Parçalanmış xalqı birləşdirən ədəbiyyat
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Pərvanə MƏMMƏDLİ
Güney Azərbaycan ədəbiyyatı müxtəlif tarixi mərhələlərin çətin sınaqları içində və ikiqat basqı altında formalaşıb. 1920-ci illərdən üzü bəri Rza şahın "dil yasağı" siyasəti Azərbaycan türkcəsini evlərdə gizlədilən bir mədəniyyətə çevirmişdi. Ancaq gizlədilmiş bu mədəniyyət güclü köklərə görə yox ola bilmədi. Və siyasətin bacarmadığı işi ədəbiyyat öhdəsinə götürmüşdü.
1941-ci ildə sovet qoşunlarının İrana daxil olması ilə Azərbaycan xalqının tarixi taleyində yeni bir mərhələ açıldı. Arazın iki tərəfində uzun illər bir-birindən ayrı düşmüş insanlar arasında ilk dəfə canlı ünsiyyət yaranırdı. Bu, sadəcə siyasi hadisə deyildi, həm də milli yaddaşın oyanışı idi.
1941-46-cı illərdə Demokratik ədəbiyyat mərhələsi gəldi. Bu dövrdə senzurasız söz, sosial mövzular, fəhlə və kəndli həyatının bədii obrazları, ana dilli nəşrlər ön plana çıxdı. İlk dəfə aşıq ədəbiyyatı da siyasi çalar aldı. Bu, Güney ədəbiyyatında azadlıq nəfəsinin qısa, amma dərin iz buraxdığı bir mərhələ idi.
Pəhləvi dönəmində hüzn, məhrumiyyət, qorxu, yadlaşma ədəbi üslubun aparıcı xüsusiyyətlərinə çevrildi. Ancaq məhz bu kədərli ədəbiyyat Şəhriyar, Məhəmməd Biriya, Əli Fitrət, Mir Mehdi Etimad, Həbib Sahir, Bulud Qaraçurlu Səhənd, Həsən Məcidzadə Savalan, Haşım Tərlan, həmçinin yüzlərlə adı az tanınan şairin yaradıcılığında gələcək azadlıq arzularının toxumlarını qorudu.
Onlar öz poeziyalarında xalqın ikiyə bölünmüş taleyini ifadə edirdilər və yaradıcılıqlarında "yarım qalan vətən", "itirilmiş torpaq", "əsir dil" kimi obrazlar dəfələrlə təkrarlanırdı.
Üstəlik də, sovet qoşunlarının tərkibində Güneyə gedən ziyalılar həm təbliğatçı, həm də mədəni körpü rolunu oynadılar. Onların fəaliyyəti xalq arasında bir ümid oyatmışdı: sanki Azərbaycanın parçalanmış torpaqları yenidən birləşəcəkdi.
Amma bu ümid qısa müddətli bir illüziya idi. Nə Sovetlər Birliyi ilə İran arasında bağlanmış müqavilə, nə də beynəlxalq aləmin maraqları Güney Azərbaycanın siyasi müstəqilliyini tanıyırdı. Dünya gücləri üçün bu məsələ milli azadlıq ideyası yox, geosiyasi balans məsələsi idi. Beləliklə, tarixi reallıq şairlərin romantik ümidlərinin üstünə sərt bir kölgə saldı. Ədəbiyyatın üzərinə isə yeni bir vəzifə düşdü: siyasi müstəqilliyi təmin edə bilməyən xalqın ruhunda bu ideyanı yaşatmaq.
1946-cı ildə Milli Hökumətin süqutu və Pişəvərinin faciəli sonluğu Güney ədəbiyyatında yeni bir mərhələ açdı. Minlərlə ziyalı, yazıçı və şair Quzeyə - Sovet Azərbaycanına mühacirət etdi. Bu mühacirət sadəcə siyasi yox, həm də ədəbi mühitin taleyini dəyişən hadisə idi.
Balaş Azəroğlu, Seyid Cəfər Pişəvəri, Əli Tudə, Mədinə Gülgün, Söhrab Tahir, Məhəmməd Bi-riya, Qəhrəman Qəhrəmanzadə, Həkimə Billuri, İsmayıl Cəfərpur, Abbas Pənahi Makulu, Həmid Məmmədzadə, Qulamhüseyn Beqdeli, Həmzə Fəthi Xoşginabi, Qasım Cahani, Əbülfəz Hüseyni, Qafar Kəndli, Mirəli Mənafi, Aşıq Hüseyn Cavan və başqaları artıq Azərbaycan SSR-də ədəbi mühitin ayrılmaz hissəsinə çevrildilər. Onların poeziyası milli həsrətin, qürbətin, parçalanmanın və eyni zamanda ümidin poeziyası idi. Güneyli şairlər öz şeirlərində Güney mövzusunu daim gündəmdə saxladı, onu Quzey oxucusunun milli yaddaşına çevirdi.
Bu mərhələdə Quzey ədəbiyyatı ikili məna qazandı: bir tərəfdən sosialist realizminin çərçivəsində formalaşır, digər tərəfdən mühacir şairlərin gətirdiyi həsrət, azadlıq və qovuşma motivləri ilə yeni nəfəs alırdı. Bu, ədəbiyyatı daha emosional, həm də daha milli etdi.
Güney ədəbiyyatının ən mühüm xüsusiyyətlərindən biri - mədəni müqavimət ədəbiyyatı olmasıdır. Şairlər üçün yazmaq sadəcə estetik akt deyil, həm də milli varlığı qoruma vasitəsi idi.
Hər iki məkanda Azərbaycan dili ədəbiyyatın mərkəzi elementinə çevrildi. Quzeydə artıq rus dilinin təsiri hiss olunurdu, amma Güneydən gələn şairlər milli dili qoruyaraq, tarixi və etnoqrafik çalarları əsərlərində təqdim edirdilər. Bu, həm dil, həm də milli kimlik üçün möhkəm bünövrə yaratdı.
Quzey-Güney ədəbiyyatının təmaslarına gəldikdə Süleyman Rüstəmin "Cənub şeirləri"ndə nostalji, həsrət və qardaşlıq motivləri ön plandadır. Səməd Vurğunun poeziyasında Güney məsələsi daha çox romantik bir amal kimi qaldırılırdı. Rəsul Rza isə mövzunu bir qədər simvolik və fəlsəfi üslubda işləyirdi.
Tənqidi baxımından burada bir həqiqət görünür: müxtəlif üslub fərqlərinə baxmayaraq, Şimal şairləri milli duyğunu öz poeziyasına gətirməklə Quzey-Güney arasında mənəvi bir körpü yaradırdılar.
Bu körpü siyasi baxımdan yarımçıq idi, amma ədəbiyyat müstəvisində bütöv bir "milli mənzərə" formalaşdırdı. Güneydə üsyan və həsrətdən yazılırdısa, Quzeydə həmrəyliyin poetik sədası eşidilirdi.
O dövrdə Güney Azərbaycan ədəbiyyatında baş verən yeniləşmə prosesi yalnız ədəbi bir mərhələ deyildi; bu, bütöv bir millətin tarixi özünüdərkinin, mübarizə iradəsinin və azadlıq idealının sözə çevrildiyi dərin mənəvi silkələnmə idi. O illərin ictimai-siyasi təlatümləri, xalqın azadlıq nəfəsinə duyduğu ehtiyac və maariflənmə arzusu gənc və yetkin qələm sahiblərini eyni bir hədəfə doğru aparırdı: milli varlığın qorunması və gələcək nəsillərə ümidin ötürülməsi. Bu baxımdan 1941-1946-ci illərin ədəbiyyatı həm sənəd, həm xatirə, həm də mübarizə manifesti kimi qiymətləndirilə bilər.
Bu mərhələ, bir tərəfdən, İran daxilində baş verən siyasi dəyişikliklərin yaratdığı müvəqqəti nisbi azadlıq fonunda milli mədəniyyətin yenidən qurulmasını təmin etmiş, digər tərəfdən isə 21 Azər hərəkatının yüksəliş və süqut prosesinin ədəbi təfəkkürə birbaşa təsir göstərdiyi tarixi dövr kimi çıxış etmişdir. Ədəbiyyatın nəsr, poeziya və mətbuat qollarının paralel inkişafı janrlararası qarşılıqlı təsirlə müşayiət olunurdu.
Azadlıq və milli kimlik ideyalarının ədəbiyyata daxil olması təsadüfi deyildi. 1940-cı illərdən etibarən Güney Azərbaycan mətbuatı - xüsusilə "Azərbaycan" qəzeti - yeni ədəbi prosesin əsas tribunasına çevrildi. Qəzetin səhifələrində dövrün ədəbi mühitinə rəhbərlik edən gənc və istedadlı qələm sahiblərinin çıxışları cəmiyyətə həm mənəvi stimul verir, həm də düşüncə sərhədlərini genişləndirirdi. Bu yazılarda "millət", "azadlıq", "maarif", "kimlik" kimi anlayışların işlədilməsi o dövr üçün cəsarətli addım idi. S.C.Pişəvərinin yazdığı bir məqalədə işlətdiyi "Xalq öz sabahının memarıdır. Millətin sabahını qaranlıqdan işığa çıxaracaq yol yenə millətin öz əlindədir" fikri sadə siyasi çağırış deyil, həm də millətin psixoloji dirənişini gücləndirən mədəni manifest idi. Bu kimi fikirlər cəmiyyətə yalnız siyasi mesaj deyil, həm də böyük bir mənəvi dəstək verirdi.
Mətbuat ədəbi prosesin təkcə yayım vasitəsi deyil, həm də ideoloji laboratoriyası rolunu oynayırdı.
Bu tarixi şəraitdə formalaşmış yeni yazıçı nəsli milli ədəbiyyatın simasını dəyişdi. Əli Fitrət, Çavuşoğlu, Niknam, Balaş Azəroğlu, Əli Tudə, Hökumə Billuri, Mədinə Gülgün kimi sənətkarlar azadlıq ideyasını yalnız poetik obrazlarla deyil, həm də ictimai düşüncənin dərin qatları ilə əlaqələndirərək təqdim edirdilər. Onların əsərlərində xalqın yaşadığı tarixi təlatümlər fərdi talelərin prizmasından keçir və bədii ümumiləşməyə çevrilirdi.
O dövrdə yetişən yeni nəsil yazıçı və şairlər öz mövqeləri ilə ədəbiyyatı ictimai proseslərin mərkəzinə gətirdilər. Balaş Azəroğlunun bir şeirində yer alan "Azadlığın səsi küçəmizdən keçmədi, amma ürəyimizdən heç çıxmadı" misrası həmin dövr insanının ruh halını olduqca aydın şəkildə ifadə edirdi. Əli Tudə, Hökumə Billuri, Söhrab Tahir, Mədinə Gülgün kimi sənətkarlar isə bir tərəfdən xalqın sevinc və sədaqətini, digər tərəfdən onun çəkdiyi məhrumiyyətləri sənətkarlıqla təsvir edirdilər. Çox sonralar bu əsərlər həm Güneydə, həm də Şimalda milli yaddaşın formalaşmasına güclü təsir göstərdi.
Bu dövrün mühüm hadisələrindən biri də xatirə ədəbiyyatının geniş yayılması idi. Xatirələr yalnız şəxsi təcrübələrin toplusu deyil, eyni zamanda tarixi proseslərin daxildən görünüşünü əks etdirən mənbələr idi. Səttərxanla bağlı yazılan xatirələrdə müəlliflər bəzən gizli keçirilən iclaslardan, bəzən də qadağan olunmuş bir kitabı əldə etmək üçün insanların gecəyarısı küçələrdə bir-birinə pıçıldaşmasından söz açırdılar. S.C.Pişəvərinin "Zindan xatirələrində" rast gəlinən "şeirimi dəftərə yazmağa cəsarət etmədim, çörək kağızına köçürüb palto ciblərimdə gəzdirirdim" kimi qeydlər həmin dövr əhvalının həm dramatizmini, həm də dirəniş gücünü üzə çıxarır. Bu mətnlər ədəbi-tarixi yaddaşın əsas komponentlərindən biri idi.
Azadlıq ruhu ilə yazılan bu əsərlər yalnız həmin dövrün deyil, sonrakı nəsillərin də mənəvi təcrübəsini formalaşdırdı. 1950-70-ci illər ədibləri öz yaradıcılıqlarında tez-tez əvvəlki nəslin qoyub getdiyi mirasa istinad edir, həmin ənənəni davam etdirirdilər. Şair Əli Tudə Milli Hökumət dövrü ilə yazdığı "Öz gözlərimlə" adlı xatirə kitabında belə yazırdı: "Bizim qələmimizdəki güc özümüzün gücü deyildi; o, bizdən əvvəl susanların üsyanından gəlirdi".
Bu ədəbi prosesin mühüm cəhətlərindən biri də Şimal və Güney arasındakı ədəbi əlaqələrin güclənməsi idi. Quzeyə mühacirət edən sənətkarlar burada yeni ədəbi mühitlə qarşılaşır, eyni zamanda özləri ilə Güney ədəbiyyatının demokratik ruhunu gətirirdilər. Onlar həm Şimal ədəbiyyatını zənginləşdirir, həm də Güneyin milli dərdini və azadlıq mübarizəsini daha geniş coğrafiyaya çatdırırdılar. Bu əlaqələr Azərbaycan ədəbiyyatında vahid milli xəttin formalaşmasına ciddi təkan verdi.
Həmin dövrün ədəbi mühiti ümumilikdə bir ümid üzərində qurulmuşdu. Bu ümid nə qədər çətinliklər olsa da, gələcəyi dəyişə biləcəyinə inanan bir xalqın psixoloji dayaq nöqtəsinə çevrilmişdi. Bu ədəbi xətt 1950-60-70-ci illər nəsli tərəfindən davam etdirildi və Güney Azərbaycan ədəbiyyatının 70 ildən çox inkişaf proqramına çevrildi. Bu davamlılıq ədəbiyyatın təkcə dövrün məhsulu olmadığını, həm də tarixi proseslərin hərəkətverici qüvvəsinə çevrildiyini göstərir.
1941-1946-cı illər Güney Azərbaycan ədəbiyyatı azadlıq ideyalarının formalaşdığı, milli özünüdərk prosesinin gücləndiyi və yeni ədəbi cərəyanların meydana çıxdığı bir mərhələ olaraq yalnız həmin dövrün deyil, bütün sonrakı nəsillərin mədəni yaddaşının təməllərindən birini təşkil edir. Bu ədəbiyyat həm tarixi həqiqətləri bədii dillə danışan salnamə, həm də milli ruhu dirçəldən mənəvi məktəb idi və bu xüsusiyyətləri ilə bu gün də öz elmi və mənəvi aktuallığını qorumaqdadır
Beləliklə, bu ədəbi istiqamət yalnız bir ədəbi məktəb yaratmadı, həm də Güney Azərbaycan xalqının 70 ildən çox davam edən milli özünüdərk prosesinə güclü təkan verdi. Bu əsərlər xalqın yaddaşını bir məqsəddə birləşdirdi: azadlıq arzusu, milli kimlik duyğusu və gələcək nəsillərə ümid. Onlar həm sənət nümunəsi, həm tarixi salnamə, həm də mənəvi dirəniş kitabəsi kimi bu gün də öz aktuallığını qorumaqdadır.
Viktor Hüqonun dediyi kimi, hər siyasi inqilabın arxasında mədəni inqilab dayanır. Azərbaycan xalqının siyasi tarixi bəzən məğlubiyyətlərlə, yarımçıq qalan hərəkatlarla yaddaşımıza yazılsa da, mədəni inqilab - yəni ədəbiyyat - xalqın ruhunu qorudu. Bu gün də Güney və Quzey ədəbiyyatı bir-birini tamamlayan iki qanad kimi bütöv milli mədəniyyətin uçuşunu təmin edir.
ProfessorYaşar Qarayevin haqlı olaraq qeyd etdiyi kimi, bu milləti bu günə qədər siyasi şüarlar deyil, poeziya birləşdirib. Araz çayı torpaqları ayırsa da, poeziya ürəklərin arasındakı Araza çevrilməyə imkan vermədi. Bir xalqın iflici məhz bu ədəbi damarların kəsilməsi ilə baş verə bilərdi. Lakin o damar yaşadı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 18 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















