525ci qəzet ONLARIN NİGARANLIĞI Rafael Hüseynov yazır
Rafael HÜSEYNOV
Akademik
Hər kəs kimi, alnına yazılmış bir taleyi yaşayan qələm əhlinin digər insanlardan əsas fərqlərindən biri budur ki, o, nədən yazır-yazsın, mütləq hansısa məqamlarda yazdıqlarının arasında həm də öz ömrünün yaşanılmışlarını əks etdirir. Dünəndəki ömürlərdən söz açan yazıçının, şairin qəhrəmanı ilə aralarındakı fərq nə qədər böyük olsa da, hansısa anlarda öz həyatı ilə qəhrəmanının keçdiyi yol, qarşılaşdığı yaxşılı-yamanlı günlər arasında bağlantılar, uyğunluqlar tapır, ayrı bir insandan bəhs edə-edə həm də özünü yazır, bu səbəbdən də həmişə daha inandırıcı, daha təsirli ola bilir.
Akademik Həmid Araslı nə yazıçı idi, nə şair. Kamil ədəbiyyat tarixçisi, mahir mətnşünasdı və lap uşaqlıq yaşlarından daim gözəl sözlə baş-başa olsa da, bədii yaradıcılığa meyl etmədi. Hərçənd onillər boyu şeirlə, şairlə oturub-duranın daxilində artıq şairlik ovqatı yaranır və elə beynindəki bolluca şeirlərin havası ilə o da istənilən anda qələm götürüb duyğularını, düşüncələrini kağıza misra-misra köçürməyə hazır olur. Söz tarixi xüsusi ilhamı olmadığı halda elə bilikdən gələn güc hesabına bəs deyincə şeirlər qoşub ədəbiyyat aləmində tanınmış o qədər adları tanıyır ki! Ürəyindən keçsəydi, nə vardı ki, Həmid Araslı da edərdi. Necə ki, onun alim həmkarlarının bir çoxu bu ləzzətdən yan keçməyiblər - Heydər Hüseynov da, Yusif Məmmədəliyev də, Şəfaət Mehdiyev də, Ziya Bünyadov da və bildiyimiz-bilmədiyimiz neçə başqa məşhur alimimiz də şeir qoşmaqdan tamahını saxlaya bilməyib. Ancaq Həmid müəllim yazmayıb, yazsa da, üzə çıxarmayıb və bunun da səbəbi, yəqin ki, obiri şeirə meyl edənlərdən fərqli olaraq, söz yatırımıza daha dərindən bələdliyi, həmçinin şəxsiyyəti və yaradıcılıqlarını ayrıntıları ilə tanıdığı klassiklərin, yaddaşındakı irsin onda yaratdığı vahimə idi. Məhz vahimə! Bu yerdə ayrı sözü qoymaq da çətindir. Çünki səndən əvvəlki möhtəşəmliyi əhatəsi və tükənməzliyi ilə biləndə sən kiçikliyini tam qabarıqlığı ilə dərk edirsən, o boyda əlçatmazlıq və ənginliyin müqabilində nəsə yazmağa cəhd etməyə belə xoflanırsan, qarşısında balacalığını aydın hiss etdiyin mirasa əlavələr etməyə çəkinirsən. Hətta bəzən buna imkanın və haqqın olsa da, bir az təvazö, bir az qarşındakı böyüklüyü digərlərindən daha artıq hiss etmək vərdişlərin səni saxlayır, ağıl sənin başına ağıl qoyur ki, "belə zirvələr olan yerdə kirimişcə durmağın məsləhətdir, özünə birbaşa aid olan, daha çox fayda verə biləcəyin işlə məşğul ol" deyir.
Həmid Araslı yalnız bircə dəfə ədibliyə meyl edib, bədiiliklə elmilik arasında dayanan, "elmi povest" adlandırıla biləcək kitab yazıb - 1940-cı ildə ilk nəşr etdirdiyi, illər sonra əl gəzdirərək bir az da göyçəkləşdirdiyi həmin əsər "Şairin həyatı" adlanırdı. Əslində elə peşəkar elmi araşdırmalarının bədii davamı sayıla biləcək o əsər də Nizami Gəncəviyə həsr olunmuşdu. Amma Həmid Araslı bu kitabında ölməz şairin ömrünün mərhələlərini təsvir edərkən fürsət taparaq yeri düşdükcə öz qəziyyəsini də təsvir edib, Nizaminin mədrəsə dövrünü, uşaqkən əvvəlcə atasını, sonra anasını itirməsini yazanda eyni qisməti yaşayarkən özünün keçirmiş olduğu həyəcanları qələmə alıb.
Bunu vaxtilə Həmid müəllim qızı Nüşabəyə etiraf edibmiş.
Həmid Araslı məsciddəki bir hücrədə tay-tuşları ilə birgə dərs oxuyan İlyasdan - gələcəyin Nizamisindən söz açır: "Molla mətni öyrətdikdən sonra uşaq sakit oturub həmin dərsi əzbərləməli idi. Sabah soruşanda səhv oxuyan uşağın əlinə molla çubuq vurar, zoğal ağacının yeri kiçik uşaq əlində zol salıb göynədərdi. İlyas yoldaşlarının əlinə çubuq vuruluanda, ya onların ayağı falaqqaya qoyulanda dözə bilməz, ağlayardı. Onun yoldaşlarına ürəyi yanar, yazığı gələrdi. Odur ki, hamıya kömək etməyə çalışardı. Yoldaşları da onun xətrini çox istəyirdilər".
Həmid Araslı səkkiz əsr əvvəldəki bir uşağı təsvir edərkən onun hisslərini məhz belə qələmə alırdısa, bu nə təxəyyülün məhsulu idi, nə də böyüyüb Nizami kimi pak varlığa çevriləcək uşağın elə bu cür olmasını fərzetmə. Həmin uşaq o özü idi, balaca Həmid özü belə olmuşdu, böyüdü və həmin keyfiyyətlər, o canıyananlıq, o həmdərdlik, mərhəmət duyğusu da onunla birgə böyüdü. Düşünürdü ki, elə dürüst insan belə də olmalıdır və yaşamış olduğu hissləri artırıb-azaltmadan Nizamiyə yönəldirdi.
İlyasın başına gələn onun da bəxtinə çıxmışdı, o da erkən atasız qalmışdı, o da anasını yeniyetməykən itirmişdi və yaxşı bilirdi ki, yetim uşaq necə ağrıyır, içəridən nə təhər sınır. Dünyada ona ən əziz olan iki insansız qalmağın sarsıntıları ürəyinə, fikrinə hansı şırımları ilə çökmüşdüsə, Nizaminin uşaqlıq illərindən bəhs edəndə öz ömründəki bu nisgilləri olduğu kimi onun da ömrünə köçürürdü. Çünki burada zərrəcə qəlplik olmamasına öz aqibətindən agah idi.
Varlı-hallı atası Məmmədtağıdan Həmidə gəlib çatan yeganə sərvət başqalarının pula gedərmi-getməzmi nəzəri ilə baxıb əhəmiyyət vermədiyindən salamat qalmış əlyazma kitabları idi ki, gecəsi-gündüzü onlarla keçərmiş. Bunu sonralar balalarına danışarmış. Amma olduğu kimi yazıb da - di gəl Nizamiyə aid edərək. Bunlar atasız və anasız qalmış İlyasın - gənc Nizaminin (deməli, həm də Həmid Araslının) ömrünün anlarıdır: "Xalası və əmisi arvadı onu tez-tez yoxlayardılar (guya ki, Nizaminin xalası və əmisi arvadı, əslində isə elə Həmidin özününkülər - R.H.). O, gecə-gündüz mütaliə edir, sevdiyi kitablardan, ömrün bu əziz yoldaşlarından ayrılmırdı. Nizami mədrəsəyə davam edir, eyni zamanda mütaliə ilə məşğul olurdu. O, babasının kitablarını yeni evinə köçürmüşdü, səliqə ilə ayrıca bir otaqda saxlayırdı. Babası ömrü boyu toplamış olduğu bu əlyazmalarını çox diqqətlə siyahıya alıb, onların hər birinin müəlliflərinin adını və qısaca məzmununu da yazmışdı".
Həqiqətənmi Nizaminin də həyatında belə olmasını bircə Allah bilir. Lakin Həmid Araslı ki öz ömrünün bu məqamını yaxşı xatırlayırdı.
Və hamısını aid etmişdi Nizamiyə.
Əsas mətləblərdən aralı düşsəm də, Həmid Araslı ömrünün bir lövhəsi var ki, onu da yazım. Axı orada da ən azı kitablar əhatəsində olan Araslı var. Bunu mənə Nüşabə xanım elə söz-sözü çəkərkən danışdı. Nə özü, nə bacısı Dürdanə xanım bunu yazasıdır, mən yazım ki, alim ömrünün bu qüssəli qırpımı da itib-batmasın, bəlkə elə kimsə, bir vaxtlar Həmid müəllim edən sayaq, bu epizodu hansısa bədii əsərdə bir böyük alimin, ya ədibin həyatının doğruçu anı kimi qələmə verdi.
Ömrünün son parçasında vəfalı zövcəsi Balacaxanım Həmid müəllimə ötmüş onillərdəkilərdən də qayğıyla yanaşırdı, onu qoruyurdu. Ancaq iş elə gətirdi ki, Həmid müəllimin ömründə böyük yer tutan Balacaxanım ərini bir yığın xəstəliklər, səhhət böhranları, üstəlik də, onlardan da betər tənhalığa mübtəla edərək daha əvvəl getdi.
Nüşabə xanım söyləyir ki, dəfn mərasimi, cüməaxşamları bitəndən, dərd bir qədər səngiyəndən sonra bir axşam qardaşım biz bacıları yığdı hamımızın böyüdüyümüz ata ocağına, dedi ki, ata tək qala bilməz, ona hayan olan lazımdır, Nüşabə köçüb burada qalsın. O belə deyəndə atam ağladı. Dedi ki, mənim taleyimə bax da. Uşaqlıq vaxtı da anamın vəfatından sonra mən tamam tək qalanda qohum-əqrəba elə bu cür yığışıb məşvərət edirdi ki, Həmidin bundan sonrası necə olsun, kimin himayəsində yaşasın. Əvvəldə o cür, indi də belə.
O dövrdə həmin mənzildə bir neçə dəfə olmuşam. Gündüz saatlarında Nüşabə xanım işdə olurdu. Amma nigaran qalırdı, arada neçə dəfə zəng vurub hal-əhval soruşurdu.
Həmid müəllimin kitablar, əlyazmalarla dolu iş otağına geniş mənzilindəki böyük otaqdan keçib gedirdin. Onsuz da həmişə nurani olmuş Həmid müəllimin ömrün bu axır parçasında işığı sanki bir az da artmışdı.
Hər ora gedəndə, onu kitablar əhatəsində görəndə xəyalımdan bu da keçirdi ki, elə Həmid müəllim özü də bir köhnə qiymətli kitab, qədim və nadir əlyazma kimidir. Əski əlyazmalarda eyni bir əsərin iki nüsxəsini tapmaq müşküldür ki, tünlüklə üst-üstə düşsün, ya xətasız, yanlışlarsız olmasın. Təsadüfi deyil axı, hətta Füzuli də bu mərəzdən şikayətlənmişdi, səhv buraxa-buraxa yazan katiblərə qarğış etmişdi.
Qədim bir kitaba oxşatdığım Həmid Araslının o keçmiş əlyazmalardan bir vacib təfavütü də bu idi ki, onda insanı diksindirəcək qüsurlar yox idi. Çünki bu əlyazmanın katibi o özü idi. İlk cümlələrindən başlayaraq ahəstə-ahəstə son vərəqlərinə doğru irəlilədiyi bu kitabın hər səhifəsini elə yazmış - elə yaşamışdı ki, sonra hansısa qüsurlara görə nə vicdanı onu incidəcəkdi, nə də başqaları hansısa iradlar tuta biləcəkdilər. O qədər mürəkkəb dövr içində belə nümunəvi ömür yaşamağa çoxmu insan nail olub?
O zamanı sağına-soluna çox araşdırmış birisi kimi inamla təsdiqləyirəm - bu, az, lap az kişilərə müyəssər olub!..
...Çoxları kimi, mən də Həmid Araslını görməmişdən tanımışam və əslində hər gün onunla birgə olmuşam. Orta məktəblər üçün "Ədəbiyyat" dərsliyinin müəllifi idi və universitetdə oxuyarkən də onun həm qədim ədəbiyyatımıza, həm aşıq yaradıcılığına, həm də XVII-XVIII əsrlərdəki söz tariximizə həsr edilən kitablarından elə dərslik kimi yararlanmışdıq. Zahirən sonra da yolumuz onunla kəsişməməli idi. Şərqşünaslıq fakültəsini bitirəndə başqa qrup yoldaşlarımızı gənc mütəxəssis kimi təyinatla Bakıdakı və müxtəlif rayonlardakı məktəblərə müəllim göndərsələr də, təkcə mənim təyinatımı elmi tədqiqat sahəsinə - Elmlər Akademiyasına verdilər. Ancaq ixtisasıma daha uyğun olan Yaxın və Orta Şərq Xalqları İnstitutuna, ya Əlyazmalar Fonduna, Ədəbiyyat, ya Dilçilik institutlarına deyil, Fəlsəfə və Hüquq İnstitutuna göndərdilər. Belə izah etdilər ki, burada da Şərq dillərini bilən mütəxəssislərə ehtiyac var və siz Fəlsəfə tarixi şöbəsində çalışacaqsınız. Əslində buna sevindim. Çünki fəlsəfəyə marağım çox idi, hətta universitetə qəbula gələndə sənədlərimi fəlsəfə fakültəsinə vermişdim, ancaq nədirsə, bir neçə gün sonra belə bir fakültənin açılışının təxirə salındığı bildirildi və başqa fakültə seçməyimiz təklif olundu. Yalnız bundan sonra artıq yoxlanılıb qəbul edilmiş sənədlərimi Şərqşünaslıq fakültəsinə yönəltdik. Üstəlik də, hələ tələbəlik illərimdən ciddi araşdırmağa başladığım XI əsrin şairi Baba Tahir Üryan daha əvvəl filosof idi. Onun fəlsəfəsi ilə bağlı da hələ tələbə ikən universitetin Fəlsəfə seriyasından olan Elmi Əsərlərində ayrıca məqaləm dərc edilmişdi. Düşündüm ki, elə bu şöbədə Baba Tahirin fəlsəfəsini daha dərindən araşdıraraq bu mövzuda dissertasiya yazaram. Lakin bu arada Fəlsəfə və Hüquq İnstitutunda daimi olan bir neçə münaqişə tərəfinin ən fəallarından olan Midhət Ağamirovu müəyyən qədər neytrallaşdırmaq üçün "Azərbaycanda marksizm və leninizmin yayılması" adlı yeni şöbə yaradıldı və məni əmrlə ora köçürdülər. İşin avandlığından bu arada direktorunun Həmid Araslı olduğu Yaxın və Orta Şərq Xalqlarının aspiranturasına qəbul haqda elan da çıxmışdı. Ancaq məsələnin çətin tərəfi bu idi ki, adətən belə qəbullarda bircə yer ayrılırdı və oranın da namizədi irəlicədən bəlli olurdu. Yaxın qohumum Validə xanım orta məktəbdə Həmid müəllimin qızı Nüşabə xanıma Azərbaycan tarixindən dərs demişdi. Söz açılanda bildirdi ki, bu barədə Nüşabə xanıma ağız aça bilər ki, Həmid müəllimlə məni görüşdürsün. O vaxt mənim artıq Bakıda və Moskvada mötəbər elmi jurnal və toplularda nəşr edilmiş 6 məqaləm vardı ki, çap məsələlərinin qəliz olduğu həmin çağlarda heç bir çox cavan alimlərin o qədər məqaləsi yoxdu. Odur ki, Həmid müəllimlə görüşsəm, elə məqalələrimin ilkin xoş təəssürat yaradacağı gümanında idim. Ancaq heç görüşə ehtiyac da olmadı. Nüşabə xanım atasından xahişi edincə mənim sənədlərimin qəbuluna izin verilmişdi. Sonralar Nüşabə xanım mənə bunu da söylədi ki, o, atasına mənim haqqımda söz açanda təəccübünə rəğmən Həmid müəllim söyləyib ki, onu tanıyıram, radioda-televiziyada verilişlərini görüb-eşitmişəm, yazılarını oxumuşam.
Çox keçmədən mən aspiranturanı vaxtından əvvəl başa vurdum, dissertasiyamı müzakirəyə təqdim etdim, Həmid müəllim məni instituta işə də götürdü və bir çox irəliləyişlərimə də yolaçan oldu. Məndən əvvəl o institutda çalışmışlar da, mən gedəndən sonra orada başqa direktorların dövrlərində işləyənlər də bu müəssisəyə rəhbərlik etmişlərin hər birini ehtiramla xatırlayaraq həmişə bunu məxsusi vurğulamışlar ki, Həmid müəllimə heç kəs tay ola bilməz.
2024-cü ilin 23 fevralında Həmid müəllimin 115-ci ildönümünə toplaşdığımız, onunla əbədi ayrılıqdan 40 il keçərkən salondakıların neçəsi elə bir zamanlar onun rəhbərliyi altında Yaxın və Orta Şərq Xalqları İnstitutunda işləmiş ovaxtkı gənc, indiki yaşlı nəsil şərqşünaslar idi.
Həmid müəllim institutun direktoru olmaqla yanaşı, həm də Türk filologiyası şöbəsinin müdiri idi. Oçağkı şöbə əməkdaşlarından indi həyatda olan bircə Barat Osmanovadır. Deyir ki, biz Həmid müəllimə bir direktor, şöbə müdirindən daha əvvəl atamız, doğmamız kimi yanaşardıq. Həmid müəllim bizim şöbənin müdiri olduğundan çalışardıq ki, bütün işlərimiz digər şöbələrdən daha nizamlı olsun ki, əziz müdirimizin yanında xəcalətli qalmayaq. Hər birimizin dissertasiya müdafiəsi üçün bütün şəraiti yaratmaqdan savayı, əsərlərimiz Moskvaya, Ali Attestasiya Komissiyasına təsdiqə göndəriləndə də oradakı ayrı-ayrı nüfuzlu alimlərə, köhnə dost-tanışlarına şəxsi məktublar göndərərdi ki, bizdən köməklərini əsirgəməsinlər.
Həmid Araslı məclisinin daha bir qonağı ərəbşünas Laura xanım Orucova Həmid müəllimlə lap gənckən, akademiyada yenicə işləməyə başladığı vaxtlardan təmaslarda olub. Danışır ki, tanınmış dilçi alim Həsən Zərinəzadənin rəhbərliyi ilə dissertasiya üzərində işləyirmiş, ictimai işlərdə də fəal cavanlardanmış, institutun komsomol təşkilatının katibi seçilibmiş, irəli çəkilmək məsələsi gündəlikdəymiş, bu münasibətlə onu Respublika Komsomolu Mərkəzi Komitəsinə dəvət ediblərmiş: "Məni qəbul edən Respublika Komsomolunun birinci katibi Rafiq Əsgərovun elə ilk sualı bu oldu ki, harada işləyirsiniz? İnstitutumuzun adını deyincə "Direktorunuz kimdir?" soruşdu. Həmid müəllimin adını dedim, o da dərhal əlini atdı telefona. Salam-kəlamdan sonra xəbər aldı ki, Həmid müəllim, sizdə Laura xanım işləyir, necə kadrdır? Baxıram ki, Həmid müəllim dəstəyin o başında nə deyirsə, burada Rafiq müəllimin sifəti saniyəbəsaniyə dəyişir, mülayimləşir. Doğrusu, Həmid müəllimin mənim haqqımda belə xoş sözlər deməsinə heyrətləndim. Axı onunla salamlaşmaqdan artıq söhbətimiz olmamışdı. Həmid müəllim məni necə tərifləmişdisə, birinci katib qayıtdı ki, səni Komsomolun Mərkəzi Komitəsinə şöbə müdiri vəzifəsinə götürmək istəyirik. Doğrusu, bu, gününə görə çox ciddi yüksəliş, sonrakı daha ciddi irəliləyişlərə müqəddimə ola biləcək təyinat idi. Ancaq üzr istəyərək dedim ki, mənim həmişə arzum şərqşünaslıq, bu sahədə çalışmaq olub. Sizin nə tapşırıqlarınız olsa, can-başla yerinə yetirərəm, ancaq institutumuzdan ayrılmaq istəməzdim. Dedi ki, yaxşı, tələsik cavab vermə, get fikirləş, bir neçə gün sonra qəti sözünü deyərsən. Qayıdıb gəlib Həmid müəllimin yanına getdim, görüşümüz barədə danışdım. Dedi ki, narahat olma, qızım, Rafiq müəllimlə danışaram, sən burada işini davam etdirərsən.
Mən də, Barat xanım Allah şahididir, o da, digər gənclərimiz də Həmid müəllimi çox sevərdik, elə doğmaca atamız, böyüyümüz kimi, o da bizə öz övladı kimi münasibət bəslərdi. Alimliyi nə səviyyədə idi, hər kəsə məlumdur. Ancaq biz onun alimliyindən də üstün insanlığına şahid olmuşuq".
Həmid müəllimin taleyi elə gətirmişdi ki, uşaqlığından əlyazmalarla bağlı olmuşdu, əlyazmalarda gerçək tariximizi gördüyünə, onları toplayıb araşdırdığına, təbliğ etdiyinə görə cəza almışdısa da, həvəsdən düşməmişdi, yolundan dönməmişdi. Bu gün Azərbaycanın Əlyazmalar İnstitutu kimi qiymətəsığmaz xəzinəsi varsa, onun baniləri sırasında Həmid müəllimin öz halal payı var. Bu da bir ayrı yazıymış ki, sonda onun axırıncı iş yeri də elə Əlyazmalar İnstitutu oldu. Təbii ki, bu, həmin institut üçün şərəf, orada çalışanlardan ötrü təcrübə məktəbi, istənilən anda sual verib-cavab almaq imkanı idi. Şərqşünaslıq İnstitutuna Ziya Bünyadov rəhbər gətiriləndən sonra Həmid müəllimə orada bir şöbə müdiri kimi qalmaqçün də yer olmadı. Belə nankor, qaba münasibət unudulmur, hər şeyi görən Allah belə umulmaz rəftarlara biganə də qalmır.
Həmid müəllim Əlyazmalar İnstitutunda işləməyə göndəriləndə oradakı hələ dissertasiya müdafiəsinə hazırlaşan, sıravi elmi işçi olan cavanlar indi elmimizdə aparıcı mövqe tutan sanballı alimlərdir. Qırx ildən artıq vaxt keçib. Ancaq aradakı bu dörd onildən uzun zaman fasiləsi əlyazmaçılarda Həmid müəllimə olan məhəbbəti və sayğını zərrəcə soyuda, korşalda bilməyib.
Onlardan biri, akademik Möhsün Nağısoylu da o gün bizimlə idi və Həmid müəllimli günləri anırdı: "Şəxsən mənim nəzərimdə klassik Azərbaycan ədəbiyyatını tədqiq edən şəxslər sırasında Həmid Araslı ən yüksək zirvədə dayanır və Həmid müəllimin əsas üstünlüyü o idi ki, klassik ədəbiyyat haqqında məhz əlyazmalar əsasında yazmışdı. Taleyimə minnətdaram ki, mənə də o müstəsna alim və insanla ünsiyyət günlərini qismət etdi. Mən şərqşünaslıq fakültəsinə təsadüfən daxil olmuşam. Arzum müəllim olmaq idi. Ona görə 1962-ci ildə, 16 yaşımda orta məktəbi bitirərkən sənədlərimi Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə vermişdim. Amma müsabiqədən keçə bilmədim. Növbəti ildə ikinci dəfə cəhd elədim, yenə də sənədlərimi eyni yerə verdim. Amma təsadüfən ora deyil, şərqşünaslıq fakültəsinə qəbul olundum. Sən demə, o il şərqşünaslıq fakültəsində tələbə çatışmırmış, qəbulda yüksək bal yığanları ora yönəldirmişlər. Sabir Rüstəmxanlı, Hidayət Orucov da mənim kimi çox bal yığanlardan olduqlarından onlar da şərqşünaslıq fakültəsinə düşmüşdülər. Ancaq onlar razılaşmadılar, filologiya fakültəsinə qayıtdılar, mən isə qaldım. Beşinci kursda oxuyarkən məni Əfqanıstana ezam elədilər. Orada hələ tələbə ikən iki il yarım tərcüməçi işlədim. Gedərkən 21 yaşım vardı, orada yerli gənclərlə də oturub-dururduq, onların arasındakı yeni fikirli insanlardan biri də şair Bariq Şəfii idi. Qərara aldım ki, Bakıya qayıdandan sonra diplom işimi məhz bu gənc şairin həyat və yaradıcılığına həsr edim. Bu əfqan şairi haqda yazdığım diplom işimdə elmi rəhbərim Mübariz Əlizadə oldu. Buraxılış imtahan komissiyasının sədri Həmid Araslı idi, müdafiə zamanı diplom işimi vərəqlədi və belə sual verdi ki, burada yazmısınız guya klassik əfqan poeziyası yalnız romantik məhəbbət üzərində qurulub, onda yeni fikir yoxdur, bu mülahizəni haradan götürmüsünüz? Mən də cavab verdim ki, bu, bir rus şərqşünasının fikridir, ondan iqtibas etmişəm. Əlavə etdi ki, bu, yanlış qənaətdir, başqa müəllifin fikri olsa da, siz ona tənqidi münasibət bildirməliydiniz.
Düzü, düşündüm, yəqin ki, bu iraddan sonra diplom işimə "beş" qiymət verilməz. Ancaq Həmid müəllim insanlıq göstərdi, təriflədi, işlənməmiş mövzuda yazdığımı vurğuladı, diplom işimə "əla" qiymət qoydu".
Möhsün Nağısoylu 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirəndən sonra o vaxtlar hələ Əlyazmalar Fondu adlanan indiki Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olunur, sonra bu elm ocağına bağlılığı 40 il davam edir.
Möhsünün elmi araşdırmaları sırasında onun "Şühədanamə"yə həsr etdiyi dissertasiyası da, ayrı-ayrı yazıları da çox dəyərlidir. İmam Hüseyn müsibətindən bəhs edən həmin əsəri bizim elmi dövriyyəyə gətirənsə elə Həmid Araslı olub ki, bu haqda ilk dəfə Elmlər Akademiyası xətti ilə baraxılmış "Azərbaycan ədəbiyyatı tarixi" üçcildliyinin 1960-cı ildə işıq üzü görən birinci hissəsində məlumat verib. Gününə görə sırf dini mövzulu belə bir ədəbi abidənin faktiki olaraq ümumrespublika səviyyəli ortaq rəsmi ədəbiyyat dərsliyinə daxil edilməsi həm sadə iş deyildi, həm də cəsarət tələb edirdi.
Unudulmasın ki, dahi Füzulinin eyni mövzulu "Hədiqət üs-süəda"sı uzun illər yasaq altında idi, nəşr edilmədən qalırdı.
1978-ci ildə akademiyada keçirilən aspirantlar konfransında Möhsünlə Araslının yolları yenidən kəsişir. Həmid müəllim konfransın humanitar elmlər bölməsinə rəhbərlik edirmiş. Möhsün "Şühədanamə"də tərcümə məsələləri" mövzusunda məruzə edir. Onun bir mülahizəsi dinləyənlərdə ciddi etiraz doğurur. Elə Möhsün kimi cavan araşdırıcılardan biri Zaman Əsgərli ayağa qalxır ki, siz iddia edirsiniz guya bəzi xalqların ədəbiyyatı tərcümələrdən başlayır, bu, doğru deyil, hər bir xalqın ədəbiyyatı onun söz sənətindən başlayır.
Bölmənin sədri, hamının qəbul etdiyi münsif Həmid Araslı Möhsünü müdafiə edir, xırdaca dəqiqləşdirməylə hər iki tərəfi təmin edən, mübahisəni yatıran - həm ədalətli, həm də sərrast alimanə münasibət bildirir ki, bu gənc ümumən ədəbiyyatların tərcümədən başlanmasını yox, bəzi xalqların yazılı ədəbiyyatının tərcümələrdən başlanması fikrini irəli sürür, bu da tamamilə doğrudur.
Möhsünün tədqiqatı üçün məhz "Şühədanamə"ni seçməsi də Həmid müəllimin döşünə yatdığından ayrıca təqdimat yazır, konfrans iştirakçıları arasında bu gəncin aylıq məvacibi miqdarında mükafatlandırılması məsələsini qaldırır.
Bu da mehriban xatirələrlə naxışlanan həmin Araslı axşamında akademik Möhsün Nağısoylunun dediyidir: "Həmid müəllim bizim instituta işləməyə gələndə onun başına pərvanə kimi dolanırdıq".
...Həmid Araslını Özbəkistanda çox sevirdilər. Özü mənə danışırdı ki, hər Daşkəndə uçanda oranın tanınmış alimləri onu qarşılamaqçün hava limanına çal-çağırla gələrdilər. 1920-1930-cu illərədək Azərbaycanda Füzuli ilə Nəvai eyni dərəcədə sevilərmiş və o iki klassikə eyni istək də Özbəkistandaymış. Hər dəfə Həmid müəllimi özbəklərlə əlaqədar düşünəndə o da ürəyimdən keçir ki, iki seçmə şəxsiyyətimizə Özbəkistanda həmişə xüsusi hərarətli münasibət bəslənib. Nəriman Nərimanov, bir də Həmid Araslı. Qəribədir ki, müəyyən sovet onillərində Moskvada da, Bakıda da Nəriman Nərimanovun adı, yazdıqları qadağalar altında olanda, ya ifrat soyuq yanaşmalarla qarşı-qarşıya qalanda Özbəkistanda hər şey əvvəlki qaydasında qalırmış, Nəriman Nərimanovun adına küçə də yerindəymiş, meydan da, Həmid Araslıya da Özbəkistanın Əməkdar elm xadimi adı bizdən daha əvvəl verilib və səbəbsiz də deyildi. Çünki Nəvainin burada yeni zaman içərisində tədqiqi, tərcüməsi, təbliği istiqamətində, özbək-Azərbaycan ədəbi əlaqələrinin inkişafı yolunda Həmid müəllimin xidmətləri həddən ziyadədir.
Mustafa Kamal Paşa Atatürkün 1932-ci ildə qurduğu Türk Dil Qurumunun sovet dövründə nüfuzu və çəkisi çox yüksək idi. İlk növbədə ətrafında canlı klassik hesab ediləsi güclü alimləri topladığına, bir-birindən mühüm ciddi nəşrlərinə görə. SSRİ-nin dövlət siyasətində Türkiyəyə olan kəc münasibət digər türk respublikalarına nisbətən Azərbaycan və azərbaycanlılarla əlaqədar daha mühafizəkar şəkildə həyata keçirilirdi. Buna səbəb həm hər cəhətdən Türkiyə türkləriylə ruhən və dilcə daha ortaq olmağımız, həm də həmsərhədliyimiz, məsafəcə yaxınlığımızdı. Ona görə də sovet dönəmində lap yüz dəfə layiq olsa da, bir azərbaycanlı alimin Türk Dil Qurumuna üzv seçilməsi inanılmaz qədər çətin məsələ idi. Ancaq Həmid Araslıya bu, nəsib olmuşdu. O əhvalatı da mənə söyləmişdi. Türkiyəyə dəvət edilmişdi, mərasim Ankarada gerçəkləşirdi. O vaxt Türkiyəyə uçmağın tək yolu Moskvadan idi. Həmid müəllim danışırdı ki, mənimlə əvvəlcə Bakıda bizimkilər söhbət apardılar, sonra da Moskvada rəsmi yoldaşlar tövsiyə etdilər ki, orada özümü necə aparım. Dedilər ki, sizə Türk Qurumuna Fəxri üzv seçilməyiniz təklif olunacaq, təşəkkürünüzü bildirib imtina edin. Bizim o yerə başqa namizədimiz var.
İndi adını yazmıram, əslində Moskvanın istədiyi rus millətindən olan da yaxşı alimdir, ancaq əgər Türkiyə məhz Həmid Araslını Türk Dil Qurumuna üzv etməyi qərarlaşdırmışdısa, Kreml nə hoqqadan çıxır-çıxsın, buna necə təsir edə bilərdi ki. Qazandığı təkcə bu ola bilərdi ki, Həmid Araslı razılaşmasın, onun namizədliyi geri götürülsün və bir azərbaycanlı Türk Dil Qurumuna üzv seçilməsin.
Həmid müəllimi tanıyanların heç biri lazım gələndə onun belə boz üz göstərə bilməsini heç ağlına gətirməz, mən də eyni düşüncədəydim. Ancaq Moskvanın nəzərdə tutduğu alınmır. Həmid müəllim bunu da mənə özü söyləyib ki, Ankaradakı toplantının o həyəcanlı məqamı çatdı ki, namizədliyim irəli sürüldü, mən də tapşırığa uyğun olaraq qalxıb imtina etməliydim. Türkiyədəki sovet səfirliyinin nümayəndəsi də bir kənarda əyləşib arxayınca gedişatı izləyirmiş. Həmid Araslı ayağa qalxır, nə öz namizədliyinə qarşı etiraz edir, nə də Moskvanın irəlicədən ona təlqin etdiyi mətni təkrarlayır. Göstərilən etimada görə təşəkkür edir, Türk Dil Qurumuna üzvlüyün onunçün şərəf olduğunu söyləyir.
Bu, ələ ömürdə bircə dəfə düşə biləcək girəvə idi, onu qeyb etsən, bəlkə ardınca başqa itkilər də gələrdi.
Həmid Araslı bütün mümkün fəsadları göz altına alaraq həyatındakı ən cəsarətli addımlarından birini atır.
Üzdən sakitmiş. Ancaq 1957-ci ildə baş vermiş həmin hadisədən 24 il sonra da mənə o haqda həyəcanlanmadan danışa bilmirdi və söyləyirdi ki, saçlarım o gün ağardı...
Həmid Araslının Türk Dil Qurumuna üzv seçilməsinin bəhrələrindən sonralar çox həmkarları, bütövlükdə türkologiyamız, mətnşünaslığımız, dilçiliyimiz, ədəbiyyatşünaslığımız faydalandı. Yollar bağlı idi, təsadüfdən-təsadüfə oralara səfər edənlər olmasaydı, Türkiyədə çıxmış hansısa kitabın, hətta adicə qəzetin bircə sayının belə əlimizə yetməsi ağlabatmaz idi. Ancaq Həmid müəllim həmin üzvlük sayəsində istər-istəməz körpüyə döndü. Əvvələn, ona Türk Dil Qurumunun bütün nəşrlərini göndərirdilər, digər yandan da artıq Türkiyə ilə icazəli daimi əlaqəsi olduğundan o tərəfdən özünə və həmkarlarına gərək olan kitabları, mənbələri də sifariş etmək imkanı vardı.
Ancaq yalnız Türk Dil Qurumu deyildi. Həmid Araslı 1972-ci ildə İraq Elmlər Akademiyasının da üzvü seçildi. Sovet İttifaqı Türkiyəyə olan tərs münasibəti İraqa bəsləmirdi, həm də artıq Həmid Araslı elə ağır elmi çəkiyə malikdi ki, ona maneçilik törətmək də asan olmazdı. Odur ki, bu seçilmək daha rahat keçdi və bundan da təkcə Həmid müəllim deyil, bütün şərqşünaslığımız qazandı. Bir tərəfdən İraqdakı qan qardaşlarımız - kərküklü soydaşlarımızla daha sıx əlaqələr qurmaq, onların ədəbi-mədəni həyatını burada da araşdıra bilməkçün daha geniş mənbələr dairəsinə pəncərəmiz açıldı, o biri yandan da ərəbşünaslarımıza seçdikləri mövzularda tədqiqat apararkən hər dəfə ortaya çıxan ilk mənbələr sıxıntısına müəyyən qədər əncam çəkildi. Xeyirxah Həmid müəllim bu sarıdan da çox tədqiqatçının yardımçısına, məxəz təminatçısına döndü.
Elə həmin ərəbşünaslardan biri, filologiya elmləri doktoru İmamverdi Həmidov da Həmid müəllimin yubiley axşamına qonaqdı. Əyləşənlərdən neçəsi keçmiş tələbə yoldaşları idi - Tofiq Məlikli, Nüşabə Araslı, Laura Orucova...
"Biz Şərqşünaslıq fakültəsində eyni dövrdə tələbə olmuşuq. Mən universiteti bitirib Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunanda orada direktor mərhum Mirzağa Quluzadə idi. Mənə məsləhət etdi ki, Həmid müəllimlə görüş, onun tövsiyələrini dinlə, gör araşdırmaq üçün nə mövzular təklif edir. O vaxt ərəbdilli Azərbaycan ədəbiyyatı ilə bağlı professor Malik Mahmudovun tutarlı araşdırmaları, sevindirici nəticələri də vardı. Ancaq Həmid müəllim mənə dedi ki, axtar, görülmüş işlər hələ azdır, Malikin əhatə etmədiyi, bizim ərəbdilli ədəbi irsin hələ müəyyənləşdirilməmiş, bugünə çatdırılmamış təmsilçiləri də, mənbələri də az deyil. Az sonra yenidən Həmid müəllimin yanına gəlib XIII əsr müəllifi Yaqut əl Həməvinin 20 cilddən ibarət "Mucəmu-l-udəba" - Ədiblər haqqında ensiklopediyasından söz açanda, deyəndə ki, orada bir azərbaycanlı ədibi - Ömər Gəncini tapmışam, bilsəniz necə sevindi! Beləliklə, ədəbiyyat tariximiz daha bir gəncəli şairlə zənginləşdi. Mənim rəsmi elmi rəhbərlərim Rüstəm Əliyev və Mirzağa Quluzadə idisə, qeyri-rəsmi təmənnasız elmi rəhbərim və ustadım Həmid Araslı oldu. Belə alındı ki, mən dörd il Bağdadda, dörd il də Qahirədə tərcüməçi işlədim. Həmin müddət ərzində oranın xeyli görkəmli elm adamları ilə görüşlərim oldu. O sıradan da məşhur İraq alimi, Füzuli haqqında ərəb dilində ilk kitabı yazan Hüseyn Əli Məhfuzla. O, Həmid müəllimlə də tanış idi, Füzulinin 400 illiyində Bakıda görüşmüşdülər. Hüseyn Əli Məhfuzun öz kitabında Həmid müəllim haqqında qeydləri də var. Füzulinin İraqda keçirilən 500 illiyi mərasimlərinə bizim Azərbaycandan geniş tərkibli nümayəndə heyəti getmişdi. Bağdadda yubileyi təntənə ilə qeyd etdik. Həmid Araslının qızı Nüşabə xanım da həmin yubileydə iştirak edirdi. Orada Nüşabə xanımı Hüseyn Əli Məhfuzla da tanış etdim. İraqlı alim bu görüşdən çox mütəəssir oldu. Həmid müəllim haqqında çox gözəl sözlər dedi, onu füzulişünaslığımızın şeyxi adlandırdı, əlavə də etdi ki, nə yaxşıdır Azərbaycan elminin siması olan belə ləyaqətli bir soyadı elmdə yaşatmaqda davam etdirən övlad var".
Həmid müəllim klassiklərimizin hamısına övlad sədaqəti ilə bağlı insan idi. Gücü nəyə çatırdısa etmişdi, yaşlı vaxtlarında da çalışırdı ki, cavanları, yeni nəsil araşdırıcıları hələ yetərincə öyrənilməmişləri tədqiq etməyə, farsca, ərəbcə yazılmış köhnə ədəbi nümunələri məqbul bədii tərcümələrdə bugünün oxucusuna çatdırmağa ilhamlandırsın, alovlandırsın. Xaqanidən nigaran qalmışdı. Onun sözü idi ki, Xaqani heç də Nizamidən geri qalan şəxsiyyət deyil, Nizamiyə bərabər şairdir və Xaqanini də eyni səviyyədə tədqiq və təbliğ etməliyik. Əlimizdə bu gün Xaqani şeirlərinin farscadan tərcümələrindən ibarət iri toplu var. Ancaq iri o demək deyil ki, şairin irsinin hamısıdır. Yarısından da azıdır. 1950-ci illərin ortalarında həmin tərcümələrin gerçəkləşdirilməsinin təşəbbüsçüsü Həmid müəllim olmuşdu, daha əvvəllər, hələ 1940-cı illərin başlanğıcında Nizami müasirlərinin ana dilimizdə səslənməsinin vacibliyi çağırışı da ondan gəlmişdi. Bunların üstünə nə qədər artıra bilmişik?
Həmid Araslının olmadığı 40 ildə əsr və minillik dəyişib, çox sahələrdə çox yüksəlmişik. Bəs klassik irsimizi bugünə və sabaha çatdırmaqda Həmid Araslının və silahdaşlarının etdiklərindən nə qədər qabağa gedə bilmişik? Könül ovunduran cavab verə bilmirik. Həmid Araslının və fədakar məsləkdaşlarının yeri görünür. Onlar ruh adamları idilər və yəqin ki, indi boş qalan yerlərinə, umduqları kimi davam etməyən bir para işlərinə görə xiffət çəkirlər...
11 yanvar 2025