Icma.az
close
up
RU
“Qafqaz evi” yeni perspektivlər vəd edir

“Qafqaz evi” yeni perspektivlər vəd edir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan Prezidentinin Bakıya rəsmi səfəri Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının formalaşmasına önəmli töhfədir

2025-ci ilin 15–16 aprel tarixlərində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi xarici səfərini Azərbaycana etməsi təsadüfi deyildi. Protokol səviyyəsində bu diplomatik tədbir geosiyasi kontekstdə regionda illərdir unudulmuş bir konsepsiyanın – “Qafqaz evi”nin yenidən gündəmə gəlməsinə səbəb oldu. Kavelaşvilinin Bakıya ilk səfəri diplomatik jest olaraq Azərbaycanın regional siyasətdəki açar roluna, sabitliyə verdiyi töhfəyə və gələcək əməkdaşlıq imkanlarına verilən strateji önəmin ifadəsidir.

Gürcüstan Prezidentinin ilk xarici səfərini məhz Bakıya etməsi Azərbaycanla münasibətlərin yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, regional inteqrasiya istiqamətində də mühüm mesajlar verir və Tbilisinin Bakını regional sabitliyin və əməkdaşlığın mərkəzi kimi qəbul etdiyini göstərir. Azərbaycan Prezidentinin son çıxışlarında Gürcüstanla tərəfdaşlığın “xüsusi strateji əhəmiyyətə” malik olduğu vurğulanmışdı və bu səfər də bu yanaşmanın qarşılıqlı şəkildə qəbul olunduğunu sübut etdi.

“Qafqaz evi” ideyası ilk dəfə 1990-cı illərin əvvəllərində Cənubi Qafqazın müstəqillik qazanan dövlətləri arasında əməkdaşlığın yeni modelini formalaşdırmaq niyyəti ilə gündəmə gəlmişdi. Bu ideyanın əsas fəlsəfəsi region xalqları arasında qarşılıqlı anlaşma, birgə təhlükəsizlik arxitekturasının qurulması və regional əməkdaşlığın dərinləşdirilməsi idi. Lakin bu təşəbbüs meydana gəldiyi dövrdə mövcud reallıqla uzlaşmadı, çünki ideya sülh və etimada əsaslansa da, həmin dövrün şəraiti münaqişə və işğallarla xarakterizə olunurdu.

“Qafqaz evi”nin qarşısında dayanan ən ciddi maneələrdən biri Ermənistanın destruktiv və təcavüzkar siyasəti oldu. İrəvanın Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini – Dağlıq Qarabağ və ətraf 7 rayonu – hərbi işğala məruz qoyması regionda etimad mühitini dağıtdı. İşğal yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün strateji sabitliyi pozdu. “Qafqaz evi” kimi əməkdaşlıq və ortaq gələcək vədləri verən ideya bir tərəfin digərinə qarşı açıq hərbi aqressiyası fonunda davam edə bilməzdi. Hərbi işğal nəticəsində Ermənistan regional layihələrdən kənarda qaldı və nəticədə özünü təcridçilik və blokadalarla müşayiət olunan geosiyasi çıxılmaz vəziyyətdə tapdı.

Digər tərəfdən, Ermənistanın Rusiya ilə olan dərin hərbi-siyasi asılılığı bu ölkənin regional müstəqil qərarlar vermək imkanlarını minimuma endirmişdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiya–Ermənistan hərbi ittifaqı regionda balanssız güc münasibətləri yaratmış, qarşılıqlı etimadı daha da zədələmişdi.

Bu mənzərəni daha da mürəkkəbləşdirən amil isə Cənubi Qafqaz ölkələrinin daxili siyasi qeyri-sabitliyi və ziddiyyətli xarici siyasət prioritetləri idi. Gürcüstan 2003-cü il Qızılgül inqilabından sonra açıq şəkildə Qərbə inteqrasiya yolunu seçdi, NATO və Avropa İttifaqına inteqrasiya onun xarici siyasət kursunun əsas dayağına çevrildi. Ermənistan isə bunun əksinə, Moskvanın hərbi-siyasi orbitinə daha sıx bağlanaraq öz xarici siyasətində birtərəfli yönümlü strategiya həyata keçirdi. Azərbaycan isə regionda balanslaşdırılmış və müstəqil xarici siyasət yürüdərək, bir tərəfdən Qərblə enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlıq edirdi, digər tərəfdən isə Rusiya, Türkiyə, İran və Çinlə münasibətləri taraz saxlamağa çalışırdı.

Bu müxtəlif xarici siyasət yönümləri və təhlükəsizlik arxitekturaları regionun üç əsas ölkəsi arasında ortaq bir strateji vizionun formalaşmasını çətinləşdirirdi. Hər bir ölkə fərqli siyasi və hərbi alyanslara bağlı idi və bu amil “Qafqaz evi” kimi neytral və inklüziv bir platformanın gerçəkləşməsi üçün əsaslı təhdidlər yaradırdı. Ermənistanın KTMT üzvü kimi davranması və Gürcüstanın NATO-ya inteqrasiyası səyləri bir araya gəlmək əvəzinə fərqli geosiyasi düşərgələrdə mövqe tutmalarına səbəb olurdu.

Lakin zaman keçdikcə regionda tarixi dönüş baş verdi – Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını azad etdi və Cənubi Qafqazda yeni reallıqların bünövrəsini qoydu. Bu yeni reallıqlar fonunda “Qafqaz evi” konsepsiyası artıq keçmişin boşa çıxmış təşəbbüsü deyil, gələcəyin mümkün inteqrasiya modeli kimi gündəmə qayıdır. Bu kontekstdə Azərbaycanın siyasi iradəsi, strateji baxışı və diplomatik çevikliyi diqqətçəkən rol oynayır. Müharibədən dərhal sonra Bakı rəhbərliyi revanşist ritorikadan uzaq, praqmatik və gələcəyə baxan bir mövqe sərgilədi. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğuladığı “Sülhə aparan yol” və “Post-münaqişə dövrünün imkanları” kimi anlayışlar məhz bu strategiyanın təzahürüdür. Azərbaycan indi yalnız öz milli maraqlarını deyil, Cənubi Qafqazın kollektiv rifahını hədəfləyən regional inteqrasiya təşəbbüsləri ilə çıxış edir.

Yeni düzəndə Gürcüstanın rolu xüsusilə önəmlidir. Gürcüstan Cənubi Qafqazın yeganə ölkəsidir ki, həm Azərbaycanın suverenliyini tam şəkildə tanıyır, həm də regionda sülh və əməkdaşlıq gündəliyini bölüşür. Tbilisinin bu mövqeyi onu Azərbaycanın strateji tərəfdaşı və “Qafqaz evi” modelinin mümkün əsas sütunlarından birinə çevirir. Gürcüstan Prezidentinin bu günlərdə Bakıya etdiyi səfər siyasi jest, gələcəyə yönəlmiş strateji mesaj və Qafqazda yeni səhifənin başlanğıcı kimi qiymətləndirilə bilər.

Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri də bu yeni mərhələnin iqtisadi dayaqlarını formalaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və ən son regional diqqət mərkəzində olan Zəngəzur dəhlizi bütün regionun iqtisadi inteqrasiyasını təmin edən mühüm magistrallardır. Bu layihələrdə Gürcüstanın rolu yalnız tranzit ölkə olmaqla məhdudlaşmır – o, həm də geosiyasi körpü, regional stabilliyin təminatçısı və Avropa ilə Asiya arasında mühüm keçid məntəqəsidir.

Zəngəzur dəhlizinin açılması ilə təkcə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa əlaqə təmin olunmur, eyni zamanda, regionda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri arasında inteqrasiya dərinləşir və Qafqaz yalnız üç ölkənin coğrafiyası kimi deyil, Avrasiya miqyasında bir logistika və enerji mərkəzi kimi formalaşır. Belə bir reallıqda “Qafqaz evi” artıq planlaşdırıla və tətbiq oluna biləcək inteqrasiya modeli kimi dəyərləndirilə bilər.

Ermənistan isə bu yeni reallıqla üzləşmək və adaptasiya olmaq məcburiyyətindədir. Müharibədə məğlub olan, regional layihələrdən təcrid olunan və daxili siyasi böhranlarla üzləşən İrəvan üçün yeganə çıxış yolu regionda yaranan əməkdaşlıq platformalarına inteqrasiyadır. Ermənistanın Azərbaycanın irəli sürdüyü “Sülh müqaviləsi”, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması təkliflərini qəbul etməsi bu baxımdan regional sabitliyin açarı ola bilər.

Hazırkı mərhələdə “3+3” regional əməkdaşlıq platforması Cənubi Qafqazda uzunmüddətli sülh, təhlükəsizlik və iqtisadi inteqrasiya ideyalarını dəstəkləyən mühüm mexanizmlərdən biri kimi çıxış edir. Bu format Azərbaycan tərəfindən irəli sürülmüş və regionun əsas aktorlarını – Azərbaycan, Ermənistan, Gürcüstan, eyni zamanda, Türkiyə, Rusiya və İran kimi regional gücləri bir araya gətirməyi hədəfləyən çoxtərəfli dialoq və əməkdaşlıq platformasıdır. “3+3” formatının əsas fəlsəfəsi regiondaxili məsələlərin region ölkələrinin iştirakı ilə xarici müdaxilələrdən kənar şəkildə həll edilməsidir. Bu, postmüharibə dövründə Azərbaycanın regional diplomatiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bakı bu platformanın reallaşmasını həm sülh təşəbbüslərinin, həm də regional iqtisadi-ticari əlaqələrin dərinləşməsinin vasitəsi kimi təqdim edir.

Gürcüstanın bu formata hələlik ehtiyatlı yanaşması müxtəlif geosiyasi səbəblərlə bağlıdır. İlk növbədə, Rusiya ilə münasibətlərdəki gərginlik Tbilisinin Moskvanın iştirakı ilə təşkil olunan platformalara qarşı həssaslığını artırır. Bundan əlavə, Gürcüstanın Avroatlantik inteqrasiya xətti onun daha çox Qərb yönümlü əməkdaşlıq formatlarına üstünlük verməsinə səbəb olur. Lakin bu ehtiyatlı mövqe dəyişkən xarakter daşıyır və regional reallıqlar fonunda Gürcüstanın iştirakını zəruri edən bir sıra amillər mövcuddur. Birincisi, Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının güclənməsi və Tbilisinin Bakıya artan etimadı burada mühüm rol oynayır. İkincisi, Gürcüstan üçün iqtisadi və nəqliyyat üstünlükləri də bu formata marağı artırır.

Azərbaycanın təşəbbüsü ilə reallaşan Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional təşəbbüslər “3+3” platforması çərçivəsində daha geniş sinxronlaşma potensialı daşıyır. Gürcüstanın bu təşəbbüslərdə daha fəal şəkildə yer alması onun regional tranzit və enerji qovşağı rolunu daha da gücləndirə bilər. Nəhayət, Ermənistanın da bu platformada iştirak etməsi bu ölkənin regiondaxili normallaşma proseslərinə inteqrasiyasını təşviq edə bilər. Azərbaycan və Gürcüstanın regionda sabitlik və əməkdaşlıq yönümlü siyasəti Ermənistan üçün də sülh dividendlərini artıracaq real platforma təklif edir. Bu baxımdan “3+3” formatı təkcə əməkdaşlıq vasitəsi deyil, həm də regiondakı geosiyasi qütbləşməni aradan qaldırmağa yönəlmiş diplomatik platformadır.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri