Paşinyan bir ayda 3 dəfə Rusiyaya gedəcək: Moskva İrəvandan nə istəyir?
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında üç dəfə Rusiyaya səfər edəcək. O, dekabrın 3-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək, ayın 11–12-də Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında, dekabrın 22-də isə Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsindəki görüşlərdə iştirak edəcək.
Paşinyanın bir ay ərzində Rusiya ilə bu qədər intensiv təmasları Ermənistanın xarici siyasət kursu və regiondakı geosiyasi proseslər fonunda diqqət çəkir.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabr ayında Rusiyaya üç dəfə səfər etməyi planlaşdırması İrəvanın xarici siyasətində yeni və mürəkkəb mərhələnin başlandığından xəbər verir:
"Dekabrın 3-də Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən görüş, eləcə də ay ərzində Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində keçiriləcək müzakirələr Ermənistanın Moskva ilə münasibətlərinin gələcək xarakterinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Lakin burada əsas məsələ səfərlərin intensivliyi deyil, İrəvanın fərqli strateji istiqamətlər üzrə üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə uzlaşdıra bilməsidir”.
Onun sözlərinə görə, Ermənistan son illərdə Avropa İttifaqına inteqrasiya kursunu gücləndirsə də, Rusiya ilə iqtisadi və institusional bağlılığını qoruyub saxlayır:
"Rusiya bazarının Ermənistan ixracatında xüsusi çəkisi, ölkənin enerji sektorunda və strateji infrastrukturunda Moskvanın mövqeyi, eləcə də Avrasiya İqtisadi İttifaqına üzvlük İrəvanın manevr imkanlarını məhdudlaşdıran əsas amillərdir. Avropa ilə siyasi yaxınlaşma hələlik Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrinə real alternativ formalaşdırmayıb. Bu baxımdan Moskvanın qarşıdakı danışıqlarda İrəvandan xarici siyasət prioritetlərinə daha çox aydınlıq gətirməsini gözləməsi mümkündür. Rusiya rəhbərliyi dəfələrlə Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına eyni vaxtda üzvlüyün mümkün olmadığını bildirib. Paşinyanın isə 2027-2028-ci illərdə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etmək niyyətini açıqlaması bu ziddiyyəti daha da aktuallaşdırır".
Deputat bildirib ki, Moskvanın təsir imkanları yalnız siyasi mexanizmlərlə məhdudlaşmır:
“Ermənistan məhsullarının Rusiya bazarına çıxışı ilə bağlı son aylarda yaranmış problemlər iqtisadi asılılığın siyasi münasibətlərə necə təsir göstərə biləcəyini nümayiş etdirir. Enerji resurslarının qiyməti, yeni atom elektrik stansiyasının inşası, dəmir yollarının konsessiya əsasında idarə olunması, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun gələcəyi danışıqların potensial mövzuları sırasındadır. Bununla belə, Moskvanın görüş üçün konkret ilkin şərtlər irəli sürdüyü barədə təsdiqlənmiş məlumat yoxdur”.
Deputatın fikrincə, xüsusi diqqət yetirilməli məsələlərdən biri Ermənistanın dəmir yolu infrastrukturunun gələcəyidir:
"Paşinyan artıq Rusiya Dəmir Yolları şirkətindən infrastrukturun modernləşdirilməsi üçün konkret investisiya təklifləri gözlədiyini, əks halda alternativ investorların axtarılacağını bildirib. Bu məsələ TRIPP layihəsinin praktiki icra mərhələsinə keçməsi fonunda daha geniş regional məzmun kəsb edir. Noyabrın 26-da Ermənistan hökumətinin TRIPP Development Company şirkətinin yaradılmasına dair səhmdar sazişini təsdiqləməsi, şirkətdə ABŞ tərəfinin 74 faiz paya malik olmasının nəzərdə tutulması regionun nəqliyyat arxitekturasında yeni institusional reallığın formalaşdığını göstərir. Belə bir şəraitdə Moskvanın məqsədlərindən biri Ermənistanın nəqliyyat sistemində mövcud mövqelərini qorumaq və yeni regional logistika şəbəkəsindən kənarda qalmamaq ola bilər”.
Sevinc Fətəliyeva əlavə edib ki, əslində, kommunikasiyaların açılması Rusiyanın iqtisadi maraqlarına da cavab verə bilər:
"Azərbaycan ərazisindən Ermənistana Rusiya yüklərinin daşınması artıq regional əməkdaşlığın praktiki faydasını təsdiqləyir: Dublin görüşündə qeyd olunduğu kimi, 2025-ci ilin noyabrından bəri Azərbaycan ərazisi vasitəsilə Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Yeni nəqliyyat imkanlarına geosiyasi rəqabət deyil, iqtisadi əməkdaşlıq prizmasından yanaşma isə Moskva da daxil olmaqla bütün tərəflər üçün daha səmərəli nəticələr verə bilər. Azərbaycan üçün isə prinsipial məsələ Ermənistanın digər dövlətlərlə münasibətlərinin xarakteri deyil, üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə sadiq qalmasıdır. 2025-ci il avqustun 8-də əldə edilmiş Vaşinqton razılaşmaları, noyabrın 12-də Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilmiş Dublin görüşünün nəticələri sülh prosesinin artıq konkret iqtisadi və infrastruktur məzmunu qazandığına dəlalət edir. Sərhədlərin delimitasiyası, ticarət əlaqələrinin inkişafı, TRIPP marşrutunun layihələndirilməsi bu prosesin praktiki istiqamətləridir. Lakin müsbət dinamika arxayınlığa əsas verməməlidir. Sülh sazişinin imzalanması üçün zəruri hüquqi zəminin yaradılması, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialara hüquqi müstəvidə son qoyulması və Naxçıvanla maneəsiz nəqliyyat bağlantısının təmin edilməsi öz aktuallığını qoruyur. Ermənistanın Moskva ilə münasibətlərində əldə edə biləcəyi hər hansı razılaşma bu öhdəliklərin icrasını ləngitməməlidir".
Deputat qeyd edib ki, Paşinyanın manevr imkanlarının genişlənməsi, əslində, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasından da əhəmiyyətli dərəcədə asılıdır. Regional kommunikasiyaların açılması İrəvanın iqtisadi asılılığını azaltmaq, yeni bazarlara çıxışını təmin etmək və daha müstəqil xarici siyasət yürütmək üçün real imkanlar yarada bilər.
“Dekabr danışıqlarının nəticələri Ermənistan-Rusiya münasibətlərində taktiki yumşalmaya səbəb ola bilər. Lakin strateji ziddiyyətlərin aradan qalxması daha fundamental qərarların qəbulunu tələb edir. Ermənistanın qarşısındakı əsas seçim Moskva ilə Brüssel arasında deyil, xarici güclərdən asılılığın davam etdirilməsi ilə regional əməkdaşlığa əsaslanan müstəqil inkişaf modelinin formalaşdırılması arasındadır. Cənubi Qafqazda dayanıqlı sülh isə geosiyasi rəqabətin deyil, qarşılıqlı maraqların və dövlətlərarası öhdəliklərə hörmətin üzərində qurulmalıdır” - deyə, millət vəkili vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 27 Noyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















