Aristokrat akademikin acı aqibəti Birinci Türkoloji Qurultay nümayəndələrinin izi ilə
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qarşımda bir foto-şəkil var. Düz yüz il əvvəl, 1925-ci ildə, o zaman yenicə Leninqrad kimi tanınmağa başlayan keçmiş Sankt-Peterburqda çəkilib. Üç görkəmli ziyalı, üç tanınmış elm və mədəniyyət xadimi xanımları ilə birlikdə poz verirlər. Heç birinin üzündə qorxu, təlaş, həyəcan nişanəsi yoxdur. Çətinliklər hələ çox olsa da, bolşevik rejiminin bəlkə də ən idillik çağıdır. Vətəndaş müharibəsi, hərbi kommunizm, ərzaq sapalağı arxada qalıb. "Böyük terrora" isə hələ azı on il var. Ölkə yeni iqtisadi siyasət dövrünə qədəm qoyub. Sovet İttifaqının qürub çağında meydana çıxan "Beryozkaların" sələfi Torqsin bütün böyük şəhərlərdə fəaliyyət göstərir. Bahalı restoranlar qapılarını yenidən imkanlı müştərilərin üzünə açıb. Hətta mənfur kapitalist ölkələrinə getmək də nisbətən asanlaşıb. Bir sözlə, pulun var, yaşa...
Şəkildə təsvir olunanlar da qətiyyən proletar deyillər. Zəngin sayılmasalar da, normal yaşayışlarını təmin etmək imkanları var. Elmi-mədəni, hətta müəyyən mənada siyasi mühitin tanınan və hələlik hörmətlə yanaşılan nümayəndələridir.
Ən solda oturan Ukrayna əsilli rus türkoloqu, Leninqrad Şərqşünaslıq İnstitutunun rektoru, professor, SSRİ EA-nın müxbir üzvü (1929-cu ildə həqiqi üzv seçiləcəkdi), Ukrayna getmanlarının nəslindən olan Aleksandr Nikolayeviç Samoyloviçlə (1880-1938) xanımı Raisa Qriqopyevna Samoyloviçdir. Yəqin ki, ağsaqqal kimi iki nisbətən cavan dostunun arasında qərar tutan köklü-köməcli Qarabağ əsilzadəsi, yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevlə (1870-1933) xanımı, polyak əsilli pianoçu Yevgeniya Osipovna Haçverdiyevadır. Sağda Bəkir Vahaboviç Çobanzadə (1893-1938) və xanımı Dilarə Əli qızı Bulqakova əyləşiblər. Soyadından da göründüyü kimi, Bəkir Çobanzadəni aristokratlar sırasına daxil etmək çətindir. O, həqiqətən də çoban ailəsində doğulmuşdu. Ağlı, istedadı, zəhməti sayəsində elmi iyerarxiyanın zirvəsinə yüksələ bilmişdi. Amma Dilarə Bulqakovanın atası Əli İsmayıl Bulqakov (1849-1910) Krımın bir neçə əsrlik tarixə malik zadəgan (murza) ailəsindən çıxmışdı, maarifçi və xeyriyyəçi kimi tanınırdı. Yaltadakı evi indi də memarlıq abidəsi kimi qorunub saxlanır. A.P.Çexovla məktublaşmış, İsmayıl Qaspıralının yaxın silahdaşı olmuşdu.
Şəkillər müxtəlif olur. Bəzən biri-birini tanımayan, amma yan-yana dayanıb söhbətləşən adamların gözlənilməz rakursdan çəkilmiş foto-şəkillərinə də təsadüf edilir. Mobil qurğular sayəsində bizim günlərdə hamı fotoqrafdır, hamı çəkir. Ötən əsrin 60-70-ci illərinə qədər foto, xüsusən də kollektiv foto isə ayrıca ritual idi. Adamlar bu məqsədlə xüsusi hazırlaşıb foto-studiyalara gedirdilər. Ona görə də 100 il əvvəlki dövrün fotoları bir qayda olaraq rəsmi-təntənəli xarakter daşıyır, birlikdə şəkil çəkdirən adamların arasındakı bağlılığın dəlil-sübutu, hətta gələcəyə mesaj kimi ortaya çıxırdı. Çünki adətən biri-birini yaxşı tanıyan, səmimi münasibəti olan şəxslər həyatlarının bir anını bir yerdə əbədiləşdirməyə qərar verirdilər.
Rusiya paytaxtında keçirdiyi yeddi illik tələbəlik həyatından sonra özünü tam əsasla köhnə peterburqlu saya bilən Əbdürrəhim bəylə Aleksandr Samoyloviç ilk dəfə Bakıda tanış olmuşdular. Rusiyalı alimin ATTC-nə qısa sədrliyi dövründə Əbdürrəhim bəy onun müavin idi. O qədər də uzun sürməyən birgə fəaliyyətləri dövründə tam anlaşma şəraitində çalışmışdılar. 1924-1925-ci illərdə isə Ə.Haqverdiyev artıq elmi qurumun rəhbəri səlahiyyətini daşıyırdı.
Budapeştdə əsaslı Avropa şərqşünaslıq məktəbi keçmiş gənc Bəkir Çobanzadə ilə peterburqlu həmkarının tanışlığının isə cəmisi bir illik tarixi vardı. Sonra dəfələrlə görüşəcək, eyni şəhərdə həbs olunub eyni saxta ittihamlarla üz-üzə gələcək, elmə həsr etmək istədikləri həyatlarına qüvvə və enerjilərinin aşıb-daşdığı vaxtda həbsxana zirzəmisində, NKVD cəlladlarının gülləsi ilə son qoyulacaqdı...
Bəkir Çobanzadənin, xüsusilə də görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin adı və fəaliyyəti oxuculara nisbətən yaxşı tanış olduğundan bu yazıda görkəmli türkoloq, akademik A.N.Samoyloviç haqqında söz açılacaq. Birinci Türkoloji qurultayın 100-cü ildönümünə hazırlıq getdiyi bir vaxtda bu söhbətin daha çox yerinə düşəcəyini güman edirik. Onun elmi, pedaqoji, ictimai fəaliyyəti haqda geniş ədəbiyyat mövcud olduğu üçün nisbətən az öyrənilmiş mövzuya - Azərbaycan elmi mədəni fikri ilə əlaqələri məsələsinə işıq salmağa çalışacağam.
Nijni-Novqorodda, gimnaziya direktoru ailəsində doğulan gələcək alim atasının məsləhəti ilə Peterburq universitetinin Şərq dilləri fakültəsinin ərəb-fars-türk-tatar bölümündə təhsil almışdı. Müəllimləri dövrünün Şərq dilləri, ədəbiyyatı və mədəniyyəti üzrə ən tanınmış mütəxəssisləri - professorlar P.M.Melioranski, V.D.Smirnov, V.V.Bartold, N.İ.Veselovski, K.Q.Zaleman və b. olmuşdu.
Həyatının 30 ildən çoxunu seçdiyi elm sahəsinə - türkologiyaya həsr etmişdi. Əsl alim kimi daim axtarışda olmuşdu. İri həcmli, monoqrafik əsərlər müəllifi kimi tanınmasa da, sərrast və aktual məqalələri ilə türk xalqlarının dili, tarixi, mədəni irsi, mənşəyi, türk dillərinin tipologiyası və b. məsələlərə dəqiq, hətta konseptual münasibət bildirmişdi. Çarizm və sovet dövründə velikorus şovinizmindən uzaq olmuş, türk xalqlarının səmimi dostu, obyektiv araşdırıcısı kimi tanınmışdı.
lll
N.A.Samoyloviç Azərbaycanla nisbətən intensiv əlaqələrə malik, dəfələrlə ölkəmizdə olan, azərbaycanlı həmkarları ilə sıx əlaqə saxlayan və beynəlmiləl Bakı mühitində yaxşı tanınan alimlərdən idi. Bakıya ilk dəfə 1916-cı ildə gəlmişdi. Türk dillərində qədim əlyazmalar, nadir kitablar və etnolinqvistik material toplamaq məqsədi ilə Petroqrad-Yaroslavl-Kostroma (Tatar Slobodası)-Kazan-Samara-Orenburq-Daşkənd-Krasnovodsk-Tiflis-Vladiqafqaz-Krım marşrutu ilə yola çıxan alimin səyahət marşrutundakı mühüm məntəqələrdən biri də hələlik Azərbaycanın yox, dünyanın neft paytaxtı kimi tanınan Bakı olmuşdu. Maraqlı, hadisə və təmaslarla zəngin səfərin nəticələri "Türk millətinə mənsub Rusiya müsəlmanlarının milli və say tərkibi haqda", "Rusiya türk-müsəlmanlarının ümummilli və tayfa adları haqda", "Rusiya türk-müsəlmanlarının ədəbi dilləri haqda", "Rusiyanın müsəlman vilayətləri", "Gənc buxaralıların ilk gizli cəmiyyəti", "Əbülqazinin "Şəcəreyi-tərakimə" əsərinin mətni" və s. məqalələrində əksini tapmışdı.
İkinci səfər artıq Sovet Azərbaycanına olmuşdu. Alim 1923-cü ilin payızında Bakı universitetində və Ali Pedaqoji İnstitutda mühazirələr oxumaq, eyni zamanda Azərbaycan MİK sədri Səmədağa Ağamalıoğlunun rəhbərliyi ilə bir il əvvəl yaradılan Yeni Əlifba Komitəsinin üzvləri ilə görüşüb fəaliyyətləri ilə yerində tanış olmaq, fikir mübadiləsi aparmaq üçün Bakıya gəlmişdi. Latın qrafikası əsasında hazırlanan, artıq bəzi mətbu orqanlarda istifadə edilən yeni Azərbaycan əlifbası layihəsini nəzərdən Samoyloviç azərbaycanlı həmkarlarının gördüyü işdən məmnunluğunu gizlətməyərək demişdi: "Üzərlərinə düşən vəzifəni böyük fədakarlıq, sevgi və sədaqətlə yerinə yetirən Komitə üzvləri ilə şəxsən tanış olduqdan sonra onların inqilabi cəsurluğunu alqışlamaya bilmirəm".
Akademik Samoyloviç haqqında "Türkoloqiçeskiy sbornik" məcmuəsinin 1974-cü il buraxılışında geniş məqaləsi çap olunan türkoloq F.D.Aşninin yazdığına görə "...yerli alimlər, ictimai xadimlər bu nüfuzlu elm adamının Bakıda olmasından istifadə edib onun köməyi ilə Azərbaycanı tədqiq və öyrənmə cəmiyyəti (Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti - V.Q.) yaratmağı qərara aldılar. Qurum 1923-cü il noyabrın 2-də A.N.Samoyloviçin sədrliyi altında təsis edildi və sonrakı mərhələdə ölkənin təbii sərvətlərinin aşkara çıxarılmasında, elmi qüvvələrin səfərbərliyə alınmasında, gənc respublikanın mədəni-mənəvi sərvətlərinin, eləcə də folklor və canlı dialektlərinin öyrənilməsində mühüm rol oynadı".
ATTC yaradılması təşəbbüsünün Nəriman Nərimanova məxsus olduğu elmi qaynaqlarda əksini tapıb. Təsis tarixinə və sədrliyə gəldikdə isə son dövrlərdə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Asif Rüstəmlinin AMEA arxivindən aşkara çıxardığı yeni və mühüm bir sənəd məsələyə başqa rakursdan yanaşmağa və aydınlıq gətirməyə imkan verir. İclas protokollarından məlum olur ki, ATTC bir həftə fərqlə iki dəfə təsis olunmuş, hər dəfə də quruma yeni sədr seçilmişdi. Belə ki, 1923-cü il oktyabrın 26-da keçirilən ilk təsis yığıncağında iştirakçıların ümumi rəyi ilə partiya publisisti, "Kommunist" qəzetinin baş redaktoru Həbib Cəbiyev (1897-1938) Cəmiyyətin rəhbərliyinə gətirilmişdi. Lakin bir neçə gündən sonra A.N.Samoyloviçin Bakıya gəlişi vəziyyəti dəyişmişdi.
Həmin dövrdə N.Nərimanov artıq Azərbaycanda deyildi. Hakimiyyət S.M.Kirov başda olmaqla rus-erməni-yəhudi siyasi elitasının əlində idi. Ona görə də düşünmək mümkündür ki, ilk gündən bolşevik rejiminə loyal yanaşan Samoyloviç yerli partiya rəhbərliyinin "tövsiyəsi" ilə elmi quruma rəhbərlik baxımından daha münasib namizəd sayılmışdı. Nəticədə hətta kağız üzərində olsa da, artıq bir həftədən bəri mövcud olan ATTC yenidən təsis edilmiş, daha doğrusu, rəhbərliyində kadr dəyişikliyi aparılmışdı. Ola bilsin ki, gənc və təcrübəsiz Həbib Cəbiyevlə müqayisədə rusiyalı professor daha çox fayda gətirə bilərdi. Amma bu fakt milli respublikaların çar Rusiyası dövründə olduğu kimi yenə də ağır, hətta təhqiramiz əsarət altında qalmasının başqa bir dəlil-sübutu idi.
A.N.Samoyloviçin ATTC-nə rəhbərliyi qısa sürmüşdü. Cəmiyyətin iclas protokollarında qurumun rəhbəri kimi adına sonuncu dəfə 1923-cü il dekabrın 14-də təsadüf edilir. Həmin sənəddə Azərbaycan MİK sədri S.Ağamalı oğlu ilə yanaşı, rusiyalı alimdən də artıq "fəxri sədr" kimi söz açılır. Bu da A.N.Samoyloviçin Azərbaycanda elmi-təşkilati missiyasını başa vurduğunu söyləməyə əsas verir. Əslində, "fəxri sədrlik" daha məqbul və münasib variant idi. Çünki həmin dövrdə o, yaranmasında yaxından iştirak etdiyi, elmi-tədqiqat və təhsil müəssisəsinin - Petroqrad Canlı Şərq Dilləri İnstitutunun rektoru və professoru idi. Təbii ki, İnstitutu başsız qoya bilməzdi və yəqin ki, bunu istəmirdi.
Amma Samoyloviçin Azərbaycana səfəri və ATTC-nə qırx günlük rəhbərliyi üç il sonra Bakıda baş tutacaq mühüm elmi-mədəni hadisəyə - Birinci Ümumittifaq Türkoloji Qurultayın çağırılmasına az və ya çox dərəcədə öz təsirini göstərmişdi. 1920-ci illərin əvvəlində yeni əlifba ideyası əslində hələ XIX əsrin ikinci yarısından bu inqilabi təşəbbüsün vətəninə çevrilmiş Azərbaycanla yanaşı, Orta Asiya, hətta Sibir türkləri arasında geniş müzakirə edilirdi. Moskva və Leninqradda da ideyaya maraq göstərirdilər. Təbii ki, fərqli baxış bucağından. Əgər türk xalqlarının ziyalıları (hamısı yox!) soydaşlarının kütləvi şəkildə, tez və asan savadlanmasını istəyirdisə, bolşevik ideoloqları onları "müsəlman keçmişdən" birdəfəlik qoparıb ayırmağa, min illik ədəbi-mədəni irs və tarixi yaddaşdan uzaq salmağa can atırdılar. Eyni zamanda ərəb əlifbasını islama bağlılığın, islam birliyi və panislamizmin təzahürü elan edib siyasi təzyiq və terror alətinə çevirməklə bağlı qəti fikir formalaşmışdı. Hökumətin, yaxud türk ziyalılarının tərəfində dayanmasından asılı olmayaraq N.A.Samoyloviç artıq 1923-cü ildə dil və əlifba məsələlərinin geniş müzakirəsi üçün türkoloji qurultay çağırılmasını zəruri sayırdı. Məsələ ilə bağlı fikirlərini Azərbaycanda olarkən yazıb "Maarif və mədəniyyət" jurnalının 1923-cü il 10-cu sayında dərc etdirdiyi "Türkoloji qurultay lazımdır!" adlı məqaləsində açıq şəkildə bildirmişdi.
Leninqrada qayıdandan sonra isə 1924-cü il martın 14-də Canlı Şərq Dilləri İnstitutunun Elmi Şurasında alimin "Türk dilli respublika və vilayətlərdə maarifin, mədəniyyətin təxirəsalınmaz əməli məsələlərini müzakirə və həll etmək məqsədi ilə türkoloji qurultay çağırılmasının zəruriliyi haqqında" mövzusunda proqram səciyyəli məruzəsi dinlənmişdi. Yeri gəlmişkən, Tiflisdə çıxan "Yeni yol" qəzeti 6 iyun 1924-cü il tarixli sayında həmin məruzənin geniş icmalını Azərbaycan türkcəsində, həm də latın əlifbası ilə dərc edib ictimai fikrin müzakirəsinə vermişdi. Təxminən həmin vaxtda Samoyloviç Petroqradda, Radlov dərnəyinin iclasında latın əlifbasının türk dillərinə tətbiqi problemləri və bu məqsədlə hazırlanmış layihələrlə bağlı başqa bir prinsipial məruzə etmişdi. Məruzədə irəli sürülən tezislər əsasında Bakı, Daşkənd və Yakutsk üçün müvafiq tövsiyələr hazırlanmışdı.
1924-sü ilin sentyabrında professor Samoyloviçin də iştirakı ilə Bakıda Birinci Ölkəşünaslıq qurultayı keçirildi. Qurultay Azərbaycanda latın əlifbasına keçidin təmin olunması ilə bağlı SSRİ hökuməti qarşısında məsələ qaldırdı. Həm də söhbət tək Azərbaycan deyil, ərəb qrafikasından istifadə edən digər türk-müsəlman xalqlardan da gedirdi. Analoji təklif SSRİ EA və Ümumittifaq Şərqşünaslar Assosiasiyası tərəfindən də irəli sürülmüşdü. Təklifləri nəzərə alan SSRİ Xalq Komissarları Soveti 1925-ci ilin mayın 30-da Birinci Ümumittifaq Türkoloji qurultayın hazırlanması və keçirilməsi üçün Təşkilat Komitəsi yaratdı. S.Ağamalı oğlunun rəhbərlik etdiyi Komitənin tərkibinə akademik V.V.Bartold, C.Korkmasov, H.Cəbiyev, B.Çobanzadə, A.Zifeld-Simumyaqi, N.Aşmarin, N.Törəqulov və b. alim və ictimai xadimlərlə bir sırada professor A.Samoyloviç də daxil idi. O, 1925-ci ilin payızında Bakıda qurultaya hazırlıq iclasında da iştirak etmişdi. Profil institutun rəhbəri və geniş əlaqələrə malik nüfuzlu türkoloq alim kimi elmi forumun yüksək səviyyədə təşkili ilə bağlı lazım olan işləri görməyə çalışmışdı.
Bir neçə dəfə təxirə salınandan sonra nəhayət Bakıda öz işinə başlayan Birinci Ümumittifaq Türkoloji qurultayın açılış günü - 1926-cı il fevralın 25-də Azərbaycan, Türkmənistan və Qazaxıstan nümayəndə heyətlərinin adından çıxış edən Əbdül Cabbarovun təklifi ilə N.A.Samoyloviç rəyasət heyətinə seçilmişdi. Fevralın 28-də, Dağıstan nümayəndəsi Cəlaləddin Korkmasovun sədrliyi altında keçirilən 5-ci iclasda isə "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri mövzusunda məruzə etmişdi. Bu qurultayda analoji mövzuda edilən ilk məruzə idi. Professorlar N.Aşmarin və S.Malov da öz məruzələrində türk dillərinin tədqiqinə tarixiliyin və müasirliyin fərqli aspektlərindən yanaşmışdılar.
Qurultayın əhəmiyyətini (maraqlıdır ki, Samoyloviç rusca nitqində "qurultay" kəlməsini "scezd" şəklində deyil, məhz türkcə orijinalında olduğu kimi işlətmiş və bununla da sanki sovet alimlərinin elmi forumunu qədim türklərin demokratik ruhlu məşvərət toplantılarına bənzətməyə çalışmışdı. İkinci mühüm cəhət isə onun bütün çıxışı boyu "türkdilli xalqlar" deyil, "türk xalqları" ifadəsini işlətməsi sayıla bilər) xüsusi vurğulayan alim demişdi: "Birinci Ümumittifaq Türkoloji Qurultay məhz bizim (yəni sovet dövrünün - V.Q.) türkologiya elmimizin başlanğıc tarixinə təsadüf edir. Əvvəlki dövrlərdə türk xalqlarını müxtəlif yönlərdən öyrənmək üçün toplanmış zəngin materiallar bir az natamam olsa da, artıq elə miqyas alıb ki, onların öyrənilməsi yalnız ayrı-ayrı elmi işçilərin deyil, bütöv kollektivlərin sistemli, mütəşəkkil və planauyğun fəaliyyətini hökmlü bir şəkildə tələb etməkdə, vəzifə kimi qarşımıza qoymaqdadır. Elmimizdə planlı şəkildə həyata keçirilən bu kollegial yanaşma türkologiyanın yeni dövrünün əsas tələbidir. Yeni dövr türkologiyası üçün birinci ilə müqayisədə bəlkə də daha vacib və daha səciyyəvi olan digər fərqləndirici keyfiyyət isə bu elm sahəsinə dair məsələlərin həllində keçmiş əməkdaşlarla yanaşı, yeni qüvvələrin də daha fəal şəkildə prosesə cəlb olunmasıdır. Elmi fəaliyyətimizin yeni dövrü indiki Qurultayla sıx şəkildə əlaqəlidir".
lll
Rəsmi nümayəndələrinin yarıdan çoxunun amansızcasına cəzalandırıldığı Birinci Türkoloji Qurultayı haqlı olaraq bəzən "repressiyaya uğrayanlar" qurultayı da adlandırırlar. Sovet türkologiyasının banilərindən biri sayılan akad. Samoyloviç də sovet cəza maşının dişlərindən xilas ola bilməmişdi. Həm də maraqlıdır ki, Leninqradda hələlik nisbətən rahat həyatını yaşayan və SSRİ EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edən alimin dəbdə olan ifadə ilə desək, "torbasının tikilməsinə" 1937-ci ilin iyulunda Bakıda başlanmışdı. Həmin il yanvarın 29-na keçən gecə Kislovodskun "Qornyak" sanatoriyasında həbs olunub Bakıya gətirilən professor Bəkir Çobanzadə 13-14 iyul tarixlərində istintaqa verdiyi ifadədə akademik Samoyloviçlə ilk dəfə 1924-cü ildə Bakıda, Ölkəşünasların qurultayında tanış olduğunu, 1925-ci ildə Leninqradda (şəkil də o zaman çəkilmişdi), eyni ilin payızında isə Bakıda görüşdüklərini, 1926-cı ildə Birinci Türkoloji qurultay zamanı iki həftə ərzində sıx ünsiyyət saxladıqlarını, 1928-ci ildə Orfoqrafiya qurultayında (Bakı), növbəti il Səmərqənddə və Leninqradda türk xalqlarının dili və ədəbiyyatı ilə bağlı keçirilən elmi konfranslarda bir araya gəldiklərini, nəhayət, sonuncu dəfə 1936-cı ildə yenə Leninqradda görüşdüklərini bildirmişdi. O da maraqlıdır ki, 1935-ci ildə Samoyloviç türkoloq həmkarının SSRİ EA müxbir üzvlüyünə seçilməsi üçün çalışsa da, müvəffəq ola bilməmişdi.
Ümumiyyətlə, ilk gündən istintaqla fəal əməkdaşlıq yolu tutan, müstəntiqlərin suallarına yerli-yataqlı cavab verən Bəkir Çobanzadə (təbii ki, alimi ittiham etmək fikrində deyiləm. Yazıqlar olsun ki, bu üzüyolalıq və istintaqla "iş birliyi" də ona haqsız cəzadan qurtarmaq imkanı verməmişdi) adlı-sanlı həmkarı ilə bağlı da gözlənəni, yaxud tələb ediləni demişdi. Çoxsaylı görüşləri zamanı Samoyloviçin onunla pantürkist məzmunlu söhbətlər etdiyini, təxribatçılıq fəaliyyəti üçün təlimat verdiyini, SSRİ EA Şərqşünaslar Kollegiyasının çətiri altında əksinqilabi təşkilat qurduğunu, bu yöndə ardıcıl iş apardığını bildirmişdi.
Bakı universitetinin professoru, 1937-ci il martın 18-də həbs olunan Qaziz Qubaydullin də Çobanzadə ilə demək olar ki, eyni vaxtda - iyulun 13-də istintaqa verdiyi ifadədə akad. Samoyloviçin V.V.Radlov və V.D.Smirnov kimi mürtəce alimlərin tələbəsi olması, çar hökumətinin bəzi məxfi tapşırıqlarını yerinə yetirməsi, Türkiyəyə gizli məlumat ötürməsi, Xivə xanı ilə şəxsi dostluğu, Kazanda tələbə və müəllimlər qarşısında pantürkist ruhlu mühazirələr oxuması, Yusif Akçura və Köprülüzadə kimi türkçülərlə əlaqələri və s. haqda danışmışdı.
Nəhayət, azərbaycanlı dilçi, Birinci Türkoloji qurultayın iştirakçısı, Pedaqoji İnstitutun dillər kafedrasının müdiri vəzifəsində çalışmış repressiya qurbanı Abdulla Tağızadə (1897-1938) də istintaq zamanı Leninqrad Canlı Şərq Dilləri İnstitutunda Samolyloviçin tələbəsi olduğu vaxt onun mühazirə və söhbətlər zamanı tez-tez pantürkist təbliğatı apardığını "xatırlamışdı". Sual oluna bilər - niyə bu adamları hətta qorxunc 1937-ci il şəraitində də müəyyən immunitetə malik tanınmış akademik haqda sorğu-suala tuturdular? Aydın məsələdir: Samoyloviçin adı şərti olaraq "Moskva-Mərkəz" adlı 163 nəfərlik "birinci dərəcəli" (ölüm) siyahısında idi. Yəni məhvinə hazırlıq görülür, "hüquqi baza" yaradılırdı.
Bakıda alınmış ifadələri yada salmaqla yanaşı, onların Samoyloviçə böyük təhlükə törətmədiyini, yaxud ağır zərbə vurmadığını da ayrıca qeyd etmək lazımdır. Çünki hazır ssenariyə görə cinayət işində əsasən "yapon casusu" kimi keçirdi. Pantürkizm ittihamı burada sadəcə əlavə dekor rolunu oynamışdı.
Onu 1937-ci il oktyabrın 2-də, ailəsi ilə birlikdə istirahət üçün gəldiyi kurort şəhəri Kislovodskda həbs etmişdilər. Həmin gün DTK serjantı Poqrebnyak mərkəzdən alınmış 27 sentyabr 1927-ci il tarixli teleqrama əsasən "Leninqrad şəhəri, Ropşin küçəsi 23/17 ünvanda yaşayan, ixtisas etibarı ilə linqvist, SSRİ EA-nın həqiqi üzvü, ukraynalı, SSRİ vətəndaşı" A.N.Samoyloviçin saxlanılaraq xüsusi mühafizə altında Moskvaya göndərilməsi haqda qərar vermişdi.
On gün sonra, oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi kollegiyasının Bakıda keçirilən səyyar plenumu 20 dəqiqəlik "məhkəmə dinləməsindən" sonra Bəkir Çobanzadə, Qaziz Qubaydullin və Azərbaycan humanitar elminin bir sıra digər tanınmış nümayəndələri haqda güllələnmə hökmü çıxarmışdı. Hökm ertəsi gün yerinə yetirilmişdi. Təbii ki, bu səbəbdən də moskvalı müstəntiqlər Samoyloviçi adı çəkilən həmkarları ilə bağlı sorğu-suala çəkməyə lüzum görməmişdilər.
Dörd aya yaxın davam edən istintaqdan sonra 1938-ci il yanvarın 31-də SSRİ Baş prokuroru A.Y.Vışinskinin (yeri gəlmişkən, keçmiş bakılı idi; məşhur "mənə adam verin, ona cinayət maddəsi tapmaq asandır" - ifadəsinin müəllifi, Pribaltika xalqlarının latın əlifbasından rus qrafikasına keçirilməsi ideyasının tərəfdarı kimi tanınmışdı) imzası ilə alimə qarşı rəsmi ittiham irəli sürülmüşdü. İstintaq onu 1907-ci ildən yapon kəşfiyyatı ilə əməkdaşlıqda, çarizm dövründə yapon tərəfin tapşırığı ilə ideoloji təxribatlar törətməkdə, 1917-ci ildən sonra elmi-pedaqoji fəaliyyətini burjua millətçiliyinin təbliği üzərində qurmaqda, 1935-1936-cı illərdə əksinqilabi burjua-millətçi ruhlu terrorçu təşkilat yaratmaqda, yapon xüsusi xidmət orqanlarına gizli məlumatlar ötürməkdə, nüfuz və əlaqələri ilə SSRİ-nin türk xalqları arasında mərkəzdənqaçma və millətçilik əhval-ruhiyyəsi yaymaqda müqəssir saymışdı. Görünür, NKVD-nin dəhşətli cəza maşınına qarşı çıxmağın səmərəsiz məşğuliyyət olduğunu anlayan Samoyloviç hər hansı şəkildə mübarizə aparmaqdan imtina edərək özünü bütün maddələr üzrə təqsirli bilmişdi.
İstər Bəkir Çobanzadənin, istərsə də akademik Samoyloviçin cinayət işlərində bir maraqlı cəhət diqqəti cəlb edir. Krımlı alim Budapeşt universitetində təhsil alsa da, beş ildən çox Avstriya-Macarıstan imperiyasında yaşasa da, onu macar, yaxud Avstriya casusu kimi ittiham etmək ümumiyyətlə ağla gəlməmişdi. Yaxud buna lüzum görülməmişdi. Eyni ilə Samoyloviçin "işində" də onu getman ailəsinə mənsub şəxs kimi (1672-1687-ci illərdə Zaporojye kazaklarının getmanı olmuş İvan Samoyloviçin nəslindən idi - V.Q.) Ukrayna millətçiləri ilə bağlamaq, Osmanlı imperiyası və Cümhuriyyət Türkiyəsi ilə sıx əlaqələrinə, dəfələrlə bu ölkədə olmasına görə "Türkiyə casusu" elan etmək də nədənsə məqsədəuyğun sayılmamışdı. Əvəzində inandırıcı dəlil-sübut bazası olmayan "yapon casusluğu" versiyasına üstünlük verilmişdi. Rus-sovet türkoloqları F.D.Aşnin və V.M.Nasilov bunu 1937-ci ildə SSRİ EA-nın Leninqrad Şərqşünaslıq İnstitutunda Uzaq Şərq (Çin, Yaponiya, Koreya, Monqolustan, Mancuriya, Tibet) ölkələri üzrə ixtisaslaşan bir qrup alimə divan tutulması ilə əlaqələndirirlər. Onların fikrincə, istintaq ənənəvi üsuldan yararlanıb "antisovet bandanın" başında reqaliyalara malik "nüfuzlu bir xadimin" olmasını istəmişdi. Axtarılan "günah keçisi" isə hələ gənc müəllim kimi Sankt Peterburq universitetində çalışdığı 1907-ci ildə paytaxtdakı Yaponiya Baş konsulluğunun Ueda soyadlı diplomatı ilə bir neçə dəfə görüşən N.A.Samoyloviçin şəxsində tapılmışdı. Sovet ədliyyə maşını devrilmiş çar "oxrankasının" hazırladığı məlumatdan (əgər belə bir məlumat ümumiyyətlə mövcud idisə!) yararlanıb həmin dövrdə SSRİ EA-nın 89 həqiqi üzvündən birini - görkəmli türkoloq alimi və elm təşkilatçısını məhv etməkdə türklər demişkən, heç bir "sakınca" görməmişdi.
RSFSR Cinayət Məcəlləsinin 58-1a (Vətənə xəyanət) və 58-8 (terrorçuluq) maddələri ilə təqsirli bilinən akademikin diviziya hərbi hüquqşünası Nikitçenkonun (maraqlıdır ki, 1946-cı ildə yapon müharibə canilərinin mühakiməsini də o aparmışdı!) sədrliyi altında cəmisi 15 dəqiqə sürən məhkəməsi 1938-ci il fevralın 13-də, saat 12.45-də başlamış, saat 13.00-də yekunlaşmışdı. "Üçlüyün" sovet ədliyyə sisteminə xas "məhkəmə" imitasiyası həmişəki qaydada - ittiham və müdafiə tərəfinin iştirakı olmadan, şahidlər çağırılmadan, qapalı şəraitdə, 1934-cü il dekabrın 1-də qəbul edilən qanun əsasında keçirilmişdi. Müttəhimə artıq əvvəldən bəlli hökm - özünə məxsus şəxsi əmlakı müsadirə edilməklə, kassasiya şikayəti qəbul olunmadan güllələnmə cəzası çıxarılmışdı.
Günorta bitən məhkəmənin hökmü elə həmin axşam yerinə yetirilmişdi. Ehtimali dəfn yeri Moskva ətrafındakı Butovo qəsəbəsi, yaxud "Kommunarka" sovxozunun ərazisi sayılır. Xanımı Raisa Qriqoryevna ilə oğlu Platonun Stalin, Molotov, Beriyaya və b. sovet rəhbərlərinə ünvanlanan məktubları ya cavabsız qalmış, ya da bürokratik karuseldə fırlanmışdı. Həqiqi ölüm səbəbi yalnız XX partiya qurultayından sonra bilinmişdi. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 25 avqust 1956-cı il tarixli qərarı ilə ona ölümündən sonra bəraət verilmiş, 1938-ci il aprelin 13-də xaric edildiyi SSRİ EA həqiqi üzvlüyünə bərpa olunmuşdu.
Akademik A.N.Samoyloviç elmi titul, nüfuz və vəzifələri baxımından Birinci Türkoloji qurultayın repressiyaya uğramış ən adlı-sanlı nümayəndəsi idi...
Sarayevo, oktyabr 2025-ci il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















