AZƏRBAYCANIN SƏSİ OLMAQ BƏXTİYARLIĞI Rafael Hüseynov yazır
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rafael HÜSEYNOV
Akademik
Azərbaycan radiosu iki-üç ilə güc yığıb özünü tutandan, dalğaları respublikanın yeni-yeni şəhərləri və kəndləri boyu yayılmağa başlayandan etibarən onillərcə davam edəcək nəcib bir ənənəsi də yarandı. O həm də uşaqlarınkı oldu.
Uşaqlar üçün müxtəlif illərdə hazırlanmış və balacaların məhəbbətini qazanmış, məktəblilərlə bərabər onların valideynləri üçün də doğmalaşmış və hərəsi bir tarix olan silsilə verilişlər öz yerində, 1930-cu illərdən başlayaraq Azərbaycan radiosu həm də balaların ortaq nəğmə müəlliminə çevrildi.
Orta məktəblərin aşağı siniflərində nəğmə dərsləri keçilirdi. Ancaq bu, cədvəldəki, müəllimlərin öz qabiliyyəti, imkanları səviyyəsində yola verdiyi saat idi. Məhz “yola vermək” - çünki nə bundan ötrü ayrıca dərsliklər vardı, nə də heç olmazsa müəllimlərin əlindən tutacaq mahnı topluları nəşr edilmişdi.
Ümumən hələ bəstəkar mahnıları az idi, uşaq mahnıları isə elə yox kimi idi. Məktəbdəsə bu boşluq artıq əsrin əvvəllərindən sezilirdi. Həmin kəsiri duyduğundan vaxtilə Abbas Səhhət də, Mirzə Ələkbər Sabir də, daha sonralar Abdulla Şaiq də uşaq şeirləri yazaraq onları bəlli el havaları üstündə dərs dedikləri məktəblərdə uşaqlara oxutdurardılar ki, heç olmazsa azacıq da olsa dərdə çarə olsun.
İlk səslənişlərindən başlıca hədəflərindən biri bütün Azərbaycandan ötrü məktəbə çevrilməkdən ibarət olan milli radio 1930-cu illərdəncə uşaqların və gənclərin musiqi tərbiyəsini də bir mənəvi öhdəlik kimi boynuna götürmüşdü.
Üzeyir Hacıbəyli də, Müslüm Maqomayev də Qori seminariyasında oxuyanda musiqi dərsi keçmişdilər və oranı bitirib gələndən sonra ilk işləri də məktəbdə müəllimlik olmuşdu. Odur ki, bəstələnmiş sadə, tez əzbərlənən, dillərə düşəsi uşaq mahnılarının yoxluğunu bilavasitə öz müəllimlik təcrübələrində hiss etmişdilər. Ona görə də 1929—1930-cu illərdən başlayaraq Azərbaycan radiosundan səslənmək və bu yolla da tezcə bütün məktəblərə çatmaqçün Üzeyir bəyin yazdığı “Səni gözləyir”, “Komsomolçu qız”, “Süvarilər mahnısı”, Müslüm bəyin bəstələdiyi “Bizim kənd”, “Tarla”, “Yaz” kimi mahnılar elə vaxtın tələbi, ictimai sifariş idi.
Soltan Nəcəfov danışırdı: “Yeni mahnılar yarandıqca bunları radio ilə geniş dinləyici kütləsinə öyrətmək məsələsi də ortaya çıxdı. Bu təşəbbüsü birinci olaraq “Uşaq verilişləri” redaksiyası öz öhdəsinə götürdü. 1936-cı ildə “Uşaq verilişləri” redaksiyasının məsul redaktoru Əbdül Əzimzadə məni yanına çağırıb radioda mahnı öyrətmək üçün mətn tərtib etməyi tapşırdı. Mən bu tapşırığı məmnuniyyətlə qəbul edib hazırlıq işinə başladım. İlk dəfə Üzeyir Hacıbəyovun “Süvarilər” mahnısını öyrətdim. Yeni mahnılar az olduğuna görə, əvvəllər ayda bir dəfə, sonra isə yeni əsərlər meydana gəldikcə həftədə bir dəfə radioda mahnı öyrətməyə başladıq”.
Üstündən çox illər ötəndən sonra belə “Süvarilər” mahnısının melodiyası da, sözlərindən bəzi misralar da Soltan müəllimin yadında qalmışdı və onları şirin zümzüməsində canlandırırdı.
Mahnının sözlərini Hüseyn Natiq yazmış, musiqisini Üzeyir Hacıbəyov bəstələmişdi.
Biz qızıl süvarilər vuruşub aslan kimi,
Tarixə yazılmışıq böyük bir dastan kimi.
Göylərdə dalğalandı atəş saçan bayraqlar,
Öz ana yurdumuzdur bu yerlər, bu torpaqlar.
Biz qızıl süvarilər cəsarətlə doluyuq,
Bu ana torpaqların dönməz, sadiq oğluyuq.
Biz qızıl süvarilər minmişik qıratlara,
Şahinlər heyran qalır bizdəki qanadlara.
Əlyazmasını Hüseyn Natiqdən qalan yazıların arasından tapdığım bu şeirdən yalnız “Budyonnu”lu misraları çıxartdım və bu gün də uşaqlarımızın oxuya biləcəyi gözəl nəğmə durdu qarşımda. Üzeyir bəydən saxlanc olana “gözəl”dən başqa hansı sözlə qiymət vermək olar ki! Ancaq 1930-cu illərdə Üzeyir və Müslüm bəylərin bəstələdiyi və radioda səslənən uşaq mahnıları çox olmuşdu axı! Olsun ki, hansınınsa sözləri bugünlə tanınacaq musiqiyə nə vaxt. Özü də dahilərdən qalan musiqi olmuş ola! Sözlərə yüngülvari əl gəzdirəcəksən, ya həmin ölçüdə musiqiyə uyğun başqa şeirlər yazacaqsan, uşaq musiqi xəzinəmiz İki Zirvəmizin yenidən həyata qayıdan inciləri ilə zənginləşəcək.

Radiodan səsi gələn ilk müğənnilərdən olmuş Bikə Səmədzadə, Qüdrət Əmiraslanova da 1970-ci illərin sonlarında bizimlə söhbətlərində vaxtilə efirdən uşaq mahnılarını öyrətməkçün ayrılan saatlara dəvət olunduqlarını, bu işi necə həvəslə yerinə yetirdiklərini söyləyirdilər. Sonrakı illərdə Münəvvər Kələntərli, Gülağa Məmmədov, Ramiz Mustafayev, Nizami Məmmədov, Firəngiz Əhmədova, Zeynəb Xanlarova da Azərbaycan radiosundan gələn “nəğmə dərsi” demək təkliflərini həmişə məmnuniyyətlə qəbul etmiş, bunu sadəcə radiodakı növbəti çıxış yox, xalqa xidmətin daha bir ifadəsi saymışdılar.
Ancaq elə həmin çağlarda yazılmış bir mahnı da olmuşdu ki, bəxti gətirməmişdi, bircə səslənişdən sonra yolu qapanmışdı və kimsəyə bilinmədən illərcə arxivdə kirimişcə qalmışdı.
1970-ci illərin sonlarında təsadüfən həmin mahnının notları da, sözləri də əlimə keçdi. Bu bəxtsiz nəğmə iki qiymətli və ömürləri vaxtsız qırılmış sənətkarın əsəri idi. Hər ikisini 1930-cu illərin siyasi qasırğaları aparmışdı. Birini həbs edərək, güllələyərək yox etmişdi, digərini çərlədərək öldürmüşdü.
Bakıda Mərkəzi Pionerlər sarayının yaradılmasına ciddi hazırlıqlar gedirmiş və sonralar Bakı məktəblilərinin sevimli ünvanlarından birinə çevriləcək bu məkanın açılışı 1937-ci ildə baş tutmalıymış.
Bu, sonralar ilk kosmonavt Yuri Qaqarinin adını daşıyacaq, artıq müstəqillik dönəmində və “pioner” anlayışının dünəndə qalmasından sonra Tofiq İsmayılovun adıyla qovuşacaq gələcək Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı idi.
(Söz gəlib, gərək deyəm. Təqvim dolandıqca istiqlalımızın üstünə artan hər il onu daha möhkəm, müstəqilliyimizi daha dönməz edir. Ancaq millət olaraq bütün varlığımız boyunca qazandığımız bu ali nemət əbədi və yenilməz olsun deyə mübarizələr və çalışmalar gərək hər gün davam edə. Bunun təməl şərtlərindən biri də dünəndə olan yaxşıları bir kənara atmaq deyil, yeni günə və şəraitə uyğun cilalayıb onlardan ağılla və faydayla yararlanmaqdır. Sovetin məqsədi süni sovet xalqı yaradıb inkişaf etdirmək, süni məfkurə üstündə möhtəşəm əqidə qalası qurmaq idi. Bunu edə bilməkçün zəruri təsisatlar yaratmışdı. Həm də bunlar elə ustalıqla qurulmuş və elə səliqə-sahmanla yönəldilirdi ki, hətta süni olana da güc verə bilmişdi. Baxın ki, biz tarixən uğurla işləmiş təsisatları gerçək, ədalətli və ümummilli amallar naminə doğru istifadə edəriksə, əldə etdiyimiz nəticələr nə qədər bol və əhəmiyyətli olar. Sovet dönəmində məktəblilərin qovuşduğu pioner təşkilatları əsl tərbiyə məktəbi idi. Hər rayonda məktəblilərlə qaynayan pionerlər evləri fəaliyyətdə idi. Hamısında cürbəcür dərnəklər, məktəbli ansamblları, yaradıcılıq qabiliyyətini inkişaf etdirən müntəzəm məşğələlər və hamısı da pulsuz-pənəsiz. Pionerlər üçün nə qədər nəsihətamiz, vətənsevərliyə, saf mənəvi keyfiyyətlərə kökləyən şeirlər, nəğmələr yazılır, qəzet-jurnallar nəşr edilir, filmlər çəkilirdi. Mükəmməl, özünü doğrultmuş belə qəliblərə niyə biganə qalaq? O bəlli ülgülərdən millətimizi, dövlətimizi, yurdumuzu daha qüdrətli etmək, yeniyetmələri, gəncləri daha vətənsevər, daha üstün yetişdirməkçün nədən yararlanmayaq? Biz böyük millət quruculuğunun sınaqlı yolları ilə irəliləməkdəyik və bizim ölkə içində də, sərhədlərimizdən aralılarda da təşkilatlanmaq və bütövləşmək üçün etməli olduqlarımız hələ lap çoxdur. Ülvi məqsədlərə sadəcə arzulamaqla deyil, əməllə yetişmək mümkündür. Sabahımız olan məktəblimizi yetkinləşdirmək, vətənçiləşdirmək, mütəşəkkilləşdirmək, daha gərəkli edə bilməkçün onların vaxtilə ayrı bir məfkurə mühiti içərisində olmuş təşkilatlarını təmənnasızca, dövlət iradəsi ilə və artıq öz milli maraq və istəklərimizə uyğun olaraq dirçəldək, gücləndirək, yeni həyat verərək yaşadaq. Çox qazanarıq! Bunlar bütöv, sağlam millət olmanın təməl kərpicləridir. O vaxt “pioner” idi, indi “yolaçar” olsun, ya “öncər”, ya bir başqa söz. Əsas odur millətə və gəncliyimizə gərəkli bir istiqamətdə mahiyyət yaşayıb davam etsin!).
Zəmanənin ayrı bir təzadı idi ki, amansız tuthatutların davam etdiyi, talelərin şikəst qoyulduğu, neçə nəslin çıraqlarının söndürüldüyü həmin 1937-ci ildə bayramlar da vardı, sevincli, fərəhli hadisələr də cərəyan etməkdə idi.
Həmin sarayın açılışından xeyli əvvəl - artıq 1936-cı ildə sabahkı bayramı bəzəyəcək nəğmə də tədarük edilmişdi: sözlərini Mikayıl Müşfiqin yazdığı, musiqisini Müslüm Maqomayevin bəstələdiyi “Pionerlər sarayı” adlı nəğmə.
Maestro Niyazi o dövrün fəal yaradıcı cavanlarındanmış və təbii ki, Azərbaycanın həyatında işıq kimi parlamağa başlayan radio ilə onun da yolu qovuşmuşdu.
Özü söyləyirdi ki, radioda ayrı-ayrı mövzularda çıxışları da olmuşdu, bəstələri də səslənmişdi. 1930-cu illər radiosundan söz açanda Maestro iki adı həmişə xüsusi həyəcanla çəkırdi - Mikayıl Müşfiq, bir də Hüseyn Natiq. Söyləyirdi ki, radioda çıxış edənlərin, mikrofon qarşısında dayananların hamısından bu iki cavan həm səsi ilə, həm danışığının, ifasının tərzi ilə, həm də saçdıqları od-alovla seçilərdi. Maestro sənədlə 1912-ci ildən idi və Hüseyn Natiqlə yaşıddı. Müşfiqləsə aralarında bir neçə il yaş fərqi vardı. Özü deyərdi ki, indi üç-dörd il yaş fərqi sən deyən nəzərə çarpmır, o vaxtlarsa hərdən zahirən tay-tuş kimi görünənlər arasında çəpərə də dönə bilirdi. İkisi ilə də yaxın olmuşdu, amma Hüseyn Natiqlə möhkəm dost olmuşdu. Bunu bir zamanlar özü mənə deyərdi, indi Hüseyn Natiqin arxivindən tapdığım fotolar - Niyazinin Hüseyn Natiqə bağışladığı çoxlu şəkillər, onların arxasındakı yazılar bunu təsdiq edir.
Müslüm bəyin Müşfiqin sözlərinə bəstələdiyi “Pionerlər sarayı” mahnısı radioda bircə dəfə səslənmişdi, bunu efirdə elan edən də Hüseyn Natiq olmuşdu.
Maestro bunu da xatırlayırdı ki, Hüseyn Natiq həmin nəğmənin radioda getməsindən sonra ona deyibmiş ki, məktəblilər üçün bir pyes yazıram, içində iki-üç mahnı da olacaq, sözlərini verəcəyəm, onları da sən bəstələyərsən”.
İndi nə o var, nə bu, amma Hüseyn Natiqin arxivindən həmin nəğmələşməli şeirlərdən birini - “Bəxtiyar uşaqlar”ı tapıram:
Ay uşaqlar, gəlin, gəlin,
Bəxtiyarlar şənliyinə.
Qanadlanıb hey yüksəlin
Ölkəmizin göylərinə.
Günəş bizim, sular bizim,
Yaşıllıqlar məskənimiz.
Çəmənlərdə, meydanlarda
Oynayırıq təmiz-təmiz.
Həyatımız deyil sadə,
Günəş almış bu diyarı.
Yalnız bizik bu dünyada
Uşaqların bəxtiyarı!
Azərbaycan radiosunda bircə dəfə oxunmuş “Pionerlər sarayı” Müslüm bəylə Müşfiqin yalnız birgə son işləri deyil, ikisinin də axırıncı mahnısı olmuşdu.
1937-ci il iyunun 4-də Mikayıl Müşfiq həbs edilmişdi və “xalq düşməni” damğalı bir şairin sözlərini daha adam arasına çıxarmaq olmazdı, Müslüm bəysə uzun müddət vərəmlə çarpışandan sonra elə həmin il iyulun 28-də Nalçikdə canını tapşırmışdı.
Müşfiqin həmin şeiri 1936-cı il noyabrın 28-də “Gənc işçi” qəzetində dərc edilibmiş:
...Məktəb deyə, dəzgah deyə, cəbhə deyə
Çiçəklənir qəlbimizin umudları.
Yarın uçub təyyarəmiz göydən-göyə,
Yaracağıq qartal kimi buludları.
Biz sabahın mühəndisi, komandiri,
Biz müəllim, biz sənətkar olacağıq.
Biz addımlar atacağıq iri-iri,
Hər cəbhədə qələbələr çalacağıq.
Müslüm bəysə bu sözlərə mahnını 1936-nın dekabrında bəstələmişdi. Əlyazması indi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunmaqdadır. Mən bu nəğməylə ilk dəfə 1978-ci ildə rastlaşmışdım, əlyazmanı tapınca da “Bənövşə” uşaq xorunun rəhbəri Əfsər Cavanşirovla (1930—2006) danışmışdım, o da ləngimədən mahnını lentə yazdırmışdı və növbəti bazar günlərindən birində Radionun “Ulduz” proqramında həmin nəğmənin tarixçəsi ilə bağlı söhbətlərimdən sonra “Pionerlər sarayı” müəlliflərinin əbədi gedişindən (Müşfiq həbsxanada 1939-cu ilin yanvarında həlak edilsə də, əslində elə onun da həyatı 1937-ci ildə — zindana atılınca bitmişdi) 42 il sonra ilk dəfə səslənmişdi. 1984-cü ildə isə bu nəğməyə və onun müəlliflərinə radioda “Axşam görüşləri”nin ayrıca buraxılışını həsr etdim.
Maestro həmişə təəssüf edərdi ki, Müşfiqlə Hüseyn Natiqin gedişi radiomuzda da, odövrkü poeziyada da dərin boşluq yaratdı, hər ikisi təşəbbüskar, yenilikçilik şövqü ilə dolu insanlardı.
Hüseyn Əliyevin ruhu, təbiəti başqa olsa da, tərcümeyi-halı dövrün inqilabi tələbatlarına çox uyğun idi. Avtobioqrafiyasında göstərirdi ki, atası Mir Abdulla Nobellərin 7-ci mədənində işləyirmiş. 1916-cı ildə gizli siyasi fəaliyyətə başlayır, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təbliğatçı-təşviqatçı kimi partiyanın Göyçay dairə komitəsinə göndərilir, ancaq tezliklə orada xəstələnərək vəfat edir. Anası da 1924-cü ildən partiya üzvü imiş, uşaq bağçasında işləyirmiş. 1928-ci ildə Sabunçu İkinci Dərəcəli Şura Məktəbini bitirdikdən sonra Hüseyn Pedaqoji İnstituta daxil olmuş, 1932-ci ildə ali təhsilini başa vurunca Azərbaycan Kommunist (bolşeviklətr) Partiyası mətbuat bölməsi tərəfindən səfərbərliyə alınmış, Puşkin (indi Biləsuvar) rayon qəzetinə məsul katib göndərilmişdi. 1933-34-cü illərdə əvvəlcə Salyanda, sonra Gədəbəydəki rayon qəzetləri redaksiyalarında çalışmışdı. 1934-cü ildən 1939-cu ilədəksə Azərbaycan radiosunda diktor, ədəbi qiraətçi, uşaq bölməsinin ədəbi işçisi vəzifələrini daşımış, 1939-cu ildə cəbhəyə gedənədəksə “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi olmuşdu.
Hüseynin ədəbi aləmə atılması, radio ilə əməkdaşlığısa hələ tələbəlik illərindən başlamışdı.
Soltan Nəcəfov onunla ilk tanışlığının 1928-ci ildə Azərbaycan Proletar Yazıçılar İttifaqı nəzdində təşkil olunmuş “Gənc ədəbiyyat həvəskarları” dərnəyində iştirak edərkən baş verdiyini deyirdi. O vaxt artıq tələbə Hüseyn Natiqin Bakı neftçilərini tərənnüm edən kiçik şeirləri mətbuatda dərc edilibmiş. Lakin Soltan müəllim bunu da xatırlayırdı ki, 1931-ci ildə radioya gəldiyi zaman Hüseyn Natiq hələ burada rəsmən əməkdaş olmasa da, hər gün onlarla birgə imiş və elə o vaxtdan aralarında səmimi dostluq münasibətləri yaranıbmış: “Hüseyn özünə “Natiq” təxəllüsünü əbəs yerə seçməmişdi. Bu təxəllüs ona çox yaraşırdı. O, sözün əsl mənasında natiq idi. Natiq mikrofon qarşısında hərarətli, şirin, səmimi danışığı ilə başqa diktorlardan fərqlənirdi. Səsində qəribə cazibə qüvvəsi var idi. O, diktorluqla yanaşı radio aktyoru kimi də dinləyicilərin məhəbbətini qazanmışdı. Buna misal olaraq bir faktı qeyd etmək istəyirəm. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin radio tamaşalarında İsgəndər rolunu səhnəmizin görkəmli aktyorlarından Ülvi Rəcəb və Ağasadıq Gəraybəyli ifa edirdi. 1934-cü ildə bu tamaşa təkrar edildikdə isə radio rejissorumuz Mustafa Mərdanovun təklifi ilə bu rolun ifası Hüseyn Natiqə tapşırıldı. Natiq də məsul tapşırığı şərəflə yerinə yetirdi. Sənət yoldaşları onu hərarətlə alqışladı. Bundan sonra o, başqa radio tamaşalarında da baş rolları məharətlə ifa edirdi. Məmməd Səid Ordubadi Hüseyn Natiqin yaradıcılığını həmişə yüksək qiymətləndirirdi. Hüseyn Natiq radioda işlədiyi vaxtda Ordubadinin sifarişi ilə dram qrupumuz üçün bir neçə səhnəcik və radio kompozisiyaları yazmışdı. Natiq ədəbiyyatı sevdiyi kimi, eyni zamanda, musiqiyə, xüsusən klassik bəstəkarların simfonik əsərlərinə də dərin məhəbbət bəsləyirdi. Bu əsərlər içərisində o, Rimski-Korsakovun “Şəhrizad” simfonik süitasını, Rossinin “Vilhelm Tel” simfonik uvertürasını, Verdinin “Aida” və Üzeyir Hacıbəyovun “Koroğlu” operalarını dəfələrlə dinləməkdən doymazdı.
Üzeyir Hacıbəyli Hüseyn Natiqin musiqiyə olan zövqünü, marağını hiss edərək bəslədiyi bir neçə yeni mahnının sözlərini ona yazdırmışdı. Bəstəkarın 1930-cu illərdə yazdığı “Komsomol qız”, “Qaragöz” mahnılarının sözləri Hüseyn Natiqindir”.
Hüseyn Natiq çoxcəhətli istedad sahibi idi və onun qabiliyyətləri bu sadalananlarla da bitmir. Onun rəssamlığı da varmış və çəkdiyi rəsmlərdən ibarət ayrıca bir albom da qalmaqdadır. Ümumənsə rəssamlıq vergisi elə onların ailəsində varmış. Onun 1918-ci il təvəllüdlü bacısı Gülsüm Əliyeva 1933—1937-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdı (Gülsüm sonralar, artıq Hüseynin həyatda olmadığı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini də bitirmişdi).
Fəhləlikdən alovlu döyüş meydanlarına qədər uzanan qısa ömrü içərisində Hüseyn Natiq bir çox iş yerlərini dəyişmiş olsa da, özünüifadənin ən müxtəlif istiqamətlərinə yönəlsə də, radionu həmişə əsas saymışdı.
“İnqilab və mədəniyyət” jurnalının 1930-cu ilin aprelində çıxan 4-cü nömrəsi Şura Azərbaycanının 10 illiyinə həsr edilmişdi və buraxılışda yer alan yazıların hər birində ayrı-ayrı isqtiqamətlər üzrə bu müddətdə keçilmiş yoldan, qazanılmış uğurlardan bəhs edilirdi. Radio həmin vaxt daimi yayınlara başlamasının beşinci ilində olsa da, yeni dövrün ən əlamətdar hadisələrindən biri kimi bu sahədəki nailiyyət və irəliləyişlər də ayrıca məqalədə təhlil edilirdi.
“Allo, allo, danışır Bakı” sərlövhəli məqalədə radio verilişlərinin özünün keyfiyyətinin artmasından ötəri söz açılsa da, əsas diqqət hazırlanmışların xalqa çatdırılması səmtinə yönəldilir. O mərhələdə vacib olan da məhz bu idi. Məqsəd radionun səsinin Azərbaycanın bütün kənd-kəsəyinə, hər evə çatması idi: “Radio verilişlərinin kəndli kütləsinə çatması məsələsi bir çox çətinliklərə rast gəlməkdədir. Kəndlərimizin çoxusunda baha qiymətə başa gələn lampalı radioqəbuledici aparatlar qoyulmuşdur ki, bunlar çox vaxt batareyalar yoxluğundan, bacarıqsız yanaşıldığından və başqa bu kimi səbəblərdən ilin 8-9 ayını yatmaqda və danışmamaqdadırlar. Ona görə də lampalı radio aparatları vasitəsilə radionu kəndlərimizə yaymaq və geniş kütləyə çatdırmaq mümkün olmayacaqdır. Hal-hazırda Azərbaycanda tel vasitəsilə radiolaşdırma işi çox tərəqqi tapmışdır. Bu üsul radio işində ən sadə bir üsuldur: müəyyən bir mərkəzdə lampalı radioqəbuledici aparat ilə böyük bir qüvvətləndirici aparat qoyulur, sonra burada qəbul edilən radio tellər (xətlər) vasitəsilə şəhərin hər tərəfinə yayılır”.
İndi, hər kəsin cibində bir telefon varkən istənilən anda radiolara da, televiziyalara da qoşulmaq, dinləmək, seyr etmək, elə telefonla da o verilişlərin bir çoxuna elə canlı-canlı qatılmaq imkanı varkən XX yüzilin üçüncü onilinin bu söhbətləri adama ibtidai əyyamların rəvayətləri kimi gəlir. Ancaq əslində bu, böyük mədəni inqilabın həvəslə, coşqu ilə həyata keçirilən, minlərlə insanın qatıldığı gedişatı idi ki, hər evə radionun gəlməsi hər mənzildə bir mükəmməl məktəbin yaranmasına bərabərdi. Tarixi təcrübənin də anlatdığı həqiqət ondan ibarətdir ki, bundan siyasətini yeritmək və xalqın hər nəfərinin şüuruna sahib olmaq məqsədi güdən dövlətdən daha çox sovet onillərində qat-qat artıq maarifə, mədəniyyətə, biliyə, zövqə təqribən pulsuz və birbaşa körpü qazanan xalq, sadə insanlar oldu.
“Siyasi maarif idarəsi tərəfindən Ağdamda, Salyanda, Naxçıvanda və həmçinin, tamamilə kollektivləşmiş dairələrdə 150-200 nöqtəliyə qədər radioqəbuledici aparatlar qoyulmuşdur. Qiraət komalarına, klublara və kitabxanalara radio çəkilmişdir.
Zaqafqaziyanın beş illik radiolaşdırma planı üzrə Poçta-Teleqraf Komissarlığı şəhərlərdə 205.000, kəndlərdə isə 200.800 radio aparatı qoymalıdır. Bu sürətlə 1930-1931-ci ilin axırlarında yalnız poçta teleqraf xətti üzrə bizim 39.862 radioqəbuledici nöqtəmiz olmalıdır. Hazırda poçta teleqraf xətti vasitəsilə Bakıdan başqa Gəncə, Nuxa və Astara şəhərləri də radiolaşdırılmışdır. Aprel ayının axırına qədər radio mərkəzi Salyan okruqunu və Lənkəran, Quba dairələrini radiolaşdıracaqdır”.
Radio isə axtarışda idi. Hər təzə gündə bir yenilik etmək eşqi radioda çalışanların hər birində vardı. Hüseyn Natiqsə onların hamısından seçilib - həm diktorluq və aparıcılıq edib, həm aktyorluq, həm ictimai-siyasi məzmunlu verilişlər hazırlayıb, həm radiopyeslər yazıb, həm bədii tərcüməçiliklə məşğul olub, həm cavan və orta nəsil bəstəkarlarla radioda ilk dəfə səslənəcək nəğmələrin mətnlərini qələmə alıb və “həm”lərini artıra biləcəyimiz bu sıradakı işlər haqqında bu gün quruca sözlə deyil, təfərrüatı ilə danışa bilməyimiz üçün də əsas yaradıb - yalnız bilavasitə özünə aid olan yazıların deyil, mətnini oxuduğu bir çox verilişlərin də əlyazmalarını götürüb saxlayıb. Bu qiymətli yadigarlar bir tərəfdən onun özünün radio yolunu ayrıntıları ilə təsəvvür etməyə fürsət verirsə, digər tərəfdən radionun başlanğıc dönəmdəki çalışmalarının, gündəlik iş həyatının etibarlı güzgüsünə çevrilir.
Bu, mənim 1930-cu illər poeziyamızda rast gəldiyim ilk “radiolu” şeirdir. Bəlkə o çağın başqa Azərbaycan şairlərinin də qoşqularında 1930-cu illərin əvvəllərində ömrümüzə yenicə daxil olmuş radionun adı çəkilib. Ancaq Hüseyn Natiqin günün möcüzəsini misralarına gətirməsi yalnız bir şairin heyranlığından deyil, həm də ilk qədəmlərini atan radionun onun ömrünün bir parçası olmasından, oradan hər gün səsinin vətənə dalğa-dalğa yayılmasından gəlirdi.
Radiolar əsrimizi tərənnüm eylər,
Minarədə əzançıya verməyir aman.
Dodaqlarda dalğalanır süzgün nəşələr,
Ürəklərdə bahar vardır, deyildir xəzan.
Hüseyn Natiq yolunu başlayan Azərbaycan radiosunun ən parlaq simalarındanmış. Onun qısa müddət ərzində hazırladığı verilişlər, qələmə aldığı radio səhnələşdirmələri, etdiyi tərcümələr və məhz efirdə eşidilməkçün yazdığı müxtəlif mövzulu şeirlər bir neçə cild kitaba sığacaq qədər çoxdur. Ancaq müharibə başlanır, o da əsgər aparılır və 1942-ci ildə “qara kağız”ı gəlir. Beləcə, istedadla çağlayan ilhamlı bir ürək insafsızca erkən susur.
Ancaq ola da bilərdi ki, oçağkı bir sıra başqa fəal qələm sahiblərindən biri kimi, ya radioya lazım əməkdaş olaraq heç davaya yollanılmasın, Bakıda qalıb işini davam etdirsin. O təqdirdə də sağ qalıb-qalmayacağını söyləmək olmur axı!
1930-cu illərin siyasi burulğanları o qədər belə cavan istedadları repressiya dəyirmanında məhv etdi ki... Yazıçı Anar hələ yeniyetməlik illərində anası Nigar xanım Rəfibəylidən eşitdiyi bir əhvalatı - Hüseyn Natiqin sözlərini xatırlayır. Deyirmiş ki, mənə neyləyəcəklər e, atam fəhlə, anam kommunist, özümün də yazdığım nöyüt.
Amma belə söyləyirmişsə, deməli, ona yaxınlaşa biləcək təhlükənin vahiməsini də hiss edirmiş, bunları bəlkə özünə təsəlli üçün söyləyirmiş və xoflanmağa haqqı da varmış. O dövrdə sözdən söz çıxararaq ev yıxmağa, ömür uçurtmağa nə vardı ki!
1931-ci ildə Bakıda Hüseyn Natiqin 1500 tirajla “Buruqlar” adlı ilk şeirlər kitabı çıxmışdı və əlbəttə ki, gənc şair üçün bu, bir xoşbəxtlik idi, amma elə müqəddimədəcə həmin sevincini burnundan tökmüşdülər.
Kitaba Mehdi Hüseyn “Buruqlar şairi” adlı bolşevikanə bir önsöz yazmışdı və Hüseyn Natiqi tərifləməkdən, ona uğur arzulmaqdan daha çox proletar olduğunu deyə-deyə tənqid edirdi, həm də bu tənqid şeirlərin bədii məziyyətlərindən daha əvvəl siyasi mahiyyətinə aiddi: “Hüseyn Natiq çocuqluqdan indiyə qədər mədənlər arasında yaşamaqla bərabər onun yazılarında əsas obraz neft və mazutdur. O, başqa məsələlərlə az məşğul olur.
...Bir çox yerdə gənc şair məqsədsiz bir adam kimi görünür. O, əsərini yazarkən oxucusunun dimağına yapacağı təsirlə heç də maraqlanmayır. Hətta çox zaman Natiq proletar şeirinin məqsədini düşünmək istəməyir. Ona görə bəhs etdiyi məsələ quru söz yığıntıları arasında basdırılmış bir halda meydana çıxır.
...Natiqin şeirlərində yalnız ədəbi savadın azlığı və materialist dünyayı görüş zəifliyinin nəticəsində buraxılan nöqsanlar adi oxucunun belə nəzərini cəlb edir”.
Bunlar kiçik müqəddimədəki tənqidi qeydlərin heç də hamısı deyil və ayrı-ayrı şeirləri nəzərdən keçirən önsöz müəllifi bunlardan da kəskin ifadələrdən yan keçmir. Unudulmasın ki, bu, kitab çıxandan sonra yazılmış və hansısa qəzetdə dərc edilmiş məqalə deyil. İlk kitabı çıxan şairi cəmiyyətə təqdim edən, guya ona xeyir-dua verən yazıdır. Elə bu cür yanaşmanın özü o dövrün komsomol, bolşevik çılğınlıqlı və sərtlikli münasibətləri haqda çox şey deyir. Bunu da yaddan çıxarmayaq ki, dövlətin xüsusi diqqətində olan ideoloji ruporun - radionun əməkdaşı Hüseyn Natiq iş yerindəki hər yazısıyla da daim belə süzgəcdənkeçirici nəzarət altında imiş.
“Bakinskiy raboçiy” qəzetində 1937-ci il iyulun 24-də D.Vladimirov imzalı müəllifin yazısı ən ciddi təhlükələrin siqnalıdır. Hüseyn Natiq artıq respublikanın rusca nəşr edilən 1 nömrəli partiya qəzetində “xalq düşməni” elan edilir: “Mayın 1-də diktorlardan biri - Natiq Hüseynov (Hüseyn Natiqin adını belə yazır, əslində o, Əliyevdir - R.H.) əksinqilabi əsər yazmışdır. Tamamilə təsadüfən bu əsər dayandırılmış və mayın birindəki verilişdə getməmişdir. Bundan əlavə, məlum idi ki, diktor Hüseynov - mənən çürümüş bir insandır. Və belə bir adamı ifşasından 2 ay yarım sonra da Nikbin diktor kimi mikrofon qarşısında saxlamışdır.
Bu dəlillərin işığında Azərbaycan Radio Komitəsinin sədri Nikbin qəribə görünür. Azərbaycan Radio Komitəsində bolşevik sahmanı yaratmağın vaxtıdır. Radio komitəsini xalq düşmənlərindən və hər cür tör-töküntülərdən təmizləməyin zamanıdır”.
Bu isə 1937-ci ilin başlanğıcında, “Ədəbiyyat qəzeti”nin 4-cü nömrəsində, həmin “ifşa”lardan aylar əvvəl dərc edilmiş “Böyük Leninə” başlıqlı Hüseyn Natiq şeiridir:
Lenin, ey böyük insan, ey tarixin mayakı,
Fikrin milyon qəlblərin səmalarında parlar.
Bizimlə yaşayırsan, bizimləsən, ey rəhbər,
Öldünsə, əməllərin daima yaşar, yaşar!
Yaratdığın ölkədə ölməmiş böyük adın,
Adınla da zəfərlər körpüsündən keçirəm.
Hər yeni il başında qaldıraraq qədəhi
Ehtiyat ürəyinin sağlığına içirəm!
Yanvarda çap olunan bu şeir, bəlli olur ki, hələ 1936-cı ilin sonlarında yazılıbmış və çox da ki, şair özü qəlbini ölməz saydığı Leninin ehtiyat ürəyi hesab edir. 1937-ci il idi, sovet məkri daxilinin bütün rəzaləti ilə üzə çıxırdı və yüz belə şeir yazsan da, nə qədər bu ideologiyaya, bu dövlətə sədaqətindən desən də, səni qəbul etməyəcəklər, düşmənlər cərgəsindən çıxarmayacaqlar.
Bu qəzet kəsiyini də Hüseyn Natiq seçərək əziz bildiyi yazılar arasında saxlayıb. Adicə bildirişdir. Xəbər verilir ki, Azərbaycan Şura Yazıçılar İttifaqı bu gün, martın 1-də APİ-də Cəfər Cabbarlının xatirə gecəsini təşkil edir. Cabbarlının yaradıcılığına həsr edilmiş məruzədən sonra yazıçılardan Sanılı, Mikayıl Müşfiq, Qantəmir, Yusif Şirvan, Çəmənzəminli, Cəfər Xəndan, Kraşi, Hüseyn Natiq, Kraborski və Samvel çıxışda bulunacaqlardı.
Hüseyn Natiqin stixiyası bu idi. Ədəbi məclislər, kitab müzakirələri, şeir gecələri, mikrofon qarşısında qiraətlər, masa arxasında gecələr boyu ürəyə yatan misra axtarışları.
Vaxtsa onu qısnayırdı, açıq-aşkar ölümlə hədələyirdi. Haqqında “Bakinskiy raboçiy”dəki o məqalə çıxan yayda artıq Cavid də, Cavad da, Müşfiq də, Yusif Vəzir də və Hüseynovun neçə başqa qələm qardaşı da NKVD zindanlarında idi, onusa elə tutulmuşlara vurulan damğa ilə ləkələyirdilər.
1938-ci il sentyabrın 30-udur, dünənki yol yoldaşı, bugünsə artıq xatirə olan Müslüm Maqomayevin adını daşıyan Filarmoniyada Stalinə həsr edilmiş əsərlərdən ibarət konsert gedir, proqramda Hüseyn Natiqin də adı var, bu axşam onun sözlərinə Niyazinin bəstələdiyi “Birinci deputat”ı xor və simfonik orkestr ifa edəcək.
Ancaq adın “qara siyahı”larda yer alırsa, belə ithaflarla sığortalanmaq mümkün deyil. Ya başqa cür də ifadə etmək olar: ziyalıya qarşı səlib yürüşünə başlanılırdısa, onun lap ən sadiq leninçi, ən ardıcıl stalinçi olması da mühüm deyildi, getməsi qət edilibsə, daha aman olmayacaq.
Hüseyn Natiqin başı üzərində 1930-cu illərin ikinci yarısından etibarən sıxlaşmağa başlayan qara buludlar həm də o təlatümlü dövrdə radioda işləməyin nə qədər çətin, riskli, bəzən lap yox yerdən taleyi tar-mar edəcək aqibətlə üzləşdirəcək gözlənilməzliklərlə dolu olmasının nişanəsidir.
Hüseyn Natiq gənc idi, radionu sevirdi, əlbəttə ki, ayıq bir cavan kimi ətrafda baş verənləri görüb içərisindən də keçirirdi, söz yox, bəlaların onu da haqlaya biləcəyini istisna etmirdi. Ancaq gündəliklərindəki etiraflarından bu da duyulur ki, Hüseyn Natiq radiodakı meydanı, belə münasib özünütəsdiq və sözünüdemə girəvəsini mümkün təhlükələrin hamısından daha münasib sayırmış.
Yolu odla su arasından keçirdi. Gənc idi, ümidli idi, hər şeyin yaxşı olacağına inamı onu hər halda labüd qorxulardan üstün edirdi. Hər gün mikrofon qarşısında idi, Bakı, Azərbaycan onun səsi və sözü ilə danışırdı, Hüseyn Natiq bununla da bəxtiyar idi.
18 iyul 2025


