Paşinyan gələn il hakimiyyəti itirə bilər
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkənin ikinci böyük şəhərinin nəzarətdən çıxması yaxınlaşan məğlubiyyətin mesajıdır
Martın 30-da Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə və Sərdarabad vilayətinin (haylar bu tarixi Azərbaycan torpağını “Armavir” adlandırırlar – S.H.) Parakar genişləndirilmiş icmasında keçirilən mer seçkilərinin hakim “Mülki müqavilə” partiyasının məğlubiyyəti ilə başa çatması ölkədə geniş müzakirə edilməkdədir. Nəticələr müxalifət siyasi düşərgəsində canlanma yaradıb. Hakimiyyətin isə qayğılarını və narahatlıqlarını artırıb. İqtidar düşərgəsi bu seçkilərə gələn ilin iyununda baş tutacaq növbəti parlament seçkilərinin məşqi kimi baxırdı. Görünən odur ki, gələn ay hakimiyyətə gəlişinin yeddinci ili tamam olacaq iqtidar bu dəfə sınaqdan çıxa bilməyib.
Qeyd edək ki, seçkilərin yekun nəticələri Ermənistan mərkəzi seçki komissiyası tərəfindən aprelin 6-da açıqlanıb. Aydın olub ki, Gümrüdə səsvermədə 47 min 434 seçici iştirak edib. Seçici fəallığı 42 faizdən bir qədər çox olub. Nəticələrə əsasən hakim “Mülki müqavilə” partiyası Ağsaqqallar şurasında 14 mandat qazanıb. İkinci yerdə 8 mandatla Ermənistan Kommunist Partiyası qərarlaşıb. “Ana Ermənistan” bloku 2 mandat, “Bizim şəhər” bloku 6 mandat, “Mənim güclü icmam” partiyası isə 3 mandat alıb.
Parakar genişləndirilmiş icmasında səsvermədə 11 min 528 seçici iştirak edib. Seçici fəallığı təxminən 55 faiz təşkil edib. Səsvermənin nəticələrinə görə, “Mülki müqavilə” “Birlik” blokuna uduzub. Beləliklə, hakim qüvvə 7, blok isə 12 mandat əldə edib. “Milli tərəqqi” partiyası 3 mandatla üçüncü yerdə qərarlaşıb.
Məlum olduğu kimi, Gümrüdə “Mülki müqavilə”nin namizədlər siyahısına başçılıq edən şəhər meri vəzifəsinin müvəqqəti icraçısı Sarik Minasyan hakimiyyəti təkbaşına formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib. Müxalifətin namizədi, yəni Kommunist Partiyasının siyahısına rəhbərlik edən və müxalifət arasında ən çox səs toplayan şəhərin keçmiş meri Vardan Qukasyan isə müxalif rəqiblərindən də dəstək qazanıb. Nəticədə şəhərə rəhbərlik etmək imkanı əldə edib. Parakarda keçirilən seçkilər də hakimiyyət üçün eyni dərəcədə uğursuz olub. Burada “Birlik” blokunun lideri və “Həyat üçün ölkə” partiyasının üzvü Volodya Qriqoryan icmanın hazırkı rəhbəri və “Mülki müqavilə”nin üzvü Lüdviq Gülnazaryan üzərində qələbə qazanıb.
Yaranmış vəziyyət baş nazir Nikol Paşinyanı gələn il keçiriləcək seçkilərdə də eyni aqibəti yaşamamaq üçün hərəkətə keçməyə sövq edib. O, adətən, iş gününün sonunda partiyasının qərargahına gedir, burada tərəfdarları ilə saatlarla müzakirələr aparır. Məqsəd parlament seçkilərində məğlubiyyətin qarşısını almaqdır. Ancaq hakimiyyət düşərgəsi son vaxtlar təbəddülatlı günlərini yaşamaqdadır. Elə bir neçə ay öncə hakim partiyanın üzvü olan deputat Ovik Ağazaryanla bağlı baş verənləri yada salmaq kifayətdir. İndi isə iqtidar partiyasının üzvü olan daha bir deputat – Vilen Qabrielyanla bağlı oxşar proseslər yaşanır. Aprelin 8-də Qabrielyanın səlahiyyətlərinə rəsmən xitam verilib. Bu barədə protokolu respublika parlamentinin sədri Alen Simonyan imzalayıb.
Qabrielyan bir həftə əvvəl mandatdan imtina etməklə bağlı ərizə vermişdi. Ermənistan parlamentinin reqlamentinə görə, deputat bir həftə ərzində ərizəsini geri götürməzsə, ərizə qəbul edilmiş sayılır.
Maraqlıdır ki, bu məsələnin də kökü elə Gümrüdə hakimiyyət üçün uğursuz olan seçkilərə gedib çıxır. Qabrielyan martın 30-da şəhərdə seçkilər zamanı jurnalistlərin ünvanına bir sıra təhqiramiz ifadələr işlədib, o cümlədən söyüş söyüb. Onun həmin vaxt sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Daha sonra deputat sosial şəbəkədə paylaşım edərək davranışının yersiz olduğunu etiraf edib.
Bununla belə, V.Qabrielyan “Mülki müqavilə”nin idarə heyətinin üzvlüyünə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Onu da bildirək ki, deputat mandatından imtina edən Qabrielyan 2026-cı ildə hakimiyyətdə olmayacaqları ilə bağlı qalmaqallı açıqlama verib.
Mövcud durumu şərh edən siyasi texnoloq Vigen Akopyan “Sputnik Ermənistan” multimedia mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, “Mülki müqavilə” 2026-cı ildə hakimiyyəti itirmək təhlükəsini anlayır. V.Qabrielyanın gələn il hakimiyyətdə olmayacaqları ilə bağlı səs-küylü açıqlamasını şərh edən Akopyan deyib ki, sabiq deputatın bu fikirləri sərxoş vəziyyətdə söyləməsinə baxmayaraq, bu, orada hökm sürən əhval-ruhiyyəni düzgün əks etdirir: “Hakim partiya daxilində kamikadzeləri xatırladan və sona qədər getməyə hazır olan təxminən 7-8 nəfər fanatik, odioz fiqur var. Bununla belə, vəziyyəti az-çox adekvat qavrayanlar da mövcuddur. Onlar məhdud çevrədə, bir-iki qədəhdən sonra, necə deyərlər, içlərini boşalda bilirlər. Yəni ürəklərindən keçənləri deyirlər. Bu insanlar, bütövlükdə, ətrafda nə baş verdiyini anlayırlar. Onların yaxınları var ki, ətraflarında baş verənlərdən narazıdırlar. Vilen Qabrielyanın qalmaqallı bəyanatı da onun gələn il mümkün hakimiyyət dəyişikliyinin baş verəcəyini başa düşdüyünü nümayiş etdirir”.
Ekspert hesab edir ki, hakimiyyətin mümkün dəyişilməsindən həm də sosioloji sorğuların nəticələri xəbər verir: “Sorğular obyektiv və subyektiv səbəblərdən ictimai əhval-ruhiyyəni, təbii ki, tam çatdırmır. Lakin, buna baxmayaraq, mövcud tendensiyaların göstəricisidir. Bu sorğulara əsasən, “Mülki müqavilə”nin reytinqi, bütövlükdə, 12 faizə belə çatmır”.
Gümrü meri vəzifəsinə namizəd olmuş Ruben Mxitaryan da hakimiyyət dəyişikliyinin baş verməsinin gözlənildiyini bildirib. O, sosial şəbəkə hesabında yazıb: “Hamını təbrik edirik. “Mülki müqavilə” partiyası Gümrü və Parakarda layiq olduğu cavabı aldı. Müxalifət Gümrüdə heç kimə, necə deyərlər, suları bulandırmağa icazə vermədi. Mən müxalifətin digər üç namizədinə də minnətdaram. Ən əsası, hamımız göstərdik ki, prinsiplə yaşaya bilərik. Bizi qarşıda arzuolunan qələbələr gözləyir”.
Ermənistanın “Joxovurd” qəzeti isə siyasi dairələrdəki mənbəyə istinadən yazır ki, baş nazir Paşinyan yaxın vaxtlarda İrəvan meri Tiqran Avinyanla bağlı məsələni həll etmək niyyətindədir. Qəzet bildirib ki, Paşinyan hakim partiyadakı “Avinyan qanadını” zərərsizləşdirməyi hədəfləyir, çünki sentyabrda “Mülki müqavilə” yeni idarə heyətini seçəcək. Nəşrin yazdığına görə, aprelin 2-də Paşinyanın sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı mübarizə siyasəti şurasının iclasında QHT sektorunun nümayəndələrindən biri bəyan edib ki, korrupsiya mövzusunun müzakirəsinə “hökumətin ən görkəmli nümayəndəsi, İrəvan merinin korrupsiya mexanizmlərinə qarışması” ilə başlamaq daha düzgün olardı.
Bütün bunlar Ermənistanda siyasi hərarətin yaxın vaxtlarda daha da yüksələ biləcəyini göstərir. Hazırda hər iki tərəf seçkilərə hazırlaşır. Əgər Paşinyan iqtidarı yenidən xalqdan mandat almaq istəyirsə, Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində də səylərini gücləndirməlidir. Sazişin imzalanması iqtidarın xalqa Azərbaycanla sülhün əldə olunmasına dair verdiyi vədlərdən birini yerini yetirməsi demək olardı. Rəsmi İrəvan sülhün müsbət nəticələrini təbliğ etməldir. İqtidar Azərbaycanla son illərdəki müharibənin, Qarabağdakı itkilərin və revanşist ritorikanın cəmiyyətdə yaratdığı travmaları sağaltmalıdır. Eyni zamanda, revanşist ritorikanı zərərsizləşdirmək üçün daha çox ictimai diplomatiya aparmalıdır. Bir sözlə, öz cəmiyyətini sülhə hazırlamağa çalışmalıdır.
İlyas HÜSEYNOV,
politoloq
– Ermənistanda keçirilən son seçkilər kifayət qədər geniş müzakirə edilir. Ölkənin siyasi hakimiyyəti bunu demokratiyanın nəticələri kimi təqdim etsə də, yekunlar hakim siyasi qüvvə üçün heç də ürəkaçan deyil. Xüsusilə, Rusiyanın 102 saylı bazasının yerləşdiyi Gümrü şəhərində əldə olunan nəticələr bir qədər düşünməyə vadar edir. Belə görünür ki, Ermənistan barədə təhlillərimizdə ölkənin monolit olmaması və hələ də müxtəlif dövlətlərin Hayastan daxilinə nüfuzetmə reallıqları barədə fikirlərimiz öz təsdiqini tapır.
Digər tərəfdən, Paşinyanı hakimiyyətdə görmək istəməyən qüvvələr nəinki ölkə xaricindədir, ölkə daxilində də belə şəxslər çoxdur. Məğlubiyyət və uğursuzluqları Paşinyanın üstünə ataraq siyasi xallar qazanmağa çalışan qüvvələr hər kəsə məlumdur. Bu, nəinki sabiq hakimiyyət nümayəndələrinin cəmləşdikləri Qarabağ klanıdır, hətta vaxtilə Paşinyana dəstək verən, onun ətrafında olan qüvvələr də bu gün hakim dairələri tənqid edirlər. Hesab edirəm ki, əgər Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq qüvvə olacaqsa, o da vaxtilə Nikolla işləmiş şəxslərdir. Həmin şəxslər bir tərəfdən komandanın bütün daxili “mətbəxini” bilir, digər tərəfdən, bir sıra sirləri geniş ictimaiyyətə açmaqla ifşa kampaniyası nəticəsində Paşinyana qarşı reytinq qazana bilərlər.
Amma maraqlısı budur ki, bu gün “Real Ermənistan” ideologiyası ilə seçkiyə gedən Paşinyana inanan qüvvələr də çoxdur. Paşinyanı Baqrat Qalstanyan, yaxud “Daşnaksütyun” funksioneri İşxan Saqatelyan və ya Qarabağ klanının üzvləri, eləcə də birinci prezident Levon Ter-Petrosyan da devirə bilmir. Bacarsaydılar, bunu edərdilər. Söhbət yalnız növbətçi bəyanatlar verən və Paşinyanla televiziyada debata çıxmaqdan qorxan qüvvələrdən gedir. Bu da Nikola əlavə siyasi dividendlər qazandırır. İctimai rəyin nəticələri fərqli ola bilər. Mən ictimai rəylə işləyən bir analitik olaraq deyə bilərəm ki, burada bir sıra manipulyasiyalar da mümkündür. Ona görə də ölkə daxilində mövcud olan ab-hava, əhalinin vəziyyəti, sosial qayğılar və bu kimi məsələlər seçkilərdə həlledici olacaqdır.
Şübhəsiz ki, bunun Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə də təsiri var. Bizim üçün önəmli olan Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməsi və sülh müqaviləsini imzalamasıdır. Amma Ermənistanda hakimiyyət dəyişikliyi, siyasi böhran, ictimai narazılıqlar, narahatlıqlar da diqqət çəkən məsələdir. Ona görə də biz bu məsələlərə diqqət ayırır, onları təhlil edir və bölgədə dayanıqlı sülhün təmin olunmasına çalışırıq.
Səxavət HƏMİD
XQ

