Icma.az
close
up
RU
Qanadlanan bozqır ruhu

Qanadlanan bozqır ruhu

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazax şairi Bəxt BƏDƏLXANın (Қазақ ақыны Бақыт Бадалхан) “Qanşengel” (“Қаншеңгел”) kitabına Azərbaycandan bir baxış

Qazax poeziyası çağdaş dönəmdə həm milli duyğuların, həm də böyük Türküstan yaddaşının poetik daşıyıcısı kimi çıxış edir. Bu baxımdan qazax bavurum, şair Bəxt Bədəlxanın “Qanşengel” kitabı mənimçün bir şeir toplusu olmaqdan üstündür; o, bozqır ruhunun, Tanrı dağlarının, Turan yaddaşının və çağdaş insan ağrısının poetik manifestidir. 

Kitabın adının özü – “Qanşengel” – simvolik yüklüdür. Qanlı caynaq, yaxud “qartalın şeşpərtək caynağı” assosiasiyası doğuran bu metafor, əslində, şairin poetik təbiətini açır: o, sözü sığallamaq üçün yazmır, ruhu oyatmaq üçün yazır. Kitabın üz qabığında qanad açmış qartal təsviri də təsadüfi sayılmamalıdır. Burada qartal həm azadlığın, həm də türk mifoloji şüurunun qədim arxetipidir.

Bəxt Bədəlxanın poetik dünyasında ilk diqqət çəkən məqam – onun “mən”inin şəxsi olmaqdan çıxıb, milli və kosmik xarakter daşımasıdır. O, “Mən – Qaradalamın” deyərkən bir coğrafiyadan ötə – bütöv türk ruhunun ağrısını danışır:

Mən – bu Qaradalam:
namusam,
nazam,
naləyəm…
(Мен – мынау Қарадаламын:
Намыспын,
Назбын,
Наламын…)

Bəli, burada şair “Qaradala” obrazını ulus ruhunun metafizik simvolu kimi təqdim edir. “Namus”, “naz”, “nalə” ardıcıllığı türk poetik düşüncəsində həm qüruru, həm incəliyi, həm də iç ağrısını eyni poetik nəfəsdə birləşdirir.
Belə bir poetik “mən” Məhtimqulunun, Mağcan Cumabayın, Bəxtiyar Vahabzadənin, Məmməd İsmayılın ruh qardaşıdır. Buradakı “dala” anlayışı sadəcə çöl kimi gəlmədi mənə – məncə, o, yaddaşdır, əxlaq və milli varoluş kodudur.

Bəxt Bədəlxanın:
“Mən – bu Qaradalam…” deməsi əslində, “Mən bu ulu bozqırın özüyəm”, “Mən türk böyük çöl ruhuyam” kimi anlaşılır.
Şeirin davamında, Alatau, Tekes, Qulja, Üysintağ, Tenqri dağ sistemi
ilə bağlı işarələr görünür.
Bu poetik məkan göstərir ki, “Qaradala” Çin sərhədinə yaxın, qədim Üysün (Үйсін) türk mədəniyyət arealına bağlı, İli vadisi və Tanrı dağları çevrəsindəki geniş bozqır dünyasının adıdır.
Başqa sözlə, Qaradala – xəritədə bir bölgə ola bilər, amma poeziyada, yaddaşdır, türk ruhudur, bozqır metafizikasıdır, azadlıq arxetipidir.

Azərbaycan poeziyasında buna müəyyən qədər, “Muğan”, “Mil düzü”,
“Borçalı ruhu”, “Cıdır düzü” kimi simvolik yanaşmalar yaxın sayıla bilər; ancaq
“Qaradala”nın qazax şüurunda daha geniş “bozqır sivilizasiyası” anlamı vardır. – Qaradala – ulu Tanrı dağları ilə ulu bozqır arasında nəfəs alan qədim türk ruhunun açıq göyüzü yaddaşıdır.

Kitab boyu tez-tez rast gəlinən “Aspantau”, “Qaradala”, “Alatau”, “Tenqri”, “Aruaq” kimi obrazlar şairin poetikasını türk mifoloji sisteminə sıx surətdə bağlayır. O, çağdaş insanın faciəsini belə qədim ruh qatları üzərindən təqdim edir. Bu baxımdan, Bəxt Bədəlxanın poeziyası çağdaşlıqsonrası (postmodern) ironiyadan çox uzaqdır; o, daha çox “sakral çağdaşlıq (modernizm)” təsiri bağışlayır.

Şairin ana obrazına münasibəti özəlliklə diqqətəlayiqdir. “Ananın janarı” şeirində ana sadəcə qadın və ya ailə simvolu kimi çıxış etmir – o, necə deyərlər, kainatın mənəvi mərkəzidir:

Ananın gözlərində
Gün də var, Ay da…
(Жанарында Ананың
Күн мен Ай бар-ау…)

Bu misrada ana obrazı kosmik miqyas qazanır; ana artıq təkcə ailə olmaqdan çıxıb, belə demək mümkünsə, kainatın mənəvi mərkəzi kimi təqdim olunur.
Bu misralar həm də türk düşüncəsində “Ana–Torpaq–Vətən” üçlüyünün poetik davamıdır. Burada ulu Nizami duyğusu, çöl estetikası, çöl nəfəsi qovuşur.

Kitabda diqqət çəkən başqa bir önəmli xətt – sözə qutsal münasibətdir. “Söz Dariğası” poemasında şair sözü az qala metafizik bir qüvvə kimi tanıdır. Burada Abay ruhu açıq duyulur. Mətnin Abayın “Söz düzəldi…” çağırışı ilə başlaması təsadüfi deyil. Şair üçün söz ünsiyyət vasitəsi olmaqdan çox ulusun ruhunu ayaqda saxlayan son qaladır.

Bəxt Bədəlxanın poetik dili son dərəcə energetikdir. O, misraları “yazmır”, sanki “atır”… Əgər belədirsə, “güllələr açılmasın güllər açılsın” yaxud atılsın… Şeirlərdə nəfəs genişdir; bozqırın küləyi, at kişnərtisi, qartal kölgəsi, dağ səssizliyi duyulur. Onun ritmi klassik sillabik şeir sistemi yaxud heca ritmli (heca vəznli, heca əsaslı poetikaya malik…) türk poeziyasından qidalansa da, ifadə sistemi tam çağdaşdır.

Kitabda bir tərəfdən Məhəmbət ruhu, digər tərəfdən Mükağali nostaljisi görünür. Şair Mükağaliyə ithaf etdiyi şeirdə əslində öz poetik taleyini də danışır. Bax, bu, ustada sayğı ilə birgə – poetik soy yaddaşına bağlılıqdır.

“Qanşengel”in mühüm özəlliklərindən biri də, burada vətənçiliyin pafos səviyyəsinə düşməməsidir. Şair vətəni şüarla sevmir, can yanğısı ilə yaşayır. Onun vətən sevgisi siyasilikdən üstündür, ontolojidir. Vətən – onun üçün ruhun doğulduğu məkandır.

Kitabın ön sözünü yazan böyük qazax şairi Oljas Süleymenov də Bəxt Bədəlxanın poeziyasında “uca ruh”, “incə qatlar” və “fəlsəfi dərinlik” gördüyünü xüsusi vurğulayır. Bu qiymətləndirmə təsadüfidirmi? – Əsla, yox. Çünki Bəxt Bədəlxan artıq bir qazax şairi olmaqla yanaşı, ümumtürk poetik məkanında diqqət çəkən imzaya çevrilməkdədir.

Azərbaycan oxucusu üçün “Qanşengel” həm yaxın, həm də yeni gələcəkdir. Yaxındır – çünki onun ruhunda bizim dağlarımızın, sazımızın, Dədə Qorqud nəfəsinin doğmalığı var. Yenidir – çünki Bəxt Bədəlxan çağdaş türk poeziyasına fərqli bir metafizik dinamika gətirir.

Türk poeziyası hələ də nəfəs alır...
“Qıy vuran qartallar” hələ də göy üzündədir... – Qazax bavurumun kitabını oxuyarkən belə düşündüm. Düşündüm ki, bəlkə, doğrudan, sözün də caynağı var... Və həmin caynağın bir adı – “Qanşengel”dir. 

Əkbər QOŞALI,
Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı

seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 May 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri