“Ötən mövsüm səhvimiz məhz bunda oldu”
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Karyerasında “Qızıl top” qarışıq, demək olar, hər şeyi qazanmış Luka Modriçin “Milan”dakı ilk mövsümü fərdi planda pis keçməsə də, komanda “Çempionlar Liqası zonası”ndan kənar qalmaqla hətta qarşıya qoyulan minimum hədəfə də çata bilmədi.
40 yaşlı xorvatiyalı superulduzun “rossonyerlər”dən ayrılması gündəmdə olsa da o, komanda ilə yeni - birillik müqavilə imzaladı. Modriç avqustun 5-də tətilini tamamlayaraq “Milan”la yeni mövsümün ilk məşqinə çıxdı. “Qazetto dello Sport” ilk məşqin ardından ondan müsahibə götürdü.
- Franko Barezinin ölüm xəbərini eşidəndə nələr hiss etdiz?
- Mənim üçün Barezi “Milan” tarixinin önəmli bir parçasıdı. O, bu klubun əsas rəmzlərindən biri, bəlkə də birincisi idi. Çox təvazökar və hər kəsə nümunə ola biləcək insan idi. Bu, həm “Milan”, həm də bütün futbolsevərlər üçün ciddi itkidi. Barezi ilə bir neçə il öncə ayaqüstü söhbət etmişdim. Həmin vaxt Los-Ancelesdə “Real”la “Milan”la qarşılaşmışdıq. Onunla şəxsi tanışlığım olmasa da, bilirəm ki, bu klubu sevən hər kəsin ona sevgisi var idi. Onunla fərqli mövqelərdə oynasaq da, hər dəfə Bareziyə baxanda “futbolu məhz belə oynamaq lazımdı”, - deyə düşünürdüm.
- Belə çıxır ki, “Milan”ı sevməyinizdə onun da əməyi olub?
- Uşaqlıqdan bu klubu sevdiyimi heç vaxt gizlətməmişəm. Düzdü, bu sevgi ilk növbədə Zvonimir Bobana görə yaranmışdı. Ancaq təbii ki, Franko və digər böyük çempionları da məmnuniyyətlə izləyirdim. O əsl kapitan idi və sözsüz, bütün fanatların qəlbinə yol tapmışdı.
- Çoxlarının fikrincə, sizin onunla bənzər cəhətləriniz var. Çünki siz də onun kimi az danışırsız. Amma bəzən bircə baxışınız yetərli olur...
- Bəli, Barezi ilk növbədə örnək bir lider idi. Az danışırdı və çox təvazökar idi. Mənim üçün onu ən yaxşı şəkildə xarakterizə edən hadisə meniskində keçirdiyi əməliyyatdan sonra Braziliyaya qarşı DÇ-nin final matçına görə sıraya dönməsi oldu. Belə qısa müddətdə geri dönmək mümkün deyildi. Amma o nəinki döndü, hətta cəsarət nümayş etdirərək ilk penaltini vurmaq vəzifəsini də üzərinə götürdü. Mən özüm də bənzər vəziyyətdə olmuşam. Yığmanın heyətində penalti vurmaq heç də asan məsələ deyil. Bu, onun keyfiyyətlərini, xarakterini və necə bir lider olduğunu göstərir.
- Demək olarmı ki, yeni mövsüm üçün “Milan”ın yeni motivasiya mənbəyi peyda oldu. Tiul qazanmaq və onu Bareziyə həsr etmək...
- Bəli, titul qazanıb onu Bareziyə həsr etmək çox gözəl hədəf olardı. Onun bu klub üçün etdiklərini, necə böyük miras qoyub getdiyini nəzərə alsaq, bunu həyata keçirmək çox mühüm hadisə olardı. Təbii ki, bunu həyata keçirmək üçün var gücümüzlə çalışacağıq.
- “Milan”da ikinci mövsümünüzə başlayırsız. Nə dərəcədə sevinclisiz?
- Bura döndüyümə görə şadam. Çünki ötən mövsümdən çox böyük həzz aldım. Təəssüf ki, sonluq bərbad alındı və biz hətta ÇL-ə də vəsiqə qazana bilmədik. Bu, hər birimizə böyük üzüntü yaşatdı. Mənə ikiqat çətin idi. Çünki zədə üzündən mövsümün sonlarında ən vacib məqamda komandaya yardım edə bilmədim. Məhz buna görə geri dönmək və işi davam etdimək istədim. Ümid edirəm ki, bu dəfə mövsüm bizim üçün daha uğurlu alınacaq.
- Belə çıxır ki, yalnız ötən mövsümün sonluğunun uğursuz alınması və o qədər də yaxşı keçməyən mundial sizi karyeranızı davam etdirməyə vadar etdi?
- Xeyr, ilk növbədə bu klubda özümü çox rahat və xoşbəxt hiss etdiyim üçün davam etmək qərarına gəldim. Həm klub, həm də fanatlar mənə böyük sevgi nümayiş etdirdilər. Hər an dəstək hiss edirdim. Məhz bu məqam “Milan”da qalmağımın əsas səbəbidi. Həm də rəhbərliyin etimadını hiss etmək də önəmli idi. Onlar məni yenə bu komandada görmək istədiklərini nümayiş etdirdilər. Futbol sevgim və ehtirasım ilk gündəki kimidi. Yenə futboldan zövq almağa davam etmək istəyirəm. Bura mənim üçün ən ideal yerdi. Ümid edirəm ki, “Milan” üçün ən azı ötən mövsümdəki qədər faydalı olacam və komanda şəklində daha yaxşı mövsüm keçirəcəyik. Daga doğrusu, mövsümün sonluğunu inamlı keçirəcəyik. Bunun yeganə yolu öz səhvlərindən nəticə çıxarmaqdı. Ötən mövsüm “Latsio”ya məğlubiyyətə qədər çempionluq uğrunda yarışırdıq. Amma çempion ola bilməyəcəyimi anlayandan sonra bir qədər rahatlaşdıq. Çünki istənilən halda ÇL-ə vəsiqə qazanacağımızı düşünürdük. Səhvimiz də məhz bunda oldu!
- Daha bir mövsüm qalacağınızla bağlı yekun qərarı nə vaxt qəbul etdiz?
- Əslində mən həmişə beynimdə daha bir il qala biləcəyimi istisna etmirdim. Hələ dekabrda müqaviləni yeniləmək imkanım var idi. Amma bunu etmədim. Çünki orqanizmimi dinləmək istədim. Özümü necə hiss etdiyimi, əvvəlki idman hirsimin qalıb-qalmadığını görmək istəyirdim. Bu, çox vacib məqam idi. Sonda bütün sualların cavabları gözləntilərimlə üst-üstə düşdü. Əmin oldum ki, hələ də gözlərim yanır və titullar uğrunda mübarizə aparmaq istəyirəm. Rəhbərliyin də qalmağımda maraqlı olduğunu görəndən sonra heç bir şübhəm qalmadı. İndiyə qədər “Milan”dan özümə qarşı yalnız inam və sevgi hiss etmişəm.
- Amorimlə bağlı ilk təəssüratınız necədi?
- Yayda bir-iki dəfə zəngləşib söhbətləşmişdik. Təəssüratlarım çox yaxşı və pozitivdi. Ümid edirəm ki, belə də davam edəcək və biz bir-birimizi anlamaqda problem yaşamayacağıq. Yeni məşqçi komandaya yeni ideyalar aşılamağa çalışacaq. Biz də onun tələblərini yerinə yetirməyə səy göstərəcyik. Bu işbirliyinin uğurlu alınacağına çox ümid edirəm.
- Yeri gəlmişkən, “Milan” Qonsalo Ramuşu da transfer edib. Onu tanıyırsızmı?
- Son dönəmlərdə onu diqqətlə təqib edirdim. Əla hücumçudu. Bəlkə də ötən mövsüm bizə məhz belə keyfiyyətlərə malik forvard çatışmırdı. İnanıram ki, əvvəlki klublarında sərgilədiyi performansı və əldə etdiyi göstəriciləri burda da yaxalayacaq. Bu yaxınlarda onunla qarşılaşdıq və acı təcrübə yaşadım. Çünki məhz onun qolu üzündən biz mundialda çıxışımızı dayandırmalı olduq. Bu günlər ərzində gördüklərimə əsasən deyə bilərəm ki, Ramuş həm də əla oğlandı. İnanıram ki, “Milan”a uğur gətirəcək.
- Həmin qolu onun yadına saldız?
- (gülür) Xeyr. Onsuz da düşündüklərimi həmin oyundan sonra ona demişdim. Yenidən bu mövzuya qayıtmaq istəmirəm. Çünki həmin oyunla bağlı xatirələrim o qədər də xoş deyil.
- Yeni yaradılan “Milan”ı bəyənirsiz?
- Klubun etdiklərini bəyənirəm. Faktiki ötən mövsümdəki bütün önəmli oyunçular heyətdə qalıb. Üstəlik vacib rol oynamağa qadir olan yeni futbolçular gəlib. Ramuş, Xila və Diavara, sözsüz, “Milan”a həm səviyyə, həm də xarakter qatacaq. Bu da bizi hədəflərimizə bir qədər də yaxınlaşdıracaq.
- Rafael Leao hələ də ayrılmayıb. Onun komandada qalmasına şadsız? Gələcək baxımından ona nə məsləhət verərdiz?
- Xeyr, ona heç bir məsləhət vermək istəmirəm. Rafa özü üçün nəyin yaxşı, nəyin pis olduğunu anlayacaq qədər təcrübəlidi. Zatən bu klubda hər kəsin onu nə qədər çox sevdiyini bilir. Mükəmməl futbolçudu və bizimlə qalmasına yalnız sevinə bilərəm. Bəlkə də ötən mövsüm onun üçün gözlənilən qədər uğurlu keçmədi. Gah zədələnirdi, gah da başqa bir şey ortaya çıxırdı. Ancaq onun ustalıq səviyyəsinə söz ola bilməz. Onun qalması “Milan” üçün əla xəbər olardı. Çünki Leao yaxşı formada olduqda dünyanın ən güclü futbolçularından birinə çevrilir. Ümid edirəm ki, üzərində yaxşı çalışaraq ən güclü formasını bərpa edəcək. Leao top-futbolçudu və mənim nə düşünməyimdən asılı olmayaraq, rəhbərliklə öz gələcəyini müzakirə edəcək.
- Karyeranız ərzində 6 ÇL daxil olmaqla olmaqla 34 titul qazanmısız. Futbolda realladırmadığınız hansısa arzunuz qalıbmı?
- Mən bura ilk dəfə gələndə dedim ki, “Milan”la hər şey qazanmaq istəyirəm. Bu, indiyə qədər də arzumdu. Bu forma ilə başımın üzərinə kubok qaldırmaq istəyirəm - fərqi yoxdu, istər skudetto olsun, istərsə də başqa bir titul. Arzum dəyişməyib. Bura əylənmək və ya gözdən pərdə asmaq üçün yox, məhz buna görə gəlmişəm. Öz yolumu davam etdirirəm. Qarşımda da konkret hədəf və arzumu görürəm.
ƏLİ RAUFOĞLU hazırladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Avqust 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















