Qadın dedi qodusunun yıxdığı taxt Türkan Turan yazır
Icma.az, 525.az saytına istinadən bildirir.
Türkan TURAN
Ötən həftə yolumu Fatehdə yerləşən Yeddiqala zindanlarından saldım. Uzun müddətdir planlaşdırırdım. Açığı, xeyli müddətdir gözləmədə idim. Qalaya təşkil edilən gecə ziyarətləri üçün qeydiyyatdan keçmək lazım idi. Ancaq iki aydır bu fürsəti əlimdən qaçırırdım. Çünki Fateh Bələdiyyəsinin rəsmi səhifəsindəki qeydiyat açılan kimi yerlər saniyələr içində dolurdu. Göz qırpmağa heç macal tapmırdın. Axırda gördüm ki, bu şəkildə gözləsəm, gözümün kökü saralacaq. Nəhayət, gündüz vaxtı getməyə qərar verdim. Abidə möhtəşəmdir. Əzəməti qarşısında donub qalırsan. Bura əvvəllər gödüyüm heç bir yerə bənzəmir. Fərqli memarlıq, tamamilə özünəməxsus, təkrarı olmayacaq şəkildə inşa edilib. Ancaq içərisi xeyli ürküdücüdür. Hələ bir az da hekayəsinə bələdsənsə, insanın ürəyini daha çox çırpındırır.
Ona görə də, gecə ziyarətini təsəvvür eləmək istəmirəm. Diqqətimi çəkən bir başqa məsələ də var: abidəni elə təqdim edirlər ki, sanki buranın tarixi 1458-ci ildən başlayır. Halbuki daşlara, divarlara, memarlıq üslubuna baxanda açıq-aydın görünür ki, yaşı azı 1000, 1500 ildən artıqdır. Həqiqət isə budur ki, abidənin təməlini qoyan Roma İmperatoru I Teodasius olub. İlk qala da Qızıl Qapı adlandırılıb. Teodasiusdan sonra taxta keçən oğlu atasından qalan bu əsrarəngiz memarlıq abidəsinə 3 qala əlavə etdirir, bütün qalaları hasarlarla əhatələyərək birləşdirir. Təməlinin atıldığı tarix dəqiq bilinmir, bəzi mənbələr 390-cı il yazır, bəziləri 412-450 deyir. Ancaq dəqiq olan odur ki, bura V əsrdə inşa edilib.

Fateh Sultan Mehmet isə Konstantinopolu fəth etdikdən sonra bura bir neçə il zindan kimi fəaliyyət göstərir. Lakin 1458-ci ildə Sultan buraya Top, Kitabələr, daha sonra III Əhməd adlandırılacaq üç qala əlavə edərək yeddi qalanı tamamlayır. Qalalar arasında məsafələrə divarlar hördürərək yeddisini də eyni hasarın içində toplayır. Beləliklə, Bizans və Osmanlı dönəmlərinin memarlığı birləşərək bu cür şah əsərin ərsəyə gəlməyinə səbəb olur. Elə həmin vaxtdan başlayaraq I Abdulhəmid dönəminə qədər dövlətin xəzinəsi burada qorunur.
Osmanlının ən qaranlıq səhifəsi
Yeddiqala Zindanları İstanbulun ən qaranlıq və ürküdücü hekayələrindən biridir. Bu zindanlarda baş verən hadisələr həm tarixi faktlarla isbat olunub, həm də xalq arasında gəzən əfsanələrdən ibarətdir. Yeddiqala xüsusilə Osmanlı dönəmində savaş əsirlərinin, siyasi məhkumların və dövlət adamlarının həbs edildiyi yer olaraq istifadə edilib. Burada işgəncə, aclıq, xəstəlik kimi çətin şərtlər altında yaşayan bir çox insan həyatını itirib. Trabzon Rum imperatorluğunun son imperatoru David Kamnenos və oğulları kimi əhəmiyyətli şəxslər bu zindanlarda ölüblər. Son Abbasi xəlifəsi IV Mütəvəkkil, Kırım xanı Mehmet Giray burada işgəncələrə məruz qalıblar. Gənc Osman adıyla tanınan Osmanlı padşahı vəhşicəsinə öldürülür. Bəzi tarixçilər insanların qəzəbinə gəlməmək üçün bu mövzuda ehtiyatlı danışırlar. Ümumiyyətlə, bu qalaların içi həddən artıq qaranlıqdır. Hətta deyərdim ki, zülmətdir. İnsanı içəridə gəzərkən vahimə bürüyür, çöldən və yuxarıdan seyr edərkən heyranlıq duyur.
Yeniçəri, yoxsa başa bəla?
Madam ki, mövzü Gənc Osmandan düşdü, elə onunla da davam edək. Osman qardaş qətli fərmanını ləğv etdirən, Sultan I Əhmədin oğlu idi. Sultan Əhmədin erkən yaşda ölümündən sonra taxta, ata bir, ana ayrı olan, öldürülmək qorxusu ilə yaşayan, buna görə də dəli olan qardaşı I Mustafa gətirilir. Dövlətin başında 96 gün qalır. Çünki imperatorluğu idarə edə biləcək vəziyyətdə olmur. Hətta övladları olsun deyə otağına göndərilən cariyələrdən ya qaçıb gizlənir, ya da onları boğub öldürür. Məsələnin qəliz olduğunu görən dövlət adamları onu taxtdan endirirlər və yerinə Sultan Əhmədin oğlu II Osman gətirilir. Osman taxta çıxanda cəmi 14 yaşı vardı. Açığı, yaşına rəğmən, bu qədər zəki, ağıllı olduğunu Yeddiqala zindalarını ziyarət edərkən öyrəndim. Daha əvvəl beynimdə yeniçərilər tərəfindən öldürülən padşah kimi qalmışdı. Dərindən öyrənmək ehtiyacı da hiss etməmişdim. Yeniçərilərə gəldikdə isə... onların nə cür qəddar, vəhşi, hətta Sultanların belə öhdəsindən gəlməkdə çətinlik çəkəcək qədər gözüdönmüş olduqları sirr deyil. Ancaq sultanı öldürəcək cəsarətə gəlib çatmaqları yəqin ki, ən uc nöqtədir.

Arvad dedi-qodusunun qurbanı olan Sultan
II Osman taxta oturanda ilk işi ondan öncə I Mustafanı 93 günlük də olsa hakimiyyətə gəlməyinə səbəb olan sadrazam Damad Xəlil Paşanı öldürülməyinə fərman verir, ardınca Hotin səfərinə gedərkən Sultan Əhmədin Kösəm Sultandan olan oğlu, yəni qardaşı Şahzadə Mehmedi öldürtdürür. Bu vəziyyət xalqı hüzursuz edir. Ortalıq qarışıqkən Şeyxülislamın qızıyla evlənir. Bu vaxt dövlət içində aparacağı yeni islahatlardan xəbər tutan Aqilə Sultan bu haqda orda-burda danışmağa, dedi-qoduya başlayır. Görəcəyi işlər isə Osmanlının dönüm nöqtəsi sayılacaq, tarixin yönünü dəyişəcək qərarlar olur.

Həmin məsələlərdən birincisi, artıq zəbtolunmaz və hər gün dövlətin başına bir iş açan yeniçəri və sipahi ocaqlarının ortadan qaldırılmağı olur. Məqsədi onların yerinə Anadolu, Suriya, Misir türklərindən ibarət ordu qurmaq idi. İkinci məsələ; tərkibi sonradan dönmə, devşirmə deyilən şəxslərin dolu olan dövlət mexanizmini dəyişdirmək, yerlərinə Türk millətindən olanları gətirmək idi. Üçüncü məsələ; İmperatorluğun paytaxtını İstanbuldan Türk şəhərinə, böyük ehtimalla, Bursaya köçürmək idi. Dördüncü məsələ; Elmiyə institutunun dövlətə zərər verməsi, iqtisadi və siyasi güclərini qırıb dövlət üzərində olan təsirlərini yox etmək idi. Beşinci məsələ; saray ənənələrini dəyişdirərək artıq padşah və yaxınlarının devşirmələrlə ailə qurmaq yerinə, Türk ailələrinin qızları ilə evlənməyini qanuniləşdirmək idi. Altıncı məsələ; geyimlərdə dəyişiklik etmək, kaftan xalatlardan və iri əmmamələrin yerinə daha yalın, yığcam libaslar gətirmək idi. Sonuncu məsələ isə; Fateh Sultan Mehmet və Qanuni Sultan Süleymanın qanunlarını yeniləmək və imperatorluğu yeni qaydalarına uyğunlaşdırmaq idi.
Arvadı Aqilə Sultan bütün bu planların alt-üst olması bir yana qalsın, Sultanın həyatını məhv edir. Belə ki, Yeniçərilər ordunun yenilənəcəyini öyrənən kimi üsyana başlayırlar. Üsyan elə böyüyür ki, tezliklə saraya girməyə müvəffəq olurlar. Dəli olan I Mustafanı yenidən padşah elan edir, Sultan II Osmanı da əsir alaraq Yeddiqala zindanlarına aparırlar. Yolboyu, döyüb, söyürlər. Bir gün qalada hər cür işgəncə yaşadırlar. Guya onu öldürmək istəyən yeniçərilər Padşahın müqavimətini qırmaq üçün xayalarını əzirlər. Bunun cəfəngiyyat olduğu aydındır. Həqiqət budur ki, Gənc Osman təcavüzə məruz qalır. Hətta tarixi araşdırmalar isbat edir ki, Osman boynu vurularaq öldürülüb. Lakin yeniçərilər bunu inkar edir, boğularaq öldürüldüyünü deyirlər. Çünki nə olursa olsun, qanunla xanədan ailəsindən olan hər kəs yalnız boğularaq öldürülə bilərdi. Osmanı dəfn edərkən başının bədəni üstündə olmadığı gerçəkdir. Qatillərdən biri də həmin vaxt onun qulağını kəsir və I Mustafanın anasına göndərir. Yeri gəlmişkən, I Musafa dəli olduğu halda hakimiyyətdə 1 il 3 ay qalır. Sonra ağlının başında olmadığına dair fətva verilərək taxtdan endirilir. Hakimiyyətə Sultan Əhməd və Kösəm Sultanın oğlu IV Murad gəlir. Qeyd edim ki, II Osmanın vəhşicəsinə öldürülməsindən sonra Yeniçərlərin imperatorluq üzərindəki gücləri bir qədər də möhkəmlənir. II Osman hadisəsi həm Osmanlı tarixində, həm də Yeddiqala zindanları üçün ən qanlı səhifə kimi qəbul edilir. Qalada Osmanın öldürüldüyü yer işıqlandırma ilə aydınladılır. Öldürüldüyü yer olduğu kimi saxlanır. İçəri buz kimidir. Qorxuludur. Divarlar qalındır. İstədiyin qədər qışqır, bağır, səsin içəridəki o dağılmayacaq kimi duran sərt daşlara dəyib yenə də özünə qayıdacaq. Ona görə də, Sultan Osmanın başına burada nələr gətirildiyini təsəvvür eləmək elə də çətin deyil.
Paqan əfsanəsi
Yeddiqala zindanları ilə bağlı digər rəvayət isə işgəncə görən paqan əsirin lənət etdiyi yönündədir. Bu əfsanəyə görə, o vaxt əsirlərin arasında bir nəfər paqan varmış. Avropa ölkələrindən birinin cəsusu olduğu yönündə ittiham edilərək burada ağır işgəncələrə məruz qalır. Ağrı, acıya dözə bilməyən paqan, ölərkən dua tərzində sözlər deyir və cəsədi göz qırpımında əriyib yox olur. Sonradan bu söhbətlər zindan nəzarətçilərinin ağzında çıxır və xalq arasında yayılır. O vaxtdan paqanın buranı lənətlədiyi deyilir.
İqamətgahdan zindana...
Bizans dönəmində abidənin inşa məqsədi həm şəhərin müdafiə divarlarının bir parçası olmağı, həm də iqamətgah kimi istifadə etmək olub. Qalanın hasarları Mərmərə dənizindən gələcək hücumların qarşısını almaq üçün istifadə edilib. Əcnəbi ölkələrdən gələn əhəmiyyətli dövlət adamları təntənə ilə qarşılanır və burada qonaqlayırdılar. Osmanlı dönəmində isə məhkumların ən ağır işgəncələrə məruz qaldığı, ağır şərtlərdə saxlanılmalarına görə tarixin ən qaranlıq səhifələrində yer tutur.

Hazırda abidədə 18-ci İstanbul Bienal sərgisi var. İyun ayına qədər davam edəcək. Təşkilatçı cümhurbaşqanlığıdır. Qalanın hasarları daxilində qurulan bu 3 çadırda yüzlərlə əsər sərgilənir. Əksəriyyəti dini yazılı və dini motivli tablolardır. Ancaq sərgidən daha çox abidəyə maraq var. Burada olduğum müddətdə "yüzlərlə ziyarətçi gördüm" deyə bilmərəm, amma az da olsa var. Lakin bu say belə bir abidə ilə müqayisədə bir faiz belə sayılmır. Təkcə insanlar deyil, yerlərin də layiq olduğu dəyəri görməməyi adamı düşündürür. İnsanlar dayazlaşdıqca, tarix daha da dərin görünməyə başlayır. Fikirləşirsən ki, bir neçə ildən sonra tarix bu dayazlığın altında yox ola bilər? Yəqin ki, yox. Çünki insanlar gəlir və gedir, amma Yeddiqalaya bax, düz 1600 ildir məğrurca dayanıb. Bundan sonra da qalacaq, qapısını bir insan açmasa belə...


