“Qarabağ” klubu üçün ən vacib olan Qurban Qurbanovun fikridir” Emrah Çelikel ilə söhbət
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Qarabağ” Futbol Klubunun direktoru Emrah Çelikel ilə söhbət
- Əvvəlcə ondan başlayaq ki, “Qarabağ" artıq UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bir addımlığındadır. Komandanız üç oyunun hamısında qələbə qazanıb. Ötən həftə “Şkendiya" (Şimali Makedoniya) ilə keçirdiyiniz səfərdə görüşündə də qalib gəldiniz. Təəssüratlarınız necədir?
- Əlbəttə ki, üç oyunda üç qələbə bizim üçün sevindirici nəticələrdir. Amma bu, bizim hədəfimizi tamamladığımız mənasına gəlmir. İnşallah, gedə bildiyimiz ən üst mərhələyə qədər yüksəlmək istəyirik. Hər il olduğu kimi əlimizdən gələni etməyə çalışırıq. Səfər isə çox xoş təəssüratlarla yadda qaldı. Birincisi, qeyd etmək istərdim ki, orada komandanın sahibi olan ailə bizi yüksək səviyyədə qarşıladı. Mənəvi mənada digər rəsmi görüşlərlərlə müqayisədə daha duyğulu və səmimi görüş baş tutdu. Klubumuzun prezidenti Tahir Gözel də həmin səfərdə bizimlə idi. Həmişəki kimi Qarabağ bölgəsi haqda dərin və təsirli məlumatlar verdi. İnşallah, biz də onların Bakıdan xoş hisslərlə ayrılması üçün əlimizdən gələni edəcəyik. Matç özü olduqca ağır keçdi və qələbəmizlə başa çatdı. "Şkendiya" çox güclü komandadır. Ötən mərhələni hər iki oyunda qalib gələrək keçdilər. Halbuki favorit komanda Rumıniyanın FKSB komandası idi. "Şkendiya" olduqca əzmli və "Qarabağ" kimi mənəvi dəyərlər üzərində qurulmuş bir komandadır. Bu, bizim işimizi daha da çətinləşdirir. Onlar da, biz də növbəti mərhələyə keçmək istəyirik. Gələn həftə Bakıda keçiriləcək oyunun maraqlı və çətin olacağını düşünürük.

- FKSB-dən danışdınız. Həmin klubun sahibi George Becalinin “Qarabağ”a dair hörmət çərçivələrini aşan bir açıqlaması olmuşdu ki, komamdanıza rahatlıqla 2-3 top fərqli ilə qalib gələrlər. FKSB ÇL-də mərhələ adlamadı, “Qarabağ” və “Şkendiya” isə 3-cü raunddadır. Həmin şəxsə indi cavabınız necə olardı?
- Gərək o açıqlamanı verməkdə tələsməzdi. Ümumiyyətlə, "Qarabağ" klubunun prinsipləri, böyüklərdən aldığımız tərbiyə bu cür iddialı və rəqibləri kiçiltməyə yönəlmiş açıqlamalarla çıxış etməyə imkan vermir. Biz bu prinsipi biznesə də, idmana da aid edirik. Hər zaman öz alicənablığımıza və Azərbaycan dəyərlərinə yaraşan şəkildə hərəkət etməyə çalışırıq. Həmin açıqlamanı verən şəxs üçün, doğrudan da, üzülürəm. Əminəm ki, özü də tələsdiyini və belə bir açıqlamanı verməli olmadığını dərk edib.
- Bu açıqlama komanda daxilində hər hansı bir qıcığa və ya motivasiyaya səbəb olmuşdumu?
- Əslində yox. Həmin çıxışa heç kim diqqət etməyib. Sadəcə özüm üçün düşündüm ki, gərək belə sözlər deməzdi, tələsdi. Bu açıqlamadan sonrakı gün də uduzdular. Gərək olmazdı, amma oldu. Canı sağ olsun. Özü başda olmaqla hər kəs dərs çıxarmalıdır.
- "Qarabağ" artıq Konfrans Liqasının Liqa mərhələsi təmin edib. Komandanız artıq 12 il dalbadal avrokubokların qrup mərhələsində çıxış edəcək. Amma eyni zamanda ÇL-də də mübarizə davam edir. Bizdə bir söz var: şər deməsən, xeyir gəlməz. “Qarabağ” ÇL-də uduzub Avroliqaya düşsə, bu nəticə klub rəhbərliyini qane edəcəkmi?
- Deyərdim ki, bu günə qədər əldə etdiyimiz uğurları ən böyük səbəbi klub rəhbərliyinin komandaya, komandanın da rəhbərliyə olan bağlılığıdır. Bilirik ki, komanda bu gün mövcud imkanlarla əlindən gələnin ən yaxşısını edir və edəcək, maksimum bacardığını göstərəcək. Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni təmin etməyimiz bizi arxayınlaşdırmamalıdır. Biz daha çoxunu istəməliyik. Komandamızın baş məşqçisi də hər zaman oyunçularından daha yüksək nəticələr tələb edir. Əlbəttə, biz oyunun texniki tərəfləri haqda heç vaxt danışmırıq və danışmayacağıq. Bu, baş məşqçimiz Qurban Qurbanovun işidir. Amma deyə bilərəm ki, mümkün olan hər şeyi edəcəyik. İnanırıq ki, oynayacağımız yarışda - bu, Konfrans Liqası da, Avropa Liqası da, Çempionlar Liqası da ola bilər - maksimum gücünü qoyan komanda görəcəyik. Konkret iddia ortaya qoymaq çətindir. Ancaq hər zaman bir inamımız olub: biz əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Bir neçə ay öncə klubun sponsoru olan “Azərsun Holdinq”in rəhbəri Abdolbari Gözel vəfat etdi. Holdinqə yeni rəhbərliyin gəlişinin "Qarabağ"ın büdcəsinə mənfi təsiri olubmu?
- Heç vaxt. Hamı "Qarabağ"a rəhmətlik Gözel bəyin gözü ilə baxır. Gözel beyin zamanında komandaya hansı həssasiyyətlə yanaşılırdısa, indi də elə yanaşılır. O, “Qarabağ"a çox yüksək qiymət verərdi. Hər zaman klubumuzun ən xırda məsələsini belə ən yüksək səviyyədə həll olunmasını istəyir və buna tapşırıq verirdi. Bu gün də "Azərsun Holdinq" rəhbərliyi eyni yanaşmanı göstərir. Heç bir maliyyə problemimiz yoxdur. Şükürlər olsun ki, komandamızın bütün ehtiyacları qarşılanır.
- Qeyd olunduğu kimi, artıq Liqa mərhələsi təmin olunub. “Qarabağ" həmin mərhələnin oyunlarını yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək?
- Hazırda bu barədə nəsə deməyi düzgün hesab etmirəm. Tofiq Bəhramov adına Respublika stadionu bizim üçün doğma yerə çevrilib, komanda orada özünü çox rahat hiss edir.

- Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ"ın icarəsindədir?
- Bəli, biz beş illik icarə müqaviləsi imzalamışıq. Hər beş ildən bir də yenilənir. Heç bir narazılığımız yoxdur. Orada da günü-gündən inkişaf gedir. İdman Nazirliyimiz tərəfindən yeni texnologiyalar istifadəyə verilir. Ot örtüyü demək olar ki, çox yaxşı vəziyyətdədir.
- Amma sanki son oyunda ot örtüyü saralmış görsənirdi. Hər hansı problem varmı?
- Ota ən yüksək səviyyədə qulluq olunur. Amma bilirsiniz ki, bu yay 40+ dərəcə isti var. Belə qızmar hava şəraitinə görə meydançanın saralması normaldır. Biz otun sıxlığını, meydanın düzlüyünü, topun gedişinə mane olmayan müsbət məqamları qeyd etməliyik. Bu məsələlərdə də Tofiq Bəhramov adına Respublika stadionu nümunədir. İki il öncə oranın ot örtüyü hibrid olaraq dəyişdirildi. Bu da ota tamamilə başqa bir keyfiyyət verdi. Bu müddət ərzində demək olar, bu məsələ ilə bağlı heç bir problemimiz olmadı.
- Yaxın günlərdə klubunuz Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq müqaviləsi bağladı. Bunadək digər bir neçə kommersiya qurumları ilə də "Qarabağ"ın əməkdaşlığı olub və var. Reklamları da görürük. Bu yaxınlarda PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev İTV-nin “Off TOP” podkastında müsahibəsondə qeyd etmişdi ki, sponsorluğa görə hansı şirkətlərlə söhbət edirsən, "Qarabağ"dan başqa heç bir klubla əməkdaşlığa maraq göstərmirlər. Bu mənada, hazırda danışıqlar apardığınız başqa şirkətlər varmı?

- Bunu böyük qürur hissi ilə deyə bilərəm ki, "Qarabağ"a baxış hər zaman həm də mənəvi cəhətdən çox güclü olub. Qarabağ müharibəsindən, torpaqlarımız azad olunduqdan sonra bizim Avropada duruşumuz da dəyişdi. Əvvəllər bir o qədər diqqət mərkəzində olmasaq da, bu gün Avropada, Premyer Liqadakı stabil nəticələrimiz tərəfdaşlıq etmək istəyən şirkətlərin marağına səbəb doğurur. Biz də bu marağa cavab veririk. Amma biz də özümüz kimi Azərbaycanda sayılıb-seçilən markalarla işbirliyi qurmaq istəyirik. Bu gün bizə maraq göstərən çox böyük qlobal şirkətlər var. Onlar "Qarabağ"a dəstək olmaq istəyirlər. Onlara təşəkkür edirik. Bir neçə həm yerli, həm də beynəlxalq böyük şirkətlərlə danışıqlarımız davam edir. Təkrar edirəm ki, "Azərsun Holdinq" bütün xərclərimiz tamamilə qarşılayır. Lakin "Qarabağ" Futbol Klubu bu gün Azərbaycan futbolunu Avropada təmsil edir. İnsanlar da klubumuza bir marka kimi yanaşmağa başlayıblar. Bunların arasında iş adamları, yerli və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər var. Bir brend kimi də "Qarabağ"a öz maraqları üçün necə xidmət göstərə biləcəklərinin fərqindədirlər. Bu da bizim üçün dəyərlidir. Münasib qaydada bu təklifləri dəyərləndiririk və mümkün olanlarla işbirliyi qururuq.
- İndi gələk ən vacib məsələdən birinin üzərinə, hansı ki, buna görə klubunuz çox tənqid olunur. Söhbət transferlərdən gedir. Qeyd etdiyiniz kimi, “Azərsun Holdinq" “Qarabağ”ın maliyyəsini tam təmin edir. Həm də müşahidə edirik ki, son illər klub UEFA-dan da yetərincə gəlir əldə edib. Düzdür, bu yay artıq 5 transfer həyata keçirmisiniz. Amma sizdə ən problemli mövqe olan hücuma oyunçu hələ də alınmayıb. Bu da medianı da, azarkeşləri də haqlı olaraq narahat edir. Bu zaman isə məhz klub rəhbərliyi hədəfə gəlir ki, transferlərə yetərincə pul ayrılmır. Prosesin içində olan əsas şəxslərdən biri kimi sizin özünüzdən eşitmək istərdik, transfer işləri ilə bağlı real vəziyyət necədir? Transferlərə yetəri qədər pul ayrılırmı? Niyə hücumçu almaq məsələsi bu qədər uzanır? Bu məsələyə detallı münasibət bildirməyinizi istərdik ki, cəmiyyət üçün hər şey aydın olsun.
- Bu məsələyə toxunmağınız mənim üçün də xoş oldu. Yaxşı bir məsəl var: bar verən ağac daşlanar. Biz bunu başa düşürük. Bilirik ki, hamı "Qarabağ"dan daha çox nəticə, uğur gözləyir. Bu da anlaşılandır.
Mən indi vəziyyəti sizə izah edim. Əvvəlcə onu demək istəyirəm ki, "Qarabağ" Futbol Klubunun ən böyük şansı Tahir Gözel kimi klub prezidentinin, "Azərsun Holdinq" kimi baş sponsorunun, Qurban Qurbanov kimi baş məşqçisinin olmasıdır. Onlar hər biri öz üzərinə düşən işi maksimum dərəcədə yerinə yetirir. Tahir Gözel çox fədəkar klub prezidentidir. O, komanda üçün hər zaman daha yaxşısının edilməsinə çalışır. Biz onun dəstəyini və komandaya olan inamını hər zaman hiss edirik. Bura klubun rəhbərliyində təmsil olunan digər şəxsləri də əlavə edərdim. Şəraitin daha yaxşı olması, heyətin istəkləri və sair… “Azərsun Holdinq"ə bizim ehtiyaclarımızla bağlı müraciət etdikdə, bu, şirkət tərəfindən bütün məsələlərdən öncəyə salınır. İstəklərdən asılı olmayaraq, "Qarabağ" Futbol Klubunun ehtiyacı birinci növbədə həll olunur.
Qurban müəllim komandanın uğurlarının əsas memarlarındandır. Onun məsuliyyəti, işə yanaşması, burada gördüyü uğurlu işləri sadalamağa lüzum görmürəm. Çünki onsuz da bunu bütün Azərbaycan bilir və görür. Hər bir klubun, komandanın işə öz baxışı, yanaşması var. Yəni bu gün kimsə fikirləşməməlidir ki, "Qarabağ"ın hücumçuya ehtiyacı var, rəhbərlik də bunu görür, amma şərait yaratmır ki, həmin oyunçu alınsın. Və ya heç kəs düşünməməlidir ki, Qurban müəllim hücumçunun lazım olduğunu bilir, amma deyir ki, hücumçu götürməyim, çempion da olmayım. Bu cür söhbətlər ola bilər ki, bəzən komandanın içindəki ab-havanı pozmaq üçün bilərəkdən qabardılır, bəzən “Qarabağ”a olan istəkdən irəli gəlir, bəzən də sırf məlumatsızlıqdan qaynaqlanır Görürsünüz ki, uğur qazandığımız oyundan sonra belə o qədər söz-söhbətlər olur ki, sonda bu, doğrudan da bizlərin, komandanın motivasiyasına istər-istəməz təsir göstərir.
Amma xüsusi olaraq qeyd etməliyəm ki, “Qarabağ”da peşəkarlığın yanında mənəvi bağlılıq və dürüstlük üzərində qurulmuş bir birlik də yaranıb.
Bu gün kimsə hücumçu transferinin lazım olduğunu deyə bilər, kimsə yarımmüdafiəçi... Sadəcə cəmiyyərtdə yanlış səhv fikirlər yayılır, bu da məsələlərin şişməsinə gətirib çıxarır.
- Nə kimi yanlış fikirlər?

- Azərbaycanda 10 milyon insan var. Bu, 10 milyon fikir deməkdir. Bizim üçün ən vacib olan isə Qurban müəllimin fikri, onun istədiyi oyunçudur. Bu, dəyişilməzdir. Yoxsa klubun rəhbərliyi tərif, sevgi qazanmaq üçün bir transferi gerçəkləşdirir və ya gerçəkləşdirmir deyə bir şey yoxdur. Biz “Qarabağ”ın ətrafında onun nəticələrindən asılı olmayaraq birləşməliyik. Bu, birmənalı şəkildə belə olmalıdır ki, "Qarabağ" dəstəyi, inamı özündə yaşatsın, motivasiyalı olsun. Bir çox insan rəhbərliyin lazımi qədər maliyyə ayırmadığını düşünür. Bu düşüncələri mən də görürəm, amma fikir vermirəm. Çünki evin içini biz bilir, orada biz yaşayırıq. Bu günə qədər qazandığımız nəticələr də bunun göstəricisidir. Bunun ən böyük səbəbi də odur ki, hər kəs öz üzərinə düşən işi maksimum yerinə yetirməyə çalışır. Az öncə dediyim kimi, hər komandanın olduğu kimi, “Qarabağ”ın da işə öz yanaşması var. Futbolçularla bağlı məsələni isə Qurban müəllimdən yaxşı bilən yoxdur. Komandamıza hansı oyunçunun uyğun olacağını məhz o bilir. Hərəmiz bir futbolçu, hücumçu tövsiyə edə bilərik, amma futbolçunu ən yaxşı görən, onu dəyərləndirən Qurban müəllimdir.
- Bəs, rəhbərlik Qurban Qurbanova oyunçu tövsiyə edirmi?
- Yox, heç vaxt! Hə, ola bilər ki, kimsə kənardan rəhbərliyə futbolçu məsləhət görsün, belə hal olursa, biz onu skaut heyətinə yönləndiririk.
- Bu sualı öna görə verdim ki, Azərbaycanda təcrübəsində olub və indi də var ki, çox klubun rəhbərliyi transfer işlərinə müdaxilə edir.
- Ümumiyyətlə, nəinki hansısa futbolçu, hətta heç bir oyunun - udduğumuz və ya uduzduğumuz - nəticəsi haqda belə Qurban müəllimlə müzakirə aparmırıq. Bizim böyüyümüz və prezidentimiz olan Tahir bəyin belə məqamlarda Qurban müəllimə dediyi yalnız bir cümlə var: "Mən sənin yanındayam". Qurban müəllim bu dəstəyə layiq və bunu qazanmış insandır. Bunun əlavə şərh etməyə ehtiyac yoxdur. Qısası qıraqdan "Qarabağ" rəhbərliyini günahlandırmaq ki, pul xərcləmirlər, klubun uğurlu olmasını istəmirlər, bu, çox asandır. Əgər həqiqətən belədirsə, onda niyə “Qarabağ” rəhbərliyi kluba sponsorluq edir? Bu, mümkün deyil.
- Gələk yenə o məsələyə ki, "Qarabağ"ın hazırda hücumçu ala bilməməsinin səbəbi nədir? Yaxın vaxtlatda avrokuboklarda pley-off başlayır.
- Hər kəs "Qarabağ" üçün favorit gördüyü oyunçu haqda danışanda onun Azərbaycana gəlməsinin mümkünlüyünü düşünəcək. Ancaq bizim əsas istədiyimiz oyunçuları ya klubu buraxmır, ya da özü Azərbaycan liqasına gəlmək istəmir, Avropada qalmaq istəyir, ya ümumiyyətlə, maddi şərtlər əsasında anlaşa bilmirik.
Transfer kompleks bir prosesdir. Bir çox amil var ki, transfer işlərində nəzərə alınmalıdır. Futbolçunun öz istəklərindən tutmuş ailəsinin tələblərinə qədər hər detal nəzərə alınmalıdır.
Bizim idman nəticələrimizlə yanaşı qazanclarımız həm də Qurban müəllimun etdiyi uğurlu transferlərdir. O, bu işə çox məsuliyyətlə yanaşır. Biz onun futbolçu axtardığını bilirik. Qurban müəllim bu axtarışlar zamanı da öz komandasını, klubunu düşünür. Futbolçunu o niyyətlə gətirmir ki, kiməsə xoş gəlsin. Onun "Qarabağ”a verə biləcəyi faydanı fikirləşir. Transfer məsuliyyətli və çətin prosesdir. Bunun da öhdəsindən ən yaxşı gələn Qurban müəllim, onun köməkçiləri və skaut heyətidir. Onlar 24 saat öz işlərinin başındadırlar.
- Sonda bu mövzuya dair azarkeşlərə, mediaya mesajınız nədir?
- Ümid edirik ki, hazırda avrokuboklarda çıxış edən digər iki klubumuz da layiqincə Azərbaycanı təmsil edəcəklər. Bu gün "Qarabağ" Futbol Klubu olaraq dalbadal 12 ildir avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanırıq. Avropada bunu təsnifat mərhələsindən başlayaraq edən ikinci klub yoxdur. "Qarabağ" Azərbaycanındır. Bu ada sahib olmalıyıq. Əlbəttə, çatışmazlıqlar olacaq. Bu çatışmazlıqları necə aradan qaldırmağın lazım olduğunu isə bizdən yaxşı heç kəs bilə bilməz. Amma biz də hər kəsin fikri ilə komandanı ayaqda tuta bilmərik. Bu barədə qarşılıqlı inam lazımdır. "Qarabağ" üçün ən vacib olan komandaya, Qurban Qurbanova, sponsorlara, klubun idarəetməsinə inanmaqdır. Əlbəttə, biz hər şeyi mükəmməl edə bilmərik. İnsanıq, səhvlərimiz olacaq, bunları düzəldəcəyik. "Qarabağ" haqda deyilən hər bir fikri oxuyuruq, bilirik. Bunun üçün bizim xüsusi komandamız var. Vaxt olduqda mən özüm də sosial şəbəkələrdə yazılanlara fikir verirəm, müsbət və mənfi tərəfləri analiz edirəm, Birlik olmalıdır. Cənab Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı geri qaytardıq. Bunu birliyin sayəsində etdik. Biz bu birlik və bərabərliyimizi Azərbaycanı təmsil edən ən xırda məsələlərdə belə qorumalı və yaşatmalıyıq. Mənə elə gəlir ki, uğurun açarı buradadır. "Qarabağ"a dəstək lazımdır. Sağlam tənqidə biz həmişə açığıq. Bunun sayəsində böyüyürük. “Qarabağ” artıq Azərbaycanımızım Avropada olan brendidir və ona sahib çıxmalıyıq.
Söhbətləşdi: Aydın Bağırov
QOL.az


