Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır ŞƏRH
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya ilə Ukrayna arasında müharibənin Qara dənizə yayılması bölgədə gərginliyin miqyasını artırmaqla yanaşı, qlobal ərzaq təchizatına da mənfi təsir göstərib.
Müharibəyə qədər Ukrayna Qara dəniz vasitəsilə dünya üzrə buğda ixracının onda birini, qarğıdalı ixracının isə 15 faizini təmin edirdi. Təchizat zəncirindəki pozulmalar ərzaq idxalından asılı olan ölkələrə, xüsusilə Afrika və Asiyanın bəzi bölgələrinə ağır zərbə vurub.
Sherg.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Qara dənizin qarşılıqlı liman hücumlarının hədəfinə çevrildiyini vurğulayan politoloq qeyd edib ki, Rusiya Ukraynanın taxıl ixracının təxminən 90 faizinin həyata keçirildiyi Odessa limanlarına zərbələri gücləndirib. Ukrayna isə öz növbəsində Rusiyanın taxıl terminallarını hədəf alıb:

“Reuters” agentliyinin məlumatına görə, avqustun ortalarına qədər gəmilərə qarşı həyata keçirilən hücumlar Rusiya və Ukraynanın Azov və Qara dəniz hövzələrindəki taxıl ixracı imkanlarının 97 faizdən çoxunun dayanmasına səbəb olub.
Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş “Qara dəniz taxıl təşəbbüsü” çərçivəsində 2022-ci ilin iyul ayından etibarən Ukraynanın üç limanından təxminən 33 milyon ton ərzaq məhsulu ixrac edilib. Lakin bir il sonra Rusiya bu razılaşmadan geri çəkilib.
Ukrayna Prezidenti Vladimir Zelenski bazar ertəsi Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra Yeni Dehlinin Qara dəniz vasitəsilə “ərzaq dəhlizləri”nin yaradılmasına vasitəçilik etməyə hazır olduğunu bildirib. Bu bəyanat ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində səsləndirilib.
Qara dənizdəki gərginlik Hindistana da zərər vurur. Noyabrın 3-də Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar nəticəsində beş Hindistan vətəndaşı həlak olub, daha iki nəfər isə itkin düşüb.
E.Şahinoğlunun sözlərinə görə, Qara dənizdəki gərginlik Hindistanda günəbaxan yağı çatışmazlığına da səbəb olub:
“Hindistan dünyanın ən böyük bitki yağı idxalçısıdır və günəbaxan yağının böyük hissəsini Rusiya və Ukraynadan alır. Sentyabr ayında ölkənin bitki yağı idxalı 7 faiz azalıb. “Reuters”in məlumatına görə, bu, 2022-ci ilin aprelindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Oktyabr ayında liman infrastrukturuna dəymiş ziyan səbəbindən Rusiyadan Hindistana göndərilməli olan yüklərin böyük hissəsinin daşınması ləğv edilib, digər yüklərin çatdırılması isə gecikdirilib.
Zelenski və Modi Rusiyanın Qara dənizdə taxıl ixracını bloklaması məsələsini müzakirə ediblər. Yeni Dehli Qara dənizlə bağlı məsələləri Kreml ilə də mütəmadi olaraq müzakirə edir. Ancaq hələlik nəticə yoxdur.
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar sentyabr ayında Kiyevə səfəri zamanı Qara dənizdə gəmiçiliyə və enerji infrastrukturuna zərbələrin dayandırılmasının vacibliyindən danışıb. Hindistanlı diplomat oktyabrın 4-də ölkəsinin həm Rusiya, həm də Ukrayna ilə gəmiçiliyin təhlükəsizliyi, taxıl və enerji ixracı, eləcə də hücumların dayandırılması imkanları barədə danışıqlar apardığını açıqlayıb.
“Beynəlxalq Böhran Qrupu”nun (International Crisis Group) Hindistan üzrə baş analitiki Praveen Donthi “Al Jazeera”ya bildirib ki, “Hindistan son vaxtlar səssizcə fəallaşıb”. O əlavə edib ki, əvvəllər Hindistan vasitəçilik rolunu oynamaqdan çəkinir və yalnız diplomatiya və dialoqa dair çağırışlarla kifayətlənirdi. Onun sözlərinə görə, Cayşankarın sentyabr ayındakı səfəri ölkənin daha fəal mövqe tutduğunun göstəricisidir.
Kiyev oktyabrın əvvəlində Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəslə bağlı dörd təklif alıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Hindistanın təklifini “ən əhatəli” adlandırıb. Çünki həmin təklif həm Qara dənizi, həm də enerji infrastrukturunu əhatə edir.
Yeni Dehlinin vasitəçilik təşəbbüsləri ilə çıxış etməsinin başqa bir səbəbi də var. ABŞ Prezidenti Donald Tramp Hindistanı Rusiya neftini almaqla Moskvanın müharibə səylərini maliyyələşdirməkdə ittiham edib. Hindistan isə Rusiyanın ucuz neftindən imtina etmək istəmir. Yeni Dehli Rusiya neftini almaqda davam etməklə yanaşı, müharibənin dayandırılmasında maraqlı olduğunu da göstərməyə çalışır. Hindistan konkret sülh təklifləri irəli sürməklə özünün geosiyasi çəkisini artırmaq istəyir”.
Politoloq hesab edir ki, Qara dənizdə gəmiçiliyin və yük daşımalarının təhlükəsizliyinin təmin edilməsi Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır:
“Qara dənizdə yük daşıyan gəmilərdə Azərbaycan vətəndaşlarının da sayı az deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımızın riskli ərazilərdə fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınmaqda davam edir.
Digər tərəfdən, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə alternativ enerji mənbələrini məhz Qara dənizin dibi ilə Avropa ölkələrinə nəql etməyi planlaşdırır. Bu baxımdan Qara dənizdə təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün də həyati əhəmiyyət daşıyır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Noyabr 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















