağa çalışırdı; bu gün isə çox vaxt sadəcə “olmaq” yox, “görünmək” istəyir. Qədim insanlar yaradırdılar, indiki ibtidai təfəkkürə sahib olanlar isə var olanları, yaradılanları pozurlar.

Çağdaş insan sürətin, görünmə ehtiyacının və “mənlik” duyğusunun gurultusu içində əşya ilə, məkanla, keçmişlə dərin münasibət qurmaq bacarığını itirib. Əşya artıq öz mənası ilə deyil, insanın ona yüklədiyi ötəri funksiya ilə dərk olunur. Qaya da beləcə “tarixi məkan” olmaqdan çıxıb, kiminsə sosial media fotosuna və ya “xatirə lövhəsi”nə çevrilir.

Bu, əslində, hikmətin unudulması ilə bağlı haldır. Hikmət insana əşyanın öz həqiqətində, öz sükutunda dəyərli olduğunu xatırladır. Qayaların dili yoxdur, amma susmağı ilə danışır; onun üstündə min illərin, döyüşün, itkinin izləri var. İnsan bu sükutu dinləmək əvəzinə ona öz səsini, öz adını yazanda, əslində, tarixlə dialoqu kəsir, monoloqa keçir. Bu, artıq yalnız əxlaqi problem deyil, idrak problemidir. İnsan başqasının – bu halda bütöv bir millətin və bir torpağın hekayəsini dinləməyi bacarmır, yalnız öz hekayəsini yazmaq istəyir.

Bəs bu davranışın kökündə nə dayanır? Bəzən bu, açıq-aşkar bilə-bilə edilən sayğısızlıqdır: insan bilir ki, olmaz, amma yenə edir və nəzarətsizliyin sərhədini sınayır. Bəzən “mən də buradaydım” demək ehtiyacıdır – insanın öz keçiciliyini və ölümlü olduğunu unutmaq üçün tapdığı ən sadə, ən kobud çarə. Bəzən isə sadə məlumatsızlıq və məsuliyyətsizlikdir: “bir yazıdan nə olar ki?” düşüncəsi. Halbuki min adamın “bir yazısı” bütöv təbii və mədəni mühiti dəyişdirməyə qadirdir.

Nəhayət, bunun kökündə çox vaxt qrafiti adlanan, özünüifadə forması kimi yaranmış, sonradan yanlış məkana daşınmış bir instinkt dayanır. Qrafitinin özü nə yaxşıdır, nə pisdir – o, insanın küçəni, divarı öz izi ilə doldurmaq istəyindən doğub, uzun müddət sənətin, etirazın və gəncliyin dili olub. Amma sənətin də sərhədi var və bu sərhəd, çox vaxt, məkanın özüdür.

İcazə verilən divarda çəkilən rəsm yaradıcılıqdır; üzərində Vətən müharibəsinin, Şəhidlərimizin, qazilərimizin, qəhrəmanlarımızın izi olan qayanın üzərinə yazılan ad isə artıq başqasının səsini boğan müdaxilədir. UNESCO da irs məkanlarında qrafitini vandalizmin formalarından biri sayır və ziyarətçilərə zərərsiz özünüifadə imkanları yaradılmasını tövsiyə edir. Çünki insanın ifadə ehtiyacını inkar etmək yox, onu doğru məcraya yönəltmək lazımdır.

Burada hüquqi tərəfi də unutmaq olmaz. Əxlaqi hökm nə qədər aydın olsa da, cəmiyyət nizamı yalnız vicdana güvənərək qorunmur. Cıdır düzündəki konkret qayaların ayrıca dövlət qeydiyyatlı tarix-mədəniyyət abidəsi kimi siyahıya alınıb-alınmadığı açıq sual olaraq qalsa da, ərazinin özü hüquqi baxımdan kimsəsiz deyil.

Cıdır düzü 24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında nadir təbiət komplekslərini qorumaq məqsədilə yaradılmış, sahəsi 450 hektar olan Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazisinə daxildir. Şuşa şəhəri və Şuşa rayonu Azərbaycanın ən səfalı və füsunkar təbiətə, zəngin tarixi abidələrə malik ərazilərindəndir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarix baxımından mühüm əhəmiyyəti vardır.

Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Yasaqlıq 1992-ci ildən Ermənistanın işğalı müddətində tamamilə məhv edilmişdi. 14 iyun 2024-cü ildə yasaqlığın bərpa olunması barədə qərar qəbul olunub. Bu isə əraziyə xüsusi mühafizə statusu verir. Azərbaycan Cinayət Məcəlləsinin 261-ci maddəsi belə ərazilərə əhəmiyyətli zərər vurulmasını cinayət kimi qiymətləndirir və cərimədən tutmuş azadlıqdan məhrumetməyədək sanksiyalar nəzərdə tutur. Söhbət rəsmi tanınmış mədəni abidədən gedirsə, məsələ ayrıca və daha ağır hüquqi müstəviyə keçir.

Dünyaya baxanda görürük ki, bu məsələdə Azərbaycan tək deyil. Hər ölkə öz tarixi irsi qarşısında eyni sualla üzləşir. Almaniyada qanun abidənin görünüşünün icazəsiz və əhəmiyyətli dərəcədə dəyişdirilməsini də cinayət sayır. Türkiyə mədəni və təbii sərvəti vahid qoruma çətiri altında birləşdirib, qəsdən dağıtma və korlamaya görə iki ildən beş ilədək həbs cəzası tətbiq edir. ABŞ-də Milli Park Xidməti qraffitini vandalizm kimi qiymətləndirir və arxeoloji resursların qorunması üçün ayrıca federal qanun mövcuddur. Rusiyada da mədəni irsə zərər ayrıca cinayət tərkibi kimi tənzimlənir.

Bu ölkələrin hamısının ortaq nöqtəsi sadədir: tarixi məkana toxunmaqla adi divara toxunmaq eyni məsələ deyil.

Amma məncə, əsl həll qanundan əvvəl vicdanda başlamalıdır. Qanun artıq baş vermiş pozuntunu cəzalandırır, hikmət isə pozuntunun baş verməsinin qarşısını insanın ürəyində alır. Ona görə yalnız “qadağandır” lövhəsi ilə kifayətlənmək doğru olmazdı. İnsan bu daşın nə danışdığını duya bilməlidir.

Zərər görmüş qaya səthləri yalnız mütəxəssislər tərəfindən ehtiyatla təmizlənməli, ərazi müşahidə altında saxlanılmalı və ən vacibi insanın “iz qoymaq” ehtiyacı üçün zərərsiz bir yer yaradılmalıdır. Xatirə kitabı, rəqəmsal platforma və ya tətbiq vasitəsilə insan öz sözünü, şəklini buraya qoyub daşa toxunmadan geri qayıda bilər. Çünki insanın iz qoymaq istəyi onun ölümlülüyünə qarşı ən qədim üsyanlarından biridir. Bizim borcumuz bu üsyanı boğmaq deyil, ona layiqli və doğru ünvan göstərməkdir.

Sonda tarixi binaların divarlarını, qaya səthlərini yazmaq istəyənlərə demək istədiyim bir cümlə var: sən bu dünyadan keçirsən, daş isə səndən sonra da qalmalıdır. Əgər adını tarixə yazmaq istəyirsənsə, bunu hünərinlə, elminlə, zəkanla, Vətəninə, millətinə və onun tarixinə göstərdiyin ehtiramla et.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri