Peşəkarlığa əsaslanan yeni İNKİŞAF MODELİ MEDİA nın 5 illik fəaliyyətinə KONSEPTUAL BAXIŞ
Icma.az, Bizim media saytına istinadən bildirir.
Müasir dünyada kütləvi informasiya vasitələrinin təsir dairəsi sürətlə genişlənir. Qlobal miqyasda informasiya müharibələrinin əsas alətlərindən birinə çevrilən media bu gün cəmiyyətlərin taleyinə birbaşa təsir göstərən güc mərkəzidir.
Eyni zamanda artıq dünya miqyasında medianın fəaliyyətində ciddi transformasiya dalğası müşahidə olunur. Ələxüsus da, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi və süni intellektin inkişafı fonunda informasiya axını yeni məzmun qazanıb.
Sözügedən vəziyyət operativlik baxımından müsbət görünsə də, keyfiyyət nöqteyi-nəzərindən müəyyən problemləri – “fake” informasiyaların daha sürətlə yayılması, cəmiyyətin yanlış məlumatlarla “zəhərlənmə”si – ortaya çıxarır.
Necə ki, əvvəlki illərdə ölkəmizdə ucuz sensasiya, “şok xəbər” üzərindən populyarlıq qazanmağa çalışan bəzi media subyektlərinin milli və dövlət maraqlarına təhlükə yaratdığı hallar da müşahidə olunurdu. Xüsusilə də, Vətən müharibəsinə qədərki dövrdə informasiya məkanında bu problemlər özünü daha qabarıq göstərirdi.
MEDİA-nın yaradılması zərurəti
Həmin dövrdə media sahəsində mövcud problemləri və institusional boşluqları aydın şəkildə görən Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atdı.
Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra prioritet məsələlərindən biri də milli mətbuatın yeni mərhələyə çıxarılması oldu. Çünki regionda və dünyada mövqelərini möhkəmləndirən, beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilən Azərbaycanın güclü, peşəkar və məsuliyyətli mediaya ehtiyacı var idi.
Məhz bu məqsədlə 2021-ci il yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 1249 nömrəli Fərman imzaladı. Fərmanın icrası Medianın İnkişafı Agentliyinə (MEDİA) həvalə olundu. Yeni yaradılan qurumun əsas məqsədi mətbuatın inkişafını dəstəkləmək, jurnalistika sahəsində peşəkar kadrlarının hazırlanmasına şərait yaratmaq, eləcə də media sahəsində innovativ texnologiyaların tətbiqini stimullaşdırmaq idi.
Beş illik fəaliyyətin nəticələri: stabil və peşəkar media mühiti
Ötən beş il ərzində MEDİA-nın fəaliyyəti nəticəsində ölkənin media mühitində ciddi və müsbət dəyişikliklər baş verib. İlk növbədə, informasiya məkanında sağlam və sabit vəziyyət formalaşıb. Jurnalistikanın peşəkar standartlarına riayət olunması, dövlətçilik maraqlarının və ictimai məsuliyyətin ön plana çəkilməsi artıq əsas tendensiyaya çevrilib.
Jurnalistlərin peşəkarlıq səviyyəsi də nəzərəçarpacaq dərəcədə artıb. Media işçiləri öz fəaliyyətlərində etik normalara, obyektivliyə və cəmiyyətin maariflənməsinə daha həssas yanaşırlar.
Eyni zamanda, MEDİA-nın keçirdiyi müsabiqələr və maliyyə dəstəyi mexanizmləri onlarla çap və elektron media subyektinin iqtisadi dayanıqlığını təmin edib. Agentliyin təşkil etdiyi seminarlar, treninqlər, media turları və digər tədbirlər jurnalistlər üçün fikir mübadiləsi, peşəkar ünsiyyət və yeni trendlərin mənimsənilməsi baxımından effektiv platformaya çevrilib.
Media reyestri: keyfiyyətə aparan yol
MEDİA-nın fəaliyyətində xüsusi əhəmiyyət daşıyan addımlardan biri də media reyestrinin yaradılması oldu. 2021-ci ilin oktyabrından fəaliyyət göstərən reyestr media sahəsində kəmiyyət və keyfiyyət göstəricilərinin sistemli şəkildə toplanmasına və təhlilinə imkan yaratdı.
Reyestr informasiya xarakterli elektron məlumat bazasıdır. Burada jurnalistlərin təhsil səviyyəsi, media subyektlərinin təsisçiləri, əməkdaşları və məsul redaktorları ilə bağlı statistik göstəricilər cəmlənir. Bu məlumatlar əsasında media mühitinin real vəziyyəti təhlil olunur.
Eyni zamanda, reyestrə daxil olmaq üçün müəyyən edilmiş tələblər peşəkarlığın yüksəlməsində mühüm rol oynayıb. Media prinsiplərinə əməl etməyən subyektlər bu sistemdən kənarda qalıb, peşəkar fəaliyyət göstərən redaksiyalar isə daha sağlam rəqabət mühiti əldə ediblər. Nəticədə media məkanı böyük ölçüdə qeyri-peşəkar fəaliyyətlərdən təmizlənib.
Jurnalistlər üçün sosial və iqtisadi imkanlar
MEDİA-nın mühüm nailiyyətlərindən biri də mətbuat orqanları və jurnalistlər üçün yaradılan sosial-iqtisadi imkanlardır. Onlardan biri də jurnalistlərin güzəştli ipoteka proqramlarına daxil edilməsidir. Bu addım təkcə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması deyil, eyni zamanda dövlətin bu peşə sahiblərinə verdiyi dəyərin göstəricisidir. Sosial ipoteka proqramları cəmiyyətin xüsusi diqqət göstərilən təbəqələri üçün nəzərdə tutulur və jurnalistlərin bu siyahıya daxil edilməsi ciddi sosial uğur kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, media subyektlərinin bir sıra vergilərdən azad edilməsi də sahənin iqtisadi dayanıqlığını gücləndirib. 2023-cü il yanvarın 1-dən etibarən media resurslarının əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri və dövlət tərəfindən ayrılan maliyyə yardımları üç il müddətinə mənfəət və sadələşdirilmiş vergilərdən azad olunub. 2026-ci il yanvarın 1-dən etibarən isə sözügedən güzəştlərin müddəti daha üç il uzadılıb.
Eyni zamanda, MEDİA tərəfindən mütəmadi olaraq təşkil olunan müsabiqələr və qaliblərin mükafatlandırılması həm media subyektləri, həm jurnalistlər üçün maddi dəstək olmaqla yanaşı, mənəvi stimul kimi də mühüm önəm kəsb edir.
Peşəkarlığın artırılması və media savadlılığı
MEDİA jurnalistlərin peşə bacarıqlarının artırılmasına xüsusi önəm verir. Agentlik tərəfindən mütəmadi olaraq müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir, beynəlxalq media təcrübəsinin öyrənilməsi üçün xarici mütəxəssislər bu prosesə cəlb olunur. Yeni media trendləri, rəqəmsal jurnalistika və dezinformasiyaya qarşı mübarizə, data jurnalistikası və süni intellektin imkanlarından düzgün istifadə mövzuları bu təlimlərin əsas istiqamətlərindəndir.
Bu fəaliyyətlər yalnız paytaxtla məhdudlaşmır, regionlarda çalışan jurnalistləri də əhatə edir. Regionlarda təşkil olunan seminarlar media mühitinin balanslı və kompleks inkişafına xidmət edir.
Bundan əlavə, media savadlılığının artırılması istiqamətində də mühüm addımlar atılır. Hər ilin dekabrında təşkil olunan də Media Savadlılığı Həftəsi çərçivəsində təşkil olunan tədbirlər həm jurnalistlər, həm də ictimaiyyət üçün əhəmiyyətli maarifləndirmə platforması rolunu oynayıb.
Şuşa Qlobal Media Forumlarının uğurlu təşkili
Məlum olduğu kimi, Şuşa Qlobal Media Forumunun keçirilməsi artıq ənənə halını alıb. Şübhəsiz ki, çox sayda qonağın qatıldığı bu cür böyük miqyasda tədbirin hər il mükəmməl şəkildə təşkil olunması MEDİA-nın fəaliyyətindəki ən böyük uğurlardan biridir.
Belə ki, 2023-cü ilin 21-23 iyul tarixlərində I Şuşa Qlobal Media Forumu təşkil olundu. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
2024-cü ilin iyulunda təşkil olunan II Şuşa Qlobal Media Forumuna isə 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.
2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunub. Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr qatılıb.
Prezident İlham Əliyev ənənəyə uyğun olaraq builki forumda da iştirak edib. Tədbir çərçivəsində dövlət başçısı xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb və geniş auditoriyaya mühüm mesajları çatdırıb.
Beynəlxalq əməkdaşlıq və regional tərəfdaşlığın inkişafı
MEDİA beynəlxalq media platformalarında fəal iştirak etməklə yanaşı, müxtəlif ölkələrlə media sahəsində əməkdaşlığın qurulmasına da xüsusi önəm verir. Geridə qoyduğumuz 2025-ci il isə MEDİA-nın fəaliyyətində beynəlxalq əməkdaşlıqların qurulması, inkişafı baxımından önəmli bir oldu. 
Ötən il Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Rumıniya kimi ölkələrlə media sahəsində əməkdaşlığın inkişafı yönündə mühüm addımlar atıldı. Eyni zamanda, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə bir çox xarici ölkə və təşkilatlarla dezinformasiyaya qarşı birgə mübarizəyə, informasiya məkanında əməkdaşlığa həsr olunan tədbirlər təşkil olundu.
Ötən il Bakıda təşkil olunan II Azərbaycan-Özbəkistan Media Forumu, “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu, Türk Dövlətləri Təşkilatının Media Forumu, Azərbaycan-Gürcüstan Media Forumu kimi tədbirlər isə dost və tərəfdaş ölkələrlə informasiya müstəvisində əməkdaşlığın inkişafında yeni səhifə açdı.
Peşəkar jurnalistikaya ayrılan diqqət
Geridə qoyduğumuz 2025-ci il Azərbaycan jurnalistikası üçün əlamətdar il idi. Belə ki, milli mətbuatımızın 150 yaşı tamam oldu. Mətbuatımızın yubiley ili dövlət səviyyəsində qeyd olundu. Prezident İlham Əliyev tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalandı.
Bundan əlavə, Dövlət başçısının Fərmanı ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edildi. İllərlə jurnalistika sahəsində peşəkar fəaliyyət göstərmiş, mətbuatımızın inkişafında əlindən gələni əsirgəməyən jurnalistlər sözügedən medalla təltif olundular. Təbii ki, bu peşəkar jurnalistlərə göstərilən diqqət və qayğının təzahürü olmaqla yanaşı, onların gələcək fəaliyyəti üçün stimul deməkdir.
MEDİA-nın “fake” xəbərlərə qarşı mübarizə mexanizmi
İnformasiyanın silaha çevrildiyi bir dövrdə saxta məlumatların tirajlanması hallarına tez-tez rast gəlinir. Xüsusən də, son dövlərdə dövlət qurumlarının, rəsmilərinin adından uydurulan xəbərlər sosial şəbəkələrdə yayılır.
Bu vəziyyət cəmiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, daha ciddi problemləri ortaya çıxarmaq potensialı daşıyır. Üstəlik, belə “fake” informasiyaların bəzən xarici ölkələrlə bağlı olması daha böyük problemlər yarada bilər. 
Məsələn, ötən il Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətləri ilə bağlı sözügedən saxta xəbələrin tirajlanması halları yaşandı. Lakin MEDİA sözügedən fake informasiyalarla mübarizədə operativ tədbirlər gördü. Agentlik dərhal zəruri açıqlamalar yayaraq həmin məlumatların həqiqəti əks etdirmədiyini ictimaiyyətə çatdırdı.
Süni intellektin yaratdığı yeni reallıqlar
Təqribən 10 il əvvəl sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına necə çevrilmişdisə, son iki ildə süni intellekt daha sürətlə buna nail oldu. Artıq məişətdən tutmuş, təhsilə, müxtəlif peşələrə qədər süni intellektin imkanlarından geniş şəkildə istifadə olunur.
Süni intellektin təsirinə ən çox məruz qalan sahələrdən biri də heç şübhəsiz jurnalistikadır. Süni intellekt xəbər istehsalı və informasiya axınının idarə olunmasında yeni yanaşmalar ortaya çıxarıb. Bu sahənin sürətli inkişafı media üçün yeni imkanlar yaratmaqla yanaşı, jurnalistlərin peşəkar məsuliyyətinin artmasını zəruri edir.
Medianın İnkişafı Agentliyi dövrümüzün zəruri çağırışlarını nəzərə alaraq, media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlar keçirir. Həmin seminarlar çərçivəsində informasiyanın toplanması, emalı və yayımında innovativ alətlərdən effektiv istifadə bacarıqları, süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə və doğruluq meyarlarına xüsusi diqqət yetirməyin vacibliyi ilə bağlı zəruri bilgilər media nümayəndələrinə çatdırılır.
Müasir çağırışlar fonunda dayanıqlı MEDİA modeli
Bütövlükdə, son beş il ərzində MEDİA-nın fəaliyyəti Azərbaycanda peşəkar, məsuliyyətli və dayanıqlı media mühitinin formalaşmasına mühüm töhfə verib. İnstitusional islahatlar, sosial-iqtisadi dəstək mexanizmləri, media savadlılığının və peşəkarlığın artırılması istiqamətində atılan addımlar informasiya məkanını daha da sağlamlaşdırmaqla yanaşı, dövlət-vətəndaş birliyinin güclənməsinə xidmət edir.
Qlobal çağırışlar, dezinformasiya təhlükələri və süni intellektin yaratdığı yeni reallıqlar fonunda MEDİA-nın fəaliyyəti milli maraqların qorunması ilə müasir jurnalistikanın tələbləri arasında balansın təmin olunmasına şərait yaradır. Bu isə Azərbaycan mediasının gələcək inkişafı üçün möhkəm əsas və strateji perspektiv deməkdir.


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Yanvar 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















