Problem sözü problem özü...
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Aydın ƏHMƏDOV
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim
Azərbaycanın təhsil sistemində indiyə qədər əldə edilmiş müsbət təcrübə, özünü doğrultmuş, müsbət nəticə vermiş sistem saxlanmalı, inkişaf etdirilməli və müasirləşdirilməlidir.
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri
Bəşəriyyət yaranandan bəri insanlar yaşadıqları dövr ərzində daim çeşid-çeşid müxtəlif problemlərlə üzləşib, qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq onların həyat qayğısına çevrilib. Məişətlə bağlı, eləcə də insanın ruhi aləminə və mənəviyyatına sarsıdıcı təsir edən problem və hadisələri nəzərə almasaq, elm, təhsil, mədəniyyət və iqtisadiyyatla, siyasət və yaradıcılıq fəaliyyəti ilə əlaqəli problemlər eyni zamanda inkişaf və tərəqqiyə ciddi təkan verən amillər kimi meydana çıxıb. Aqillər demişkən, "çətinliklər, problemlər həyatımızın bülöv daşıdır, biz onlara sürtünə-sürtünə itilənirik".
Dövlət müstəqilliyinin bərpa olunduğu ölkəmizdə təhsil sisteminin xalqımızın milli-mənəvi dəyərlərinə söykənən maarifçilik ənənələri ilə yanaşı, beynəlxalq aləmdə sınaqdan çıxmış mütərəqqi ideyalar, innovativ yanaşmalar üzrə inkişafı təhsil sahəsində dövlət siyasətinin əsasını təşkil edir. Bununla belə, köhnəlikdən yeniliyə transformasiya prosesində daha çox yenilikçi təcrübələrdən bəhrələnmək meylləri güclü olduğundan həm keçmiş dövrün müsbət sayıla bilən bəzi təhsil ənənələrinin unudulması, eləcə də hazırkı günümüzdə heç də az əhəmiyyət kəsb etməyən bir sıra məsələlərin diqqətdən kənarda qalması açıq etiraf olunmalıdır. Müdriklərdən birinin ibrətamiz fikridir ki, "İrəli getmək üçün tez-tez geri dönün".
Bu yazıda məqsəd ümumi təhsil sistemində düşündürücü əhvali-ruhiyyə yaradan bəzi məsələlərə nəzər salmaq və onları maraqlı tərəflərin müzakirəsinə təqdim etməkdən ibarətdir. Düzünə qalsa, əvvəllər həmin məqamlar barədə bugünkü fəhmlə düşünüb fikir yürütmək, sadəcə, mümkün deyildi, hazırda isə o məsələləri gündəmə çıxarmağı müasir zaman özü diktə edir.
Keçmiş şura hakimiyyəti zamanında ümumtəhsil məktəb şagirdləri yaş səviyyələri nəzərə alınmaqla uşaq təşkilatlarında (oktyabryat, pioner, komsomol) birləşdirilirdi. Təbii ki, bu, o dövrün ideologiyasına xidmət edən düşünülmüş siyasət olsa da, ədalət naminə etiraf etmək lazımdır ki, uşaqların inkişafına, ictimai tərbiyəsinə müsbət təsir göstərirdi. Fikrimizcə, həmin təcrübədən və hüquqi əsas kimi "Təhsil haqqında" ölkə Qanunundan (30.6-cı bənd) yaradıcı yararlanmaqla ümumtəhsil məktəblərində fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı (yaxud orqanları) tərəfindən təsdiq olunmuş əsasnamə ilə istiqamətləndirilən "Şagird birlikləri"nin yaradılması xeyli faydalı olardı. Bu "Birliklər" Azərbaycanın hər hansı bir tarixi şəxsiyyətinin, Vətən müharibəsi qəhrəmanının, yaxud şəhid və ya qazimizin, görkəmli alim, yazıçı, incəsənət xadiminin adını daşıması da daha effektli təsir gücünə malik ola bilər.
Hesab edirik ki, belə "Birliklər" yarandığı halda, məktəblərdə şagird fəallığının canlanması ilə yanaşı, həmin çərçivədə nəzərdə tutulan məqsədyönlü tədbirlər onlarda sağlam dünyagörüşünün, azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərin, müstəqillik, əməkdaşlıq, məsuliyyət və cavabdehlik hisslərinin, təşkilatçılıq, idarəçilik, müzakirə və sərbəst qərarqəbuletmə kimi şəxsiyyətyönlü bacarıqların formalaşmasında əhəmiyyətli rol oynayaqcaqdır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da qeyd olunur ki, ... "təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, ... valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarəolunmasını, müasir idarəetmə texnologiyasının prosesə tətbiqini tələb edir".
Digər bir məsələ. Məlumdur ki, hökumət qərarı ilə ümumi təhsilin səviyyələrinə ayrılan həftəlik ümumi dərs saatlarının bilavasitə məktəb rəhbərliyi tərəfindən sərbəst idarə edilməsi, yəni ümumi miqdar həddi daxilində bu və ya digər sinifdə təlim ehtiyacına görə fənlər arasında saat nisbətinin müstəqil müəyyənləşdirilməsi və bu əsasda çevik tədris planlarının hazırlanması barədə məktəb pedaqoji şurasının qərar qəbul etmək səlahiyyəti hələlik mövcud deyildir və bu məsələnin həlli, yəqin ki, gələcək illərin öhdəsinə düşür. Bununla belə, məktəblərin mövcud tədris planlarındakı bəzi fənlərin mövqeyinə müasir tələblərə uyğun yenidən baxılması məsləhət olardı.
Məsələn, ünsiyyət vasitəsi kimi ingilis dilinin cəmiyyət həyatında necə önəmli mövqe tutması, "ingilisdilliliyə" hansı səviyyədə əhəmiyyət verilməsi yaxşı məlumdur. Son zamanlar bu dildə anlaşmanı təmin edən texniki vasitələr meydana çıxsa da, düşünürük ki, ingilis dilində rabitəli nitq inkişafının məktəbəqədər və ümumi təhsil müəssisələrində diqqətdə saxlanılması vacib məsələ olaraq qəbul edilməlidir. Gələcəkdə bu dilin seçmə xarici dil statusundan çıxarılıb müstəqil fənn - "İngilis dili" adı ilə tədris planına salınması, uşaqların səmərəli öyrənmələri üçün fənnin tədrisində 25 və daha artıq şagirddən ibarət sinfin 3 (üç) yarımqrupa bölünməsi (əvvəllər belə təcrübə sınaqdan çıxarılmışdı), ibtidai siniflərdən etibarən fənnə ayrılan saatların artırılması imkanlarına baxılması məqsədəmüvafiq sayılardı.
Eyni yanaşmanı aralarında daxili vəhdət və harmoniya olan "Texnologiya", "Təsviri incəsənət", "Musiqi"yə də aid etmək mümkündür. Bunların hər üçü şagirdlərdə estetik mədəniyyətin, obrazlı təfəkkürün, analitik düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır. "Texnologiya" və "Təsviri incəsənət" fənlərini məqsəd baxımından birləşdirən həm də onların bir sıra bacarıq və səriştələri (fəza təfəkkürü, tərtibatçılıq, modelləşdirmə, ölçü, simmetriya, dizayn) təlqin etməsidir ki, həmin əlamət də bu iki fənn üzrə standartların inteqrasiya imkanlarını xeyli genişləndirir. Ona görə də mütərəqqi mahiyyət daşıyan STEAM təhsil yanaşmasının tərkib hissəsi olan incəsənət və texnologiyanı təmsil edən bu fənlərin də həftəlik dərs saatlarına yenidən baxılması az əhəmiyyətli məsələ deyildir.
Hesab edirik ki, ibtidai təhsil səviyyəsinin II, III, IV siniflərinin hər birində tədris dilinə həftədə 8 (səkkiz) saat ayrılması barədə təklif də müzakirə oluna bilər, çünki bu halda nəzərdə tutulan kurikulum tələblərinin 5 günlük tədris həftəsində reallaşdırılmasına heç bir məhdudiyyət yaranmır (təhlil göstərir ki, 5 günlük tədris həftəsi yalnız ibtidai siniflərdə tətbiq olunmalıdır. Yuxarı siniflərdə isə dərs saatlarının miqdarı baxımından heç bir əhəmiyyət kəsb etmir). Eləcə də "Fiziki tərbiyə" dərsləri üçün lazımi səviyyədə maddi-tədris bazası olmayan məktəblərdə (xüsusilə ibtidai siniflərdə) həmin fənnin aidiyyəti kurikulumlara əsasən tədrisi üçün mövcud şəraitlərə uyğunlaşdırılan nümunəvi altproqramların hazırlanması da məqsədəmüvafiqdir.
Yeri gəlmişkən, məsələn, neçə ildir ki, o vaxt irəli sürülən bir təklifə görə, ölkəmizin seçilmiş xeyli sayda məktəblərinin II-IV siniflərində dərsdənkənar məşğələlərə ayrılan saat hesabına bugünədək "Şahmat" kursu tədris olunur. Şübhəsiz, şahmat məntiqi düşüncənin, təfəkkürün inkişafına müsbət təsir göstərir, lakin həmin siniflərdəki şagirdlərin hamısının şahmata xüsusi maraq göstərməsini düşünmək, əlbəttə, sadəlövhlük olardı. Halbuki bölgələrdə müasir səviyyəli şahmat məktəbləri fəaliyyət göstərir ki, istək və meyllərinə görə, istedadlı uşaqlar bu müəssisələrdə sistemli məşğul ola bilərlər. Məktəblərdə həmin kursa ayrılan saatlar isə daha vacib sayılan istiqamətdə istifadə edilər.
Tədris Azərbaycan dilində olan məktəblərdə azsaylı xalqların dillərinin öyrədilməsi üçün nəzərdə tutulan dərs saatının Azərbaycan dilinə ayrılan saatlardan götürülməsinin dövlət dili baxımından məqsədəuyğun olub-olmaması məsələsinə də baxılması yerinə düşərdi və s.
Əvvəllər mövcud olmuş müsbət təcrübəyə əsaslanaraq, hər bir dərs ili ərəfəsində ilk öncə müvafiq direktiv orqanların səlahiyyətli nümayəndələrinin, habelə digər maraqlı tərəflərin iştirakı ilə qarşıda duran çağırış və hədəflərin açıqlanmasını nəzərdə tutun rəhbər təhsil işçilərinin Respublika konfransının; konfransda toxunulan məsələlər barədə yerli təhsil işçilərinin məlumatlandırıldığı və irəli sürülən vəzifələrin icra mexanizmlərinin müəyyənləşdirildiyi rayon və şəhərlər üzrə müşavirələrin; eləcə də məktəblərdə yeni dərs ili üçün verilən tapşırıqların yerinə yetirilməsi yollarının müzakirə olunduğu ilk pedaqoji şura iclaslarının keçirilməsi və bununla da görüləcək işlərin məntiqi ardıcıllıqla "yuxarıdan aşağıya" prinsipi ilə ötürülməsi ümumi təhsil sahəsində fəaliyyətlərin nəticəyönlü qurulması, səmərəli idarə edilməsi və bir-birini tamamlamasında, optimal planlaşdırmanın və hesabatlılığın təmin olunmasında, tapşırılmış işlərə görə məsuliyyətin tənzimlənməsində, həmçinin qurultaylararası illərdə qazanılan nailiyyətlərin, habelə yol verilən nöqsan və çatışmazlıqların təhlili və ümumiləşdirilməsində, nəticə etibarı ilə yeni "yol xəritəsi"nin hazırlanmasında bu gün də əhəmiyyətli olardı.
Digər bir məqam. Teatrı həm də bir tərbiyə ocağı adlandırmaqla heç kimi təəccübləndirmək niyyətimiz yoxdur, çünki bu, cəmiyyətdə adi həqiqət kimi qəbul olunur. Teatr tamaşalarının şagirdlər üçün əyləncə vasitəsi olmaqdan daha artıq onların dünyagörüşünün genişlənməsində, həyata baxışlarının, bədii-estetik zövqlərinin formalaşmasında, mənəvi aləmlərinin zənginləşməsində güclü təsir vasitəsi olması əksəriyyətə məlumdur. Vaxtilə şagirdlərin məktəblər tərəfindən yaş səviyyələrinə uyğun teatr tamaşalarına aparılmasına maraq o qədər böyük idi ki, hətta bir çox valideynlər də övladlarına qoşulurdu. Təəssüf ki, belə xoşməramlı ənənə çoxdandı ki, unudulub. Neçə illər bundan əvvəl teatrların təşəbbüsünə, nazirliyin də müsbət mövqeyinə baxmayaraq, teatr tamaşalarına könüllülük əsasında biletlərin məktəblərdə yayılması bəzi qaragüruhçuların hay-küyü sayəsində "qoymayın, məktəblərdə pul yığılır" adı ilə reallaşmamış qaldı. Hesab edirik ki, bu məsələyə yenidən qayıtmaq, teatrların rəhbərliyi ilə uşaqların xeyrinə səmərəli əməkdaşlıq qurmaqla xoşniyyətli ənənəni bərpa etmək lazımdır.
Hazırda cəmiyyətin diqqətini məşğul edən repetitorluq probleminə də toxunaq. Əvvəla, bildiklərindən artıq öyrənmək, əlavə məlumatlar əldə etmək hər bir təhsilalanın hüququdur, ikincisi isə, məzunların nailiyyətini yalnız repetitorlarla bağlamaq məktəblərin, müəllimlərin fəaliyyətinə qarşı ədalətsiz yanaşmadır. Bununla belə, yaranmış mövcud problemin həlli ilə əlaqədar müəyyən tənzimləyici tədbirlər müəyyənləşdirmək, məsələn, nümunə üçün belə bir "yol xəritəsi"ni təklif mənasında müzakirəyə çıxarmaq məsləhət olardı.
İlk növbədə, qeyd etmək lazımdır ki, hər bir məktəbdə icbari ümumi orta təhsili bitirəcək şagirdlərin nailiyyətlərinin diferensial əsasda təhlilinə, bir qayda olaraq, VII, VIII siniflərdən başlanmalı, onlar malik olduqları savad, bacarıq, qabiliyyət baxımından müqayisə edilərək qruplaşdırılmalı, hər kəsə gələcək inkişafları üçün müvafiq psixoloji-mənəvi dəstək göstərilməlidir. Eyni zamanda övladlarının potensial imkanları, irəliləyişlərinin səviyyəsi və dinamikası barədə valideynlərə vaxtaşırı məlumat verilməlidir. Nəzərə alınmalıdır ki, görüşlər zamanı övladları haqqında valideynlərin qeyri-dəqiq məlumatlar alması növbəti mərhələdə uşaqların təhsilinin təşkilinə ziyanlı təsir göstərə bilər.
Davamlı aparılan pedaqoji-metodik və psixoloji tədbirlərə rəğmən, təhsil aldığı müddətdə bilik və intellektual səviyyəsinə görə fərqlənməyən, təhsilini yuxarı səviyyələrdə davam etdirmək imkanı xeyli məhdud hesab edilən, ümumi attestat balı "4" və daha aşağı olan icbari ümumi orta təhsil məzunları Pedaqoji şuranın əsaslandırılmış qərarı və valideynlərinin razılğı ilə müvafiq bacarıqları və istəkləri nəzərə alınmaqla uyğun bilənən peşə və sənət növlərinə, habelə xüsusi qabiliyyət tələb edən incəsənət sahələrinə istiqamətləndirilməlidir. İcbari ümumi orta təhsil səviyyəsini zəif, orta nəticələrlə başa vuran məzunların tam orta təhsil siniflərinə qəbulu, əslində, həmin uşaqların həyatda doğru yol tutmalarına, peşə seçimlərinə ciddi maneçilik törədir.
İcbari ümumi təhsil səviyyəsini yüksək qiymətlərlə bitirib attestat balı "5" olan şagirdlərin tam orta təhsilini "Təhsil haqqında" ölkə Qanununun 13-cü maddəsini hüquqi əsas tutaraq qiyabi formada da təşkil etmək mümkündür. Belə bir təhsil formasının tətbiqi qaydaları (təşkilati işlər, şagirdlərin oxuduqları məktəbdə qeydiyyatda saxlanılması, X, XI siniflərdə müəyyən edilmiş fənlərdən summativlər vasitəsilə yarımillik və illik qiymətləndirilməsi, X sinifdən XI sinfə keçid, şagirdlərin buraxılış imtahanlarında iştirakı, şagirdlərin təltifi, onlara dövlət sənədinin verilməsi və s.) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər.
Qismən də olsa, getdikcə yaddan çıxarılan ənənələrdən biri də müəllimlərin, məktəblərin, eləcə də yerli təhsil şöbələrinin (idarələrinin) yaradıcı məqamlarla fərqlənən səmərəli iş təcrübəsinin öyrənilməsi, təbliği, tətbiq edilməsi və yayılması ilə əlaqədardır. Şübhə yoxdur ki, faydalılıq əmsalı yüksək olan pedaqoji iş sistemlərinin üzə çıxarılması, müzakirə obyektinə çevrilməsi, digərlərinə tövsiyə edilməsi təhsil iştirakçıları arasında sağlam rəqabəti, təşəbbüskar fəaliyyət əzmini gücləndirən amillər olmaqla yanaşı, irəli sürülən nəzəri ideyaların praktik cəhətdən reallaşdırılmasına, bir müsbət təcrübənin işığında neçə-neçə dəyərli fikirlərin formalaşmasına əhəmiyyətli töhfə verə bilər.
P.S. Bu yaxınlarda həmsöhbət olduğum yoldaşların birindən qəflətən "bu kurikulum nədir ki, valideyn və müəllimlərin çoxu ondan bir belə narazıdır" sözlərini eşidəndə məni təəccüb və təəssüf hissləri bürüməklə bərabər, həm də xeyli qayğılandırdı. Uzun illər ərzində beynəlxalq termin kimi təhsil proqramı mənasında işlənən "kurikulum" anlayışının və hazırkı dövrdə ümumi təhsil sahəsində dövlət siyasətinin mahiyyətinin, eləcə də məzmun islahatlarının, idarəetmə və şagird nailiyyətlərinin qiymətləndirilməsi mexanizmlərinin, "müəllim-şagird", "məktəb-valideyn" münasibətlərinin pedaqoji əməkdaşlıq zəminində qurulması istiqamətləri barədə məqalələr, metodik tövsiyələr, kitablar yazılmasına, müxtəlif maarifləndirmə tədbirləri keçirilməsinə baxmayaraq, görünür, hələ də yerlərdə müəllimlər, xüsusilə də gənc müəllimlər, məktəb rəhbərləri, təhsil orqanlarının əməkdaşları üçün ümumi təhsilin aktual problemlərinə həsr edilmiş öyrədici tədbirlərin (seminar, kurs, konfrans və s.) daha geniş şəkildə sistemli təşkilinə zəruri ehtiyac duyulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















