Icma.az
close
up
RU
Osmanlı sultanını dərgahına qəbul etməyən, İstanbulun mənəvi fatehi olan Şeyx Vəfa KİMDİR?

Osmanlı sultanını dərgahına qəbul etməyən, İstanbulun mənəvi fatehi olan Şeyx Vəfa KİMDİR?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İstanbulda hər döngənin, hər divarın, hər daşın altında bir tarix yatır və bu tarixin içində də mənəviyyatın nəbzi döyünür. İstanbulun qədim yerlərindən biri olan Vəfa məhəlləsi də yalnız coğrafi deyil, həm də mənəvi bir məkandır. Bura böyük bir alimin, müdrikin adı ilə əbədi bağlıdır - Şeyx Vəfa. Əsl adı Muslihuddin Mustafa olan Şeyx zeyniyyə təriqətinin vəfaiyyə qolunun qurucusu, dərin bir mütəsəvvüf, alim və şair idi.

Oxu.Az İstanbulun Vəfa məhəlləsindən reportajını təqdim edir:

İstanbulun fatehi deyəndə ağıla ilk olaraq Fateh Sultan Mehmet gəlsə də, şəhərin həm də görünməyən, könüllə, dua ilə fəth olunmuş tərəfi də var. Çünki sultanlar bu torpaqları qılıncla fəth etdilər, amma qəlbləri fəth edənlər dua ilə, təvəkküllə, mərhəmətlə bu şəhərin mənəvi sütunlarını tikdilər. Onlardan biri də Şeyx Əbül Vəfa idi. Onun adı həm də ruhani xüsusiyyətini ifadə edir. "Vəfa" adını ona mürşidi Şeyx Abdullətif Qudsi vermişdi - əhdə vəfalı olduğuna, sədaqətinə görə. Bu baxımdan, sonralar Əbül Vəfa (Vəfanın atası) adı ilə də məşhurlaşmağa başladı.

Vəfa məhəlləsində gəzəndə, Şeyx Vəfanın türbəsini, məscidini ziyarət edəndə sanki keçmişə səyahət edib mənəvi aləmlərə dalırsan. Buraya ilk dəfə qədəm qoyandan bunu hiss etməyə başlayırsan. Məhəllənin səs-küylü küçələrindən dönüb türbəyə çatanda bir səssizlik qarşılayır məni. Əvvəlcə daş divarlar, sonra yaşıl məzar örtüyü və nəhayət, sükut. Türbənin içində dua edənlərin göz yaşları, pıçıltı ilə ah-nalə çəkmələri məni də biixtiyar onlara qoşulmağa vadar edir. Hətta türbənin ətrafındakı ağacların belə fərqli qoxusu var, sanki onları da dua və göz yaşları ilə sulayıb, yetişdiriblər.

Şeyx Əbül Vəfa yalnız bir mürşid deyildi, o həm də dövrünün vicdan səsi idi. Qəlbində kinə yer yox idi. Onun dərgahında nə ad, nə var-dövlət, nə də məqam soruşulurdu. Yalnız niyyətə və qəlbin səsinə qulaq verilirdi. Onun dərgahında ilk sual belə olurmuş: "Üzərində qul haqqı varmı?" Bu suala "bəli" deyənə digər sual verilməzmiş. Çünki bilirmişlər ki, qəlb qıran, qul haqqına girən insanın namaz qılsa da, oruc tutsa da, nə etsə də, ibadəti natamamdır.

Yaxud əksinə, bir könül sevindirən etdiyi ibadətlə Allaha daha yaxın olar. Çünki qəlblər Allahın nəzər saldığı yerdir. Ona görə də Allahın evini "incidib", sonra Onun hüzuruna getməyi ədəb-ərkana zidd hesab edirmişlər.

Maraqlıdır ki, dolayısı ilə elə indi də onun hüzuruna gələnlərə bu sual verilir. Qapının girişində yazılan "Ədəblə gələn lütflə gedər" ifadəsi, əslində, Şeyx Vəfanın hələ də onu ziyarətə gələnlərə "Üzərində qul haqqı varmı?" sualını başqa bir formada verməsidir. Varsa, buradan lütflə gedə bilməzsən. Yəni Şeyx Vəfa vəfatından altı əsr keçsə də, hələ ibrət olmağa davam edir və insanları İNSAN olmağa səsləyir.

Şeyx Əbül Vəfa İstanbulun fəthindən sonra dövlət idarəçilərinin təkidi ilə oraya köçüb. Məqsəd bu idi ki, qılıncla fəth olunan şəhəri könüllə də fəth etmək lazım idi. Çünki fəthdən sonra yerli xristian əhali və müəyyən qruplar hakimiyyətin formalaşmasına mane olur, türk, müsəlman əhalinin şəhərə gəlməsinə və qalmasına əngəl olurdular. Lakin Şeyx Vəfa gəldi, nə gəldi?! Qəlbində heç kimə qarşı nifrət olmaması, dinindən, irqindən asılı olmayaraq hər kəsə Allahın bəndəsi olduğu üçün yanaşması, dərgahının zəngin-kasıb, alim-cahil fərqi qoyulmadan hər kəsə açıq olması çox keçmədən İstanbulu hər kəsin çiyin-çiyinə yaşadığı şəhərə çevirdi. Bunun fatehi isə Vəfa Sultan idi.

Rəvayətə görə, bütün bunların qarşılığında Sultan Mehmet Fateh dünya qayğılarından uzaqlaşmaq, ruhunu və qəlbini təskin etmək üçün Şeyx Vəfanın dərgahına gedir. Onunla görüşmək, əlini öpmək, duasını almaq, hətta müridi olaraq dünya işlərindən əl çəkmək arzusunda olur. Amma Şeyx Əbül Vəfa Sultan Mehmetin gəldiyini eşitsə də, onu qəbul etmir. Müridlərinin heyrətli baxışları altında sultanla görüşməkdən imtina edir. Sultan çarəsiz və təəccüb içində saraya geri qayıdır.

Bir neçə gündən sonra isə Şeyx Əbül Vəfa müridləri ilə sultanın görüşünə gedir. Padşah dərhal onu qəbul edir. Şeyx Əbül Vəfa danışmağa başlayır:

"Sultanım, siz peyğəmbərin fəth müjdəsinə nail oldunuz. Dövlətin böyük işləri sizi gözləyir. Allah sizi uğurlu etsin. Əgər sizi qəbul etsəydim, o zaman siz o ruh halında mənim müridim olmaq istəyəcəkdiniz və biz də "yox" deyə bilməyəcəkdik. Siz də dövlət adamı kimi bütün işləri yarımçıq qoyacaqdınız. Lakin hər işin öz sahibi var və sizin işiniz dövlətə və vətəndaşına xidmət etməkdir".

Bu hekayə özlüyündə böyük bir ibrətdir. O, mənəvi fəthlərin, kəlamların gücünü bir daha göstərir. İstanbulun fiziki fəthi kimi, onun ruhunun da fəthi var. Şeyx Əbül Vəfa o ruhun nəbzidir. Həqiqətən də, bir dövlətin inkişafı yalnız iqtisadiyyat, hərbi güc və siyasi idarəçiliklə deyil, həm də dərin mənəvi təməllərlə möhkəmlənir.

Şeyx Vəfanın türbəsinin divarlarına toxunanda elə bilirsən ki, yüz illərin duaları əllərinə hopub barmaqlarından qəlbinə sirayət edir. Vəfa məscidinin həyətində dayananda isə keçmişlə bu gün arasında bir körpü görürsən. Daşların səssizliyi, ağacların sanki səninlə danışması, zikr edənlərin pıçıltısı - hər biri Şeyx Vəfanın varlığını hiss etdirir. Çünki o, bir zamanlar burada dua edib qəlbləri nurlandırmışdı. Və hər bir addımda eşidirsən:

"Burada əbədi sevgi var, burada könüllər birləşir".

Nəhayət, məbəd divarları arasından axan nur insanı ağuşuna alır və içində həm hüzn, həm ümid, həm də vəfa dolu bir dinclik meydana gəlir.

"Bəzən özünü hər şeydən üstün görürsən, amma bir çiçəyin yarpağında, bir quşun qanadında acizliyinə sarılırsan. Vəfa ilə başlayan yolun sonunda vidalaşmaq nə qədər çətindir. Xüsusilə də vidalaşdığın şəxsən özünsənsə".

Şeyx Vəfa Bursadan İstanbula yola düşəndə belə demişdi. İndi də mən onun dərgahından bu sözlərlə ayrılıb, geri dönürəm, həm də ondan öyrəndiyim vəfa ilə. Axı vəfa insanın ən önəmli xarakteridir - vətənə vəfa, ailəyə vəfa, dosta vəfa, yoldaşa vəfa, eşqə vəfa, ən əsası isə - əhdə vəfa.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Avqust 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri