Buzlu Yakutiyadan Bakıya türklük sevdası ilə Birinci Türkoloji Qurultay nümayəndələrinin izi ilə
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Vilayət QULİYEV
Yakutskla Bakı arasında məsafə nə qədərdir? Bütün suallara anında cavab verən google.com sorğumu cavabsız buraxmadı: 8 854 kilometr. Bəs bu məsafəni qatarla nə qədər vaxta qət etmək olar? 118 saat 9 dəqiqəyə. Yəni 4 gün 22 saat 9 dəqiqəyə. Bir şərtlə ki, 1980-ci illərdə tikilmiş Baykal-Amur magistralı ilə hərəkət edib Qazaxıstan ərazisindən keçməklə Azərbaycana daxil olasan. Bu, bizim günlər üçün mümkün sayılan ən qısa və optimal hərəkət cədvəlidir.
Məni isə hava nəqliyyatının geniş yayılmadığı, BAM-ın istifadəyə verilmədiyi yüz il əvvəlki dövrdə Şimal qütbü ilə Bakı arasındakı dəmiryolu marşrutlarının qrafiki maraqlandırırdı. O zaman Yakutskdan Bakıya yalnız Moskvadan keçməklə gəlmək mümkün idi. Bu belə! Sonrakı araşdırmalarıdan məlum oldu ki, hətta indinin özündə də Saxa Respublikasının paytaxtında dəmiryol vağzalı yoxdur və harasa getmək üçün mütləq şəhərin 30 km-də yerləşən Nijni Bestyax stansiyasına yollanmaq lazımdır. Oradan isə Ulan-Udedə mütləq qatarı dəyişmək şərti ilə Moskvaya yalnız 6 günə çatmaq olar. Bir də təkrar edirəm: bu, bizim günlərdə belədir.
Amma fikrən yüz il əvvələ qayıtsaq, Yakutskdan Bakıya gəlmək üçün yola ən azı 10-12 gün, bəlkə də daha artıq sərf etmək lazım olduğu aşkara çıxar. google.com-dan Yakutiyada yüz il əvvəl qış mövsümünün hava şəraiti haqda da soruşdum. Cavab gəldi ki, sinoptiklərin bütün illər üzrə məlumatları mühafizə olunmayıb. Amma son yüz ilin müşahidələri yanvar-fevral aylarında burada havanın orta temperaturunun heç vaxt mənfi 40 dərəcədən aşağı düşmədiyini göstərir.
Oxucu sual edə bilər: Uzaq Sibirin yolları və hava şəraiti ilə bağlı bir əsrlik tarixə malik bütün bu araşdırmalar, təfərrüat nəyimə lazımdır?
Məsələ belədir ki, 1926-cı il fevralın 26-da Bakıda öz işinə başlayan Birinci Ümumittifaq Türkoloji qurultay qarşısına ən azı keçmiş Sovet İttifaqının bütün türk xalqları nümayəndələrini bir çatı altına toplamaq vəzifəsi qoymuşdu. Yüz il əvvəlki dövrün nəqliyyat çətinliklərinə baxmayaraq, məqsədə nail olunmuşdu.
Qurultayda iştirak etmək üçün buzlu Şimal qütbündən də dörd nəfər yakut-Saxa türkü uzun, əziyyətli, sadəcə gedib-qayıtması bir ay çəkən yola çıxmışdı.
Aralarında ən yaşlısı şair, yazıçı, yakut ədəbiyyatının klassiki, maarifçi, filosof-humanist, milli tarix və mədəniyyətin tədqiqatçısı kimi tanınan Aleksey Yeliseyeviç Kulakovski (1877-1926) idi. Heyətə yakut dövlət xadimi, vur-tut 28 yaşı olmasına baxmayaraq, Yakutiya XKS sədri, Yakutiya MİK sədri kimi mühüm vəzifələrdə çalışmış, həmin vaxt isə Yakutiya vilayət partiya komitəsinin birinci katibi İsidor Nikiforoviç Baraxov (1898-1938) rəhbərlik edirdi. İxtisas etibarı ilə təsərrüfat sahəsinin adamı, iqtisadçı olsa da, elmə və ədəbiyyata da yad deyildi. 1920-ci illərin əvvəlində yakut dili və yazısının inkişafı, ikidillilik problemi, yeni siyasi-tarixi şəraitdə ana dilinin yeri və rolu məsələləri ilə yaxından maraqlanmışdı. Rus və yakut dilində çıxan nəşrlərdə "Dillərin bərabərliyi", "Yakutlaşma - ən yaxın vəzifəmizdir", "Yakut əlifbasına dair", "Rus dili və yakutlaşma" və s. məqalələri çap olunmuşdu.
Digər iki üzv yaradıcı sahənin təmsilçiləri idi. Yakutlar arasında Alampa adı ilə tanınan Anempodist İvanoviç Sofronov (1886-1935) da vur-tut 40 yaşı olmasına baxmayaraq, az öncə adını çəkdiyim Kulakovski ilə birlikdə milli ədəbiyyatın klassiki hesab edilirdi. Təbii ki, yakut ədəbiyyatı yeni ərsəyə gəldiyi üçün onun klassikləri də 30-35 yaşlı gənclər idi. Alampa şair, yazıçı, dramaturq kimi doğma ədəbiyyatın uğurlu nümunələrinə imza atmışdı. Pyeslərinin milli teatr sənətinin yaranmasında mühüm rolu vardı. Konde təxəllüslü şair, dramaturq, tənqidçi Aleksey Andreyeviç İvanov ( 1898-1934) heyət üzvləri arasında qurultayın tələblərinə qismən də olsa cavab verən yeganə şəxs sayıla bilərdi. O, ədəbi-bədii yaradıcılıqla bir sırada dilçilik sahəsində elmi araşdırmalarla məşğul olurdu. Yakut məktəbləri üçün əlifba dərsliyinin, yakut dili qrammatikasının, digər dərslik və dərs vəsaitlərinin müəllifi idi.
Rus ad-soyadları daşısalar da, qonaqlar hamısı xalis yakut türkləri idilər. Həm də hər birinin rus ad və soyadlarının tələffüzü müəyyən qədər fərqli olan milli variantı vardı. Məsələn, Aleksey Kulakovskinin adı yakutcada Öksöküleex Ölöksöy kimi səslənirdi. Şəxs adlarının ruslaşma səbəbi ənənəvi şaman inanclarına etiqad bəsləyən yakut türklərinin rus işğalından sonra pravoslav kilsəsi və missionerlərin təzyiqi altında hətta zahirən də olsa, xaçpərəstliyi qəbul etmələri ilə bağlı idi. İsidor Baraxov qurultaydakı çıxışında tarixi gerçəklərdən xəbərdar olmayanlarda çaşqınlıq yaranmasın deyə bu məqam üzərində dayanmağı, məsələyə aydınlıq gətirməyi zəruri saymışdı.
Orta əsrlərdə uzaq ölkələrə göndərilən diplomatik heyətlər mənzil başına çatana qədər məhrumiyyət, xəstəliklər, qətl-qarət, yaxud quldur basqınları nəticəsində bəzən qaçılmaz itkilər verir, sıraları seyrəlirdi. Uzaq səfərə XX əsrdə çıxmasına rəğmən, Bakıya gələn yakut heyəti də müəyyən mənada oxşar vəziyyətlə üzləşmişdi. A.Kulakovski yolda ağır xəstələndiyindən həmkarlarından ayrılıb Moskvada qalmalı olmuşdu. Bir müddətdən sonra isə burada canını tapşırmışdı.
Yakut heyəti uzun yolçuluqdan (inandırıcı görünməsə də, bəzi mənbələrdə onların 1925-ci il dekabrın sonlarında Yakutskdan çıxdıqları iddia olunur - V.Q.) Bakıya fevralın 23-də gəlmişdi. Qurultay günlərində gündəliyində qısa qeydlər aparan A.Sofronov bu barədə yazırdı: "Saat 2-də Bakıya çatdıq. Vağzalda bizi qarşıladılar. Maşınla 1-ci Sovetlər Evinin mehmanxanasına getdik. Dörd nəfər bir otaqda yerləşdik. Baraxovla şəhər gəzintisinə çıxdıq. Kinoya getdik. "Potyomkin zirehlisi" filminə baxdıq. Darısqallıqdır. İstidir". Qonaqların görünür, tələsiklik, yaxud təşkilatsızlıqdan irəli gələn mehmanxana problemi ertəsi gün aradan qaldırılmışdı. Bunu gündəlikdəki aşağıdakı qeyddən də görmək mümkündür: "Axşam "Şərq" mehmanxanasına köçdük. Üç nəfərə iki otaq ayrılıb. Rahat və yaxşıdır".
Bakıda keçirdiyi ilk günün təəssüratlarını Anempodist Sofronov Azərbaycan ithaf olunan və sətri tərcüməsini aşağıda verdiyim şeirdə belə əks etdirmişdi:
Parovoza qoşulmuş vaqona oturub
Moskvadan çox sürətlə
Zənginliyi göz qamaşdıran
Bakı şəhərinə gəldim.
Gördüyüm adamları
Diqqətlə gözdən keçirdim.
Başa düşdüm ki, bura
Heç zaman donmayan
Xəzərin sahilində
Çox böyük bir şəhərdir.
Sonsuz sayda tatar var,
Sonsuz sayda qırğız var.
Neçə xalq bir aradadır.
Hər yerdə meyvə alveri gedir,
Hər yerdə şərab satılır.
Birinci Türkoloji qurultay fevralın 26-da, axşam saat 7-də tarixi "İsmailiyyə" sarayında təntənəli şəkildə açılmışdı. Yakut nümayəndə heyətinin rəhbəri İsidor Baraxov rəyasət heyətinə və qurultayın qətnaməsini hazırlayan komissiyanın tərkibinə seçilmişdi. Yaddaqalan günün biri-birindən maraqlı anları yakut şairinin fevralın 27-də qələmə aldığı növbəti şeirdə öz əksini belə tapmışdı:
Yakut xalqı adından
Onun təmsilçisi kimi
Çeşidli tatar tayfalarının
Müxtəlif nümayəndələrinin
Bir yerə toplanaraq
Xalqlarının böyük məsələlərini
Məşvərət yolu ilə həll etdiyi
Bu qurultaya gəldik.
Onlarla bir yerdə oturub
Bizə qohum olan tayfalara
Diqqətlə baxmağa başladım.
Fevralın 27-də yakut heyətinin üzvləri də daxil bütün qonaqlar Opera teatrına, qurultay münasibəti ilə təşkil olunmuş bayram konsertinə dəvət edilmişdi. Fərqli bir dünyanın elçisi kimi Azərbaycan paytaxtında gördükləri A.Sofronovun gündəliyində bu maraqlı sətirlərin yazılması ilə nəticələnmişdi: "Dövlət Opera Teatrında olduq. Orada dağıstanlı tələbələr qurultay iştirakçıları üçün milli gecə təşkil etmişdi. Müxtəlif xalqların musiqi və mahnıları səsləndi, rəqsləri nümayiş olundu. Sən demə, şərqlilərin, xüsusən də Şərq qadınlarının oynamaqları çox lirik, axıcı imiş. Sanki rəqs eləmirdilər, elə bil "üzürdülər", ya da havada "uçurdular". Paltarlarının uzunluğundan ayaqları görünmürdü. Şərq motivləri üzərində köklənmiş ifa çox eybəcərdir, əslində oxumaq deyil, öküz böyürtüsü kimi bir şeydir (Bu sətirləri ixtisar da edə bilərdim. Lakin uzaq şimal qütbündən gələn, üstəlik də, subyektiv düşüncələrini gündəliyinə etibar edən bir şəxsin dərhal muğam bilicisinə çevriləcəyini gözləmək sadəlövhlük olardı - V.Q.). Bir ləzgi qavalla çıxış edirdi. Çalğısı eyni ilə bizim şamanlarınkı kimi idi. Başqa bir yerli artist Arjibeycan (yəni Azərbaycan, mətndə belədir. Yəqin keçmiş SSRİ liderləri də ölkəmizin adının oxşar tələffüzünü yakut qardaşlarımızdan öyrənibmiş!!! - V.Q.) motivləri səsləndirdi. Maraqlıdır ki, bizim yakut milli "dee-e-buo-o" (çox güman, muğamlardakı uzun eeey yaar" tipli zəngulə nəzərdə tutulur - V.Q.) təranəsinə çox bənzəri var. Bir fərqlə ki, onun ifası bizdəkindən daha kədərli və ağır idi. Həm də keçidlər çox kəskindir. Əgər belə olmasaydı, əsl yakut "dee-e buo-o"su eşidərdik. Musiqi alətləri çox orijinaldır. Bəziləri bizim "kırıımpa"-ya (skripkanı xatırladan yakut simli musiqi aləti - V.Q.) bənzəyirlər. Amma səsləri daha gur çıxır. Teatr binası olduqca gözəldir, Şərq üslubunda tikilib".
Görünür, qurultay günlərində qonaqlar üçün zəngin maarifləndirici proqram hazırlanıbmış. Çünki gündəlik müəllifi fevralın 28-də dram teatrında Azərbaycan türkcəsində tamaşaya baxdığını və heç nə başa düşmədiyini, martın 3-də opera dinlədiyini, martın 6-da isə "tarixi təsəvvür əldə etmək baxımından çox maraqlı" saydığı Şirvanşahlar qoruq-muzeyində olduğunu yazmışdı.
Yakut heyətinin başçısı İsidor Baraxov qurultayın martın 4-də, Həbib Cəbiyevin sədrliyi ilə keçən 12-ci iclasında türk xalqları üçün latın əlifbasına keçidin aktuallığı, inqilabdan əvvəlki yakut əlifbaları, yakut dilinin tədqiq tarixi və müasir mərhələdə milli dilçilik elmi qarşısında dayanan vəzifələr haqda məruzə etmişdi.
lll
Şübhəsiz, yakutların türkoloji qurultayda iştirak etməyə daha çox mənəvi haqları, eləcə də forumda deməyə sözləri, bölüşməyə təcrübə və fikirləri vardı. Əksər linqvist alimlərin fikrincə, türk dillərinin qədim izlərini özündə əks etdirən yakut dili dünyanın ən qədim dilləri sırasına daxildir. Digər tərəfdən yakut dili türk ailəsinə mənsub dillər arasında daha çox və əsaslı elmi prinsiplərlə öyrənilmişi sayıla bilər. Alman əsilli rus alimi, akademik Otto fon Betlinqin 47 çap vərəqi həcmində, qrammatika, müntəxəbat və yakut-alman lüğətindən ibarət 3 cildlik "Yakutların dili haqda" əsəri 1851-ci ildə Sankt-Peterburqda çap olunmuşdu. Yeri gəlmişkən, bənzər metodoloji yanaşma Betlinqdən əvvəl türk dili üzrə tam tədris vəsaiti yaratmaq fikrinə düşən professor Mirzə Kazımbəyin üç hissəli natamam əsəri üçün də səciyyəvi idi.
Mitropolit İnnokenti, polyak əsilli rus alimi, Rusiya EA-nın fəxri üzvü K.E.Pekarski də yakut dilinin öyrənilməsinə böyük töhfə vermişdilər. Pekarskinin 13 cildlik "Yakut sözlüyü" (Peterburq, 1917-1930) əsəri Atatürkün tövsiyəsi ilə türk dilinə tərcümə olunmuşdu. Tərcümə heyətinin əsas üzvlərindən biri isə azərbaycanlı mühacir alim, İstanbul universitetinin dosenti Əhməd Cəfəroğlu idi. Müasir dövrdə yakut alimləri "Saxa dilinin izahlı lüğəti"ni 15 iri həcmli cilddə çap ediblər.
Məlum olduğu kimi, qurultayda əsas müzakirə mövzularından biri də ərəb əlifbasından latın qrafikasına keçid məsələsi idi. Yakutlar heç şübhəsiz, bu sahədə türk dünyasının öncülü sayıla bilərdilər. Bəlli səbəblərə görə ərəb əlifbasından istifadə etməsələr də, rus missionerləri vasitəsi ilə doğma dilin fonetikasına uyğun gəlməyən kiril əlifbasına keçmişdilər. 1917-si ildə yakut alimi S.A.Novqorodov (1892-1924) latın qrafikası əsasında yakut əlifbası yaratmış, ilk ana dili dərsliyini - "Saxalıı suruk-biçik" ("Saxa əlifbası") kitabını çap etdirmişdi. Qısa müddət ərzində kiril əlifbasının işləndiyi yarım əsrlik dövrlə müqayisədə yeni əlifba sayəsində daha çox adam savad əldə edə bilmişdi. Maraqlıdır ki, Novqorodov əlifbasının surəti yeni Türkiyənin qurucusu Atatürkün iş otağından asılmışdı. Ölkəsinin latın əlifbasına keçidi üzərində düşünən Atatürkün nəzərində yakut təcrübəsi uğurlu nümunələrdən biri idi. Bu mənada, yakut heyəti görkəmli mütəxəssislərlə təmsil olunmasa da, ən uzaqdan və "əli dolu" gələn qonaqlar kimi maraq və ehtiramla qarşılanmışdı. Şərqşünasların ümumrusiya elmi assosiasiyasının sədri M.P.Pavloviç də öz çıxışında istər keçmiş, istərsə də müasir Yakutiyanın türkoloji tədqiqatlara töhfə verdiyini vurğulamışdı.
Türkoloqların ali məclisinə hazırlıqsız gəldiklərini etiraf etməsinə baxmayaraq, İsidor Baraxov qıısa çıxışı zamanı müzakirə olunan məsələlərə düzgün, obyektiv münasibət bildirmişdi. Bunu yakut natiqin aşağıdakı sözlərindən də görmək mümkündür: "Dilimiz digər türk dillərindən uzaq düşdüyü üçün fərqli səslənsə də, Azərbaycan türkcəsini anlaya bilməsək də, dillərimizin kökü birdir. Ona görə də bu qurultaya marağımız çox böyükdür. Orfoqrafiya, terminologiya, ən başlıcası isə əlifba məsələsi türk ailəsinə daxil olan bütün dillər, eyni zamanda başqa türk dilləri ilə eyni qaydalara tabe olan yakut dili üçün də böyük əhəmiyyətə malikdir".
Qurultayda bəzən kəskin xarakter alan "ərəbçilərlə" "latınçıların" mübarizəsində (tam tərkibdə tatar heyəti, Qazaxıstandan isə Baytursınov türk xalqlarının qədim mədəni irslə əlaqələrinin itmək təhlükəsini əsas gətirərək ərəb əlifbasının modifikasiya olunmuş variantı məsələsində israr edirdilər) yakut heyəti birmənalı şəkildə latın əlifbasına keçid tərəfdarlarının mövqeyində dayanmışdı: Baraxov bu münasibətlə yoldaşlarının da fikrini ifadə edərək demişdi: "Qurultay yeni latın əlifbalarının həyata tətbiqi baxımından Azərbaycanda, Şimali Qafqaz muxtar vilayətlərində, bizim Yakutiyada, eləcə də digər sovet respublikalarında (məsələn, Başqırdıstan və b), habelə xaricdə (Türkiyə) mövcud olan zəngin təcrübə əsasında tanınmış professorları, dilçi alimləri cəlb etməklə bütün türk ləhcələri üçün yararlı olan, qarşılıqlı şəkildə razılaşdırılmış vahid türk əlifbası yaratmağın yolunu göstərə bilər".
Bu prinsipial mövqeyə münasibət bildirən "Bakinski raboçi" qəzeti 7 mart 1926-cı il tarixli sayında yazırdı: "Sonrakı müzakirələrdə yakut nümayəndəsi yoldaş Baraxov çıxış etdi. Latın əlifbasından istifadə ilə bağlı yakutların təcrübəsini bölüşən qonaq mənsub olduğu xalqın coğrafi baxımdan digər türk xalqlarından xeyli uzaqda yerləşməsinə rəğmən, qurultayın gedişi ilə yaxından maraqlandığını, aralarında heç bir fərq qoyulmadan bütün türk-tatar xalqlarını düşündürən məsələlərin həlli nöqteyi-nəzərindən bu toplantıya böyük ümid bəslədiyini xüsusi qeyd etdi".
Qurultayın işçi dilləri rus və şərti olaraq ortaq türkcə adlandırıla biləcək sintetik ünsiyyət vasitəsi idi. Yəni türk cümhuriyyətlərindən gəlmiş nümayəndələrin bəziləri hamının bələd olduğu terminologiyadan, müştərək Azərbaycan, yaxud Osmanlı türkcəsi ünsürlərindən istifadə etməklə öz dillərində danışırdılar. Təbii ki, bu nitq çuvaşlar, yaxud yakutlar üçün anlaşıqlı deyildi. Ona görə də İsidor Baraxov qurultayın gedişini, müzakirəyə çıxarılan məsələləri əsasən kuluarlardakı söhbətlər, rusdilli natiqlərin çıxışları və "Bakinski raboçi" qəzetinin dərc etdiyi hesabatlar əsasında izləməyə çalışmışdı. Özünün də yazdığı kimi, forumla bağlı tam təsəvvür əldə etmək üçün stenoqrafik hesabatın nəşrini səbirsizliklə gözləyirdi.
Vətənə qayıdandan sonra o, "Yakutiya təsərrüfatı" ("Xozyaystvo Yakutii") jurnalının 1926-cı ildə çıxan 5-ci sayında (səh. 37-50) "Birinci Ümumittifaq Türkoloji qurultayın nəticələri" adlı iri həcmli analitik məqalə çap etdirmişdi.
Akademik üslubda yazılmış, qısa müqəddimə və altı hissədən ibarət məqalədə türk xalqlarının mədəni həyatında, tarixi taleyində müstəsna yeri olan Türkoloji qurultayı bütün yönləri, aparıcı simaları və başlıca məsələləri ilə ilk dəfə elmi-populyar şəkildə işıqlandırmaq təşəbbüsü göstərilmişdi. Məqsəd bu elmi forumla bağlı həqiqətləri heç bir siyasi-ideoloji bəzək vurmadan yakut elmi ictimaiyyətinə çatdırmaq idi. Baraxov bunu özünün alimlik və vətəndaşlıq borcu saymışdı.
Müəllif həmin məsələləri aşağıdakı şəkildə sıralamışdı: a) türk xalqlarının tarixinin öyrənilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr; b) türk xalqları etnoqrafiyası ilə bağlı tədqiqat işlərinin mövcud vəziyyəti və yaxın vəzifələri; c) türk dillərinin öz aralarında, eləcə də monqol, tunqus, fin-uqor və yafəti dillərlə qohumluq əlaqələri; d) türk dillərinin öyrənilməsinin indiki vəziyyəti və təxirəsalınmaz vəzifələri; e) türk dillərində terminologiya və elmi terminologiya məsələləri; ə) orfoqrafiyanın ümumi əsasları və türk dillərinin orfoqrafiyası; f) linqvistik və texniki nöqteyi-nəzərdən əlifba yaradıcılığının əsasları və türk xalqlarının əlifbaları; q) türk xalqlarında ədəbi dilin inkişafı; ğ) ana dilinin tədrisi metodikasında ən yeni təmayüllər və türk dillərinin tədrisi; h) türk ədəbi dillərinin tədqiq nəticələri və perspektivləri; x) SSRİ-dəki türkoloji elmi müəssisələrin mövcud vəziyyəti, yaxın vəzifələri və təşkilati quruluşu; ı) türk xalqları arasında ölkəşünaslıq işlərinin metodikası; i) türk xalqlarının son mədəni nailiyyətləri.
Göründüyü kimi, müəllif ilkin sənəd və materiallar əsasında təxminən 8 gün ərzində dinlənən 40-a yaxın məruzənin aparıcı xətlərini, istiqamət və mövzularını tam əks etdirə bilmişdi. Məqalənin "Orfoqrafiya", "Terminologiya", "Əlifba", "Təşkilatı məsələlər", "Qurultayın əhəmiyyəti" bölmələrində isə konkret çıxışlara əsasən mövzularla bağlı irəli sürülmüş təklif və mülahizələrin ümumi icmalı verilmişdi. İsidor Baraxovun geniş, əhatəli təqdimatı yalnız elmi-informativ deyil, həm də təbliğat və maarifçilik xarakteri daşıyırdı. Məqsəd edilən çağırışların, irəli sürülən ideyaların yalnız akademik dairədə deyil, daha geniş bir arealda yayılmasına xidmət idi.
Bakıda bir araya gələn beynəlxalq türkoloqlar ailəsi 1928-ci ildə Özbəkistanın o vaxtkı paytaxtı Səmərqənddə özlərinin II qurultayına toplaşmaq haqda qərar qəbul etmişdilər. Amma nə iki il, nə on iki il sonra, nə də sonrakı onilliklərdə türkoloji forum keçirmək mümkün oldu. Əksinə, Bakı qurultayı başa çatandan az sonra bütün keçmiş Sovet İttifaqı miqyasında əsl "türkoloq ovu" başlandı.
İştirakçıların çoxu kimi yakut heyətinin üzvləri də sadəcə bu qurultaya qatılmaları ilə "türkçülük və millətçilik" ittihamı ilə repressiyaya uğradılar. Heyət başçısı, həbs edildiyi vaxt Sov.İK(b)P Mərkəzi Komitəsinin Şərqi Sibir və Uzaq Şərq üzrə kənd təsərrüfatı sektorunun müdiri vəzifəsində çalışan keçmiş SSRİ MİK üzvü, partiyanın X, XII və XV qurultaylarının nümayəndəsi, M.Ammosov və P.Oysunski ilə birlikdə Yakutiya Muxtar Respublikasının üç qurucusundan biri İsidor Barakov 1938-ci il sentyabrın 15-də saxta ittihamlar əsasında güllələnmişdi.
Millətçilikdə təqsirləndirilən A.Sofronov-Alampa 1934-cü ildə həbs olunub çar Rusiyasının sürgün yeri kimi istifadə etdiyi Yakutiyadan yaşam şərtləri daha dözülməz olan dalda bir guşəyə sürgünə göndərilmiş, növbəti il isə aclıq, xəstəlik və səfalət içində ölmüşdü. Müasir qırğız alimi Baybolot Abitov "Türkoloqların ilk qurultayı - repressiya olunan və güllələnənlər qurultayı" adlı yazısında Sofronov-Alampanın ölüm cəzasına məhkum edildiyini yazır. Amma bu, həqiqətə uyğun deyil. İvanov-Kondenin bəxti müəyyən qədər gətirmişdi. 1934-cü ildə, 36 yaşında həyatla vidalaşması onu həmkarlarının acı taleyindən - qurama ittihamlardan və "üçlüyün" labüd ölüm hökmündən xilas etmişdi.
Bəzən vaxtında ölmək də xilas yoluna, yaxud xoşbəxt sonluğa çevrilə bilir.
lll
Əlamətdar haldır ki, təmsilçiləri Bakı qurultayında iştirak edən ölkələr arasında Yakutiya birincilər sırasında elmi-siyasi forumun tarixi və nümayəndələrinin orada iştirakı ilə maraqlanmışdı. İsidor Baraxovun 100 illik yubileyinin keçiriliyi 1998-ci ildə onun Azərbaycan elmi-ədəbi ictimaiyyəti ilə qısa, lakin məhsuldar əlaqələrini araşdırmaq məqsədi ilə türkoloq-alim və yazıçı Yuri İvanoviç Vasilyev həm Moskvada, həm də Bakıda olmuşdu. 1926-cı ildə çəkilmiş və forumun son günü nümayiş etdirilmiş "Birinci Türkoloji qurultay" sənədli kino-xronikasının izinə düşən yakut alimi səfər zamanı Moskvada ekran əsərinin müxtəsər, Bakıda isə tam versiyası ilə tanış ola bilmişdi. Y.İ.Vasilyev bu münasibətlə yazırdı: "Kino-xronikanın tam, necə deyərlər, qayçı dəyməmiş variantını yalnız Bakıda tapa bildim. Kadrlarda dörd yerdə yakut heyəti də bütün üzvləri ilə əks olunmuşdu. Həmin gün mən uzaq cənub şəhərində, indi isə xarici ölkənin paytaxtına çevrilən Bakıda qismətinə doğma xalqın üç sevimli oğlunu, Yakutiyanın üç görkəmli ictimai-siyasi xadimini canlı insanlar kimi görmək səadəti yazılan ilk yakut oldum. Qətiyyən mübaliğəyə yol vermədən o günü həyatımın ən bəxtiyar günlərindən biri sayıram".
İ.Y.Vasilyev paytaxtımıza ikinci dəfə 2006-cı ildə, Türkoloji qurultayın 80 illiyi ərəfəsində, yakut nümayəndə heyətinin forumda iştirakı ilə bağlı ortaya çıxan sualları aydınlaşdırmaq məqsədilə gəlmişdi. Bakıda olduğu günlərdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan alimlərindən Adil Babayev, Buludxan Xəlilov, Tamella Əliyeva ilə görüşüb fikir mübadiləsi aparmışdı. Azərbaycan Milli Arxiv İdarəsinin rəisi mərhum Ataxan Paşayevin köməyi sayəsində Türkoloji qurultayın arxiv sənədləri ilə tanış olmuşdu. Topladığı materiallar əsasında elə həmin il Yakutskda "Yakut nümayəndə heyəti 1926-cı il Birinci Bakı Ümumittifaq Türkoloji qurultayında" adlı broşüra nəşr etdirmiş, kino-xronikanın yakut variantını hazırlamışdı.
Səmərəli keçən Bakı səfəri ilə bağlı Y.İ.Vasilyev yazmışdı: "Bakı qurultayı yakut-Saxa xalqının dilinin, yazısının, ədəbiyyatının, mədəniyyətinin, nəhayət ölkəmizdə türkologiya elminin inkişafında, dost və qardaş xalqlarla qarşılıqlı əlaqələr qurulmasında mühüm rol oynadı, bizim gənc respublikanın geniş ümumittifaq və beynəlxalq arenaya ilk rəsmi çıxışına çevrildi".
Bu qiymətlə razılaşmamaq qeyri-mümkündür.
P.S. Nəhayət, yüz il əvvəl ölkəmizə qonaq gəlmiş ilk yakut heyətinin nağıl kimi yaddaşa hopan Bakı səfəri başa çatdı. Qurultayın bağlanış mərasimi martın 6-da keçirildi. İştirakçıların şərəfinə vida ziyafəti verildi. Ertəsi gün axşam yola düşən yakut qonaqlar üçünsə şəhər turu təşkil edildi. "Bizim gözəl avtomobilimiz gəldi və üçlükdə Bakı gəzintisinə çıxdıq", - deyə A.Sofronov gündəliyində yazmışdı. - Qara şəhərə (Xara kuorat) baxdıq. Burada binalar yastı-yapalaq, küçələr çirklidir. Sonra neft mədənlərinə apardılar. Nəhəng maşınlar. Durmadan işləyən adamlar. Yerin təkindən neft çıxarırlar. Kerosin iyi. Bir sözlə, çox şey gördük. Amma yalnız bayır tərəfdən. Uca hasarların bu tayında heç nə haqda təsəvvürümüz olmadan yaşayırıq. Bakı fevralın 3-dən martın 7-si, axşamüstü saat 18.10-a qədər qaldıq".
Şəhər öz yerində. Bakı qurultayında iştirak nəticəsində isə yakutlar bağlı qapıları açmış, hasardan keçib türkoloqlar sırasında haqq etdikləri yeri tutmuşdular.
Oktyabr, 2025-ci il. Sarayevo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 17 Noyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















