Pandemiyadan bizə qalan miras Şahanə Müşfiq yazır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şahanə MÜŞFİQ
Zaman etibarilə pandemiya dövründən nə qədər uzaqlaşsaq da, əslində, bu məsafə böyüdükcə pandemiyanın bizdə, cəmiyyətimizdə, ümumilikdə dünyamızdakı təsirlərinin şahidi oluruq.
COVID-19-u təkcə tibbi hadisə adlandırmaq düzgün olmazdı. O, cəmiyyətin psixoloji kodlarını yenidən yazdı, insanların bir-birinə baxışını, yaxınlığın məntiqini, təkliyin anlamını tamamilə dəyişdirdi. Dünyanın ritmi ləngidi, sanki bəşəriyyət bir müddətlik nəfəs dərdi, hər kəs öz daxili boşluğuna çəkildi. Həmin boşluqdan çıxan insanlar isə artıq əvvəlki insanlar olmadılar. Post-pandemiya dövrünün psixologiyası məhz bu dəyişimin izahıdır.
lll
Pandemiya dövründə evimiz həm sığınacağımıza, həm də məhbus olduğumuz bir zindana çevrildi. İnsanlar özlərini o doğma divarların arasında həm təhlükəsiz, həm də sıxılmış hiss edirdilər. Psixoloqlar iddia edirlər ki, bu ikili duyğunun nəticəsi kimi psixoloji mənzərə yeniləndi: introversiya sosial norma halına gəldi. İndi bəziləri üçün evdə olmaq artıq qorunmaq deyil, rahatlıqdır. Hətta pandemiyadan sonra çoxları üçün sosial həyat əvvəlki kimi cazibəli görünmür, görüşlər yorucu, sıxlığa məruz qoyan, hətta bəzən təhlükəli təcrübə təsiri bağışlayır.
İçə qapanma, əslində, bir seçim kimi görünür, amma pandemiyadan sonra bu seçim çox vaxt özünü müdafiə mexanizminin nəticəsi oldu. İnsanlar yorulub. Hətta sosiallaşmaq belə, böyük enerji tələb edir. Əvvəllər təbii olan ünsiyyət indi planlaşdırılan, düşünülən, ölçülən bir prosesə çevrilib. Bu isə təkcə fərdi təkliyin artması deyil, cəmiyyətin emosional ritmində də səngimə yaradır.
Artıq çoxları üçün tək qalmaq əzab deyil, hətta müəyyən mənada təhlükəsizlik hissidir. Çünki pandemiya bizə öyrətdi ki, dünya bir anda dəyişir, sabitlik illüziyadır və insan ən çox özünə güvənə bilər. Məhz buna görə post-pandemiya insanı öz daxilində daha böyük, bəzən dar, bəzən boğucu, amma tanış və idarəolunan bir dünya qurur.
Pandemiyadan əvvəl sosial uzaqlaşma daha çox şəxsi seçim kimi dəyərləndirilirdi: kimisi tək qalmağı sevirdi, kimisi qrup şəklində yaşamağa üstünlük verirdi. İndi isə bu, ümumi davranış normasına çevrilib. İnsanlar artıq əvvəlki tempdə ünsiyyət qurmaq istəmir, böyük toplum içində özünü narahat hiss edir, yaxın fiziki məsafə belə bəzilərinə gərginlik yaşadır.
Bu sosial uzaqlaşmanın bir neçə səviyyəsi var:
Emosional uzaqlaşma
Pandemiyanın yaratdığı psixoloji yorğunluq insanlarda empati "tükənməsi"nə səbəb olub. Hər kəs öz dərdi ilə o qədər baş-başa qaldı ki, başqasının ağrısını eşitmək çətinləşdi. İnsanlar daha az dinləyir, daha az anlayır, daha az yaxınlaşır, daha az ünsiyyətə can atır. Emosional sərhədlər qalınlaşıb.
Fiziki uzaqlaşma
Kütləvi tədbirlər, sosial görüşlər, hətta adi salamlaşmalar belə yeni format aldı. Əllə görüşməkdən çəkinənlər, öpüşüb-sarılmaq istəməyənlər çoxaldı. Bu fiziki sərhəd, əslində, təhlükənin hələ də haradasa olduğu duyğusunu yaşadır.
Rəqəmsal yaxınlıq, real uzaqlıq
Pandemiya dövründə bütün münasibətlər onlayn formatda yaşandı. Bu, bir tərəfdən asanlıq gətirdi, işləri yüngülləşdirdi, amma digər tərəfdən real münasibətlərin emosional dərinliyini azaltdı. İnsanlar ekrana elə alışdı ki, göründüyü qədəri ilə bu alışqanlıq uzun müddət dəyişməyəcək. Post-pandemiya nəsli üçün mesaj yazmaq danışmaqdan daha rahat, daha təhlükəsizdir.
lll
Pandemiya insan beynində yeni bir "qorxu yaddaşı" formalaşdırdı. Bu, travma yaddaşı ilə eyni mexanizmlə işləyir: təhlükə keçmiş ola bilər, amma beynin siqnalları hələ də aktivdir. Buna görə insan izdihamdan çəkinir, xəstəlik xəbərləri daha çox stress yaradır, qəfil dəyişikliklərə qarşı dözümsüzlük artır, plan qurmaq çətinləşir, gələcək duyğusu qeyri-müəyyən qalır.
Bu qorxu yaddaşı cəmiyyətin davranışına da sirayət edir. İnsanlar daha az riskə girir, daha az yenilik istəyir, daha az sosial təşəbbüsdə iştirak edir. Pandemiya zamanı azalan psixoloji ehtiyatlar hələ də bərpa olunmayıb.
Şübhəsiz, pandemiyadan bütün insanlar, bütün yaş qrupları təsirləndi, amma bu bəşəri hadisə ən çox uşaqların və gənclərin sosiallaşma prosesinə təsir etdi. Uşaqlar uzun müddət ünsiyyətsiz qaldı, oyun zamanlarının, məktəb ritminin pozulması onların psixososial inkişafında boşluqlar yaratdı. Gənclər isə özünütanıma və identifikasiya dövrünü ev divarları arasında keçirməyə məcbur oldular. Nəticədə, sosial bacarıqlar zəiflədi, özünə inam daha aşağı düşdü, kollektiv fəaliyyətlər narahatlıq doğurmağa başladı. İndi gənclər daha tez tükənir, onların emosional reaksiyası həssaslaşıb.
Bu o nəsildir ki, indi cəmiyyətin aktiv hissəsinə çevrilib. Deməli, pandemiyanın onlarda yaratdığı psixoloji çöküntülər hələ uzun müddət sosial strukturlara təsir edəcək.
Post-pandemiya dövründə insanlar daha seçici olmağa başladılar. Artıq hər kəs hər kəslə görüşmək istəmir. Sosial dairələr kiçilib, dostluq meyarları dəyişib, münasibətlər daha dərin və daha az saydadır. İnsanlar başa düşdü ki, enerji məhduddur və onu hər kəsə sərf etmək həm mümkün deyil, həm də məsləhət deyil.
Bu seçicilik bəzən sağlam sərhəddir, bəzən isə bizdən asılı olmadan, sosial çəkinmə formasıdır. Çünki pandemiya öyrətdi ki, yaxınlıq riskdir. Bu risk hissi isə yaxınlığı yenidən düşünməyə məcbur edir.
Pandemiyadan sonra dünya daha çox rəqəmsallaşdı, daha çox bir-birinə bağlandı. Lakin paradoks ondadır ki, bu bağlılıq fiziki və emosional tənhalığı daha da artırdı. İnsanlar ekrandan bir-birinə yaxınlaşdıqca, real həyatda bir-birindən kilometrlərcə uzaqlaşdılar.
Bu paradoks cəmiyyət psixologiyasında ciddi bir çat yaratdı. Bəli, insan birlik istəyir, amma qorxur; danışmaq istəyir, amma yorulur; görüşmək istəyir, amma çəkinir; sevilmək istəyir, amma sərhədlərini də əldən vermir.
Hər birimizin daxilində bu və ya digər dərəcədə yaranan bu ziddiyyət post-pandemiya dövrünün əsas psixoloji mənzərəsini təşkil edir.
Sosial qapanma dövründə hamı tək idi, amma həmin təkliyin içində kollektiv bir duyğu vardı ki, bu duyğunun adı sükut idi. Sanki min illər boyunca öz axarı ilə axıb gedən həyat bütün dünyada eyni anda dayanmışdı. Bu kollektiv tənhalıq nəticəsinə insanlar təkliyin adiliyinə alışdılar. Gördülər ki, təklik heç də dramatikləşdirəcək qədər böyük faciə, insanın başına gələcək ən böyük fəlakət deyil. Təklik də digər duyğular kimi həyatın bir hissəsidir. Buna görə də hazırkı dövrümüzdə post-pandemiya insanı, daha çox düşünür, daha az danışır, daha çox müşahidə edir, daha az paylaşır.
lll
Pandemiyadan sonrakı dövrdə tükənmə sindromu kütləvi hal aldı. İnsanlar əvvəlki enerji ilə işə qayıda bilmədilər. Hər şey eyni görünsə də, insanın psixologiyası əvvəlki deyildi. İş yerlərində adaptasiya problemləri, motivasiya çatışmazlığı, diqqət dağınıqlığı, emosional stabillikdə dəyişikliklər hiss olunmağa başladı.
"Hamı yorulub" cümləsi artıq ümumi sosioloji reallıqdır. Bu yorğunluğun kökü pandemiyanın yaratdığı psixoloji yükdür və etiraf etmək lazımdır ki, onun təsiri illərlə davam edəcək.
İnsanların kütləvi təlaşından, qorxusundan, itki hissindən, qeyri-müəyyənlik duyğusundan qalan izlər hələ də silinməyib. Hələ də dünyanın böyük bir hissəsi emosional reabilitasiya dövründədir və bu proses təbii şəkildə, öz axarı ilə gedir.
Bu reabilitasiya dövrünü şərti olaraq aşağıdakı mərhələlərlə şərh edə bilərik:
Qəbullanma - hamı başa düşür ki, əvvəlki psixoloji hal geri qayıtmayacaq.
Adaptasiya - insanlar yeni sosial ritmə uyğunlaşmağa çalışır.
Dəyərləndirmə - münasibətlər, prioritetlər, məqsədlər yenidən gözdən keçirilir.
Bərpa - emosional enerji yavaş-yavaş toplanır.
Əlbəttə, bu, çox uzun və bəzən ağrılı prosesdir. Amma bu dövrdən keçmək də mütləqdir, qaçılmazdır.
lll
Post-pandemiya cəmiyyəti artıq fərqlidir və bu fərqlilik tədricən yeni normalara çevrilir. Bu yeni dövrdə tək qalmaq ayıb deyil, ehtiyacdır. Sosial uzaqlıq qəribəlik deyil, sərhədin formasıdır. Psixoloji həssaslıq "zəiflik" deyil, reallığın nəticəsidir. İnsanların bir-birinə ehtiyatla yaxınlaşması yaşanmışların izləridir. Həyat tempinin yavaşlaması zərurətdir.
Bütün bunlar təkcə pandemiyanın yox, insanlığın inkişaf mərhələsinin bir hissəsidir. Biz indi yeni nəsil insan psixologiyasının formalaşmasına şahidlik edirik.
Post-pandemiya dövrü təkcə sağlamlığın yox, psixologiyanın da imtahanı oldu. İnsanlar içə qapanma, sosial uzaqlaşma, emosional yorğunluq, tükənmə sindromu kimi yeni hallarla üzləşdilər. Bütün bunların bir gündə yox olmasını gözləmək sadəlövhlük olardı, əlbəttə. Çünki pandemiya insanın özünə baxışını dəyişdirdi. İnsan anladı ki, dünya böyükdür, təhlükələr çoxdur, o isə öz daxili dünyasını genişləndirərək yaşamaq məcburiyyətindədir.
İki illik sosial qapanma nəticəsində min illik cəmiyyət dəyişdi, davranışlar yeniləndi, münasibətlər fərqli biçim aldı. Bütün bunlar insanlığın yeni mərhələsidir. Bu mərhələdə daha ehtiyatlı, daha düşüncəli olmaq ən vacib şərt, hətta həyat kredosudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















