Qarabağ va Şərqi Zəngəzur tarixi günlərini yaşayır!
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev: "Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi”
30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız, Şərqi Zəngəzurumuz müasir dünyanın ahəngində qurulur, yeni həyat, nəfəs verilir. Əsrlərin yaddaşında özünə yuva qurmuş əzəli torpaqlarımız tarixi, daşı, qayası, mədəniyyət abidələri, dini ocaqları hər zaman möhtəşəmliyi ilə diqqətdə olmuş və qürurla səhifələdiyimiz daş abidələrdə öz əksini tapmışdır. Bu gün Zəfər qazanan BÜTÖV və SUVERƏN AZƏRBAYCAN tarixin dönəmində inkişaf yolu keçmiş qeyd etdiyimiz məkanlarda böyük quruculuq-abadlıq işlərinə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. Qarabağın tacı Şuşada, Ağdamda, Laçında və digər ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti artır. Verilən göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetirilir.
Azərbaycan Prezidentinin növbəti dəfə Qarağağ və Şərqi Zəngəzura səfəri və görülən işlərlə tanışlığı, təməlqoyma mərasimlərində iştirakı buranın gələcək gözəl həyatına söykənir.
Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru kimi tarixdə yer aldı.
"QARABAĞDA VƏ ZƏNGƏZURDA GEDƏN QURUCULUQ DÜNYANIN HEÇ BİR YERİNDƏ YOXDUR"
"Biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq". Bu barədə Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bildirib.
“Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün həmin ərazilərdə yeni dövr başlanıb – abadlıq-quruculuq dövrü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub.
Yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək.
Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beşotaqlı olmaqla 404 fərdi ev inşa ediləcək. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır.
2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dörd və beşotaqlı olmaqla 771 fərdi ev və iki-üçmərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.
SOS KƏNDİNDƏ 2026-Cİ İLDƏ 104 EV BƏRPA OLUNACAQ
Bu gün bütün ərazilərimiz kimi, Xocavənd rayonunun Hadrut qəsəbəsində də böyük layihələr həyata keçirilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni işğalından azad ediləndən sonra burada genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir. "Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.
Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək.
Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb. Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışı da əlamətdar bir hadisədir. Bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.
Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.
Dövlətimizin başçısı Xocavənd rayonunun Sos kəndində də olub və kənddə görülmüş işlərlə tanış olub. Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.
İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşdırma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib. Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur. İndiyədək 10 ailə (46 nəfər) kəndə qayıdıb.
Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi tarixi günlərini yaşayır. Mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib. Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.
Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.
"BİZ BÜTÜN DÜNYAYA SÜBUT ETMİŞİK Kİ, GÜCLÜ XALQIQ, İRADƏLİ XALQIQ, DÖYÜŞ MEYDANINDA DA QƏLƏBƏ QAZANMIŞIQ"
1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin, məhz soyqırımı olduğunu təsdiq edir. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır.
"SON BEŞ İLİN TARİXİ ZƏFƏR TARİXİDİR, ŞANLI TARİXİMİZDİR"
Azərbaycan əzəli torpaqlarına sahibdir. Bu gün artıq Xocalı azad şəhər olarq yeni dövrünün yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub. Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. "Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi". Bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə səsləndirib.
Dövlətimizin başçısı əlavə edib: “Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi”. Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə start verilib. Magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə 9 ailə (31 nəfər) köçüb.
Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə tut bağı salınıb. Burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb. 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.
"Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir", - deyən Azərbaycan Prezidenti bildirib ki, şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır".
Zümrüd BAYRAMOVA


