Ötən il Qarabağ Universiteti və Xankəndi şəhərinə ayrılan maliyyə vəsaiti açıqlanıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 27 may, AZƏRTAC
Ötən il Qarabağ Universitetinin təşkilati fəaliyyətlərinin həyata keçirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan 10 milyon manat maliyyə dəstəyi ayrılıb. Bununla yanaşı, Xankəndi şəhərində aparılan abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsi üçün əlavə 8 milyon manat vəsait sərf olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da öz əksini tapıb.
Hesabatda Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlərin təyinatı ilə bağlı məlumatlar yer alıb. Sənəddə bildirilir ki, ümumilikdə 2024-cü ildə Prezidentin ehtiyat fondundan istifadə olunan vəsaitin məbləği 244,8 milyon manat təşkil edib. Bu vəsait müxtəlif sahələr üzrə zəruri layihələrin maliyyələşdirilməsinə yönəldilib.


