Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə TƏHLİL
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 11 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Zəfər Günündə xalqa təbrik nitqi tarixi Qələbənin əbədiləşdirilməsi ilə yanaşı, Azərbaycanın regionda yeni güc mərkəzi olduğunu bir daha nümayiş etdirir.
Dövlətimizin başçısı Vətən müharibəsinin nəticələrini xatırladaraq Azərbaycanın yeni geosiyasi reallıqlara əsaslanan strateji inkişaf kursunu önə çəkdi.
Mesajların əhəmiyyəti
Prezident İlham Əliyevin xalqa müraciətini bir neçə istiqamətdə təhlil etmək lazımdır.
Birincisi, Prezident İlham Əliyevin müraciətini Xankəndidən ünvanlamasına baxmaq olar. Bu, siyasi və simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır:
- 2020-ci ilin noyabrında əldə olunan hərbi-siyasi nəticələr 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra yeni mərhələyə keçdi;
- Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası prosesi tamamlandı;
- Xankəndi Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpasını simvolizə edən məkandır.
Xankəndidə Zəfər abidəsinin önündən səsləndirilən fikirlər həm də keçmişlə gələcək arasındakı fərqləri aydınlaşdırır. Dünən işğalın simvollarından biri kimi təqdim edilən şəhərdə bu gün Azərbaycanın dövlətçilik tarixinin və milli qələbəsinin rəmzləri formalaşdırılır.
Xüsusilə Zəfər Muzeyinin yaradılması ilə bağlı planlar diqqətəlayiqdir. Burada tarixi yaddaşın qorunması, gələcək nəsillərin siyasi şüurunun formalaşdırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə vurğu edilir.
İkincisi, Prezident İlham Əliyev Zəfəri təmin edən hərbi uğurlarla yanaşı, milli iradə, suverenlik və ideoloji bütövlük konsepsiyasına diqqət çəkir.
Bu mənada Azərbaycan Prezidentinin müraciətində 44 günlük müharibənin nəticələri təkcə ordunun texniki və hərbi üstünlüyü ilə izah edilmir. Ordu quruculuğu, müasir silahlarla təchizat, peşəkarlığın artırılması və hərbi təlimlər qələbənin mühüm şərtləridir. Lakin Prezident İlham Əliyevin təqdim etdiyi yanaşmada əsas amillərdən biri milli iradə və xalq-ordu birliyidir. Bu həmrəylik azərbaycançılıq məfkurəsinə əsaslanır.
Prezident İlham Əliyevin qeyd olunan istiqamətdəki fikirlərini aşağıdakı kimi göstərmək olar:
- Azərbaycançılıq ideologiyası bütün uğurlarımızın təməlində dayanan və vətəndaşlarımızı birləşdirən milli ideyadır;
- Ölkədəki bütün etnik qrup və dinlərin nümayəndələri həmrəylik içində bir ailə kimi yaşayırlar;
- Mövcud ictimai-siyasi sabitlik və cəmiyyətin vahid amal uğrunda birləşməsi cəmiyyəti gələcəyə aparan yoldur.
Prezident İlham Əliyev bildirib: “Mən bu gözəl bayram günündə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu qeyd etmək istəyirəm. Çünki ancaq böyük xalq əzab-əziyyətlərə baxmayaraq, 30 illik işğala baxmayaraq, - baxmayaraq ki, Ermənistanın arxasında dayanan böyük dövlətlər bizi hədələyirdi, - iradə göstərdi və mənə dəstək verərək Qələbəmizi şərtləndirdi”.
Üçüncüsü, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri Qələbənin siyasi və iqtisadi nəticələrinin möhkəmləndirilməsi deməkdir.
Prezident İlham Əliyev deyib: “İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik”.
Dördüncüsü, Prezident İlham Əliyev müharibədən öncə Azərbaycanın üzləşdiyi əsas problemlərdən biri kimi beynəlxalq siyasi mühitin yaratdığı reallıqlara toxunur.
Münaqişənin hərbi həllinin olmadığına dair mövqelər, status-kvonun qorunmasına yönəlmiş yanaşmalar və Azərbaycana təzyiq cəhdləri rəsmi Bakının siyasi manevr imkanlarını məhdudlaşdırmağa hesablanmışdı.
Dövlətimizin başçısı bildirib:
“Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi. Mən dəfələrlə bildirirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Əfsuslar olsun ki, mənim sözlərimi eşitmədilər və nəticə etibarilə xalqımız bir yumruq kimi birləşərək döyüş meydanında düşmənin belini qırdı, tarixi ədaləti, ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdi”.
Bu mənada Zəfər Azərbaycanın beynəlxalq münasibətlər sisteminə verdiyi hərtərəfli ismarışdır: ölkənin milli maraqları və suverenliyi kənar siyasi hesablamalardan asılı vəziyyətə salına bilməz.
Azərbaycançılıq ideyasının ön plana çəkilməsi
Azərbaycanın qazandığı Zəfər müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik və sülh anlayışlarını yenidən formalaşdırır. Ənənəvi hərbi arsenal və sərhədlərin qorunması ilə yanaşı, ideoloji bütövlük, ictimai həmrəylik, sosial dayanıqlıq və xarici təsirlərə qarşı müqavimət həlledici strateji əhəmiyyət daşıyır.
Zəfərin ən mühüm siyasi nəticələrindən biri də Azərbaycanın milli ideoloji dayaqlarını yenidən müəyyənləşdirərək dövlətçilik fəlsəfəsinin mərkəzinə yerləşdirməsidir.
Azərbaycançılıq ideyasının ön plana çəkilməsi xarici qüvvələrin etnik və dini ziddiyyətlər yaratmaq cəhdlərinə qarşı güclü institusional və ideoloji müdafiə mexanizminin formalaşmasına xidmət edir.
Etnik və dini ziddiyyətlərin geosiyasi rəqabət alətinə çevrildiyi və xarici güclərin cəmiyyətlərdə parçalanma xətləri yaratmağa çalışdığı indiki dövrdə milli həmrəyliyin qorunması təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir.
Prezident İlham Əliyevin xalqa müraciətində şəhidlərin xatirəsinin xüsusi yer tutması Zəfər konsepsiyasının mənəvi tərəfini də ön plana çıxarır. Qələbənin tarixi yaddaşda qorunması gələcək nəsillərin dövlətçilik şüurunun formalaşdırılması baxımından da vacibdir.
Müəllif – Aqşin Kərimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Noyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















