Icma.az
close
up
RU
QACAR QIZININ ÖTKƏM SƏSİ Rafael Hüseynov yazır

QACAR QIZININ ÖTKƏM SƏSİ Rafael Hüseynov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rafael HÜSEYNOV
Akademik

Zahirən zərif bir qadındı. Həmin incəlik davranışlarında, sənətində də duyulmaqda idi. Amma sərt dövranın axarında yaşayırdı. Həyat özü lazım gələndə möhkəm dura bilməyi, yeri düşəndə bozarmağı da bacarmağı, özünü və sənətini qorumaqçün mübariz olmağı da tələb edirdi.

Xurşid məhz belə idi və mühit ona varlığında həmişə zərifliklə sərtliyi qoşa və yanaşı saxlamağı öyrətmişdi. Bəzən şəraitin istəyinə görə o, kübar ədalarını bir qırağa qoyaraq ona həmlə edənlərlə elə o hücumçuların öz dilində danışmağı da bacarırdı.

Ömrünün müxtəlif illərində təzyiqlərə və təqiblərə, sərt tənqidlərə məruz qalsa da, yetərincə möhkəm insan olan Xurşid xanım həlledici məqamlarda ləyaqətlə müqavimət də göstərmişdi, yalnız müdafiə mövqeyində dayanmaqdan sanki təbiətindən uzaq olan cod bir üslubda ifşaçı çıxışlar da etmiş, ona qarşı qalxışanları küncə sıxışdırmışdı, 1920-30-cu illərin yalnız bolşevik mətbuatına deyil, elə inqilab havalı adi yığıncaqlarına da xas olan pərdə saxlamayan, kəskin, bəzənsə lap amansız ritorika ilə fikirlərini qırmızı-qırmızı, açıqca bəyan etmişdi.

1933-cü ildir, Opera teatrında Qadınlar bayramı günündə teatrın kollektivi ilə Fəhlə-Kəndli Müfəttişliyinin briqadası (sovetləşmənin ilk onillərində sonraların Xalq Nəzarəti komitələrinin bənzəri, amma səlahiyyətləri daha da çox və komissarlıq statuslu belə qurum da olub) birgə iclas keçirir və Xurşid Qacar söz alaraq kürsüyə qalxır.

Bütün əlamətləriylə bu çıxış epoxanı dəqiq səciyyələndirir. Bu çıxışda vaxtın rəngi yalnız nitqin cod üslubunda, sərt ifşaçı mövqe nümayişində üzə çıxmır. Danışan bir qadındır və həmin gündən 20-25 il əvvəl bir azərbaycanlı qadının nəhəng bir auditoriya qarşısında bu tərzdə nitqini kim təsəvvür edə bilərdi?

Xurşid xanım həmin çıxışı rusca etmişdi və o nitqin makinada çap edilmiş mətni də qalmışdır. Yəni bu mətn həmin çıxışı tam və dəqiq əks etdirir. Çünki bütün iclas stenoqrafik olaraq yazıya alınıb və Xurşid xanıma da, yəqin ki, öz istəyi ilə həmin iclasın protokolundan öz nitqinin mətni çıxarış olaraq verilib. Belə danışırdı: "Bu gün martın səkkizi bizim bayramımızdır - qadınların bayramı. Mən sizə hər şeyi olduğu kimi danışacağam. Yoldaşlar, əvvəlki bütün natiqlərin teatrdakı xoşagəlməzliklər barədə fikirlərini eşitdik. Əvvəl-axır bilmək istəyirsən ki, bəs bu xoşagəlməzliklər nədən ibarətdir. Bunu teatrdan kənarda axtarmağa ehtiyac yoxdur. Bu teatrı kim idarə edib? Rəhbərlik necə həyata keçirilib? Sanki bir üçbucaq. Bu üçbucaqda kimlər olub? Səttarov, Terequlov, Nayqov. Ən yuxarı nöqtədən, Səttarovdan başlayım. Həmişəmi yoldaş Səttarov möhkəm bir xətt tutub gedirdi və o, hərəkətlərində haqlı idimi? Xeyr! O, hər şeyi öz subyektiv nöqteyi-nəzərindən və vahid rəhbərliyi subyektivcəsinə dərk etməsi baxımından idarə edirdi. Elə onun bizim operanın bədii heyəti qarşısında administrasiyasının iclasındakı çıxışını götürək. Deyirdi ki, mən necə kommunist və təsərrüfatçıyam gəncləri müdafiə etmək üçün 12 min rubl tapa bilməyim? Bir həftə sonra isə həmin cavanların hamısını elə dərbədər saldı ki, onlar Fəhlə-Kəndli Müfəttişliyi ilə teatr arasında sədəqə gəzən kimi çörək kartoçkalarından ötrü yollarda qaldılar.

Bütün başqa hallarda olduğu kimi, burada da, gördüyünüz kimi, ortada olan yalnız yalan idi".

Bir Azərbaycan qadını tribunadan belə kəskin danışa bilirsə, həqiqət saydığını, nöqsan bildiyini belə qətiyyətlə dilə gətirirsə, bu, artıq epoxanın özünüifadəsi deməkdir. Çünki 15-20 il öncə bir Azərbaycan qadınından belə ötkəmliyi gözləmək xam xəyal olardı. Sadəcə, nə mühit bununçün yetişmişdi, nə də içərisində olduqları mühit Azərbaycan qadınını bu sayaq dilli-dilavər, bunca ictimai mövqeli etmişdi. Doğrudur, Xurşid Qacar Bakıya Moskvadan gəlmişdi. Ancaq 15-20 il əvvəl nəinki bir müsəlman şəhəri olan Bakıda, heç Moskvada da qadınlarda bunca ictimai fəallıq, həm də dövrün inqilabi ovqatına uyğun olan bu təhər açıq, sərt ifadə tərzi yox idi.

Xurşid xanım yalnız hədəf seçdiyi müəssisə rəhbərini tənqid etmir, onu müdafiəyə cəhd edən yetərincə nüfuzlu həmkarını da kəskin şəkildə inkar və məzəmmət etməkdən də çəkinmir: "Burada Bülbül yoldaş dedi ki, Səttarov təsərrüfatçıdır. Mən isə deyirəm ki, o, başdan-ayağacan qeyri-təsərrüfatçıdır! Onun sayəsində teatrın ixtiyarında olan qüvvələr tam həcmdə və rasional şəkildə istifadə edilməyib. Nəyə görə Kuçenko kimi gözəl tenor olduğu halda onun əvəzedicisi Korobeyçenko dəvət edildi və nədən ona böyük pullar ödənildi, nə üçün onun adı afişada iri hərflərlə yazılır? Ayrı-ayrı adamları nə qədər lağa qoymaq olar? Məgər budur təsərrüfatçılıq? Bəs onun bir direktor kimi Moskvaya truppa yığmaq üçün səfəri? Biz ona truppa toplamaq halı olan bir mütəxəssis kimi baxmırdıq. Səfəri əsnasında o, truppanın tərkibinə kimi dəvət etdi, kiminlə danışıqlar apardı, niyə danışıqları elə teleqraf vasitəsilə həyata keçirmədi? Məgər Moskva Səttarov deyilən adamı tanıyırdı? Moskva onun haqqında çox mənfi fikirdədir. Bir çox aktyorlar mövsümü yarımçıq qoyub getdilər. Respublikanın əməkdar artisti Boqolyubov və dirijor Şefer kimi mütəxəssislərə münasibət necə idi?

Yoldaş Boqolyubov yararsız kimi qiymətləndirildi və cürbəcür hədyanlarla kabinetdən qovuldu.

Bəli, əlbəttə ki, Rusiyada bilmirlərmiş ki, Boqolyubova niyə əməkdar artist adı verirlər və Səttarovdan icazə almağı unudublarmış. Şeferə olan münasibət indiyədək müəmmalı qalır.

Yoldaş Şefer teatrda 6 ildir ki, işləyir və məntiqlə Azərbaycan teatrı onun xidmətlərini dəyərləndirməli idi. Təşəkkür etmək əvəzinə Səttarov onu da istehsalatdan qovur və biz onu müdafiə edəcək bir söz deyə bilmirik. Dərhal boğazımızdan yapışırlar. Məgər bu, özünütənqidi sıxışdırmaq deyil? Ümid edirəm ki, Fəhlə-Kəndli Müfəttişliyinin briqadası Şeferin də məsələsini yaxşı araşdıracaqdır. Axı belə məsələləri dar çərçivədə həll edib kağızlarını da haradasa masaların siyirtmələrində gizlətmək olmaz. Biz, sovet ictimaiyyəti öz həyati məsələlərimizin müzakirələrində iştirak etmək istəyirik və özümüzə qarşı diqqət tələb edirik. Səttarov adamları işlərinin keyfiyyətinə görə yox, onların öz adamı olub-olmaması baxımından qiymətləndirirdi. Daha sonra, teatrın türk bölümündəki qüvvələrə qarşı etinasızlığı götürək. Teatrda 2 ildir ki, işləyən aktrisa Məmmədova nə iləsə razılaşmadığına görə kabinetdən qovulur.

O, üçbucağın daxilində, daha doğrusu, üçbucağın bir bucağında əriyib yox olmadı. Beləliklə, "Niyə bu qadın burada, Azərbaycanda işləmir?" kimi rəsmi müraciətlərə o, cavab verir ki, nə qədər Səttarov orada oturub, ora mənim ayağım dəyməyəcək.

Sual verirəm: vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə edilibmi? Əlbəttə, bəli! İnşaat işlərinin belə qızğın getdiyi, material, işçi qüvvəsi çatışmadığı bir vaxtda Səttarovun ixtiyarı vardımı evində təmir etdirəydi? O, teatrdan gipsolit, çox çətin tapılan dikt, şüşə, çilçıraq və digər şeyləri götürüb aparır.

Yoldaş Metelin, yoldaş Baqdasarov, niyə susursunuz, mən haqlı deyiləmsə, etiraz edin".

Xurşid Qacar ziyalı bir qadın idi, zərif ruh daşıyıcısı bir xanım idi. Əslində bu deyiş tərzi heç ona və onun kimi kübar qadınlara xas deyil. Çox da ki, söylədikləri müşahidə etmiş olduğu, bildiyi həqiqətlərdir. Danışığın, tənqidin, daha dəqiqi - ifşanın bu tərzini sovet gerçəkliyi formalaşdırıb. Bir neçə il sonra bu cür ifşaçılıq ənənəvi hal alacaq.

Xurşid Qacarı doğma nənəsi kimi qəbul etmiş, ilk uşaqlıq illərindən onun himayəsində olmuş və həyatdan erkən gedən Nadir Əliyev adlı dostumuz vardı (İndi Avropada məşhur olan pianoçu həmin Ədilə Əliyevanın qardaşı). Hələ 1970-ci illərin sonlarında mənə Xurşid nəvazişkarlığı, qayğıkeşliyi haqqında danışmaqla yanaşı dəmir iradəli, çox zabitəli, güzəştsiz qadın olduğunu da söyləyirdi. Ancaq bir var bu keyfiyyətlər insani münasibətlərdə, ailə içərisində, doğmalara, yaxınlara münasibətdə təzahür etsin, bir də var ictimai səciyyə daşısın, həmin adamın, xüsusən də bir qadının iş həyatında görünsün. Təbii ki, büsbütün fərqli münasibət səviyyələri deməkdir. Sovet epoxası insanlara prokuror, müstəntiq ədaları ilə danışıb-rəftar etməyi, münasibətlərin bu tərzini həyat, davranış ülgüsünə döndərməyə cəhd edirdi və elə Xurşid xanımın da nitqindən göründüyü kimi, 1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində artıq buna müvəffəq də olmuşdu: "Üçbucağın digər nöqtəsi yoldaş Terequlova keçirəm. Belə görünür ki, onun başı öz işlərinə çox qarışıbmış ki, burada az olurdu, bizim gündəlik işlərimizdə iştirak etmirdi və ona görə də baş verənlər barədə səsini qaldırmırdı. Sadədilliyi, hər deyilənə inanması ucbatından onu yanlış istiqamətə yönəltmişlər.

Yəqin, sizi maraqlandırır ki, üçbucağın üçüncü küncü, yerli komitənin sədri Nayqovun rolu nədən ibarət idi? O və onun ailəsi - özü, arvadı, oğlu maddi cəhətdən Səttarovdan tam asılı olduqlarından subyektiv mövqeli rəislərinin dediyi ilə oturub-dururdu. Nayqov həmkarlar təşkilatının nümayəndəsi ola və istehsalatın maraqlarını qoruya bilməzdi.

Sizə Valentinov haqqında nə deyim? Simasızlaşdırılmış mütəxəssis. Onu da bütün kollektiv kimi terrorizə edirdilər. Onu hətta xidməti ərazidən məhrum etmişdilər. Onun nə kabineti, nə stol-stulu, nə oturası yeri vardı. Həmin səbəbdən də biz aktyorlar onu bütün teatr boyu axtarmalı olurduq. Öz keçmiş kabinetinin üstündə mənzili olan Valentinov istehsalatdan ayrı salınmışdı və teatra daxil olmaq üçün o, pərdənin arxasından dövrə vurub gəlməli idi. Valentinovun bu məcburi təcridi ona görə baş vermişdi ki, Səttarov onun mənzilinin bir hissəsini guya elmi-tədqiqat kabineti üçün istifadə etməyə qərar vermişdi.

Həmin yerdə hansı elmi-tədqiqat işləriylə məşğul olurdular, - mənə bəlli deyil, mən ora az gedirdim və ola bilsin ki, teatrdan kimsə həmin kabinetə tez-tez baş çəkirmiş, onlara orada görülən elmi işlər daha yaxşı məlum olar. Bəlkə Səttarovun ən yaxın əməkdaşı və müavini yoldaş Ginzburq bizə həmin elmi tədqiqat kabineti haqqında nəsə danışa bilər? Doğrudur, Ginzburq Səttarovun təsərrüfat məsələləri üzrə müavinidir, ancaq teatrda baş verən qatmaqarışıqlıqda Ginzburq üçün heç bir xidməti və şəxsi tapşırığı yerinə yetirmək çətinlik törətməzdi. Ola bilsin, o, tədqiqat kabinetinin əsərlərindən agahdır. Deməliyəm ki, yoldaş Ginzburq sinizmin elə bir həddinə çata bilib ki, xorun solisti oğru Burşteyni işdə saxlamaq, onu müdafiə etməkçün dəridən-qabıqdan çıxır, o biri yandansa onun kor-koranə tabe olduğu birbaşa rəisi Səttarov mədəni türk qızlarını teatrdan kənarlaşdırır".

Xeyli geniş olsa da, Xurşid Qacarın 1933-cü ildə etdiyi bu sərt tənqidi çıxışı bütünlüklə ruscadan azərbaycancaya çevirərək ilk dəfə ona görə hamıya "eşitdirirəm" ki, bir tərəfdən bu mətndə Xurşid Qacarın prinsipiallığı, cəsarəti, həqiqətləri mərd-mərdanə dilə gətirməkdən çəkinməməsi, bir sözlə, güclü xarakteri bariz şəkildə görünür, digər tərəfdən isə, ikicə səhifəyə sığan, zamanında 6-7 dəqiqə davam etmiş bu çıxışdan dövr, onun çalxantılı, qarşıdurmalarla dolu gedişatının gerçək ovqatı duyulur.

Xurşid Qacar və onun sənətkar müasirləri hansı ictimai-siyasi ab-havada nəfəs alırdı, Azərbaycan musiqi mədəniyyətinin vacib qanadlarından olan operanın həyatında 1930-cu illərdə nələr yaşanırdı, üzdən çoxlarına görünməyən hansı daxili burulğanlar coşurdu həqiqətlərini əyan etməkçün yazıya köçürüləndə ikicə səhifəyə sığan bu çıxış ən canlı və mötəbər şahid kimi bir kitablıq mətləbləri çatdıra bilir.

Dövr nə qədər qatışıq, həyat nə qədər qəliz olsa da, dünyanın hər yerində və hər zaman hər insan özünə uyğun olaraq sığına biləcəyi bir ada arayır, mühitin havası nəfəsini təngidəndə həmin dinclik adasına sığınır.

Bu toxtaqlıq adası kiminçünsə ailəsi, sevimli bir insan, ya etibarlı dost olur, kimsə öz içərisinə qapılır, tənhalaşır, kimlərsə təzyiqlərə tablaşmayanda özünüaldanışa meyl edir, ətrafındakıları müvəqqəti də olsa unutmaqçün içkiyə qurşanır.

Xurşid xanımın ömür sürdüyü təlatümlü illərdə təskinlik adası bir deyil, bir neçə idi. Ona simsar, əziz insanlar, dərd bölüşə, məsləhət ala bildiyi dostlar öz yerində, bir də varmış ən yaxşı və yaman anlarında ürəyini boşalda bildiyi ağ vərəqlər.

Xurşid xanımın arxivinin əsas hissəsi Nizami Gəncəvi adına Ədəbiyyat muzeyində saxlansa da, müəyyən hissəsi Cəfər Cabbarlı adına Teatr muzeyində qorunur və bu sonuncu ünvandakı yadigarların mühüm hissəsi unudulmaz sənətkarın qələmindən çıxmış şeirləridir.

Xurşid xanım fotoşəkillər çəkdirməyi də, toplamağı da xoşlayırmış. Bunun şahidi ondan qalan albomlardır.

Xurşid xanımın bizə gəlib çatan şeirləri onun ürəyinin, daxili aləminin şəklidir. Oxuduqca bunu da hiss edirsən ki, qələm götürüb şeir yazmağa onu hər dəfə məhz ürəyi vadar edib. Günü barədə, ətrafındakılar haqda, onlu və onsuz gələcək sabahlarla əlaqədar düşüncələrini bölüşmək istəyib onu özü qədər duyacaq ikinci bir şəxsi tapmayanda şeirə üz tutub.

Bu şeirində ömür və ölüm haqqında fikirləşirdi, bir çox başqaları kimi sadəcə həyatın hər anının qədrini bilməyə dəvət etmir, insana bəxş olunan ömrün özünü bütövlükdə bir an sayırdı. Mahiyyətcə sonunda qaçılmaz ölüm dayandığından hər həyat faciəlidir. Ancaq hətta bu halda belə, Xurşid Qacarın qənaətincə həyat elə gözəldir ki, onu yaşamağın müqabilində ölüm dəyərcə qat-qat aşağı olan ödənişdir:

Nə olsun, o qısa, vur-tut bircə dəm,

Mütləq ölüm gəlir sonunda çox da.

O an elə gözəl, elə möhtəşəm.

Ölüm nədir onun qarşılığında?!

Sanki başlanmayıb hələ heç ömür

Qarışıq yuxuymuş olub-keçənlər.

Könül çox şeyləri sabahda görür,

Hələ qabaqdadır işıqlı günlər.

Sənət, səhnə, müğənnilik Xurşid xanımın həyatının mənası idi. Sənətin bütün çətinliklərindən də agahdı, teatrın, ifaçılığın narahatlıqları ilə də mütəmadi qarşılaşırdı. Ancaq bir indi yüz cür özəlliyi - şöhrəti, alqışları, təmtərağı və qayğıları ilə nəfəs-nəfəsə olduğun sənət mühiti, bir də var sənətkarın yaşa dolandan səhnədən, sənətdən ayrılandan sonrakı həyatı. Çox zaman səhnə adamları, xüsusən də teatrlarda aparıcı olmuş, birincilər cərgəsində yer almış qadın aktrisalar, müğənnilər gur alqışlarla, çiçəklərlə bəzənən şöhrət çağlarından sonra gələn sükut dövrünü dərin ağrıyla, sarsıntıyla qarşılayır, ömürlərində yaranan boşluğu ən böyük dərd kimi qavrayırlar. Xurşid xanım da söz yox ki, başqa sənətkar ömürlərindən bu həqiqətlərə bələddi və günlərin birində qələm götürüb bu şeiri yazanda əlbəttə, həm özünü, həm də gec-tez həmin aqibəti yaşayacaq digər həmkarlarını düşünürdü. Ancaq sənətin, səhnənin və ən sadiq tamaşaçıların, pərəstişkarların da illər ötəndən sonra ortaya çıxan vəfasız və qəmli tərəfi - bir zamanların ən məşhurlarını, ən sevimlilərini belə asanlıqla yaddan çıxarmaq xüsusiyyətini nəzərə ala-ala Xurşid Qacar hətta həmin unutqanlılar haçansa gəlsə belə, yenə sənətkarın hər fədakarlığa, bu yolu tutubsa, irəlicədən hər şeyə hazır olmasını diləyirdi. Çünki özü belə olmuşdu. Yolunun əvvəlində də, yaşayaraq bir gün gələcəyini öncədən bildiyi günlərin soyuqluğu ilə rastlaşdığı ahıl vaxtlarında da. Cavan yaşlarında yazdığı bu şeir də təsdiqləyir ki, həmin günlərə elə öncədən hazırmış: 

Tale özü yazıb bizə bu baxtı,

Sənətə bağlandıq, çətin yolu var.

Bir qayıq kimiyik fırtına vaxtı

Bizi atıb-tutar daim dalğalar.

Bütün illərimiz təlaş içində,

Daim vurnuxuruq, bitməz həyəcan.

Kütlədən həmdərdlik umma bihudə,

Onun nə xəbəri, sənin halından.

Gah elə, gah belə tamaşaçılar,

Bəzən tərif deyər, hərdən gül səpər.

Bir gün də görərsən qəfil unudar,

Daha yada düşməz ən sevimlilər.

Sənəti seçərkən biz əzəl gündən,

O cür laqeydləri düşünmədik heç!

Sənətdə özünü tapmaq istəsən,

Ucalığa can at, var-yoxundan keç!

Bu ülvi niyyətdə həm səadət var,

Həm həyat sevgisi, həm əbədiyyət.

Qaranlıq dağılar, əriyər qubar,

Bizi ülviyyətə çatdırar sənət.

Xurşid xanımın bu şeirləri ana dilində ilk dəfə səslənir. Əslində bu şeirləri heç başqa gözlər də görməyib. Öz sağlığında da uzaqbaşı hansısa məhrəm adamlara oxuyub ya oxumayıb. Ona görə də sənət tariximizin bənzərsiz ulduzlarından olmuş Xurşid xanımın iç dünyasının aynası olan bu şeirlərin tərcüməsi zəhmətinə qatlaşaraq onları hamınınkılaşdırmağı yalnız yerinə yetirilməli bir ədəbi-mədəni vəzifə deyil, həm də savab iş sayıram. Bu hərarətli səsin, bu soyumaz ürək çırpıntılarının kimsəyə görünmədən arxivlərdə, lal qovluqlarda qalmaqda davam etməsi rəva deyil axı. Həm də nə şeir yazıbsa hər birində tarix var, özünün şahidi olduğu hadisə var. Başqa sözlə, Xurşid Qacarın şeirləri onun ömrünün qəlpələridir. Bir güldana həsr etdiyi bu şeir üzdən baxanda adama mücərrəd, hansısa ixtiyari bir güldana həsr edilmiş qoşqu kimi də gələ bilər. Ancaq elə deyil. Xurşid xanımın 1922-ci ilin 15 aprelində yazdığı və bir canlı insan kimi təsvir etdiyi bu şeirin qəhrəmanı bir zamanlar bəlli bir ünvanda, böyük bir salonda, həmişə yuxarı başda, göz qabağında imiş. O ünvandan dost yığnaqları, şən məclislər, qəhqəhələr, zarafatlar, rəqslər, o güldandan təzə çiçəklər əskik olmazmış. Elə Xurşid Qacar də yəqin o salona vaxtaşırı gedib-gələnlərdənmiş. Güldan o gözəl anların daimi şahidiymiş. Məclisdəkilər dağılışandan sonra o güldan bu salonda yaşanan sevgi macəralarını da, ehtiraslı öpüşləri, nəvazişləri, umu-küsüləri, öcəşmələri də, barışmaları da görmüşdü. Güldan bu salondakı tək varlıq olmuşdu ki, illərcə ondan kimsə nəyisə gizlətməmişdi. İndi isə büllur güldan qüssəlidir. Sınıb, bir küncə atılıb və keçmiş ehtişamından qalan, ötmüş gözəlliyindən xəbər verən  yalnız əskiləşmiş naxışlarıdır. Daha ona nə baxan var, nə yaxın duran. Belə görünür ki, heç sınmamışdan əvvəl də çoxdanmış ki, bu güldanda qurumuş köhnə güllərin əvəzinə təzə çiçək qoyulmurmuş. Bir ömür yaşanmış, bitmişdi. Qalan xatirələrdi.

Bu şeir bir güldanın taleyindən bəhs edirdi. Ancaq o güldanda Xurşid xanım başqa kimlərisə də görürdü, elə müəyyən mənada özünü də: 

Atılıb bir yana qırılmış güldan,

Qədimi, çox gözəl, bahalı, büllur.

Salonu bəzərdi güldan bir zaman,

İndi lal duruşu yüz eyham vurur.

Məst edərdi şəbbu, qızılgül ətri.

Çıxmır xatirindən bəxtiyar illər,

Seyr etdi zövq ilə bəzənənləri,

Həm ehtiras gördü, həm də ki kədər.

Sevişənlər də gördü, küsüşənlər də,

Gördü qucaqlaşır cütlüklər necə

Hərdən təsadüfən döndü şahidə,

Bəzən iztiraba, bəzən sevincə.

Gün gəldi bu güldan düşdü nəzərdən,

Soldu susuz qalan tər çiçəkləri.

Olmadı qayğıyla tozunu silən,

Lent də bağlanmadı haçandan bəri.

İndi bir qırağa atılıb güldan,

Əvvəlki hüsnündən qalmamış əsər.

Sevimli, əzizdi o da bir zaman,

İndi zibillikdə büllur çiliklər.

1920-ci illərdə Xurşid Qacar seçkin, yalnız səhnədə yox, ictimai-mədəni həyatda ən üzdə olan mədəniyyət xadimi və ziyalılardan biri idi. Ondan qalan yazılar arasında Sergey Yeseninə həsr edilmiş bir şeir də var ki, 1924-cü il sentyabrın 27-də yazılıb və həm Xurşid xanımın, həm də görkəmli şairin ömründəki ən parlaq parçalardan olan Bakı dövrünün haqqında müəyyən dəqiqləşdirmələr aparmağa işıq salır.

Sergey Yeseninə sağlığında da, ölümündən sonra da Rusiyada da, Azərbaycanda da xeyli şeirlər həsr edilib. Ancaq Xurşid Qacarın rus şairi haqdakı qoşqusu indiyədək məlum olmayan şeirlər qəbilindəndir. Bu şeir və Yeseninin Bakı günləri haqda bilgilər belə bir gümana söykək durur ki, yəqin Xurşid xanımla şair Bakıda görüşüblərmiş də. Yesenin Bakıya ilk dəfə 1920-ci ildə gəlmişdi. Ancaq tale elə gətirdi ki, 1924-1925-ci illərdə ona yenə Bakıya səfər nəsib oldu və Yeseninin ömrünün son böhranlı parçasında baş tutan bu gəlişlər həm onun silsilə gözəl şeirlərinin yaranmasına meydan açdı, həm də Bakı ayları və həftələri şairin həyatında dedi-qodulardan, ədalətsiz tənqid və sancmalardan, cürbəcür təqiblərdən aralıda qısa, ancaq xoşbəxt mənəvi dinclik dönəminə çevrildi.

Sergey Yesenin 1924-cü ildə Bakıya sentyabr ayında gəlmişdi. Arada Tiflisə baş çəkdikdən sonra həmin ayın 20-də paytaxtımıza yenidən qayıtmışdı. 1925-ci ilin martında isə o, yenə növbəti və sonuncu dəfə Bakıda idi. Yeseninin Bakıya bu axırıncı vida səfəri onun ömründəki Azərbaycana bağlı parçanın ən dolu hissədir - həm yaradıcılıq, həm Azərbaycan ədəb-mədəni mühitinin təmsilçiləri ilə təmasları baxımından. Yeseninin qələmindən çıxan son ən gözəl şeirlər də Bakıda yarandı, onun axırıncı ən yaxşı fotolarını da məşhur Bakı fotoqrafı Lavrenti Breqadze çəkdi, Mərdəkanda, Murtuza Muxtarovun mülkündə yaşasa da, şair tez-tez şəhərə baş çəkdi, bir çox unudulmaz görüşləri də məhz həmin vaxtlarda gerçəkləşdi.

Sergey Yeseninin Bakıya 1924-cü ildəki gəlişlərində onun mətbuatda hər hansı şeiri görünmür və görüşləri, qatıldığı tədbirlər haqda da soraqlar seyrəkdir. Amma 1925-ci ildə Sergey Yeseninin ard-arda "Bakinski raboçi"də şeirləri çıxırdı və rəsmi partiya qəzetində balaca bir vaxt aralığında təkcə Yeseninin 40-dan çox şeirinin dərc edilməsi bu siyasi nəşrin çöhrəsini də xeyli insaniləşdirmişdi. 

Bakıda olduğu müddətdə Sergey Yeseninin Mərdəkanda şöhrətli xanəndə Cabbar Qaryağdıoğlu və Əliağa Vahidlə görüşlərinin hekayətləri çoxdur. Ancaq elə həmin dövrdə o zamanlar Azərbaycana rəhbərlik edən Respublika Bolşevik Firqəsi Mərkəzi Komitəsinin birinci katibi Sergey Kirov Sergey Yeseninin şərəfinə Əliheydər Qarayevin evində ziyafət təşkil etmişdi, həmin qonaqlıqda Səmədağa Ağamalıoğlu, Ruhulla Axundov kimi dövlət və partiya xadimləri ilə yanaşı ziyalılar, Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Fatma Muxtarova kimi sənətkarlar da iştirak etmişdilər. Əsla şübhə yoxdur ki, Lavrenti Breqadze də o axşam həmin məclisə dəvətlilər arasında imiş və anları tarixiləşdirirmiş. Aranırsa, həmin məclisi əyaniliyi ilə göstərəcək fotoların da aşkarlanacağı istisna deyil.

1925-ci ilin aprelində Sergey Yesenin Bakı Opera Teatrında baş rolda Fatma Muxtarovanın çıxış etdiyi "Samson və Dalila" operasına da tamaşa etmişdi.

Bu məqamları sadalamaqda məqsəd həm o məclisdə, həm operadakı tamaşa günündə Xurşid xanımla şairin görüşlərinin ola bilməsinə diqqət yönəltməkdədir. Çünki Xurşid xanımın hələ 1924-cü ilin sentyabrında Yeseninə ithaf etdiyi şeir onun şairin köhnə tanışları sırasında olmasına dəlalət edir.

Xurşid Qacarın həmin şeirindəki ayrı-ayrı nöqtələr onun Yesenin adı və yaradıcılığı ətrafında həmin çağlarda Rusiyada cərəyan edənlərdən də yetərincə xəbərdarlığına dəlalət edir. Bir az öz azad ruhuna və sərbəst davranışlarına, bir az qələmini bolşevik siyasəti ahənginə lazımınca uyğunlaşdırmamasına, bir az da parlaqlığının yaratdığı qibtə, həsəd səbəbindən 1920-ci illərdə Sergey Yeseninin əleyhinə Rusiya mətbuatı səhifələrində ara-sıra tənqidi deyişlər də əksini tapırdı. Həm də bu sərt söyləyişlərin bir çoxunun altında Vladimir Mayakovski, Demyan Bednı, İvan Bunin, Anna Axmatova kimi ədəbi aləm tanınmışların, Nikolay Buxarin, Anatoli Lunaçarski kimi siyasi simaların imzasının dayanması belə münasibətin yuxarılardan yönləndirilməsini fərz etməyə əsas yaradır.

Xurşid Qacar, vaxtın o kəsiyində bütün qəlbi ilə Sergey Yeseninin yanında olanlardan idi:

Ey Rus ellərinin şairi sənin,

Ruhun necə böyük, nə qədər doğma!

Sənin şeirlərin bir qədər qəmgin,

Həsrətin çəkirsən ötən günlərin.

Xəyallar aparır doğma yerlərə,

Çöllərə, düzlərə, bahar çağına,

Gəzərsən gecənin səssizliyində,

Xəyalən indi sən çay qırağında.

Sən xumar olubsan xatirələrdən,

Könlünü oxşayır ağcaqayınlar.

Tanış cığırlardan yenə ötürsən

Əlində bir dəmət çöl gülləri var.

İndi ürəyində həyəcan, xiffət

Yeni sahillərdə dayanaraq sən,

Doğma meşələrin, gen düzənlərin

Nəğmələr deyirsən gözəlliyindən.

Sən ömür sürmüsən köhnə bir kənddə,

Sənə tanış gəlmir indiki həyat.

Elə bil yorulub hissin, qəlbin də,

Sanki əvvəlkitək duymursan heyhat.

Ancaq sən kütlənin qınaqlarından,

Ey Rusun şairi alıb öyüdlər,

Təzə nəfəs qatıb yenə taparsan,

Öz yeni yolunu keçsə bir qədər.

Yorğun ürəyinin nəğməsini sən,

Yenə bəxş edərsən doğma ucqara.

Vəsfli şeirlər həsr eləyərsən,

Azad zəhmət ilə ucalanlara.

Müslim Maqomayevin "Şah İsmayıl"ının 1920-ci illərdə opera teatrının repertuarındakı yeri sabit idi. Tamaşaların əksərində orkestri elə bəstəkar özü idarə edirdi və gündəliklərində bir çox tamaşalardan sonra yazdıqları da göstərir ki, əsərinin hər yeni nümayişinə, hər ifaçının oyununa xüsusi həssaslıqla yanaşırmış. Müslim bəyin gündəliklərində ifasında daimi məmnun razılıq sözləri yer alanlardan biri də Xurşid xanım Qacar idi. Elə həmin gündəliklər bunu da pıçıldayır ki, Müslim bəy "Şah İsmayıl"a da, xeyli sonralar yaranacaq "Nərgiz"ə də elə doğma övladları kimi məhəbbətli münasibət bəsləyirmiş.

Xurşid xanımın da "Şah İsmayıl"a münasibəti elə təxminən o cürmüş. Yəqin elə həmin səbəbdəndir ki, günlərin birində qələm götürüb "Şah İsmayıl"a həsr edilən uzun bir şeir yazmışdı.

Xurşid xanım Vətənini - Azərbaycanı çox sevirdi. Təbii, hər insanda bu istək yəqin ki, var. Ancaq Xurşid xanım kimi Vətən yavrularının sevgisinin rəmziliyi və üstünlüyü ondan ibarətdir ki, onlar həm də ömür boyu usanmadan, fədakarlıqla çalışır, həmin məhəbbəti xalqı və yurdu daha ucalara qaldıra biləcək böyük işlər görür, dəyərli xidmətlər də göstərirlər.

Vətən adına sərf etdiyi əməklərin, yaratdığı gözəlliklərin üstünə Xurşid xanım Qacarın yurda sevgilərinin ifadəsi olan "Azərbaycan" adlı bir şeiri də gəldi:

Azərbaycan, adın gəlcək,

Qulağıma tütək, zurna,

Bir də "Can!" sədası  gələr.

Al dodaqlı gözəllərin,

Boy-buxunu sərvə bənzər.

Duyunca bu xoş ahəngi,

Unutdum mən qaşqabaqlı,

Şaxtalı, qoca şimalı.

Günəş bol olan torpaqda,

Arzular da qaynar olar.

Məni coşqun səsi ilə

Əsirinə döndərib tar.

Kamançanın incə, kövrək,

Nidasına heyran ürək.

Səslənsin zərif tütəklər

Çal təbili, igid oğlan!

Qoşulub bu qaynar səsə

Rəqs eləyər lap Günəş də

Azərbaycan, Azərbaycan!

Xuşid xanım hələ cavanlığından dünyagörmüş, həyatı olduğu kimi qəbul edən bir insan idi. O, sənətə də şöhrət ardınca yox, ürəyinin hökmü ilə gəlmişdi. Müəyyən zamandan sonra sənətkarın unudulmaq ehtimalını da heç vaxt yaddan çıxarmırdı. Ancaq bu qədər xidmətlər göstərəndən sonra hər halda yerli-dibli yaddan çıxarılacağını da yəqin ki, zənn etməzdi. O özünü millətinə, yurduna borclu sayırdı, həyatını da bu borcdan gərəyincə çıxa bilmək yolundakı çalışmalara həsr etdi. Bizimsə ona borclarımız qalır axı!

Yeni Xurşidlərin Azərbaycan üfüqlərində Günəş kimi parlamasını istəyiriksə, gərək biz də borclarımızı qaytarmaq yolunda bacardığımızı əsirgəməyək. Hərdən-hərdən xatirələrini dindirək ki, getmişlərin tanıdığı və iftixar etdiyi parlaqlarımızı yeni gələnlərimiz də tanıyıb fəxr edə bilsin.

10 mart 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see281

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see271

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see242

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see239

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see228

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see162

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see156

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see148

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see146

ABŞ Yəməni bombalayır: Husilər, sizin zamanınız bitdi...

15 Mart 2025 23:45see145

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see134

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see133

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see131

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see131

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see129

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see125

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see124

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see121

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see121

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri